Biznes və idarəetmə üzrə təlimçi, “Nokia” və “Biznes proseslərini Walmart idarə edərsə” kitablarının müəllifi Seymur İlyasovun valyuta.aza müsahibə verib.
B izneslərin də canlı orqanizmlər kimi həyat dövrü var. Onlar da yaranır, böyüyür, inkişaf edir və müəyyən təlatümlərdən keçirlər. Kiçik bizneslər həyat dövrünün ilk mərhələsində güc və rəqabətə dözümlülük cəhətdən nisbətən zəif olurlar. Təcrübələr göstərir ki, yeni yaranan bizneslərin 90%-dən çoxu ilk 7 ildə fəaliyyətini dayandırır.
Bu səbəbdən də onların uğurlu ola bilməsi üçün əvvəldən diqqətli darvanmaq lazımdır. Əvvəlcə yeni bir biznes subyekti qurularkən ətraflı bazar araşdırması aparılmalı, risklər qiymətləndirilməli mövcud və potensial imkan və fürsətlər dəyərləndirilməli, həmçinin bazara təqdim ediləcək məhsul və xidmətlərin yeniliyi, innovativliyi və rəqabət qabiliyyətliliyi tam nəzərə alınmalıdır.
Bu bizneslər üçün ilkin dövrdə ən vacib məqamlardan biri böyümələrinə və inkişafına dəstəyin təmin olunmasıdır. Kiçik biznesin yaranması toxum kimidir. Bir toxumun inkişafı üçün təkcə münbit şəraitə düşməsi kifayət etmir. O toxumu cücərənə qədər digər təhlükələrdən də mühafizə etmək lazım gəlir. Bu mərhələdə şirkətlərin müxtəlif dövlət proqramları, dəstək tədbirləri və digər inkişaf proqramları ilə əhatə olunması vacibdir.
Bir digər məsələ isə kiçik biznesin inkişaf dövründə spesifik ixtisaslaşmış bazarlarda fəaliyyət göstərməsi ilə bağlıdır. Çünki iri şirkətlər öz güc və imkanlarından daha çox istifadə edərək böyük bazarlara üstünlük verirlər. Kütləvi şəkildə məhsul və xidmət təklif etdikləri üçün daha ucuza sata bilir və onlarla rəqabət aparmaq çox çətindir. Onlar istəsələr təkcə qiymət faktoru ilə belə kiçikləri bazardan asanlıqla kənarlaşdıra bilirlər. Bundan başqa, məhsul və xidmət çeşidlərinin sayı çox olduğu üçün bir məhsulda qazancı azalsa belə başqa bazar seqmentindəki fəaliyyət hesabına gəlirini qoruya bilir. Kiçik bizneslərdə isə məhsul və ya xidmət çeşidi böyük bizneslər qədər çox deyil. Onların bu qədər şansı yoxdur.
Növbəti nüans isə ondan ibarətdir ki, böyük bizneslərin marağı çox həcmli satıla bilən məhsul və xidmətlərədir. Bu baxımdan onların marağında olmayan spesifik və daha az sayda məhsul və xidmətlərdə rəqabət aparmaq kiçik bizneslər üçün daha uğurludur. Ona görə də, kiçik bizneslər xüsusilə də böyümə və inkişaf dövründə daha çox yeni fürsətlərə fokuslanmalı və həmin bazarlarda böyüməyə üstünlük verməlidirlər.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin