Enerji layihələri daxili inkişafımız üçün çox əhəmiyyətlidir.
Xəzər regionunda neft-qaz sənayesinin əsas tədbiri olan Xəzər Neft və Qaz sərgisi hər il bölgənin əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirən tədbirə çevrilib. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirildi.
İyun ayının ilk günü başlayan, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi artıq 27-ci sərgidir. Sərginin açılışında iştirak edən Prezident İlham Əliyev çıxış edib.
Koronavirus pandemiyası səbəbindən sərginin keçirilməsində yaranan iki illik fasilədən sonra 27-ci sərginin keçirilməsinə görə, təşkilatçılara təşəkkürünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Sərmayələri cəlb etmək baxımından Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolunu yüksək qiymətləndirən dövlət başçısı bildirib ki, konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan edib.
Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışını mühüm hadisə adlandıran Prezident İlham Əliyev bunun sayəsində Azərbaycanın ixraca başlaya bildiyini və bir çox ölkələrin tələbatlarını təmin etdiyini qeyd edib.
Neft ixracı ilə yanaşı ölkəmizin tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladığını bildirən Prezident İlham Əliyev 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatmasından sonra 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildiyini, bununla da Azərbaycan qazının ilk dəfə olaraq Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladığını xatırladıb.
Avropa qitəsində təbii sərvətlərimizlə bağlı ölkəmizin fəaliyyətinin genişləndirilməsini həm bizim, həm tərəfdaşlarımız üçün zəruri olduğunu bildirən dövlət başçısı Cənub Qaz Dəhlizini fərəhlənə biləcəyimiz layihə adlandırıb. Çünki bu layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il
Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Cənub Qaz Dəhlizinin icrası zamanı Azərbaycanın boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurduğunu bildirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işini bariz nümunə adlandırıb. “Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman bəlli oldu ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir”.
Azərbaycan qazına olan tələbatın sürətlə artdığını, lakin bir il ərzində qazı böyük həcmdə hasil etməyin mümkün olmadığına diqqət çəkən dövlət başçımız bunun üçün bizə müqavilələr lazım olduğunu bildirib. “Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarlar, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın”.
Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallığın Azərbaycanın enerji siyasətini hər zaman dəstəklədiyini, bu böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunduğunu vurğulayan Prezident İlham Əliyev Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak etdiklərini bildirib.
Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, Komissiyanın “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynadığını və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacağını qeyd edən prezident bununla yanaşı, elektrik enerjisi, bərpa olunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələlərinin də gündəmdə olduğuu bildirib. Azərbaycanın etibarlı tərəfdaş olduğunu, Hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyini bəyan edən dövlət başçısı Azərbaycanın tərəfdaşlarından öz öhdəliklərinə hörmət etməyi gözlədiyini qeyd edib.
Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq etdiyinə, istehsal gücü 470 meqavat olan biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyasının inşa olunduğunu və gələn il istifadəyə veriləcəyini bildirən Prezident İlham Əliyev bunları yalnız başlanğıc adlandırıb.
Azərbaycanın digər ölkələr üçün vacib tranzit imkanları təqdim etdiyini, bu potensialdan maksimum dərəcədə istifadə olunmalı olduğunu, təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilmədiyini bildirən dövlət başçısı Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialının təchizatçılar tərəfindən düzgün qiymətləndirilmədiyini bildirib.
Belə ki, Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları var. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırır.
Azərbaycan zəruri infrastruktura, dəniz limanı, bütün istiqamətlərlə birləşdirilmiş dəmir yolu, avtomobil yolları və hava limanlarına malik olduğunu, işğaldan azad olunmuş ərazilərdə üç yeni hava limanın inşası ilə ölkəmizin 9 beynəlxalq hava limanına sahib olacağını bəyan edən Prezident İlham Əliyev bunlardan səmərəli istifadə edilə biləcəyini diqqətə çatdırıb.
Azərbaycan üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investor olduğunu, eyni zamanda SOCAR və BP-nin azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə olunmuşdur. Enerji layihələri daxili inkişafımız üçün də çox əhəmiyyətli sahədir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir.
Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəlir. Bu il ümumi daxili məhsulun 7.2 faiz artımı qeyri-neft sektorunda artımın 11.5 faiz təşkil etdiyini bildirib.
Xarici borcumuzun aşağı səviyyədə olması ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi münbit iqtisadi şərait yaradır. Prezident cənab İlham Əliyev Azərbaycanın xarici borcunun ümumi daxili məhsulun 10 faizi səviyyəsinə salmaq niyyətinin olduğunu demişdir.
Suraxanı Rayon İcra Hakimiyyəti
başçısının Qaraçuxur qəsəbə
inzibati ərazi dairəsi üzrə
nümayəndəsi Rəvan Nüsrətli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin