ANmedianın bugünkü qonağı çağdaş Azərbaycan ədəbiyyatının tanınmış siması, 27 kitabın müəllifi, psixoloq, şərqşünas Rövşən Adullaoğludur. Onun kitabları dəfələrlə yeni tirajlarla çap olunur. Geniş oxucu kütləsi bu maarifpərvər insanın kitablarını oxuyur, psixoloq kimi məsləhətlərinə qulaq asır və həyatlarında müsbət dəyişikliklər edirlər.
- Rövşən bəy, tez-tez səyahətlərdə olursunuz. Necə düşünürsünüz, bu səyahətlər yazıçı təxəyyülünüzə təsir edirmi?
- Ümumiyyətlə, səyahətlər mənim fəaliyyətimin bir hissəsidir və bu işi daha çox kitablarla paralel aparıram. Səyahətlərim fərqli formada olur. Hansı kitabı qələmə almaq istəyirəmsə, onda gedirəm onunla bağlı məkanları görürəm. Qələmə almaq istədiyim mövzu haqqında ətraflı araşdırma aparıram, yaxud təbiətini təsvir edərək daha yaxından görüb, hiss edərək, daha canlı qələmə ala bilirəm. "Abaddon" əsərini qələmə almamışdan əvvəl bir müddət İrlandiyada oldum. İrlandiyanın təbiətini gəzib, oradakı kəndlərə gedib insanlarla ünsiyyət qurdum. Bu, mütləq olaraq bütün əsərlərimdə öz əksini tapır və onlar daha canlı olur. Ancaq bəzən də gedib elə şeylər görürsən ki, əsərin sujet xətti dəyişir. Və ya kitab üçün böyük bir ideya verir. Bu səyahətlərə yaradıcılığımın bir hissəsi kimi baxıram. Həm dünya görüşümün genişlənməsinə xidmət edir, həm də yaradıcılığıma təsir edir və motivasiya verir.
- Rövşən Abdullaoğlu adının yazıçı kimi formalaşmasında hansı yerli və ya xarici yazarın təsiri olub?
- Belə deyim, yazıçılıq mənim hədəfim olmayıb. Heç vaxt düşünməmişəm ki, yazıçı olum. Fəaliyyətim kiçik qeydlərlə başlayıb. Həyat haqqında, özüm və ətrafda gördüyüm insanlar, hadisələr barəsində psixoloji kiçik bir abzaslıq qeydlər aparırdım. Universitet illərindən belə bir fikir formalaşdı ki, yeniyetmələrin psixoloji vəziyyəti haqqında bir məqalə qələmə alım. Mən araşdırma apardım ki, yeniyetmələrin düşüncələrinə, psixologiyasına onların bir şəxsiyyət olaraq formalaşmasına cəmiyyət necə təsir göstərir? İlk araşdırmalarımı aparırdım, psixoloji kitablar, publisistik əsərləri oxuyurdum. Sonunda silsilə məqalə qələmə aldım və bu məqalə qəzetlərdə çıxdı. Yenə universitet illərində qərar a aldım ki, kitab qələmə alım. İlk qələmə aldığım kitab idman haqqında olub və iki hissədən ibarət idi. Bu kitab sonradan işıq üzü görmədi və yazılarımı da itirdim. Bir yazıçı kimi yaradıcılığımı formalaşdıran əsas amillər qeyd dəftəri, məqalələr, sonra isə bu mövzuda qələmə aldığım kitablar idi. Amma belə fikrim yox idi ki, gələcəkdə peşakar yazıçı kimi fəaliyyət göstərim. Mənim hədəfim faydalı yazmaq olub. Bu xüsusda başlamışam mütaliə etməyə. Mənə təsir edən ilk psixoloji əsərlər Deyl Karneginin olub. Müəyyən bir vaxtdan sonra fikirləşdim ki, həyatda əldə etdiyim bilgiləri mütləq kitab halına salmalıyam və bir də gördüm ki, kitab yazıram.
- Sizcə hazırki dövrdə müasir Azərbaycan yazıçılarının əsərləri ədəbi mühit üçün qənaətbəxşdirmi?
- Birinci sual budur ki, qələmə alınan əsərlər cəmiyyət üçün faydalıdırmı? Cəmiyyət öz problemini orada görürmü, həyatı mövzular, önəmli suallar əsərlədə öz əksini tapırmı? Bu nöqteyi-nəzərdən baxsaq, mən deyərdim ki, bir çox əsərlər cəmiyyətin o ehtiyaclarını özündə əks elətdirmir. Əks elətdirmədiyinə görə, insanlar özlərini orada görə bilmirlər. Nəticə kitabla öz aralarında bir uzaqlıq hiss edirlər. Onda oxucu kitabı hiss edə bilmir.
Yazıçıda elə bir qabiliyyət olmalıdır ki, insanları narahat edən, ancaq dilə gətirmədiyi problemləri əsərlərində əks etdirsin. Yazıçı cəmiyyəti duymalıdır. Cəmiyyətin on il sonrakı problemini görməlidir və duymalıdır ki, hansı yolla getsə, bu problemlə üzləşə bilər, yaxud yox.
Yazıçılıq təkcə özünüifadə deyil, həm də həqiqətləri çatdırmaqdır. Yazıçı çalışmalıdır ki, özü ilə səmimi olsun, qələmə aldığı mövzunu daha təbii göstərməyə çalışsın. İlk kitabımı 2010-cu ildə qələmə aldım. O zaman mənə bu sahənin adamlarının çoxu dedi ki, yazma. Azərbaycan yazıçısını Azərbaycan xalqı oxumayacaq. İnsanlarımız daha çox xarici əsərlər oxuyurlar. Ona görə, sənin əsərlərin uğursuz olacaq. Hətta belə bir söz də işlətdilər ki, Nobel mükafatçılarının əsərləri ola-ola, Rövşən Abdullaoğlunun heç vaxt oxumayacaqlar.
Əgər mənim düşüncəmdə belə bir fikir olsaydı ki, çox yazım və satım, onda mən heç vaxt əsərlərimi qələmə almazdım. Mən yenə də ilk kitabımı qələmə aldım, sonra da növbəti kitabları, artıq 27 kitab müəllifiyəm. Yazıçı daim öz üzərində işləməlidir.
- Nə üçün Azərbaycan ədəbi nümayəndələri beynəlxalq müsabiqələrdə az təmsil olunurlar? Sizcə burada müəlliflərin özlərinin, yaxud elə yerli ədəbi mühitin təsiri daha çoxdur?
- Burda iki mühüm məsələ var. Biri bizə, biri də dünyaya aid olan səbəb. Dünyaya aid olan səbəbindən danışım. Dünya Azərbaycan ədəbiyyatını tanımır. Mənim illərdir müxtəlif naşirlərlə, ədəbi şəxslərlə görüşlərim olub. Dünya səviyyəsində müxtəlif tədbirlərə qatılıram. Dünyada tanınmış müxtəlif qrumlar bir çox müsabiqələr keçirirlər. Misal üçün, Avropa, Türkiyə, Amerikada və s. Ümumi gəldiyim qənaət budur ki, onlar bizi tanımırlar. İlk azərbaycanlı idim ki, belə bir müsabiqəyə qoşulmuşdum. Orada olan yazıçıların belə Azərbaycan haqqında dolğun məlumatları yox idi. Bizim ədəbiyyatımızı ümumiyyətlə tanımırlar.
Dünya naşirləri Azərbaycan ədəbiyyatını tanımadığına görə, kitablarımızı da nəşr etmirlər. Bizim kitablarımız bir il ərzində 2023-cü ildə nəzərə alsaq, ondan çox dünya ölkəsində çap olunacaq. Biz öz ədəbiyyatımızı dünyada tanıtmalıyıq. Bu, bir nəfərin görəcəyi iş deyil.
Biz 2015-ci ildən tərcüməyə başladıq. Çünki mən fikirləşirdim ki, bu kitablar tərcümə olunmalıdır, dünyaya çıxmalıdır. Bəs xaricə çıxmaq üçün neyləmək lazımdır, kitab tərcümə üçün hansı mərhələləri keçməlidir, dünya bazarına girmək üçün hansı addımları atmaq lazımdır, kitab necə olmalıdır? Təkcə ədəbi qurumları tapmaq üçün bizim nə qədər vaxtımız gedib. Heç bir yerdə məlumat yoxdur ki, sistem necə işləyir, proseslər necədir, hansı müsabiqələr var? Bəzi tələblərə cavab verə bilmədiyimizə görə bütün yarışlara qatıla bilmirik. Ona görə də bu, məşəqqətli bir prosesdir. Biz indi müsabiqələrdən danışırıq. O vaxt biz bunların heç adını da bilmirdik. Bizim ölkədə belə onların adları tanınmırdı. Biz bütün o yolların hamısını sıfırdan "Qədim Qala" nəşriyyat evi ilə porelel işləməyə başladıq.
- Bəs 27 kitab müəllifi Rövşən Adullaoğlu nə üçün Azərbaycan Yazıçılar Birliyinin üzvü deyil?
- Gülür... Belə deyim, fikirləşirəm ki, ora üzv olmaq mənə heç bir şey verməyəcək.
- Xalq yazıçısı Anar yeni müsahibələrinin birində deyib ki, "Azərbaycanda Nobel mükafatı alan ədəbiyyatçı olacaq fikri tam xəyaldır. O mükafatı almaq o qədər də asan məsələ deyil". Bu haqda nə düşünürsüz?
- 2015-ci ildə tərcümə etdiyim kitabım ilk qatıldığım beynəlxalq müsabiqədə qalib oldu. Dünya səviyyəsində tanınmış "Kirkus Reviews", "BookLife Reviews", "BookLife Price" tənqid dərgiləri kitaba bir abzaslıq rəy veriblər. Dünya səviyyəsin də bunlar çox tanınır. Hansı kitabı göndərmişəmsə, çox müsbət rəy almışam. Xaricə gedəndə yazıçılarla, naşirlərlə ünsiyyətdə oluram və onların kitab barəsində fikirlərini də görürəm.
"Azərbaycan yazıçısının elə bir potensialı yoxdur", fikri yanlışdır. Ona görə ki, Azərbaycan yazıçısı qızıl medal ala bilirsə, deməli, potensialı var!
Bizim problemimiz potensialımızın olmamasında deyil. Bir xalq digər xalqdan üstün deyil. Bu fikir fəlsəfəyə, məntiqə, tarixin təcrübəsinə ziddir. Nümunə olaraq özümdən göstərirəm ki, bu qısa bir müddətdə gərgin çalışmağın sayəsində böyük nəticələr əldə etmək mümkündür. Yetər ki, istək olsun, hədəf olsun.
Ümumi danışıram, bizim xalqa o cür söz deməyə haqqımız yoxdur! Hansısa bir sahənin adamı ola bilər - həkim, yazıçı, psixoloq, tarixçi və s. Əgər bir insana söz əhli kimi baxırıq və o, böyük kütlələrin düşüncəsinə təsir edə bilir, cəmiyyətin ab-havasına, onların psixoloji vəziyyətinə ciddi təsiri olursa, onlar öz sözlərini çox həssaslıqla seçməlidirlər. Bu şəxslərin heç zaman xalqı bədbin etməyə haqları yoxdur!
- "Bu Şəhərdə kimsə yoxdur" psixoloji romanınız Azərbaycanda yerli və xarici əsərlər arasında çox satılan kitabdır. Sizcə bu kitabın uğur qazanmasının səbəbi nədir?
- "Bu Şəhərdə kimsə yoxdur" mənim ilk psixoloji romanımdır. Mən fikirləşirəm ki, birincisi səmimiyyət. Bunu yazanda həm mənəvi ab-havada idim. Fikrimə, hissimə nə gəldi, hec bir şey düşünmədən, içimdən nə gəldisə, mən onu yazdım. Mən bu əsəri dayanmadan, gündə doqquz- on saat yazırdım. Bu kitab mənim rahat alınan kitablarımdan oldu. Ortada qətiyyən fasilə olmadı. İkincisi, fikirləşirəm ki, insanlar bu kitabda özlərini çox görürlər. 2016 - 2017-ci illərdə aparılan ard-arda statistik göstəricilərə görə, roman ölkə üzrə yerli və xarici müəlliflərin əsərləri arasında ən çox satılan kitab oldu. İndiyə qədər də ən çox satılan əsərdir. Hansı imza mərasiminə gedim, hansı təbdirə qatılım, seçilmiş kitab olaraq, "Bu Şəhərdə kimsə yoxdur" u qeyd edirlər.
- Hazırda əsərləriniz Türk, İngilis, Rus və Ərəb dillərinə tərcümə edilib. Bundan sonra kitablarınız hansı dillərə tərcümə olunacaq?
- İndi bu dilləri də əlavə etmək olar. Hazırda Afrikada da danışıqlar gedir. Əlavə olaraq, Albaniyada, Özbəkistanda, Malayziyada,Tanzaniyada da kitab dərc edilməlidir.. Artıq müqavilə bağlanılıb və tərcümə işləri gedir.
- Rövşən müəllim, uşaqlarla bağlı kitabınız işıq üzü görə bilərmi?
-2022 ci ildə Təhsil Nazirliyinin keçirdiyi bir qrant müsabiqəsi vardı, mən orada qalib oldum. Bu qrant müsabiqəsi çərçivəsində bir dərslik üzərində işləyirəm. Demək olar ki, bitib. Bu, 10- 11- ci sinif şagirdləri üçündür. Bu layihə çərçivəsində dərslik işləniləcək. O dərslik əsasında müəllimlər və məktəb psixoloqlarına təlimlər keçəcəyəm. 2023-cü ilin yanvar ayından artıq məktəblərin bəzilərində bu layihə həyata keçiriləcək. Bu, psixoloji marifləndirmədir. Uşaqların psixoloji problemləri, onların içində gedən proseslər, kompleksləri, sindiromlarını necə aradan qaldıra biləcəyimiz haqqındadır. Ümumiyyətlə, kitab təhsilə, özünüifadəyə, öz potensialını üzə çıxarmağın qarşısını alan psixoloji problemlərin müəyyən olunması, şagirdlərə başa salınmasının həll yollarıdır deyək. İlk mərhələdə şəhər məktəblərində, sonra isə ölkəmizdə bütün məktəblərdə dərslik halında keçiriləcək.
Uşaqlarla əlaqəli başqa bir layihələr də var. Əgər 2023-cü ildə bəhs etdiyim təhsil layihəsi davam etsə, yeni layihə 2024-cü ilə gəlib çıxar. Uşaqlar üçün bəzi psixoloji romanlar düşünürəm. Bir hissəsini də işləmişəm. Yəni iki layihə üzərində çalışıram. Biri təhsil sektorunda, bir də fərdi.
Bu çox önəmli layihədir. Bizim tarixdə ilk dəfədir ki, orta məktəblərdə psixoloji dərslik olacaq. Mən məktəblərdə oluram, unversitetlerdə tələbələrlə görüşürəm, onların ən ciddi problemi riyaziyyatı, İngilis dilini bilmək deyil, özlərini tanımamaqları ilə bağlıdır. Onlar hələ özünü kəşf etməyib. Bu problem, sıxıntıy, təşviş, həyacanla yaşayırlar. Elə bilirlər ki, hamı bu cürdür, yəni bu normaldır. Bu tədris proqramını həyata kecirsək, inanın, nə qədər qızıl potensialı olan gənclər və şagirdləri üzə çıxarmış olarıq.
- "Relslər üzərinə uzanmış adam" romanı ABŞ -nin "Readers Favorite" beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görüldü. Bəs bu əsər nədən ilhamlanaraq yarandı?
- Mən bu əsəri qələmə alanda, ümumiyyətlə, düşünmürdüm ki, müharibə dəhşətlərindən bəhs edim. Beynimə belə bir fikir gəlirdi ki, Xocalı soyqırımı, Qarabağ müharibəsindən yazım. Ancaq o vaxt Qarabağ haqqında yazmadım. Bir az özümü mənəvi hazır bilmirdim və bu kitabı saxladım. Dedim, müharibə mövzusunda yazım və Srebrenitsa soyqırımını qələmə alım. Çünki o faciə bizim faciəyə oxşayır. Sujet xətti eyni, pərdə arxası problemləri eyni, siyasi tərəfdən eyni, bizə çox oxşar görünür.
Üç gün ərzində on minə yaxın bosniyalı müsəlmanları qətilə yetiriblər, çox ağır faciədir. Getdim Bosniya və Herseqovinaya, orada müharibə iştirakcılarını gördüm, o faciədə olanları gördüm. Ağlını itirənlər var, çox acınacaqlı halda olanlar var. Bu şahidlərlə oturub danışdım. Daha sonra oranın tarixi yerlərini gördüm. Bu fikir beynimdə formalaşdı və qərara aldım ki, bu sujet ətrafında işləyəcəyəm. Ondan sonra "Relslər üzərində uzanmış adam" kitabını qələmə aldım.
Ülkər Tahirqızı
Fotolar: Pəri Arifqızı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin