ANmedia.az xəbər verir ki, bu barədə AZƏRTAC-a AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov bildirib.
Alim qeyd edib ki, kilsə kompleksi düzbucaqlı üçzallı əsas binadan ibarətdir. Kilsənin daxildə suvanmış yan divarlar kobud yonulmuş daşlardan inşa edilib. Divarının qalınlığı 1 metrdən artıq olan kilsənin uzunluğu 15,25, eni 12,10 metrdir. Kilsədə ən maraqlı hissə sol tavanda ilan təsvirli relyefin olmasıdır. XII əsrdə burada alban monastırı fəaliyyətdə olub. XVII əsrdə kilsə ətrafında bərpa işləri görülüb. Kilsənin qərbdə yerləşən yeganə ön giriş hissəsi ümumi kompozisiya ilə ziddiyyət təşkil edir. Burada sonrakı dövrlərdə aparılan təmir-bərpa işlərində müxtəlif məqsədli yazılar yerləşdirilib ki, bu da abidənin milli mənsubiyyətinin dəyişdirilməsinə xidmət edib. Bütün bu müdaxilələrə baxmayaraq, abidə Alban apostol kilsəsinin XII əsrə aid ən möhtəşəm nümunəsi olaraq qalmaqdadır.
“44 günlük Vətən müharibəsi dövründə Hünərli kəndinin işğalçılardan azad edilməsi ilə abidənin daxili interyerində planlaşdırılan erməniləşdirmə siyasəti yarımçıq qaldı. 2021-ci il martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri çərçivəsində Xocavənd rayonunun Hünərli kəndindəki Alban məbədi ilə tanış oldu və buranın qədim Alban məbədi, Alban kilsəsi olduğunu qeyd etdi.
Qarabağın alban xristian abidələrində sistemli tədqiqatların yenidən başlanması dövlətçilik tarixi üçün böyük əhəmiyyətə malikdir. Bu tədqiqatlar bizə Alban abidələri üzərində aparılan erməni saxtakarlıqlarını bir daha ifşa etmək imkanı verəcək”, - deyə alim fikrini yekunlaşdırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin