
Azərbaycan uzun illər boyunca neft və qaz sənayesinə arxalanan iqtisadi model ilə diqqət çəkmişdir. Bu strategiya, ilkin dövrlərdə iqtisadiyyata təkan versə də, qlobal enerji bazarındakı qeyri-sabitlik səbəbindən risklər daşıyır. Bu məqalədə neftə olan asılılığın fəsadları araşdırılacaq, eyni zamanda qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq strategiyalar şərh ediləcəkdir. Xüsusilə kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və alternativ enerji kimi sahələrin rolu vurğulanacaq.
Azərbaycan, zəngin neft və qaz ehtiyatlarına malik bir ölkə kimi, keçmiş onilliklər ərzində enerji sektorunun böyüməsi ilə sürətli iqtisadi inkişaf mərhələsindən keçmişdir. Neft və qaz hasilatı ölkə büdcəsinin əsas gəlir mənbəyi olub, makroiqtisadi göstəricilərin formalaşmasında mühüm rol oynamışdır.
Lakin, neft sənayesindəki qlobal dalğalanmalar, valyuta kurslarında qeyri-sabitlik və ekoloji problemlər kimi faktorlar, iqtisadi modelin dayanıqlılığına ciddi təhdidlər yaradır. Bu şəraitdə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi strateji prioritet kimi ortaya çıxır.
Ölkəmizin ÜDM-nin təxminən 30%-i ixrac gəlirlərinin 80%-dən çoxu və dövlət büdcəsinin 60%-i neft və qaz sektorundan əldə edilir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istifadəyə verilməsi ilə neft ixracatı həcmi kəskin dərəcədə artdı, ölkəyə milyardlarla dollar investisiya gətirdi, sosial rifahı qısa müddətdən etibarən əhəmiyyətli dərəcədə yüksəldərək urbanizasiyanın sürətlənməsinə şərait yaratmışdır.
Ancaq, 2014-2016-cı illərdə neft qiymətlərinin düşməsi, manatın devalvasiyasına və ÜDM-in 3% azalmasına səbəb oldu. Bu, iqtisadiyyatın neftdən asılılığının zəif tərəflərini açıq şəkildə nümayiş etdirdi. Bu asılılıq uzunmüddətli perspektivdə ciddi problemlər doğurur. Neft qiymətlərinin qeyri-sabitliyi, qlobal tələbatdakı enmələr və ekoloji problemlər iqtisadiyyatda zəiflik yaradır. Bu fonda, qeyri-neft sektorunun inkişafı dövlət siyasətində prioritet məsələyə çevrilmişdir.
İqtisadiyyatın Şaxələndirilməsi Üçün Strateji Addımlar.
Azərbaycan iqtisadiyyatı əvəllər yalnız neft və qazın üzərində bərqərar olmuş bir nəhəng kimi tanınırdı. Lakin indi bu iqtisadiyyatın görünüşü tamamilə dəyişib. Artıq ölkəmizin səmalarında yalnız neftin deyil, həm də kənd təsərrüfatı məhsullarının, güclü sənaye sahələrinin və bərpa olunan enerjinin yeni üfüqlərinin işıqları var. Bir zamanlar Azərbaycanın “qızıl damarı” sayılan neft sektoru, indi çoxşaxəli bir iqtisadiyyatın bir parçasına çevrilib. Bu, uzun səyahətin bir hissədir və bu yolda daha çox rənglər var. Dövlət, bir rəssam kimi, iqtisadiyyatın hər tərəfini diqqətlə qurur və yeni sahələrə həyat verir. Artıq Azərbaycan yalnız neftə dayanmayıb, daha geniş bir perspektivdə gələcəyə doğru addım atır.
Diversifikasiya siyasətləri əsasən aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Qeyri-neft sənayesinin dəstəklənməsi: Dövlət, “Azərbaycan Respublikasında Sənayenin İnkişafı üzrə Dövlət Proqramı” çərçivəsində kimya, yüngül sənaye və maşınqayırma kimi sahələrə investisiyalar atırır. Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı kimi layihələr yerki istehsalı stimullaşdırır. Qeyri-neft sənayesinin dəstəklənməsi, iqtisadiyyatın diversifikasiyası üçün vacibdir. Bunun üçün, infrastrukturun inkişafı (logistika, nəqliyyat və enerji təchizatı gücləndirilməlidir), investisiya təşviqləri (vergi güzəştləri, subsidiyalar və əlverişli kreditlər təqdim olunmalıdır), istehsalat texnologiyalarının modernləşdirilməsi (yüksək texnologiyalı istehsalat müəssisələri qurulmalıdır), ixracın artırılması (beynəlxalq bazarlara çıxış asanlaşdırmaq üçünixrac təşviqləritətbiqedilməlidir), təhsil və kadr hazırlığı (peşə təhsili və texniki biliklərin artırılması üçün proqramlar həyata keçirilməlidir), yerli istehsalatın müdafisi (qeyri-neft sektorunda yerli məhsullara üstünlük verən siyasət yürüdülməlidir).
Kənd təsərrüfatı və yerli istehsalın stimullaşdırılması: Azərbaycanın kənd təsərrüfatı üçün əlverişli iqlim şəraitinin və münbit torpaqlara malikdir. Bu sektorun inkişafı üçün müasir suvarma sistemləri, texnoloji yeniliklər və fermerlərə güzəştlərin verilməsi əsas prioritetlərdən biri olmalıdır. Yerli istehsalın artırılması həm ərzaq təhlükəsizliyini təmin edəcək, həm də idxaldan asılılığı azaldacaq.
İnformasiya texnologiyaları və regional transformasiya: Dünya iqtisadiyyatı getdikcə daha çox rəqəmsal texnologiyalara əsaslanır. Azərbaycanın startap ekosisteminin inkişaf etdirilməsi, texnologiya parklarının yaradılması və beynəlxalq IT şirkətlərin ölkəyə cəlb edilməsi iqtisadiyyatın şaxələndirilməsində mühüm rol oynaya bilər. İqtisadiyyatda şaxələndirmədə mühüm rol oynaya bilər. “ASAN xidmət” və “Rəqəmsal Ticarət Mərkəzi” kimi layihələr biznes mühitini yaxşılaşdırır. Bakıda “High Tech Park” yaradılmaqla IT sahəsində xarici investisiyalar cəlb edilir.
Yaşıl enerji və alternativ mənbələr: Bərpa olunan enerji mənbələrinin inkişafı neftdən asılılığı azaltmaq üçün mühüm addımlardan biridir. Günəş və külək enerjisi potensialı yüksək olan ölkə kimi Azərbaycan, bu sahədə böyük layihələr həyata keçirərək enerji ixracatında fərqli bir mövqeyə sahib ola bilər. Xəzər dənizində külək elektrik stansiyalarının tikintisi və “Şəki Günəş Elektrik Stansiyası” həmçinin işğaldan azad edilmiş ərazilərində yaradılan yeni stansiyalar enerji müstəqilliyini artırır.
Turizm və xidmət sektoru: Azərbaycan zəngin mədəni irsi, təbii mənzərələri və qonaqpərvər insanları ilk turizm sahəsində böyük potensial malikdir. Bu sahədə şimal bölgələrimiz (Quba, Xaçmaz, Qusar, Şabran, Oğuz, Şəki və s.), işğaldan azad edilmiş bölgələrimiz (Şuşa, Laçın, Kəlbəcər, Xankəndi və s.) xüsusi fərqlənir. Həmçinin “Şuşa Mədəniyyət Paytaxtı” kimi təşəbbüslər və Qarabağın yenidənqurulması turizm potensialını gücləndirir. 2023-cü ildə Azərbaycana 1,5 milyon, 2024-cü ildə isə 2,2 milyon turistin gəlməsi turizm sektorunun artımını göstərir.
Dövlətin rolunu gücləndirmə və institusional dəyişikliklər: İqtisadiyyatın şaxələndirilməsi yalnız strateji planlarla həyata keçə bilməz. Bu prosesin uğurlu olması üçün dövlət idarəçiliyində islahatlar aparılmalıdır. Biznes mühiti daha çevik hala gətirilməli, korrupsiya ilə mübarizə gücləndirilməlidir. İnvesterların cəlb edilməsi üçün hüquqi islahatlar aparılmalı və vergi sistemində yeni təşviqlər nəzərdə tutulmalıdır.
Nəticə.
Azərbaycan iqtisadiyyatının gələcəyi qeyri-neft sektorunun inkişafı bağlıdır, neftdən asılılığı azaltmaq struktur islahatlarını sürətləndirməlidir. Neft gəlirlərinə olan asılılığın azaldılması üçün kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və bərpa olunan enerji sahələri sistemli şəkildə inkişaf etdirilməlidir. Təhsil sisteminin modernləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi və innovasiyalara dəstək uzunmüddətli iqtisadi sabitlik üçün əsas şərtdir.
Dövlətin aktiv rolu, islahatların effektiv həyata keçirilməsi və biznes mühitinin yaxşılaşdırılması uzunmüddətli perspektivdə ölkənin iqtisadi dayanıqlığını təmin edəcəkdir. Qeyri-neft sektorunun güclənməsi yalnız iqtisadi müstəqillik deyil, həm də sosial rifahın artımı deməkdir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), iqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi İbrahim Abbasov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin