Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə milli mədəniyyətimizin inkişafı sahəsində böyük nailiyyətlərə imza atılmışdır. Ölkə başçısının xüsusi qayğısı nəticəsində Azərbaycanın tarixi-mədəni irsinin qorunmasına diqqətlə yanaşılmış, beynəlxalq səviyyədə təbliği üçün məqsədyönlü işlər görülmüşdür. İlham Əliyev ölkəyə rəhbərliyinin elə ilk günlərindən Azərbaycan mədəniyyətinin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etmişdir. Beynəlxalq səviyyədə keçirilən möhtəşəm tədbirlər, görülən mühüm işlər bunun bariz nümunəsidir. Yaxın keçmişə nəzər salaraq, milli mədəniyyətimizin inkişafı istiqamətində müstəsna fəaliyyət ilə bir daha tanış olaq.
2006-cı ildə Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyasına qoşulmuşdur. Azərbaycan mədəniyyətinin möhtəşəm abidəsi Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2006-cı ildə milli status almış, 2007-ci ilin 23 iyun-2 iyul tarixlərində Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 31-ci Sessiyası çərçivəsində Ümumdünya Maddi-mədəni İrs Siyahısına daxil edilmişdir [8]. İlham Əliyevin müvafiq sərəncamları ilə Abşeronda "Yanardağ”, Ağstafada "Keşikçidağ”, Suraxanıda "Atəşgah məbədi”, Qubada "Xınalıq” tarix-mədəniyyət, tarix-memarlıq və etnoqrafiya qoruqları təşkil edilmişdir.
Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin iştirakı ilə 2008-ci ilin 2-3 dekabr tarixlərində Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda konfransda Bakı Bəyannaməsi qəbul edilmiş, iştirakçı dövlətlər, eləcə də tərəfdaş dövlətlərin mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığını və fəaliyyətlərinin əlaqələndirilməsini nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulmuşdur. Prezident İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi” regional təşəbbüsdən beynəlxalq platformaya çevrilmişdir [1].
İSESKO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin iştirakı ilə 2007-ci ilin 21-23 noyabr tarixlərində Liviyanın Tripoli şəhərində keçirilmiş beşinci konfransın nəticələrinə görə, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir [4]. 2009-cu ilin fevralın 18-də “Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçirilmişdir. 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi və bu yöndə 100-ə yaxın tədbirin həyata keçirilməsi milli mədəniyyətimizin İslam dünyasına inteqrasiyasına və daha da zənginləşməsinə xidmət etmişdir. Azərbaycanın mədəni həyatında önəmli tədbirlərdən biri 2009-cu ilin 20-25 mart tarixlərində Bakıda Beynəlxalq Muğam Mərkəzində keçirilən “Muğam aləmi” Beynəlxalq festivalında Azərbaycanla yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunmuşdur.
Şərq və Qərb sivilizasiyasının qovşağında yerləşən Azərbaycanla Qərb ölkələri arasında mədəni əlaqələrin genişləndirilməsi sahəsində də mühüm tədbirlər görülmüşdür. 2009-cu ildə Avropanın bir neçə ölkəsində Azərbaycan mədəniyyəti günləri, İsveçrədə Azərbaycan mədəniyyətinə həsr edilmiş 100 günlük mədəni tədbirlər silsiləsi təşkil olunmuşdur. “Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində 2009-cu ilin 13-15 oktyabr tarixlərində Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında 45-dən çox dövlətdən 200-dən çox nümayəndə iştirak etmişdir. 2009-cu il noyabrın 11-də Bakı şəhərində keçirilən İslam Konfransı Təşkilatının 40 illiyinə həsr edilmiş “Sivilizasiya-lararası dialoq: Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransda 41 ölkədən və 3 beynəlxalq təşkilatdan 200-dək elm xadimi, respublikamızda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak etmişdirlər. Beynəlxalq konfransda çıxış edənlər mədəniyyətlərarası və dinlərarası dialoqun qarşılaşdığı problemlər, dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi və digər sahələrdə elmi müzakirələr aparmışdılar. Konfransda çıxış edənlərin əksəriyyəti belə qənaətə gəlmişdirlər ki, Avrasiyada xüsusi geosiyasi mövqe tutan, bir neçə mədəniyyətlərin qovuşuğunda yerləşən və öz tolerantlığı ilə seçilən Azərbaycan Respublikası sivilizasiyalararası dialoqda nümunə ola bilər [2].
2009-cu ilin 16-17 dekabr tarixlərində Bakıda Türksoy Mədəniyyət Nazirlərinin Daimi Şurasının 26-cı toplantısı keçirilmişdir. Azərbaycan paytaxtı 2010-cu ildən Beynəlxalq Humanitar Foruma, 2011-ci ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi edir. 57-ci Avroviziya mahnı müsabiqəsi və dünya tarixində ilk dəfə 2015-ci ildə Avropa Oyunları Bakıda keçirilmişdir. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi Azərbaycanın dünyaya sülh mesajı idi.
YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və İSESKO-nun birgə tərəfdaşlığı ilə 2017-ci ilin 4-6 may tarixlərində Bakıda təşkil olunan “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 120-dək ölkənin rəsmisi, 39 beynəlxalq təşkilatın, 50-dən çox qeyri-hökumət təşkilatının nümayəndələri qeydiyyatdan keçmiş, ümumiyyətlə 800-dən çox xarici nümayəndə iştirak etmişdir. Forum çərçivəsində 40-dək sessiya və tədbir təşkil olunmuşdur [18]. YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə Azərbaycanda keçirilən bütün tədbirlərin uğurla nəticələnməsi ölkəmizi dini tolerantlıq nümunəsinə və sivilizasiyalararası dialoqun baş tutdu-ğu məkana çevirmişdir.
Qeyri-maddi mədəni irsimizin qorunması və təbliği istiqamətində aparılan məqsədyönlü işlər nəticəsində Azərbaycanın 13 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, 2 irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2008-ci ildə Azərbaycan muğamları, 2009-cu ildə Azərbaycan Aşıq Sənəti və Novruz çoxmillətli nominasiya kimi, 2010-cu ildə “Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti”, 2012-ci ildə “Tar və onun ifaçılıq sənəti”, 2014-cü ildə “Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması”, 2015-ci ildə “Lahıcın misgərlik sənəti”, 2016-cı ildə “Nazik çörəyin hazırlanma və paylaşılma mədəniyyəti: lavaş, katrıma, jupka, yufka” çoxmillətli nominasiya kimi, 2017-ci ildə “Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi” və “Kamança simli musiqi alətinin hazırlanma və ifaçılıq sənəti”çoxmillətli nominasiya kimi, 2018-ci ildə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli nominasiya kimi, 2020-ci ildə “Miniatür sənəti” və “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. 2013-cü ildə “Azərbaycan Respublikasında Çovqan ənənəvi Qarabağ atüstü oyunu”, 2018-ci ildə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir [9]. 2022-ci ildə ilk dəfə qeyri-maddi mədəni irsimizlə bağlı 4 nominasiya faylı ilk dəfə bir mərhələdə YUNESKO-da qeydiyyata alınmışdır. “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiyası, habelə ölkəmizin iştirakı ilə hazırlanan 3 çoxmillətli nominasiya “Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan, Türkiyə) YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilmişdir [13].
Mədəni irsimizin dünyada təbliği istiqamətində çox mühüm işlər görülmüşdür. Xalça ustası Lətif Kərimovun, Ü.Hacıbəylinin "Leyli və Məcnun” operasının, "Arşın mal alan” operettasının, görkəmli yazıçı Mir Cəlal Paşayevin, Xalq rəssamı Səttar Bəhlulzadənin, Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyləri, böyük mütəfəkkir Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi, şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi, "Kitabi-Dədə Qorqud” dastanının alman dilinə tərcüməsi və nəşrinin 200 illiyi YUNESKO səviyyəsində qeyd edilmişdir. YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri proqramı çərçivəsində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü, Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi, Cənubi Qafqazda alman yaşayış məskənlərinin salınmasının 200 illik yubileyi, Qara Qarayevin anadan olmasının 100 illik yubileyi, Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyi, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi, H.Z.Tağıyevin anadan olmasının 200 illik yubileyi qeyd olunmuşdur [12]. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafında mühüm xidmətləri olan görkəmli şəxsiyyətlərin Cəlil Məmmədquluzadə və Əhməd bəy Ağaoğlunun 150, Məhəmməd Hadinin 140, Cəfər Cabbarlının 120, İsmayıl Şıxlı, Hüseyn İbrahimov, Soltan Hacıbəyov, Əminə Dilbazi, Tofiq Tağızadə və Hacıbaba Hüseynovun 100 illik yubileyləri qeyd olunmuşdur [3]. 2019-cu il ölkəmizdə "Nəsimi ili” elan olunmuşdur və Azərbaycanın böyük şair və mütəfəkkirinin 650 illiyi silsilə tədbirlərlə qeyd edilmişdir. Yubiley ili çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda layihələr həyata keçirilmiş, İmadəddin Nəsiminin yubileyi Parisdə- YUNESKO-nun mənzil-qərargahında da qeyd olunmuşdur.
Azərbaycan YUNESKO-nun alt-qurumlarına- Qeyri-Maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə (2018-2022), Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyanın Hökumətlərarası Komitəsinə (2019-2023), Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasına (2019-2023) üzv olmuşdur [10].
Milli mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən mühüm tədbirlərlə yanaşı, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafında da əsaslı işlər görülmüşdür. MDB məkanında ilk dəfə ölkəmizdə 2006-cı il 29 dekabr tarixində "Teatr və teatr fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi, dövlət başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli sərəncamına uyğun olaraq 2009-cu il 18 may tarixli sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq edilməsi Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, qlobal və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə yönəlmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə paytaxtdakı Kukla, Rus Dram, Gənc Tamaşaçılar, Milli Dram, Musiqili teatrları, eləcə də Mingəçevir, Füzuli, Ağdam, Şəki, Sumqayıt dram, Gəncə kukla teatrlarının binaları əsaslı şəkildə təmir-bərpa olunmuşdur, İrəvan və Pantomima teatrlarına binalar verilmişdir [5]. 2010-cu ildə əsası qoyulmuş Bakı Beynəlxalq Teatr Konfransı həm ölkəmizdə keçirilən beynəlxalq mədəniyyət tədbirləri sırasında, həm də beynəlxalq teatr təşkilatlarının fəaliyyət təqvimində özünə mühüm yer qazanmışdır. 2013-cü ildə Azərbaycan peşəkar teatrının 140 illiyi geniş qeyd olunmuşdur. Bakı Beynəlxalq Kukla Teatrları Festivalı (2011, 2013), Şəki Beynəlxalq Teatr Festivalı (2014, 2016, 2018) ölkəmizin dünya teatr aləminə inteqrasiyasının nümunələridir. 2019-cu ilin iyununda Lənkəranda Beynəlxalq Teatr Festivalının əsası qoyulmuşdur.
Kinematoqrafiyanın istehsalat, texniki, informasiya, hüquqi və maddi bazasının möhkəmləndirilməsi, eləcə də maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən kino tariximizdə ilk genişmiqyaslı sənəd olan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. “Azərbaycanfilm” kinostudiyasında, Bakı Media Mərkəzində milli tarixi yaddaşın bərpasına, Azərbaycanın ictimai-siyasi həyatına, görkəmli şəxsiyyətlərə həsr olunan qiymətli bədii və sənədli ekran əsərləri ərsəyə gətirilmişdir. Kino irsimizin qorunması, filmlərin nümayişi sahəsində də mühüm işlər görülmüşdür. 2009-cu ildə Dövlət Film Fondu istifadəyə verilmişdir. Əsaslı yenidənqurmadan sonra 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi ilə müasir səviyyəli kino prokatının əsası qoyulmuşdur. “Heydər Əliyev İli” çərçivəsində Bakıda “Azərbaycan kinosu–125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilmişdir.
Azərbaycan musiqisinin inkişafına xidmət edən iri mədəniyyət ocaqları yaradılmışdır. 2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzuli rayonunda muğam mərkəzlərinin tikilib istifadəyə verilməsi, 2014-cü ildə Bakı Xoreoqrafiya Akademiyasının yaradılması, 2017-ci ildə Gəncədə möhtəşəm filarmoniya binasının açılışı, 2018-ci ildə Ağdamda Quzanlı qəsəbəsində, 2019-cu ildə Sumqayıt şəhərində muğam mərkəzlərinin istifadəyə verilməsi musiqi sənətinin inkişafına dövlət qayğısının bariz nümunəsidir. Muğam mədəniyyətimizin qorunması, inkişaf etdirilərək dünyaya tanıdılması sahəsində də böyük işlər görülmüşdür. 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 məşhur muğam ustadının ifalarından ibarət “Qarabağ xanəndələri” adlı zəngin musiqi albomu hazırlanıb təqdim edilmişdir. 2008-ci ildə “Muğam ensiklopediyası” hazırlanıb nəşr edilmişdir. Möhtəşəm layihələrdən biri də “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu və “Muğam aləmi” nəşridir ki, bu da muğamsevərlər üçün ən gözəl tədris vəsaitidir. 8 diski əhatə edən “Azərbaycan muğamı” multimedia toplusunda muğamın mənşəyi, növləri, eyni zamanda quruluşu və kompozisiya xüsusiyyətləri toplanmışdır. “Muğam aləmi” adlanan toplu 2009-cu ilin mart ayında Bakıda keçirilən Beynəlxalq Muğam festivalına həsr edilmişdir [2]. “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təkcə musiqimizin deyil, ümumilikdə ölkəmizin dünya miqyasında təbliğinə xidmət edən mühüm mədəniyyət layihələridir. Eyni zamanda ənənəvi olaraq keçirilən Bakı Caz Festivalı, Rostropoviç Musiqi Festivalı, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi, Qəmər Almaszadə adına Beynəlxalq Rəqs Müsabiqəsi müxtəlif ölkələrdən tanınmış ifaçıları bir araya gətirərək dünya musiqi xəritəsində Azərbaycanın yerini daha da möhkəmləndirir [3]. 2011-ci ildə Eldar Qasımov və Nigar Camalın ifa etdiyi “Running Scared” adlı mahnı Azərbaycanın Avroviziyada ilk qalibiyyəti olaraq yarışmanın tarixinə düşmüşdür.
Azərbaycan təsviri incəsənətinin dünyada təbliğ edilməsi və onun müasir nümayəndələrinin tanıdılması üçün mühüm işlər görülmüşdür. Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasında Dünya Rəssamlıq Akademiyasının üzvləri- xalq rəssamları Xanlar Əhmədovun, Mir Nadir Zeynalovun, əməkdar incəsənət xadimi Arif Azizin, əməkdar rəssam Eldar Qurbanovun, tanınmış rəssamlar Səmədağa Cəfərovun, Nağdəli Xəlilovun və Sakit Məmmədovun yaradıcılıqları mühüm rol oynamışdır. 100-dən çox ölkənin tanınmış fırça ustalarını öz ətrafında birləşdirən Dünya Rəssamlıq Akademiyasına rəssamlarımız 2009-cu ildən üzv olmağa başlamışlar. Belə bir mötəbər təşkilatda təmsil olunmaqla Azərbaycan rəssamlıq məktəbinin qədim və özünəməxsus ənənələri dünyada daha geniş formada təbliğ edilir. Azərbaycan rəssamlarının əsərləri Almaniya, ABŞ, Rusiya, Türkiyə, İran, Fransa, İsveçrə, İtaliya, Niderland, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Ukrayna, Moldova, Özbəkistan, Braziliya, Çin, Avstriya, Portuqaliya və s. kimi ölkələrin ən nüfuzlu sərgi salonları, muzey və qalereyalarında nümayiş etdirilmişdir [14]. 2009-cu il mart ayının 20-dən fəaliyyət göstərən Müasir İncəsənət Muzeyində Azərbaycan rəssamları və heykəltaraşlarının 800-dən artıq əsəri sərgilənir. XX əsrin ikinci yarısından bu günümüzə kimi Azərbaycan təsviri sənəti və heykəltəraşlığının avanqardlarından təşkil olunmuş əsərlər toplusu muzeyin əsasını təşkil edir. Muzeydə Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şaxtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanov kimi sənətkarların əsərləri nümayiş olunur.
Paytaxt və bölgələrimizdə muzeylərin inkişafı dövlətin diqqət mərkəzində olmuşdur. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il tarixli və 22 may 2009-cu il tarixli sərəncamları ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın icrası ilə bağlı Bakı şəhərində, eləcə də regionlarımızda muzeylərin müasir standartlara uyğun təmiri, onların maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Tarix-diyarşünaslıq muzeyləri ilə yanaşı, bölgələrdə yaradılan Heydər Əliyev mərkəzlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına böyük diqqət verilmişdir. Qobustan Dövlət Tarix-Bədii Qoruğunun yeni muzey kompleksi, Qız qalasında yaradılan ekspozisiya müasir texnologiyaların uğurlu tətbiqinin nəticəsidir. 2014-cü il 26 avqust tarixində Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi keçirilmişdir. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 10 mindən çox eksponat və əşya saxlanılır [7].
Kitabxana-informasiya sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Prezidenti tərəfindən 20 aprel 2007-ci il tarixində “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə”, 6 oktyabr 2008-ci il tarixində “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə müvafiq sərəncamlar imzalandı. Dövlət Proqramının uğurla yerinə yetirilməsi nəticəsində ölkəmizin aparıcı kitabxanalarının dünya miqyasına çıxışı təmin olunmuş, beynəlxalq kitab sərgilərində iştirakımızın miqyası genişləndirilmişdir. 2009-cu ildən Bakıda beynəlxalq kitab sərgilərinin keçirilməsi ənənə halını almışdır. Respublikamızda kitabxana-informasiya sahəsi yenidən qurulmuş, Azərbaycan Milli Kitabxana-İnformasiya Mərkəzi (AZLİBNET), ölkə kitabxanalarını vahid məkanda birləşdirən Mərkəzləşdirilmiş Elektron Kitabxana Sistemi (ALİSA) yaradılmışdır. Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində bir sıra layihələr gerçəkləşdirilmiş, dünyanın qabaqcıl kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır. Avropa Milli Kitabxanaları Konfransının, Avrasiya Kitabxanalar Assambleyasının iclasları Bakıda keçirilmiş, Azərbaycan Prezidentinin sərəncamı ilə Milli Kitabxananın 90 illik yubileyi qeyd edilmiş, onun maddi-texniki bazası möhkəmləndirilərək dünya kitabxanaları səviyyəsinə çıxarılmışdır. Respublikamızın kitabxana fondlarında 40 milyona qədər kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları mühafizə olunur [7]. Aparılan araşdırmalara görə Respublikamızda 240 muzey, o cümlədən 76 tarix, 42 memorial, 69 diyarşünaslıq, 41 sənətşünaslıq və 12 digər profilli muzeylər, 29 teatr, o cümlədən 1 opera və balet teatrı, 19 dram, komediya və musiqili teatr, 9 uşaq və gənc tamaşaçılar teatrı mövcuddur. Azərbaycanda 2922 kitabxana, o cümlədən şəhərlərdə 410, kəndlərdə 2512 kitabxana fəaliyyət göstərir, 2231 klub müəssisəsi, o cümlədən şəhərlərdə 335, kəndlərdə 1896 klub mövcuddur [15].
Azərbaycan tarixən çoxmillətli cəmiyyət olduğundan ölkədə multimədəniyyətli, multietnik irsin qorunub saxlanması mədəniyyət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Çoxmillətli və çoxdinli ölkə kimi Azərbaycan öz milli siyasətini müxtəlif xalq, etnik qrupların və dini azlıqların tolerantlıq və birgəyaşayış prinsipləri əsasında müəyyən etmişdir. Ölkəmizdə yaşayan milli azlıqların və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunaraq inkişaf etdirilir. “Azərbaycan– doğma diyar” devizi altında keçirilən azsaylı xalqların incəsənət festivalları (2006, 2008, 2011, 2014, 2016) ölkəmizdəki mədəni müxtəlifliyi nümayiş etdirir. Ölkə Prezidenti tərəfindən 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili”, 2017-ci ilin "İslam Həmrəyliyi ili” elan olunması yurdumuzun mədəni zənginliyini, tolerantlıq mühitini dünyaya bəyan etməklə yanaşı, bu xüsusda yeni mədəni təşəbbüslərə də mühüm zəmin yaratmışdır.
Azərbaycanın mədəni irsinə, bölgələrimizin mədəni inkişafına dövlətin diqqət və qayğısı bu sahədə mühüm layihələrə zəmin yaratmışdır. Qabaqcıl dünya təcrübəsi nəzərə alınaraq müxtəlif proqramlar, layihələr icra olunumuşdur. “Xalq yaradıcılığı paytaxtları” proqramı (2010-2014), “Ədəbiyyat paytaxtı” və “Milli mətbəx paytaxtı” (2015), “Bölgələrdən paytaxta” (2016-2017) layihələri, “Bölgələrdən bölgələrə” (2018) yaradıcılıq festivalı keçirilmişdir. Regional layihələr geniş miqyas qazanaraq beynəlxalq tədbirlərə çevrilmişdir. Masallıda folklor, Qəbələdə mürəbbə, Şəkidə şirniyyat festivalları buna nümunədir. Milli mətbəxlə bağlı digər festivallarda (dolma, plov) da müxtəlif ölkələr təmsil olunur. Belə festivallardan biri Gədəbəydə təşkil olunan Milli Yaylaq Festivalıdır.
Paytaxt və bölgələrimiz beynəlxalq təşkilatlar formatında “Mədəniyyət paytaxtı” adını qazanmışdır. 2013-cü ildə Qəbələ şəhəri “MDB-nin mədəniyyət paytaxtı”, Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, Gəncə şəhəri “Avropa gənclər paytaxtı”, Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilmişdir. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 2019-cu il 30 iyun-10 iyul tarixlərində Bakıda keçirilən 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” “sənət və sənətkarlıq” tematikası üzrə YUNESKO-nun Yaradıcı Şəhərlər siyahısına daxil edilmişdir. Azərbaycanın daha iki şəhəri 2019-cu ildə Bakı şəhəri “dizayn” tematikası üzrə, 2021-ci ildə Lənkəran şəhəri “qastronomiya” tematikası üzrə YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilmişdir [16]. 2020-ci ilin 21 sentyabr tarixində Azərbaycanın 3 şəhəri– Bakı, Qəbələ və Gəncə YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə daxil olmuşdur.
Azərbaycanın mədəniyyət mərkəzi Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də Ermənistanın işğalçı qoşunlarından azad edilməsindən sonra şəhərdə çoxşaxəli mədəni quruculuq işləri həyata keçirilmişdir. 12-13 may 2021-ci il tarixlərində Şuşada “Xarıbülbül” festivalı, 30-31 avqust 2021-ci il tarixlərində Vaqif Poeziya Günləri, 18-24 sentyabr 2021-ci il tarixlərində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı keçirilmişdir. 29 avqust 2021-ci il tarixində Şuşa şəhərində Üzeyir Hacıbəylinin heykəli, Bülbülün ev muzeyi, Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi açılmışdır. 2021-ci ildə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. 2022-ci il 5 yanvar tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalamışdır. “Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisi bərpa edilmişdir. Bundan başqa, “Şuşa – 270” xatirə nişanı təsis edilmişdir. Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmişdir. 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatında mühüm hadisə olub, İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir. 2024-cü il mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa– İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilmişdir. 2024-cü il 8-9 oktyabr tarixlərində Şuşa şəhərində keçirilən İSESKO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyasında Azərbaycanın “Şuşa Tarix-Memarlıq Qoruğu” və “Ağdam İmarət Kompleksi və Cümə məscidi” adlı iki nominasiyanın İslam Dünyası İrsinin İlkin Siyahısına salınması barədə qərar qəbul edilmişdir. Qeyd edək ki, 2019-cu ildə Mərakeş Krallığının paytaxtı Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasında İçərişəhər Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə, Şəkinin tarixi mərkəzi Xan sarayı ilə birlikdə və Qobustan qayaüstü rəsmləri İSESKO-nun İslam Dünyasının İrs Siyahısına salınmışdır [17].
Mədəniyyətin inkişafı sahəsində Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar mədəniyyət siyasətinin hüquqi-qanunvericilik bazasını zənginləşdirib və mədəniyyətimizin inkişafına güclü stimul vermişdir. Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsi ilə bağlı 700-dən çox fərman və sərəncam imzalanmışdır [11]. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif illərdə imzaladığı sərəncamlar- “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarix və memarlıq abidələrinin bərpası və qorunması haqqında” (18 avqust 2006), “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” (27 oktyabr 2006), “Azərbaycan Respblikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyəti haqqında” (24 noyabr 2006), “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” (18 dekabr 2006), “Müasir İncəsənət Muzeyinin yaradılması haqqında” (19 dekabr 2006), “Teatr və teatr fəaliyyəti haqqında” (29 dekabr 2006) “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” (19 fevral 2007), “Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında” (23 fevral 2007), “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” (6 mart 2007), YUNESKO-nun “Qeyri-mədəni irsinin qorunması haqqında” Konvensiyası üzrə səlahiyyətli orqanların təyin edilməsi barədə (12 mart 2007), “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə, memorial və memarlıq kompleksləri haqqında” (2 aprel 2007), “Azərbaycanda kitabxana işinin yaxşılaşdırılması barədə” (20 aprel 2007), “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında” (2 may 2007), “Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarix və mədəni sərvətlərin qorunması haqqında” (11 iyun 2007), Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisini, “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu elan edilməsi haqqında” (19 dekabr 2007), Quba rayonunda “Xınalıq” Dövlət tarix-memarlıq qoruğu və Ağstafa rayonu ərazisində “Keşikçidağ” Dövlət tarix-memarlıq qoruğu elan edilməsi haqqında” (19 dekabr 2007), “Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin yaradılması haqqında” (22 yanvar 2008), “Bakı şəhərində Neft Muzeyinin yaradılması haqqında” (4 fevral 2008), “Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında” (11 iyul 2008), “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” (4 avqust 2008), “Azərbaycan Respublikasının kitabxana-informasiya sahəsini 2008-2013-cü illərdə inkişaf üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” (6 oktyabr 2008), “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramının təsdiq edilməsi haqqında” (18 may 2009), “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” (27 dekabr 2013), “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təsdiq edilməsi haqqında” (14 fevral 2014), Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illik yubileyinin qeyd edilməsi haqqında (3 fevral 2023) və digər sərəncamları mədəniyyətimizin inkişafına öz töhfəsini vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə milli mədəniyyətimizin qorunması, inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyət sayəsində bu gün Azərbaycan mədəniyyəti milli özünəməxsusluğunu qoruyaraq inkişaf edir və öz zənginliyi ilə dünya mədəniyyətini zənginləşdirir.
