“BELƏ DESƏM, KUKLALAR MƏNDƏN İNCİYƏRLƏR. ÇÜNKİ ONLARIN HAQQINA GİRMİŞ OLARAM”
Kuklalar danışa bilər, bəs hərəkət edə, insan hisslərinə təsir edə bilərmi?
Əgər onu hərəkətə gətirən bacarıqlı əllər və nitq varsa, bəli. Məhz aktyorlar bunun üçündür, kuklaları bizim üçün cana gətirən.
ANmedia.az-ın bugünkü qonağı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yüksək dərəcəli artisti Rəhim Rəhimovdur.
Arzular, istəklər, yoxsa təsadüflər? Öz sahəsində kifayət qədər tanınan, seçilən, sevilən aktyorun bu sənətə gəlişi təsadüfdürmü?
Müsahibəni təqdim edirik:
- Rəhim bəy, səhnə seçiminiz arzunuz idi ya təsadüf belə gətirdi?
- Səhnəyə gəlmək, səhnəni sevmək və seçmək, aktyor olmaq mənim arzum idi. Kukla teatrına gəlmək isə təsadüf idi. Mən uşaq vaxtından aktyor olmaq istəmişəm. Birinci sinifdən şeir müsabiqələrinə qatılırdım. Əvvəlcə məktəblərarası, sonra Bakı şəhəri, daha sonra isə bölgələr üzrə. Bütün nominasiyalarda birincilik əldə edirdim. Mənim fəxri fərmanlarım var. Yadıma gəlir, üçüncü sinifdə oxuyurdum, Lütfi Məmmədbəyov adına Xalq Teatrında İncəsənət Universitetinin diplom tamaşası olmalı idi. Minaxanım Bağırovanın tamaşası idi. Təsadüfən bizə qonaq gəlmişdilər və mən orada şeir dedim, xanımın xoşuna gəldi. Məni yanına çağırıb dedi ki, sənə baş rol vermək istəyirəm - "Sadiq" rolu. İlk dəfə 1988-ci ildə mən Xalq teatrı üçün məşqlərə getdim. "Mənim nəğməkar bibim" tamaşasında baş rolda Sadiqi oynadım və ondan sonra tam qərarımı verdim. Amma evdə narazılıq oldu. Mənim incəsənətə getməyimi, aktyor olmağımı istəmirdilər. Əsas səbəb də maaşın az olması idi. Atam dedi ki, gəl, səni maşın düzəltmək üçün usta yanına qoyaq. Mən isə razılaşmadım. Dedim ki, əgər sənətimin olmasını istəyirsənsə, onda məni dərziliyə qoy. Mən həm oxuyurdum, həm də günortalardan sonra usta yanında dərzilik öyrənməyə gedirdim. İki il dərzilik öyrəndim, tikiş tikməyi bacarırdım.
Bir gün valideynlərimə demədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənədlərimi verdim, atam xəbər tutanda mən artıq dövlət imtahanına gedirdim. Mən qabiliyyət imtahanında iki beş, bir dörd alaraq universitetinə qəbul oldum. Elə qəbul olduğum il işləməyə başladım.
O vaxt Bakı Bələdiyyə teatrında Ələkbər Kazımovskinin "Nadir Şah" tamaşası qurulurdu və ora kütləvi şəkildə uşaqlar lazım idi. Getdim orda işlədim. Ələkbər müəllim məni görəndən sonra dedi ki, balaca, rol versəm, oynayarsan? Düşünmədən dedim ki, əlbəttə, oynayaram. Mən də Mürsətqulunu oynayırdım. O teatrda düz bir il işlədim. 1997-ci ildə dedilər ki, Kukla Teatrına gənc aktyorlar istəyirlər. Əvvəlcə öyrədir, sonra isə işlə təmin edirlər. Beləcə, təsadüfən ora getdim... Bu il oktyabr ayının 21-i 25 ilim tamam oldu ki, burdayam.
- Dublyajın nəfəsisiniz desək, kuklalar inciməz ki?
- İnciyərlər. (Red. gülür). Çünki mən bu sənətə dublyajdan getmişəm. O da təsadüfi olub. Mən Kukla Teatrında tamaşada oynayırdım, səhv etmirəmsə, 1999-cu il idi, orada bir prodakşn vardı. Bu prodakşn veriliş hazırlayırdı, onlar gizli şəkildə gəlib tamaşaya baxırdılar ki, özlərinə aktyor seçsinlər. Artıq neçə tamaşaya baxmışdılar. Tamaşadan sonra mənimlə görüşmək istədilər. Mən də görüşdüm. Dedilər ki, sizinlə əməkdaşlıq etmək istəyirik. Biz bir veriliş açırıq və istəyirik ki, kukla personajı siz olasınız. O vaxt "Gəlin-gəlin, uşaqlar" adlı bir veriliş vardı, Lider TV-də yayımlanacaqdı. Mən də çox yüksək maaş müqavilində razılıq verdim.
Beləcə, onu çəkdik, televiziyada efirə gedəndən sonra dublyaj redaksiyasında səsimi eşitdilər. Zəng vurdular və mənimlə görüşmək istədiklərini, dublyaja dəvət etdiklərini dedilər. Elə bil, qapılar yavaş-yavaş açılmağa başladı. Mən 2000-ci ildə dublyajla məşğul olmağa başladım. Artıq 2006-cı ildə İctimai Televiziyasında, sonra Xəzər TV, ANS TV və s. bütün kanallarla əməkdaşlıq edirdim. Ona görə də kuklalar məndən inciyərlər. Çünki onların haqqına girmiş olaram. Onların səsilə danışdıqdan sonra dublyaja getdim. Baxmayaraq ki, cizgi filmi ilə başladım, sonra serial, bədii film, fərqi yox idi, hamısını səsləndirirdim.
- Uzun illərdir bu sahədə olan peşəkar kimi teatrla dublyaj arasındakı təcrübənin oxşar və ya fərqli cəhətləri hansılardır?
- Bilirsiniz, dublyajda yox, amma mən artıq teatrda təcrübə yığmışdım. Çünki biz fərqli-fərqli səslər çıxarırıq. Yaşlı adam, uşaq, gənc oğlan və heyvan personajı səsləndiririk, oynayırıq. Artıq mənim bazam vardı deyə, dublyajda bu, mənim üçün rahat idi. Biz Kukla Teatrında pərdə arxasında qalıb danışırıq. Dublyajda isə mikrofon önündə danışırıq. Onsuz da səsimiz gedir, hər iki halda görünmürük. Bunlar bir-birini bağlayır. Ona görə də, mənə çox rahatdır.
- Müasir dövrdə kuklalarla olan səhnəni necə maraqlı yaratmaq olar?
- Əslində, deyirlər ki, müasir tamaşalar qurulmalı, yeni kukla personajlarında istifadə edilməlidir. Nə deyirsiniz deyin, bizim xalq ədəbiyyatımızın Tıq-tıq xanım, Göyçək Fatma, Məlikməmməd və s. kimi tamaşaları var. Mən də yeniliyə açıq adamam, ancaq yenililklə birlikdə ənənələrin də saxlanılmasını istəyirəm. Təbii ki, müasir personajlara üstünlük versək, biz daha innovativ olarıq. Amma yeni personajların arasında qəti əleyhinə olduqlarım da var. İndi təzə çıxan personajlar var ki, çox qorxuludurlar. Bu, uşaqların psixologiyasına çox pis təsir edir və uşaqlarda aqressivlik yaradır.
- Texnologiya əsrinin uşaqlarıyla kuklalar arasında necə bağ yaratmaq olar?
- Bir tamaşa vardı, "Küpəgirən qarı". Oturub kompüter arxasında “Skype” vasitəsilə şaxta babayla danışır. Sonra “Whatsapp”la səs göndərir. Bu, müasir texnikadır, məncə olmalıdır. Uşaqlara da maraqlı gəlir ki, küpəgirən qarının da “Skype”si, “Whatsapp”ı var.
- Onda hər iki istiqaməti sevdirmək lazımdır?
- Əlbəttə, mütləq sevdirmək lazımdır. Biz sevdirməsək belə uşaqlar məktəbə gedirlər, əhatələrində onsuz da bəhs etdiklərimizi görəcəklər. Biri var ki, biz yaxşı tərəfdən sevdirək, bir də var, ətrafdan pis tərəfi sevsinlər. Amma Kukla Teatrının nəyi yaxşıdır, iki, üç yaşından artıq onları yavaş-yavaş öyrətməyə başlayır. Məncə biz daha yaxşı edirik (Red. gülür).
- Bu gün Kukla Teatırının repertuarında hansı tamaşalar var?
- Bu gün teatrımızın repertuarı çox zəngindir. Dünya ədəbiyyatı, xalq nağıllarımız, müasir nağıllar - hamısı var. Bizim teatrda öz rejissorlarımızdan əlavə, xarici rejissorlar da tamaşa qururlar. Sankt-Peterburqdan gəlib "Qoğal" tamaşasını hazırlamışdılar. Müsyö Jordan , Dərviş və Məstəli Şah tamaşası da xarici rejissor tərəfindən qurulmuşdu. Kuklalar isə orada hazırlanmışdı. Qeyd edim ki,"O olmasın, bu olsun" tamaşasının marionet kuklaları da orada hazırlanıb gətirilmişdi. Biz çalışırıq bütün rejissorlarla əməkdaşlıq edək, bütün əsərlərə müraciət edək. Başqa rejissorlardan da öyrənirik. Misal üçün, mən festivalları çox bəyənirəm.
- Yeni mövsimdə hansı yeni tamaşalar təqdim ediləcək?
- Tamaşalarımız yeni mövsümdə hazırlanır. Anar Məmmədovun rejissorluğu ilə "Məlikməmməd" tamaşası yeni quruluşda hazırlanacaq. Sonra "Üç donuz balası" tamaşası hazırlanır. Dekabra qədər bu tamaşalar təhvil verilməlidir. Amma ilin sonuna qədər dörd-beş tamaşamız təhvil veriləcək.
- İllərin dəyişməyən, sevilən kukla tamaşası hansıdır?
- Bu illər ərzində o qədər tamaşada oynamışam ki… Demək olar ki, 1997-ci ildən bu yana hər il beş-altı tamaşada ifa etmişəm. Hər bir tamaşanı sevmişəm, sevərək də oynamışam. Amm nə yalan deyim, üç-dörd tamaşa var ki, onlar heç vaxt yadımdan çıxmaz.
Burincisi, "Kral" tamaşasıdır. Ələkbər Hüseynovun quruluşunda. Kuklası da burdadır "Klon". Kral mono-tamaşasını tək oynamışam. İkincisi "Xeyir və Şər" tamaşasıdır. Rəhman Əlizadənin quruluşunda. İki nəfər oynamışıq. Üçüncüsü "Zəng" tamaşası idi. Qurban Məsimovun quruluşunda. O da mono-tamaşa idi. Onları heç bir vaxt unuda bilmirəm. Düzdü, bütün tamaşalarımı sonsuz sevirəm. Amma bu üç tamaşa mənim həyatımdır, üç tamaşanı oynayanda həmişə ağlamışam.
Sonda mən çox təşəkkür edirəm ki, siz aktyorları yad edir, onlara yazır, axtarırsınız. Aktyorlardan müsahibələr götürməklə onları tanıdırsınız. Bütün oxuculara təşəkkürümü bildirirəm ki, bu müsahibəni oxudular. Kukla Teatrı elədir ki, kukla sənəti görsənmir. Belə deyək də, pərdə arxasında qalır və siz bunu işıqlandırdıqca onlar artıq bizi də tanıyırlar. Sizə də dərin təşəkkürümü bildirirəm ki, vaxtınızı ayırmısınız.
- Təşəkkür edirəm!
Jurnalist: Ülkər Tahirqızı
Foto: Pəri Arifqızı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin