Azərbaycanlılara qarşı tarixən edilən bütün ədalətsizliklər arasında ən dözülməzi Mart soyqırımıdır. Bu kimi cinayətlər başqalarının maraqları naminə tamamilə günahsız insanların məhv olmasıdır. Etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi və ya bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi sayılır... Buna vəhşiliyin kütləvi şiddət formasıdır desək tam doğru olar.
Rəsmi mənbələrə əsasən, soyqırımın nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Təəssüflər olsun ki, söhbət tarixən dəfələrlə azərbaycanlılara qarşı törədilmiş, onları ata-baba yurdundan didərgin olmağa məcbur edən və tarixə 31 Mart soyqırımı adı ilə düşən dəhşətli faciədən gedir.
1918-ci ilin ilk aylarında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular. Erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınların zirvə nöqtəsi mart ayında oldu. Martın 30-da axşamüstü S.Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı soyqırımına başlandı. 30 mart - 3 aprel tarixinədək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər.
Soyqırımının törədilməsinin bir sıra səbəbləri var idi. İqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Hətta İkinci Dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı. Bunlardan biri Mosul, digəri isə Bakı neft mənbəyi idi. Digər bir səbəb əlverişli coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyinin həll olunması idi. Bakıya hakim olmaq bütün Cənubi Qafqaza və Xəzər dənizinə nəzarət etmək imkanı verəcəkdi. Bundan başqa, Tiflisdə fəaliyyət göstərən antibolşevik Transqafqaz Seyminin süqutuna da kömək etmiş olacaqdı.
Səbəblər arasında hələ I Pyotr zamanından başlayaraq çarizm Xəzər dənizinin şimal sahillərini, həmçinin Bakını işğal edib öz tərkibinə daxil etmək istəyi də dayanırdı. Apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra Cənubi Qafqaza erməniləri yerləşdirməklə çarizm demoqrafik vəziyyəti dəyişdirdi. Ən böyük səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması və Bakının əhalisi əsasən türk və müsəlmanlardan ibarət olması idi.
Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edərək hər kəsi qətlə yetiriblər. Öz amansızlığına və törədilmə miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir mart soyqırımı. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Mart soyqırımının nəticələrinin araşdırılmasına Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra xüsusi diqqət yetirildi. Hətta faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradıldı. Bu Komissiyanın materiallarında göstərilir ki, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürüb, Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi isə tamamilə əhalisi ilə birgə məhv edilib.
Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3 257 kişi, 2 276 qadın və 2 196 uşaq öldürülüb. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilib. Bütövlükdə Zəngəzur qəzası üzrə 10 068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50 000 azərbaycanlı isə qaçqın düşüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər isə yerlə yeksan edilib.
Sonrakı dövrdə 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha mütəşəkkil hal aldı. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edildi. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görüldü çoxlu əsərlər yazıldı. Son illərdə isə bu sahədə aparılmış araşdırmalar sayəsində xeyli sayda yeni faktlar və sənədlər toplanılıb.
Hamımızın bildiyi kimi, Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bununla bağlı 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Quba məzarlığı tarixin bütün dövrlərində türklərə qarşı öz məkrli siyasətləri ilə tanınan erməni xislətinin ən bariz nümunələrindəndir. Azərbaycanlıların ata-baba yurduna göz dikən, şovinist ideologiyalarından, xəstə təfəkkürlərindən əl çəkməyən erməni kimliyi işğaldan azad edilən torpaqlarımızda tapılan soydaşlarımızın kütləvi məzarlıqları ilə bir daha ortaya çıxır. Belə kütləvi məzarlıqlardan biri də Kəlbəcərin Başlıbel kəndində törədilən faciədən geriyə qalanlardır.
İndi Zəfər qazandığımız haqq davamızın ardı olaraq üzərimizə düşən daha bir vəzifə erməni kimliyini, vəhşiliyini müasir silah sayılan informasiya mübarizəsi ilə bütün dünyaya sübut etməkdir. Bu yolda hər bir media nümayəndəsi var gücü ilə çalışmalı, eyni zamanda xarici ölkələrdən gələn jurnalistlər Qarabağda baş verən faciələrin nəticələri ilə mütəmadi və dəqiq məlumatlandırılmalıdırlar. İşğaldan öncə öz doğma torpaqlarımızda ermənilər tərəfindən başımıza gətirilənlər, işğal zamanı insanlığa sığmayan amansızlıqlar haqqında bütün dünyaya səs salmaq və onları unutmamaq lazımdır.
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət
Yer üzünün fatehi ədalətdir, ədalət!
N.Gəncəvi
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin