Lakin elektron vasitələrdən fasiləsiz istifadə sağlamlığımız, xüsusən də, gözümüz üçün zərərlidir. Qeyd etmək lazımdır ki, yeni doğulan körpələrdə də göz zəifliyinə rast gəlmək olur. Ümumiyyətlə, son dövrdə insanlar yaxşı görmək üçün eynək və linza ilə yanaşı, cərrahi əməliyyatlara da üstünlük verir.
"ANmedia" nın budəfəki müsahibi tanınmış oftalmoloq Rəşadət Qurbanovdur. Rəşadət doktor Azərbaycan Tibb Universitetində ali təhsil alıb. Həm ordinatura, həm də aspirantura təhsilini isə S.N.Fyodorov adına "Gözün Mikrocərrahiyyəsi" Elmi Texniki Kompleksində ( Rusiya, Moskva ) bitirib.
Müsahibəni təqdim edirik:
- Doktor linzadan və eynəkdən xilas olmaq üçün nə etməliyik?
- Linza və eynəklərdən qurtulmaq üçün ən azı 18 yaşımız olmalıdır. Ona görə ki, xilas olmağın yolu əməliyyatdır. Əməliyyat eksimer lazer adlanır. Yəni gözün səthi xüsusi lazer şüası ilə işlənir və buynuz qişanın üstü hamarlanır. Yəni olan göstəricilər tənzimlənir. Əgər buynuz qişa müsbətdirsə, müsbəti, mənfidirsə, mənfisi götürülür. Astiqmatizimdirsə, aradan qaldırılır. Yəni cihazın işləmə prinsipi ondan ibarətdir ki, göz səthinin üstündə optik gücünü dəyişir. Ya artırır, ya azaldır. Adətən bu əməliyyatlar buynuz qişasında aparılır. Gözün buynuz qişasının gücü orta hesabla 43 faizdir, lakin 39–48 faiz arası dəyişə bilir.
Bu göstəriciləri artırıb, ya da azaltdığımız zaman mənfi və ya müsbət görmə problemindən xilas oluruq. Mənfi dedikdə miopiyanı nəzərdə tuturuq. Müsbət dedikdə isə hipermetropiyanı nəzərdə tuturuq.
- Gözümüzün zəifləməməsi və yaxşı görməsi üçün nə etməliyik?
- Gəlin, əvvəlcə görmənin kimlərdə zəiflədiyini deyək. Görmə zəifliyi adətən uşaqlarda yaranır. Doğularkən insanın gözü 0,1% görür. İnsanın orqanizmi böyüdükcə, gözü inkişaf etdikcə, görməsi 7 yaşa qədər 100 %-ə çatır. Yəni bu müddətdə görmənin mühafizəsi mütləqdir. Gözümüzü qorumalıyıq. Övladlarımızın daha yaxşı görməsinin artmasını təmin etməliyik. Yəni hər hansı xəstəliklər varsa, vaxtında müalicə etməliyik. Gözdə qızartılar varsa, bunları da vaxtında müalicə etməliyik ki, inkişafa mane olmasın. Uşaqların görməsi 18 yaşa qədər dəyişir. Biz yeddi yaşda aldığımız 100 faiz görməni qoruyub saxlamalıyıq. Əgər uşaqda məktəb dövründə zəifləmə baş verərsə, bu, uzaqgörmə ilə bağlı ola bilər. Yəni miopiya inkişaf edə bilər. Miopiyanın inkişaf etmə səbəbləri çoxdur. Onun yaranmasının qarşısını almaq üçün əvvəlcə eynəklərdən istifadə etməliyik.
Qeyd edim ki, uşaqlarda əməliyyat etmək mümkün deyil. Bu səbəbdən inkişafını 18 yaşa qədər təmin etməliyik. 18 yaşa qədər tam formalaşdıqdan sonra artıq əməliyyat haqqında düşünməliyik. Deməli, 18 yaşa qədər ancaq eynəkdən istifadə etməliyik, silahımız odur. İkincisi kontakt linzadır. Kontakt linzaları balaca uşaqlara, azyaşlı məktəblilərə yazmırıq. Təxminən, 12 yaşdan sonra məsləhət görülür.
- Gözü zəif olan insanlara hansını məsləhət bilirsiniz? Eynək, əməliyyat, yoxsa linza?
- Gəlin, belə danışaq. Usaq doğulandan etibarən onu göz həkimi müayinə etməlidir. Bəbəyini, göz qapağının olub-olmadığını, qapağın nə dərəcədə gözü bağladığını, gözün quruluşunu, formasını və s. bunlar müayinə edilməlidir. Düzdür, uşaq doğulanda göz almasının hərəkətləri müştərək deyil, hərəsi bir tərəfə baxa bilər. Amma gözün ən azı anatomik quruluşunu təyin etmək olar.
Uşaqlar doğulandan sonra ilk müayinəni elə doğum evində aparırlar. Daha sonrakı dövrdə mütləq valideyn tərəfindən bu proses izlənilməlidir. Çünki üç-altı aylarında uşaq gözünü fiksasiya edə bilir və artıq nəsnələri uzaqdan baxıb tanıya bilir. Parıldayan əşyaya baxanda işıq mənbələrinə baxa bilir. Yəni bu, gözün inkişafının ilk göstəriciləridir. Əgər uşaqlarda göz müayinəsinin nə vaxt olduğunu soruşursunuzsa, iki yaşından ilk oftalmoloq baxışı tam şəkildə aparıla bilər.
- Doktor, gözdə qaşınma, yaşarma, sulanma və göynəmələrin səbəbi nədir?
- Qaşınma və sulanmanın əsas səbəbi göz quruluğudur. İnsanın gözü bərpa olunur. Gözün üstündə epiteliar toxumu var. Göz qırpmalarımız, göz ovxalamalarımız zamanı bu toxuma zədələnə bilir. Bunun bərpası ancaq gecə vaxtlarında baş verir. İnsan gecə yuxuda olarkən gözləri bağlı olduğu halda tamamilə bərpa gedir. Epitet 8 saat ərzində yenidən gün ərzində aldığı zərbələrə dözümlü vəziyyətə gəlib cıxır. Yəni 8 saat yuxu mütləqdir. Əgər kompüter qarşısında çox işləyirsinizsə, mütləq dincəlmək lazımdır. Yarım saatdan bir 3-5 dəqiqə uzağa baxmaqla gözlərinizi dincəldə bilərsiniz.
- Gözdə allergiya ola bilərmi və yaranma səbəbi nələrdir?
- Əlbəttə, ola bilər. Allergiyanı yaradan bir səbəbə bağlıdır. Bu səbəb dərmanlar, yaxud toz ola bilər. Səbəbləri çoxdur. Yediyimiz qida, qəbul etdiyimiz dərmanlar, adi bir toz dənəciyi, güllərin qoxusu və s. Ən çox rast gəldiyimiz vaxtlar aprel-may aylarındadır. Bu zaman allergiyaları müalicə etmək üçün xeyli müraciət alırıq.
- Doktor, gözdə mirvari suyu deyilən xəstəlik var. Bunun çarəsi yalnız əməliyyatdır?
- Mirvari suyu göz qişasının içində olan təbii büllurun, təbii lensin bulanmasıdır. Bu bulanmanın səbəbi isə çoxdur. İnsanın orqanizmində hər hansı metabolizim dəyişiklikləri yarandığı halda büllurun özü də reaksiya verir və bulanma başlayır. Müalicəsi üçünsə, metabolizimi düzətmək lazımdır. Ən çox gördüyümüz diabetdən yaranan kataraktlardır. Bunu müalicə etmək mümkündür. Amma şəkəri, diabeti müalicə etmək mümkün deyil. Ancaq tənzimləmək olar. Büllurun özündə bulanma yarandısa, o bulanmanı sağaltmaq mümkün deyil. Mirvari suyunun əsas müalicəsi həmişə cərrahiyə yoludur. Mirvari suyunun praflaktikası normal qidalanma, sağlam həyat tərzi, stressdən uzaq olmaqdır. Bunların hamısı mirvari suyunun yaranmasının qarşısını alacaq.
- Şəkər xəstəliyindən əziyyət çəkənlər və ya başqa xəstəliyi olan pasientlər göz əməliyyatı etdirə bilərmi?
- İnsanın şəkəri 20-25 illikdirsə, əziyyət çəkirsə, gözün içində hər hansı bir dəyişiklik əmələ gələ bilər. Bu nə ola bilər? Qara su, mirvari suyu, torlu qişanın dəyişikliyi ola bilər. Torlu qişada plan dəyişikliyi daha mühüm rol oynuyur. Çünki o dəyişiklikləri vaxtında müalicə etmək lazımdır. Biz həmişə deyirik ki, əgər insanın görməsi zəifdirsə və bu şəkəri diabetdən yaranan hər hansı səbəbdirsə, bunu aradan qaldırmaq lazımdır. Əməliyyatları aparmaq üçün insanın sağlamlığı buna imkan verməlidir. Çünki əməliyyat vaxtı biz ağrıkəsicilərdən istifadə edirik. Bəzi hallarda venadaxili narkoz veririk. Yəni şəkərli diabet xəstələrini yoxlayırıq. Şəkər yüksək, orqanizmi zəifdirsə, müalicəni əvvəlcədən etmək lazımdır ki, əməliyyat üçün yararlı olsun.
- Rəşadət doktor, bizdə göz transplantasiyası əməliyyatı yoxdur. Buna nə mane olur?
- Təssüflər olsun ki, ölkəmizdə göz transplantasiyası yoxdur. Səbəbini izah edim. Gözün siniri var ki, görməni təmin edir. Bu sinir belə desək, bir kabeldir. Gözün içindəki torlu qişa sanki fotoaparatda olan bir matrisadır. Bu, şəkil qəbuledicidir. Şəkli qəbul edib bunu informasiyaya, elektirik siqnallarına çevirib beyinə göndərir. Bizim gözümüz adi bir kameradır. Amma şəkli biz beynimizin içində görürük. Göz kamera olduğu yerdə, beynimiz televizor monitorudur.
Nəyə görə göz transplantasiyası yoxdur? Biz hətta əzələni də tikə bilərik. Bu əzələlərin hamsını bərpa edə bilərik. Gözü yuvaya da qoya bilərik, təssüf ki, bu siniri bərpa edə bilmərik. Çünki bu sinirlərin miqdarı o qədərdir ki, hər bir sinir hər bir hissəyə görə cavab verir. Misal üçün, milyonlarla sinir lifləri var. Hərəsi bir nöqtəyə görə cavabdehdir. Bu siniri biz müasir təbabətə görə köçürə bilsək də, bu sinirin hansı zonaya görə cavabdeh olacağını təyin etmək mümkün olmayacaq.
İlk növbədə gördüyümüz necə olacaq? Bir şəkil əvəzinə biz bu ağ nöqtəni burda görəcəyik, bu qara nöqtəni burda görəcəyik, yəni mozaika şəklində olacaq, şəklə oxşamayacaq. Bunu beyin qəbul edə bilməyəcək. Bunun üçün hələ tezdir. Biz bu sinir liflərinin 9-nu götürə bilərik. Üç dənə bu kvadrata görə, üç dənə də bu kvadrata görə. Piksel kimi. Yenə də 9 piksel kimi görmə yarada bilərik. Amma bu da bizə sadəcə az məlumat verə biləcək. İşığın olub-olmadığını bizə verəcək. İşıq var, yoxdursa, yoxdur. Ən azı yaxşı şəkil almaq üçün bu pikselin miqdarı milyon olmalıdır. Onun üçünsə, bu dəqiqə texnoloji durumumuz imkan vermir. Fikrimcə, süni göz əməliyyatı daha tez olacaq, nəinki göz köçürmə. Süni göz necə - həmin o dediyim matrisalar elə bir şəkildə olacaq ki, biz artıq eynək taxacağıq. Məsələn, beynimizlə görəcəyik, gözlə yox.
- Doktor, fəsillə bağlı gözdə hansı problemlər yaranır?
- Bu zamanlarda yarpaqlar quruyub tökülür, küləkli hava olur. Payızda ən çox yad cisimlər, yarpaq qırıntıları gözə düşür, qalır, ilişir. Virus konyuktivitləri də soyuqdəyməyə görə yaranır. Bu fəsildə ən çox rast gəldiyimiz potologiyalar küləyin bizə verdiyi yad cisimlərdir. Ən çox bakterial konyuktivitlər, kerasitlər və yeni infeksion proseslərdir.
- Müasir dövrdə lazer əməliyyatları çoxalıb. Bu əməliyyatın mənfi tərəfləri varmı?
- Lazerin növləri çoxdur. Oftalmologiyada işlənən arqon, eksimer və yaq lazer ən cox işlənənlərdir. Bunların hərəsinin öz məqsədi var. Eksimer lazer eynəkdən azad olmaq əməliyyatında istifadə olunur. Arqon lazer gözün kökünü bərkitmək əməliyyatlarında istifadə olunur. Yaq lazer isə bəzi pərdələri təmizləmək ücün, bəzi pərdələri açmaq üçün istifadə olunur.
Eksimer lazer 18 yaşı tamam olmuş insanlarda tətbiq edilə bilər. Hansı ki, biz biliri ki, bundan sonra göz mənfisi artmayacaq. Məsələn, 16 yaşı var görməsi - 3, 17 yaşı var -3,5, 18 yaşında artıq 4-dür. Bu adamı əməliyyat etməyəcəyəm. Onun müalicəsini yazacağam ki, göstəriciləri stabilləşsin. Stabilləşəndən sonra əməliyyata götürəcəyəm. Yəni hansısa bir xəstə yanıma gəlib desə ki, doktor, məni əməliyyat et, edə bilmərəm. Çünki ilk növbədə müşahidə lazımdı. Hətta epilepsiya xəstələrini əməliyyat etmək olar. Amma yenə də bu, kəskin əksgöstərici deyil.
- Hazırda bir çox apteklərin nəzdində optik bölmələr var. Onlar göz zəifləməsinə qarşı düzgün eynək seçimini nə dərəcədə doğru edirlər?
- Mütləq həkimə müraciət etmək lazımdır. Çünki optikalarda bəzi eynəklər düzgün yazılmaya bilər. Əksər ölkələrdə, bizim ölkə də daxil, optikalarda bəbək genişləndirici dərmanların damcılanması qadağandır. Bəbəkgenişlədici nə deməkdir? Midriatik deyirik. Midriatik pereparatlar.Bunlar gözün içində olan siliyer əzələdir. Yəni sağlam əzələni tamamilə iflic halına salan damcılardır. Bu damcılar onun üçün lazımdır ki, biz bu damcıları damızdırdıqdan sonra təyin edirik, insanın gözündə spazm var, yoxsa yoxdur? İnsanın həqiqi göstəriciləri və insanın gözünün kökündə quruluş necədir?
Bu məqsədlə müaniyələr aparırıq. Bunu göz həkimi etdikdə dəqiq eynək təyin edə bilər. Əgər bu damcılardan istifadə olunmursa, optikada təyin etməyi məsləhət görməzdim. Amma yenə də, insan artıq necə illərdir ki, eyni eynəyi işlədirsə, o halda razılaşa bilərəm ki, optikada eynəyi təyin olunsun.
Jurnalist: Ülkər Tahirqızı
Foto: Pəri Arifqızı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin