“Özümüzü qorumaq istəyiriksə, təbiəti qorumalıyıq” və ya “İnsan təbiətdən asılıdır, eyni zamanda onun balansını poza bilən əsas təsir mənbəyidir”
Heykəltəraşlar Zaur Qəhrəmanov və Fərid Məmmədovun yuxarıda qeyd etdiyim bufikirləri planetimizin hər bir sakinini düşündürməlidir...
Günümüzdə hər sahədə qloballaşan dünyamızın ekoloji problemləri də qlobal hal alaraq planetimiz üçün çox ciddi fəsadlara yol açmaqdadır. Bu səbədən də, mənə görə, ekoloji problemlərdən hər hansı tədbirlə əlaqəli bir il deyil, hər il, hətta hər gün danışılmalı, düşünülməli və problemə diqqət çəkərək həll yolları axtarılmalıdır. Bu dəfə öz yazımda “Qurama art: Eko instalyasiya” sərgisində ekologiya mövzusuna diqqət çəkən əsərlər yaratmış iki gənc heykəltəraş ilə müsahibəmi sizlər ilə paylaşmaq istəyirəm. Lakin ilk öncə bu ilin noyabr ayında dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə üçün bir araya gəldiyi qlobal bir platforma olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının(UNFCCC) doğma Bakımızda keçirilən 29-cu illik toplantısının məqsəd vəmahiyyətinə qısa şəkildə nəzər salmaq istərdim. COP 29 kimi tanıdığımız iqlim məsələləri ilə bağlı kritik qərarların qəbul edildiyi konfransın əsas məqsədi, ölkələrin karbon emissiyalarını azaltmaq və qlobal istiləşməni 1.5°C ilə məhdudlaşdırmaq üçün konkret tədbirlər görülməsini təmin etməkdir. Tədbirin əsas gündəmini iqlim maliyyəsi, bərpa olunan enerji mənbələrinə keçid, karbon emissiyalarını azaltmaq üçün texnologiyaların tətbiqi və iqlim dəyişikliyinin təsirindən əziyyət çəkən ölkələrə yardım mexanizmlərinin yaradılması, həmçinin az inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə dəstəklənməsi üçün maliyyə vəsaitlərinin təmin edilməsinin müzakirəsi təşkil etmişdir.
Bu gün dünyanın müxtəlif bölgələrində iqlim dəyişikliyinin fəsadları artıq ciddi nəticələr doğurduğundan, COP 29 bu problemlərin həllində irəliləyiş əldə etmək üçün həlledici əhəmiyyət daşıyır. Bu konfransın nəticələri, gələcək nəsillərin yaşayış mühitini qorumaq üçün beynəlxalq səviyyədə atılacaq addımları müəyyən edəcək.
Təbii ki, ekologiya mövzusuna incəsənət arenasında da diqqət çəkmək ictimai qavrayış və təbliğat baxımında çox faydalı bir aktdır.Söhbətə əbəs yerə COP 29 ilə başlamadım,çünki ölkəmizdə ekologiya mövzusuna diqqət çəkən sərgilər məhz bu mötəbər tədbir ərəfəsində kütləvi hal aldı. Belə sərgilər sözsüz ki, iqlim dəyişikliyinə dair ictimai şüurun artırılmasında mühüm rol oynayır. Çünki sərgilər vasitəsilə ekoloji problemlər vizual və emosional formada insanlara çatdırılır, bu isə məsələni yalnız texniki yox, həm də mədəni və sosial kontekstdə anlamağa kömək edir. Belə ki, bu sərgilər insanların ətraf mühitin qorunması ilə bağlı şəxsi məsuliyyət hissini gücləndirərək ekoloji mesajlar yaratmaq üçün istifadə edilən təsirli vizual elementlər vasitəsi ilə bərpa olunan enerji, təkrar emal və davamlı həyat tərzi kimi mövzuları daha geniş auditoriyaya çatdırır. Xüsusilə gənc nəsilləri təsirləndirərək, onları ekoloji problemlərə qarşı aktiv iştirakçı olmağa təşviq edir. COP 29-un ev sahibi olan süni urbanizasiyaya məruz qalmış Bakı kimi şəhərdəbelə tədbirlər yerli əhalini qlobal iqlim məsələlərinə yaxınlaşdırır və onların bu təşəbbüslərə dəstək verməsini təmin edir. Digər bir mühüm məqam isə ekologiyanı vurğulayan incəsənət əsərləri, iqlim konfransları ilə əlaqəli siyasi müzakirələrin ictimaiyyət tərəfindən daha yaxşı başa düşülməsini təmin edən bir körpü funksiyasını yerinə yetirir.
Yuxarıda sadalanan müsbət faydalar baxımından İçəriçəhər Dövlət Tarixi Memarlıq Qoruğu idarəsi nəzdində fəaliyyət göstərən Muzey Mərkəzinin təşkil etdiyi “Qurama art: eko instalyasiya” sərgisində iştirak edən həmsöhbətim olan hər iki gənc heykəltəraşın yaratmış olduğu əsərlər çox əhəmiyyətlidir. Sizlərə həmin müsahibəmi təqdim edirəm.
İlk müsahibim Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi “Qarabağın rəngləri”layihəsinin uğurlu iştirakçısı Zaur Qəhrəmanov bizimlə sərgiyə dair təəssüratlarını və “Dörd ünsür” əsərinin yaranma prosesi haqqında məlumatları bölüşüb.
“Qurama Art Eko İnstalyasiya” sərgisində iştirak etmək qərarını necə verdiniz? Bu sərginin mövzusu sizi hansı cəhətdən cəlb etdi?
- Milli sənətimiz olan qurama ilə uşaqlıqdan tanış idim. Baba evimizə gedəndə, müxtəlif naxışlı quramaları hər dəfə görürdüm və mənim yaddaşımda qalan ən çox quramanın rəngarəngliyi olmuşdur. Sərgidə iştirak təklifini, sənət yoldaşım Nərgiz xanımdan aldım və bu vaxt uşaqlıq xatirələrim gözlərimdə canlandı. Təklifi sevə-sevə qəbul etdim.
Sizin fikrinizcə, qurama sənəti ekologiya və təkrar emalla necə əlaqəlidir? Bu yanaşmanı öz işinizdə necə ifadə etmisiniz?
-Qədim tarixi köklərə və ənənələrə bağlı olan qurama sənəti sıfır tullantı və dayanıqlılıq prinsiplərini özündə əks etdirən ekoloji təmiz məhsuldur. Qlobal tullantı problemləri, təkrar emalın kreativ həlli məsələsini daim aktual saxlayır. Məhz qurama da, artıq qalan parçaların həndəsi birləşməsindən yaranır və heç bir tullantıya yol verilmir.
Bu sərgi üçün hansı əsəri yaratmısınız? Əsərinizin əsas ideyası və mesajı nədir?
-Mənim əsərim quramaçılığın müasir incəsənətə inteqrasiyasını əks etdirir. Əsərin ideyası təbiəti yaradan 4 ünsürlə əlaqəlidir. İnsan təbiətlə uyğunlaşaraq onun hər ünsürü ilə tarazlığa nail olmağa çalışır. Əsərimdə qurama motivinin həndəsi formalarından və rəngarəngliyindən istifadə edərək 4 ünsürü təbiətin simvolu kimi qadın obrazında göstərmişəm. Həmçinin insanın təbiətlə harmoniya içində yaşayaraq öz ruhunda balans yaratdığını vurğulamağa çalışmışam.
Əsərinizdə hansı materiallardan istifadə etmisiniz? Onların təkrar emal və ya ekoloji mənası barədə nə deyə bilərsiniz?
-Konstruksiyanı metaldan qurmuşam. Qurama rənglərini isə tüllərdən düzəltmişəm.
Əsərinizdə istifadə olunan hər hansı xüsusi texnika və ya innovativ yanaşma varmı?
-Konseptual konstruktivizm cərəyanına aiddir. İnnovativ yanaşma isə tülün dəmirlə harmoniyasıdır.
Əsəriniz vasitəsilə ekologiya ilə bağlı hansı mesajı çatdırmaq istəmisiniz?
-Özümüzü qorumaq istəyiriksə, təbiəti qorumalıyıq. Çünki təbiətin dörd ünsürü bizim daxilimizdə də var. Deməli, biz həm də təbiətik.
Sizcə, bu sərgi insanların ətraf mühitə yanaşmasını dəyişdirməkdə hansı rolu oynadı?
-Bu sərgi təbiətin necə həssas və insanla bağlı olduğunu göstərir.
Qurama sənətinə marağınız necə yaranıb? İlham mənbələriniz hansılardır?
-Uşaqlıq xatirələrim əsas ilham mənbəyimdir.
Bu sərgidə iştirak sizin sənətkarlıq yolunuza hansı təsiri göstərə bilər?
-İlk təhsilim Elektrik Mühəndisliyi olub. İkinci isə heykəltəraşlıq. Hal-hazırda mühəndisliyi heykəltəraşlıqla sintez edərək, özüməməxsus üslubda əsərlər hazırlayıram. Dörd ünsür əsəridə onlardan biridir. Eskiz qəbul olduqdan sonra əsərin kifayət qədər böyük versiyasını hazırlamaq mənə növbəti sərgilərdə stimul yaratdı və daha innovativ əsərlər ortaya çıxarmağa ilhamlandırdı.
Ziyarətçilər əsərinizə necə reaksiya göstərdi? Onların nələri hiss etmələrini istəyərdiniz?
-Əsəri maraqla qarşıladıqlarının şahidi oldum. Tamaşaçıların əsərdə olan fəlsəfəni hiss etmələrini istərdim.
“Həyatda yaşanan hər təcrübə, hər bir incəsənət əsərinin ruhuna təsir edir” deyən digər həmsöhbətim də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yetirməsi olan istedadlı gənc heykəltəraş Fərid Məmmədovdur.Heykəltəraşın “Tarazlıq” əsəri sözügedən sərgidə nümayiş edilən kreativ yanaşmanın təzahür etdiyi ziyarətçilərin diqqət mərkəzində olan çox maraqlı instalyasiya nümunəsi oldu. Elə mənim də bir sənətşünas kimi diqqətimi cəlb etdiyi üçün müəllifdən əsər haqqında müsahibə almaq arzum yarandı. Həmin müsahibəmi siz oxucular ilə paylaşıram.
“Tarazlıq” əsərinin yaranma prosesindən danışa bilərsinizmi? Əsərin arxasında hansı fikirlər və hisslər dayanır?
-Bir əsərin yaranma prosesi, adətən şəxsi təcrübələr, müşahidələr və dərin hisslərə dayanır. “Tarazlıq” adından anlaşıldığı kimi, ehtimal ki, həyatdakı harmoniya və ya balans axtarışına dair bir fəlsəfi yanaşmanı təmsil edir. Bu proses həm daxili düşüncə, həm də texniki eksperimentlərlə həyata keçdi.
Bu əsərdə ağacın bədənə bənzədilməsi hansı simvolik mənanı ifadə edir?
-Ağacın bədənə bənzədilməsi insan və təbiət arasında dərin əlaqəni göstərir. Kök, gövdə və budaqlar insan həyatının müxtəlif mərhələlərini və duyğularını simvolizə edə bilər. Bu yanaşma həm də təbiətin insan həyatında oynadığı əsas rolun incəsənətdə ifadəsidir.
Əsərdə təbiət və insan münasibətləri necə təcəssüm olunub?
-Belə bir əsərdə təbiət və insan münasibətləri ahəngdar, lakin bir o qədər də gərgin bir əlaqə kimi təsvir oluna bilər. İnsan təbiətdən asılıdır, eyni zamanda onun balansını poza bilən əsas təsir mənbəyidir.
“Tarazlıq” adlı bu əsərdə cəmiyyətin balansı və ya şəxsi həyat balansı ilə əlaqədar hansı mesajı çatdırmaq istəmisiniz?
-Bu əsərdə əsas mesaj cəmiyyətin harmoniya içində olması və ya şəxsi həyatımızda tarazlığı qorumağın vacibliyidir. İnsanların daxili balansları, həmçinin cəmiyyətin kollektiv tarazlığı, bu mövzuda önəmli mesajlar arasında ola bilər, çünki hər birimiz təbiətin bir parçasıyıq.
İşinizdə istifadə etdiyiniz materiallar və onların seçimi haqqında məlumat verə bilərsinizmi? Niyə məhz bu materialları seçdiniz?
-İncəsənət əsərində materialların seçimi konseptin özünə uyğunlaşdırılır. Məsələn, ağac, şüşə və ya təbii materiallar istifadə edilirsə, bu, təbiətə olan bağlılığı və ya təbiətin mühafizəsini simvollaşdıra bilər. Hər materialın öz vizual və toxunsal təsiri var, bu da tamaşaçının hisslərini formalaşdırır.
Əsərinizin tamaşaçılara çatdırmaq istədiyi əsas mesaj nədir?
-Əsas mesaj ehtimal ki, tarazlıq və ahəngin insan həyatında və təbiətlə münasibətlərində nə qədər vacib olduğunu göstərməkdir.
Tarazlığın itirilməsi və ya bərpası mövzusunda şəxsi fikirləriniz və bu mövzunun incəsənətinizdə necə əks olunduğunu izah edə bilərsinizmi?
-Tarazlıq həyatın fundamental bir prinsipidir. Bu mövzu, insanın daxili tarazlığına, təbiətə müdaxilə nəticəsində pozulan ekologiya insanın varlığına daha çox təsir edir. Təbiət öz tarazlığını yenə bərpa edəcək.
Gələcək layihələrinizdə yenə də bu mövzuya toxunmağı düşünürsünüzmü? Başqa hansı mövzular sizi maraqlandırır?
-Tarazlıq mövzusu çox geniş və çoxşaxəlidir, ona görə də, gələcəkdə yenidən bu mövzuya toxunmaq təbii görünür. Digər maraqlı mövzular isə zaman, yaddaş, insan təbiəti və texnologiya ilə təbiət arasında əlaqələr ola bilər.
Tamaşaçıların əsərinizə verdiyi reaksiyalar sizi təəccübləndirdi və ya təsir etdi?
-Tamaşaçıların reaksiyaları hər zaman yaradıcı prosesin vacib bir hissəsidir. Onların əsərdə fərqli mesajlar görməsi və ya gözlənilməz əlaqələr qurması mənim üçün maraqlıdır.
Şəxsi həyatınızla bağlı məqamlar yaradıcılığınıza təsir edirmi?
-Şəxsi həyat, onun duyğuları və təcrübələri yaradıcılığın təməl daşlarındandır. Həyatda yaşanan hər təcrübə, hər bir incəsənət əsərinin ruhuna təsir edir.
Sonda isə bir daha vurğulamaq istəyirəm ki incəsənət dili ilə kreativ çözümlərin təqdimatı baxımından hər iki gənc istedadın ekoloji mesaj ötürən əsərləri yalnız problemi göstərməklə kifayətlənmir, həm də yaradıcı həll təklif edir. Belə əsərlərin məqsədi yalnız gözəllik təqdim etmək deyil, həm də dərin ekoloji və sosial mesajlar ötürərək, qlobal problemlərə diqqət çəkməkdir. Əsərlərin nümayiş edildiyi sərgilər isə təbiətimizin qorunması yolunda atılan addımların məqsədlərini dəstəkləyir və qlobal əməkdaşlıq üçün zəruri olan ictimai dəstəyi artırır.
Sənətşünas Sədaqət Əliyeva
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin