Xəzər dənizinin ekoloji problemləri və iqlim dəyişikliyinin təsirləri, Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri ilə diqqət mərkəzinə çevrilmişdir. Bu konfrans, Xəzər regionunun davamlı inkişaf və ekoloji problemlərinə həll yolu axtarışlarını gücləndirmək üçün önəmli platformadır. Belə bir mühüm dövrdə Elyar Quliyevin görkəmli rəssam Tahir Salahovun əzəmətli tablosu “Odlar Yurdu” triptixinə 2011-ci ildə toxumuş olduğu xalçası, Azərbaycan xalqının mənəvi və təbii sərvətlərini simvolizə edən incəsənət əsəri olaraq, Xəzərin ekoloji vəziyyətinin qlobal kontekstdə əhəmiyyətini bir daha vurğulanması baxımından COP29 ərəfəsində aktuallıq kəsb edir. Xəzərin ekoloji çətinlikləri COP29 çərçivəsində yeni perspektivlərin axtarışı prosesində aktual mövzulardandır. İqlim dəyişikliyi və insan fəaliyyətindən qaynaqlanan müxtəlif problemlər Xəzər dənizini bu gün qlobal ekoloji çətinliklər ilə üz-üzə qoyur. Neft və qaz hasilatı ilə bağlı çirklənmə, suyun səviyyəsinin azalması və biomüxtəlifliyin itirilməsi Xəzərin ekosistemində ciddi problemlərə səbəb olur. COP29 tədbirində bu problemlərin həlli üçün təklif olunan bir çox təşəbbüs Xəzərin ekosisteminin qorunmasına yönəlib. Azərbaycanın COP29-a ev sahibliyi etməsi həm ekoloji problemlərin həllinə diqqət çəkmək, həm də milli və regional miqyasda davamlı inkişaf təşəbbüslərini gücləndirmək üçün böyük fürsətdir. Bu çərçivədə Xəzər dənizinin səviyyəsinin azalmasının qarşısını almaq və biomüxtəlifliyi qorumaq üçün ciddi addımların atılması zəruridir. “Odlar Yurdu” triptixi və Xəzərin ruhunu yaşadan alov mövzusu Azərbaycanın zəngin təbiəti və tarixi abidələrini simvolizə edir. “Odlar Yurdu” triptixi, Tahir Salahovun 2007-ci ildə təsvir etdiyi möhtəşəm bir yağlı boya əsərinin Elyar Quliyev tərəfindən xalça üzərinə köçürülməsi ilə incəsənət tarixində xüsusi yer tutur. Triptixin əsas motivlərindən biri alovdur ki, bu da Azərbaycanın qədim atəşpərəstlik inancı ilə əlaqələndirilir. “Xəzər bu gün” adlı mərkəzi hissədə təsvir olunan neft platformaları və ərşə qalxan alovlar Xəzərin həm təbii, həm də mənəvi zənginliyini əks etdirir. Quliyevin xalça üzərində yaratdığı alov detalları, sanki Xəzərin keçmişdən bu günə qədər yaşadığı çətinliklər və dözümlülük ruhunu təsvir edir. COP29 çərçivəsində vurğulanan Xəzər dənizinin ekoloji vəziyyəti ilə əlaqəli olaraq, triptixin alov motivi bu qədim su hövzəsinin əzəmətini, lakin eyni zamanda onun nə qədər həssas olduğunu xatırladır.
Əsərin ekoloji mesaj və tarixi abidələr konseptindən yanaşsaq görərik ki, tabloda Abşeronda yerləşən iki memarlıq abidəsi triptixin mərkəzi hissəsndəki Xəzər dənizinin bu günü ilə bir araya gələrək keçmiş, gələcək, eyni zamanda bu günün ekoloji problemləri canlandırılmışdır. Öz adını süjet xəttində dolğunluqla ifadə edən möhtəşəm, böyük ölçülü triptix “Odlar Yurdu” tablosunun mərkəzində neft daşlarından bir hissə, sağ hissədə Qız Qalasının təsviri, sol hissənin mövzusunu isə Atəşgah məbədində kahinlərin icra etdiyi ayin mərasimi təşkil edir. Ümumilikdə tablonun koloritinə qırmızı rəng burulğanı hakimdir. Bu dəfə Salahovun alov qırmızısı ən coşqulu halında kətan üzərində tüğyan edir. Əsərin “Xəzər bu gün” adlanan mərkəzi hissəsinin süjeti neft mövzusundadır. Burada tamaşaçı böyük ölçülü, ən ucqar nöqtədə alovu yanan nəhəng estakadanı görür. Əsərdə səmanın və dənizin rəngi qeyri-adi, nağılvaridir. Xəzərin suları şərq xalçaları kimi rəngarəngdir. Estakadadan ərşə qalxan alovun və səmanın qırmızı rəngi güzgü kimi dənizdə öz əksini tapır. Dənizdə özünə cığır açaraq üzən üç qayıq tabloda hərəkəti ifadə edən obyektlərdir. Rəssam triptixin mərkəzində Azərbaycan xalqının maddi sərvəti olan nefti diqqət önünə gətirərək yurdumuzun zənginliyinə işarə edir. Triptixin “Qız Qalası” və “Atəşgah” adlı hissələri Azərbaycanın tarixi irsini simvolizə edir. Qız Qalası Azərbaycanın dözüm və güc simvolu kimi Xəzər sahilində dayanaraq həm müdafiə qalası, həm də dini bir məkan olaraq əhəmiyyət kəsb edir. “Odlar yurdu” triptixinin “Qız Qalası” təkcə müdafiə, müşahidə qalası deyil, tarixin keçmiş səhifələrində əhalinin dini mərasimlərində iştirak edən, üzərində qırmızı alov yanan əfsanəvi abidədir. Eyni zamanda, “Atəşgah” hissəsi qədim atəşpərəstlik inancını xatırladır ki, bu da Azərbaycanın tarixində və mədəniyyətində odun nə qədər dərin köklərə malik olduğunu göstərir. Əsərin bədii xüsusiyyətlərinə diqqət etsək görərik ki, “Atəşgah” hissəsində qırmızı rəng özünün ən geniş arenasına sahib olaraq həm səmada, həm abidənin divarlarında, həm torpağın rəngində və nəhayət, insan obrazlarının geyimlərində özünün ən isti tonunda mənalı yerini tutmuşdur. Əsərdə atəşpərəstlərə aid ayin prosesi canlandırılmışdır. Abidənin önündəki alovun qarşısında dairəvi düzülmüş, əllərini düz tutan kahinlər və örtüklərinə bürünüb dua edən qadınlar təsvir edilmişdir. Beləliklə, xalqının mənəvi dəyərlərinə, tarixinə hörmət və sevgi ilə yanaşan vətənpərvər rəssam yenə də Azərbaycan xalqının tarixi səhifələrində özünə xüsusi yer tutan atəşpərəstlik dini mövzusuna müraciət edərək alovun, odun xalqımızın dini, sosial və məişət həyatında oynadığı mühüm rolu müasir nəsillərin diqqətinə çatdırır. Tahir Salahovun “Odlar Yurdu” əsəri həm milli irsi, həm də müasir problemləri dərin şəkildə əks etdirən monumental bir sənət əsəridir. Rəssamın zəngin təsviri dili ilə təqdim olunan triptixdə Azərbaycanın maddi və mənəvi sərvətləri, Qız Qalası və Atəşgah kimi tarixi abidələri xüsusi yer tutur. Əsərin mərkəzində isə Xəzər dənizi və onunla əlaqədar olan neft hasilatı mövzusu diqqət çəkir. Bu, Azərbaycan xalqının tarixi və mədəni irsini qürurla təqdim edir, həm də ölkənin müasir enerji potensialına işıq tutur. Lakin Xəzərin bugünkü vəziyyəti Salahovun triptixində təsvir edilən cazibədar mənzərədən çox uzaqdır. COP29 çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirlər Xəzər dənizinin ekoloji problemlərinə diqqət çəkmək baxımından əhəmiyyətlidir. Neft sənayesinin uzun müddətdir davam edən fəaliyyəti dənizin ekosistemini və biomüxtəlifliyini ciddi təhlükə altında qoymuşdur. Dənizin çirklənməsi və su səviyyəsinin azalması yalnız Azərbaycanın deyil, dəniz ətrafında yaşayan digər ölkələrin dəekosisteminə təsir edir. Bu vəziyyəti Salahovun triptixi ilə müqayisə etsək, əsərdəki qırmızı rəng və alov simvolizmi təkcə Azərbaycan xalqının gücünü deyil, həm də Xəzərin qırmızı xəbərdarlıq siqnalı ola bilər. Salahovun təsvir etdiyi güc və ehtişam bugünkü Xəzərin ekoloji məhvi təhlükəsi ilə üz-üzədir. COP29 kimi beynəlxalq konfranslar isə Xəzərin xilası və region ölkələrinin davamlı gələcəyi üçün vacib addımlar atmağı tələb edir. Elyar Quliyevin eskizi əsasında toxunmuş olan “Odlar Yurdu” triptixi öz möhtəşəmliyi ilə yağlı boya əsərindən heç də fərqlənmir. Ana haşiyə kətəbələrdən ibarətdir. Haşiyə iki rəngdən ibarətdir: sumağı və sürməyi. Sumağı yerlik üzərində oxra rəngli həndəsi formalı kətəbə elementi ritmik şəkildə təsvir edilmişdir. Sürməyi yerlikli kətəbə sumağı rəngli həndəsi kətəbə fraqmenti şəklində təsvir edilmişdir. Təsvir olunan bu haşiyə qurşağı triptixin hər üç hissəsinin ara sahəsini əhatə edir. Ara sahəni təşkil edən triptixin hissələri böyük ustalıqla xalça ilmələrinə köçürülmüşdür. Yağlı boyadakı koloritin bütün çalarları eyniliklə xalça üzərində də canlandırılmışdır. Sözsüz ki, bu da xalçaçı və toxucuların məharətindən irəli gəlir. Yağlı boya üzərində bərq vuran Salahov qırmızısı yun saplar vasitəsi ilə də öz canlılığını itirməmişdir. Quliyev bu prosesin çətinliklərindən danışarkən, xüsusilə Xəzərin ekoloji vəziyyətinə dair mürəkkəb simvolizmi xalçaya daşımağın böyük bir əzmkarlıq tələb etdiyini vurğulayır. Bundan əlavə, bu triptixin yaratdığı bədii mühit, ekoloji məsələlərin yalnız vizual deyil, həm də emosional bir şəkildə ifadə olunmasına imkan yaradır. Triptixin mərkəzi hissəsi olan “Xəzər bu gün” xalçası, müxtəlif yarımtonların birləşməsi ilə Xəzərin bugünkü ekoloji vəziyyətini anlatmağa çalışır. Bu rənglərin birləşməsi və xalçaya daşınması, Xəzərin təbiətinin müxtəlif qatlarını, həm də onun qarşılaşdığı ekologiya problemlərini daha dərindən araşdırmağa imkan verir. Tahir Salahovun təsiri ilə haşiyə qurşağının dizaynı bir tərəfdən Xəzərin təbii ekosisteminin simvolik ifadəsini, digər tərəfdən isə sənətkarın təbiətə və onun qorunmasına olan münasibətini ortaya qoyur. Bu haşiyələrdəki geometrik və abstrakt elementlər, Xəzərin ekosistemindəki dövri dəyişiklikləri və təbiət qanunlarını təmsil edir. “Odlar Yurdu” triptixi sənət və təbiətin kəsişdiyi nöqtədə bir çox dərin düşüncələri ortaya qoyur. Xəzərin ekologiyasına aid bu bədii təhlil həm də ekologiyanın sənət vasitəsilə daha geniş bir ictimaiyyətə çatdırılmasına kömək edir. Bu əsər Xəzər dənizinin mövcud təbii sərvətlərinin qorunması üçün daha çox diqqət və dəstək göstərilməsinin vacibliyini xatırladır, eyni zamanda, təbii sərvətlərin qorunmasının bədii ifadəsinin sənət sahəsində necə göstərilməsinin imkanlarını nümayiş etdirir. İstərdim bir qədər xalçanın bədii xüsisiyyətlərinə də nəzər salaq. Sözü gedənxalçanın ana haşiyəsi kətəbə elementi ilə bəzədilmişdir. Haşiyə iki rəngdən ibarətdir: sumağı və sürməyi. Sumağı yerlik üzərində oxra rəngli həndəsi formalı kətəbə elementi ritmik şəkildə təsvir edilmişdir. Sürməyi yerlikli kətəbə sumağı rəngli həndəsi kətəbə fraqmenti şəklində təsvir edilmişdir. Təsvir olunan bu haşiyə qurşağı triptixin hər üç hissəsinin ara sahəsini əhatə edir. Xalçanın haşiyəqurşağı Tahir Salahovun ideyası əsasında tərtib edilmişdir. Xalçanın haşiyə qurşaqlarında istifadə olunan elementlər, təbii ekosistemlərin simmetriyasını və balansını nümayiş etdirir. Məsələn, haşiyə qurşağında istifadə edilən sumağı və sürməyi rənglər Xəzər dənizinin sualtı aləminin müxtəlifliyinin təzahürü, yer üzündəki həyat formalarının qarşılıqlı əlaqəsinin göstəricisi kimi çıxış edir. Yağlı boya üzərində bərq vuran Salahov qırmızısı yun saplar vasitəsi ilə də öz canlılığını itirməmişdir. “Xəzər bu gün” xalçasına diqqət etsək, üzərində göy, qırmızı, ağ, yaşıl, boz və qara rənglərin çoxsaylı yarımton və çalarlarını görmək olar. Təbii ki, palitranın bu cür mürəkkəbliyi əsərin xalça üzərinə toxunmasını da çətinləşdirir. Bu məqamda nəzərə alsaq ki, Tahir Salahov da yaratmış olduğu əsərin bütün yaxmaları ilə xalça üzərinə toxunmasını əsəri toxuyan xalçaçılardan tələb etməsi də iş prosesini çətinləşdirən digər amillərdən biri idi. Mürəkkəb iş prossesi tələb edən xalça 8 aya hazır olmuşdur. Hazırda xalça Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilir. Məlumat üçün qeyd edim ki, “Odlar Yurdu” triptixi Elyar Quliyev tərəfindən iki dəfə toxunmuşdur. İlk toxunan xalça eskizində haşiyə qurşağının müəllifi xalçaçı-rəssamın özüdür. İkinci xalçanın haşiyə qurşağı isə Tahir Salahovun ideyası əsasında hazırlanıb. Birinci xalçanın haşiyə qurşağı iki hissədən ibarətdir. Kənar haşiyə memarlıqda istifadə edilən minbər formasındadır. Zolaq iki rənglidir: innabı və qara. Bu haşiyə qurşağı mehrablı adlanır. Digər haşiyə qurşağı stilizə edilmiş həndəsi gül elementlərindən ibarətdir. Tünd yerlik üzərində innabı və ağ rəngli elementlər olan qab-qabı zəncirə üslubunda işlənmişdir.
Bu qədər mürəkkəb kompozisiyaya sahib tablonu əriş və arğac vasitəsi ilə əks etdirmək toxucudan böyük istedad və peşəkarlıq tələb edirdi. Məhz xalçaçı-rəssam Elyar Quliyevin “Odlar Yurdu” triptixini xalça üzərində yaratması, həm vizual, həm də ideoloji olaraq çoxsaylı qatlarla zəngin bir sənət əsəri ərsəyə gətirməsi onun zəngin sənət təcrübəsinin varlığından xəbər verir. Bu triptixin hər üç hissəsi - “Atəşgah”, “Qız Qalası” və “Xəzər bu gün” - Xəzər dənizinin və onun ekosisteminin həyatla dolu olan sirli gözəlliyini, təbii sərvətlərini və müasir dövrdəki ekologiya problemlərini əks etdirir. Xalça sənətindəki mükəmməllik və yağlı boyanın çalarları arasındakı paralellər Xəzərin təbiətinin bədii olaraq necə təsvir edildiyini vurğulayır. Bu, həm də təbiətin rənglərini qorumağa çağıran bir sənət formasıdır. Quliyevin Tahir Salahovun triptixinə toxumuş olduğu xalça hər kəsi Xəzər dənizinin müasir vəziyyətini və onun gələcəyini müzakirə etməyə dəvət edir. “Xəzər bu gün” adlı hissə, xüsusi olaraq bu mövzuya diqqət çəkir. Burada istifadə edilən rənglər, xüsusilə göy, qırmızı, ağ, yaşıl və qara tonlarXəzərin mövcud ekoloji problemlərinə işarə edir. Hər bir rəng suyun təmizliyini, torpağın məhsuldarlığını və havanın kirlənməsini simvollaşdırır.
Elyar Quliyevin bu əsəri xalçaya köçürməsi Azərbaycan xalqının irsini qorumaq və gələcək nəsillərə ötürmək üçün vacib olmaqla yanaşı, yuxarıda daqeyd etdiyim kimi, mövzu baxımından BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirildiyi bir ərəfədə xüsusi ilə böyük aktuallıq kəsb edir. Sənətşünas Sədaqət Əliyeva |
|