İstifadə edilmiş mənbə:
1. “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 17 noyabr 2017-ci il;
2. Hüseynov S., İsmayilov V. Azərbaycan mədəniyyəti inkişaf yollarında. Xalq qəzeti, 5 mart 2010, s.4;
3. Qarayev Ə. Əbədi müstəqillik üçün mədəniyyət. Azərbaycan, 24 dekabr 2019, s.1; 8;
4. Quliyeva S. İSESKO və Azərbaycan əlaqələri. Dövlət və din, №1(9), 2009, s.50-56;
5. Mükərrəmoğlu M. Azərbaycan mədəniyyəti və turizm davamlı inkişaf yolunda. Xalq, 28 yanvar 2016, s.4;
6. Mükərrəmoğlu M. Maddi-mənəvi irsin qorunması dövlətin mədəniyyət siyasətinin prioritetlərindəndir. Xalq, 19 avqust 2016, s.6
7. Tahirov K. Azərbaycan mədəniyyəti müstəqillik yollarında. 525-ci qəzet, 18 oktyabr 2016,s.7;
8. Qobustan Milli Tarix-Bədii Qoruğu.URL:http://irs.gov.az/location/qobustan-yunesko
9. Azərbaycan-UNESCO münasibətləri.
URL:https://www.mfa.gov.az/az/category/beynelxalq-teskilatlar/azerbaycan-unesco-munasibetleri
10. Azərbaycan Respublikası ilə əməkdaşlıq.
URL:https://unesco.az/az/pages/cooperation-unesco-republic-azerbaijan
11. Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir.
URL:https://azertag.az/xeber/azerbaycanin_zengin_ve_tekrarolunmaz_medeniyyeti_bizim_qurur_menbeyimizdir-2423120
12. Görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubiley proqramı çərçivəsində Azərbaycan-UNESCO əlaqələri.
URL:https://unesco.preslib.az/az/page/HOThDqW7KJ
13. Qeyri-maddi mədəni irslə bağlı ölkəmizə məxsus daha 4 element UNESCO-nun siyahısına salınıb.
URL:https://unesco.mfa.gov.az/az/news/3231/qeyri-maddi-medeni-irsle-bagli-olkemize-mexsus-daha-4-element-unesco-nun-siyahisina-salinib
14. Müasir dövrdə Azərbaycan təsviri sənətinin rolu və mövqeyi.
URL:https://azerbaijan.az/related-information/176
15. Müstəqil Azərbaycan. Mədəniyyət.
URL:https://republic.preslib.az/az_c7-4.html
16. UNESCO- nun yaradıcı şəhərləri elan edilmiş Şəki, Bakı və Lənkəran şəhərləri ilə bağlı təbliğat işləri aparılır.
URL:https://culture.gov.az/az/umumi-xeberler/14477
17. Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib.
URL:https://irs.gov.az/news/2024/ua-v-adam-abidlri-icesco-nun-islam-duenyas-irsinin-ilkin-siyahsna-daxil-edilib
18. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarına həsr olunan mərasimi keçirildi.
URL:https://culture.gov.az/az/umumi-xeberler/iv-umumdunya-medeniyyetlerarasi-dialoq-forumunun-yekunlarina-hesr-olunan-merasimi-kecirildi
Aynurə Əsgərova,
ADPU-nun Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin