Müstəqilliyi olan hər bir xalq onu quran, qoruyub saxlayan və dünyaya tanıdan ali liderə, dahi şəxsiyyətə, xilaskara borcludur. Çünki bu məsuliyyətli və taleyüklü missiyanı yerinə yetirmək, milli quruculuğun lideri, eləcə də xalqın böyük etimadına layiq olmaq dövlət xadiminin fədakar əməyini tələb edir.
Azərbaycanın müstəqil dövlət kimi müasir tarixi məhz belə bir liderin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu ümummilli liderimiz Heydər Əliyevin XX əsrdə yaratdığı milli dövlətçilik tarixi bizim üçün milli sərvətdir.
Bu böyük ad - Heydər Əliyev adı qüvvətli şəxsiyyəti, vətəndaş mübarizliyi, obyektiv prinsipiallığı və dönməz fədakarlığı ilə səciyyələnir. Bütün bu insani dəyərlərin əbədi daşıycısı olan Ulu öndər yarım əsrə yaxın dövrdə Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti olmuş dahi şəxsiyyətdir.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən 31 il ötür. Dahi şəxsiyyətin Sədr seçildiyi bu gün təkcə muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın tarixinə mühüm hadisə kimi yazılıb. Heydər Əliyev o dövrdə 1993-cü ilin iyunundan başlayaraq, ilk növbədə, hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başlandı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa başlandı.
Ulu öndərin qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı və Heydər Əliyev ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni stimul verdi, zaman-zaman Azərbaycanın başı üstündə dolaşan qara buludlar dağılmağa başladı, Azərbaycan parçalanma təhlükəsindən xilas oldu.
Onun Naxçıvanda çalışarkən ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və milli məfkurənin formalaşdırılması idi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malik hadisə oldu. Blokada şəraitində yaşayan muxtar respublikanın inkişafının və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də bu bölgənin gələcək tərəqqisi istiqamətində mühüm addımlar atıldı. Belə ki, qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi. Bu ölkələrdən muxtar respublikaya enerji təminatı və ərzaq, sənaye malları verildi. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi üçün “Ümid” körpüsü salındı. Həmin dövrdə paytaxt Bakı ilə yeganə nəqliyyat yolu hava limanı idi. Bakıda Naxçıvan nümayəndəliyi yaradıldı.
Ulu öndər deyirdi: “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Millət dövlət üçün yox, dövlət millət üçün çalışmalıdır”. Bu sözlər bir daha dahi şəxsiyyətin əsas qayəsinin millət və onun firavanlığı olduğunu sübut edir.
Ümummilli lider Heydər Əliyev hər dəfə Dağlıq Qarabağ münaqişəsini beynəlxalq müstəviyə çıxararaq, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsini tələb edirdi. Onun müəyyən etdiyi siyasi xətt nəticəsində uğurla addımlayan Prezident İlham Əliyevin güclü rəhbərliyi, əzmkarlığı və siyasi iradəsi sayəsində artıq Qarabağ azaddır! Memarı olduğu müstəqil Azərbaycan dövləti ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevlə bu gün də tam qətiyyət və iradə ilə yalnız inkişafa doğru irəliləyir və böyük uğurlara imza atır. Heydər Əliyev hər bir azərbaycanlının qürur mənbəyidir.
Ulu öndər hansı vəzifədə, hansı şəraitdə olmasından asılı olmayaraq, ona münasibətin vahid ünvanı və məzmunu-ümumxalq məhəbbəti olub. Onun hakimiyyətinin Naxçıvan mərhələsində atdığı hər bir addımın təməlində Azərbaycanın müstəqil gələcəyi, xalqımızın azad, firavan həyatı dayanırdı. Dahi lider bunu 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik edərkən atdığı addımlar, düşünülmüş və məqsədyönlü siyasəti ilə reallığa çevirdi.
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin