Bu gün Azərbaycan xalqının ən yaddaqalan, ən şərəfli günlərindən biri, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
1989-cu ilin soyuq, şaxtalı qış günündə minlərlə soydaşımız tarixin ədalətsiz hökmünə, təxminən 200 il bundan əvvəl bağlanmış Türkmənçay və Gülüstan sülh müqavilələrinin şərtlərinə etiraz əlaməti olaraq Araz çayının sahilinə toplaşdılar, doğma Azərbaycanı ikiyə bölən tikanlı məftilləri dağıtdılar. Beləliklə, 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu.
Həmirəylik gününün tarixə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir.Bu gün tarixi vərəqlədikcə Heydər Əliyev zəkasını, düşüncəsini, müdrikliyini böyüklüyünü bir daha hiss edir, Ümummilli liderimiz respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi oluruq. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il, dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” tarixi qərarı qəbul etdi. Bu qərara əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi.
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Milli günlər və bayramlar xalqın yaşadığı mühüm hadisələrdən uğurla çıxdıqları günün şәrәfinə qəbul edilir. Millətin, dövlətin, vətənin ölüm-dirim savaşından başı uca, üzü ağ çıxan xalqlar bu qüruru, sevinci xatırlamaq, unutmamaq və gələcək nəsillərə ötürmək üçün o günü bayram olaraq keçirirlər. Bu günlərdə qaranlıqdan aydınlığa çıxışın verdiyi mənəvi zövq və özünə inam hisslərinin bəxş etdiyi xoşbəxtlik hakim olur. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.
”Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilib. Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib.
Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.
Ulu öndər Heydər Əliyevin 2002-ci il iyulun 5-də imzaladığı “Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması haqqında”kı fərmanı ilə diaspora fəaliyyətinin mütəşəkkilləşmə dövrü başlandı. Komitənin yaradılmasında əsas məqsəd xaricdə yaşayan həmvətənlərlə genişləndirilməsi və inkişaf etdirilməsi idi. Bu siyasi xətti Prezident İlham Əliyev də əsas götürdü. Bu fəaliyyətin həyata keçirilməsi üçün ilk növbədə xarici dövlətlərdə güclü diasporun formalaşdırılması, eləcə də qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev 2008-ci il Noyabrın 19-da “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzaladı. Bununla da tam hüquqi baza yaradıldı. İndi diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilməkdədir. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması da məhz bu zərurətdən irəli gəlmişdi. Azərbaycan hökuməti buna daim böyük önəm verir.
Bu gün dünya azərbaycanlılarının, gənclərinin həmrəyliyi 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı öz sözünü ən yüksək səviyyədə dedi və tarixi qələbəmizi daha inamlı etdi. Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların düşmənin və anti-Azərbaycan qüvvələrin müxtəlif formada təzahür edən məkirli təxribatlarına qarşı cəsarətli etirazları və çıxışları, Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.
Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı! Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!
Bakı Dövlət Universitetinin
Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi,
Toğrul Abdullayev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin