Koreyanın Yaponiya işğalı altında olan çətin dövründə 29 yaşlı bir gənc ölkəsini xilas edə biləcək uğurlu şirkət qurmaq arzusunu həyata keçirmək üçün var gücü ilə çalışırdı. Belə ki, ticarət sahəsinə düyü unu istehsalatı ilə addım atan İ Byonq Çolun rəhbərlik etdiyi kiçik bir anbar gələcəyin böyük bir kompaniyası üçün rüşeym rolu oynadı. Lakin maliyyə sahəsinin öncüllərindən olan Samsung Şirkətlər Qrupunun yaradıcısı bununla kifayətlənmir, xalqının maarifləndirmə işinə öz töhfəsini vermək və onların incəsənət sahəsindəki yaradıcılıq axtarışlarında həvəsləndirici rol oynamaq işini özünə məqsəd seçərək zamanla kolleksiya etdiyi əsərləri geniş tamaşaçı kütləsinə təqdim edir. O hətta Koreya mədəni həyatını daha da zənginləşdirmək üçün 1965-ci ildə SamsungMədəniyyət Fondunun əsasını da qoymuşdur.
Görünür, həm ailəsinin konfusi ənənələrinin təsiri, həm də özünün şəxsən elmə olan isti münasibətinə görə onda bu sahəyə maraq yaranmışdır. Hələ Dequ şəhərində yaşayarkən ətrafındakı insanların məsləhətinə əsasən əsər kolleksiya etməyə başlamışdır. Byonq Çol əksər hallarda sənət əsərlərini satın alaraq toplayır, bəzən isə şəhərin yerli əhalisi ilə mübadilə nəticəsində əldə edirdi. Erkən yaşlarından əsasən xəttatlıq sənətinə maraq göstərdiyinə görə, elə əvvəlcə sadəcə həyatda olan bir xəttatın əsərini satın alır, daha sonra kolleksiyaçının əsərini aldığı ilk rəngkar isə həmşəhərlisi So Donq Cin olur. Amma onun hobbi olaraq yaranan kolleksiyası məxsusi bir sahəylə məhdudlaşmamış, demək olar ki, təsviri sənətin bütün sahələrini özündə ehtiva etmişdir. Byonq Çol artıq daha qədim tarixə malik xəttatlıq, dulusçuluq nümunələri, həmçinin Koryo dövrü buddist rəsmləri ilə, bundan əlavə, müasir sənət cərəyanlarına aid bir sıra əsərlərlə də maraqlanmağa başladı.
Beləliklə, bu şövq onun malik olduğu sənət nümunələrinin miqdarını yüksək templə artırdı. Kolleksiyaçını artıq əntiq əşya alıcısı kimi tanıyan tacirlər onun evinin qarşısında böyük növbə yaradaraq gətirdikləri sənət nümunələrini satmaq ümidi ilə ona təqdim edirdilər. İ Byonq Çol demək olar ki, hər gün belə satıcılarla görüşür, bu artıq onun gündəlik görəcəyi işlərin tərkib hissəsinə çevrilmişdir. Bu kolleksiyasının təşkil olunmasında bəzən onun böyük qardaşı İ Byonq Qakın da adı çəkilir. Onun bu sahədə adının hallanmasının səbəbi əntiq əşyalara olan maraq deyil, sadəcə qardaşının bu sferada olması və bəzən əşyaların onun vasitəsilə kolleksiyaçıya çatdırılması idi. Sənaye öncülü, adətən bahalı əşyalar satın almazdı, lakin ucuz olmasına baxmayaraq, mənəvi dəyərə malik olan kolleksiyasına daxil etmək üçün əsla qüsurlu əşya da seçməzdi. 1976-cı ildə yapon qəzetlərindən birinə verdiyi müsahibəsində belə bir qeyd vardır: "İnsanlar mənim kolleksiyamda dəbdəbəli əşyaların olduğunu deyirlər. Qiymətləndirmə işi subyektiv məsələdir, mən sadəcə bu əntiq əşyalarda sevinc və ruhi harmoniya tapıram. Buna görə də, mənim üçün kolleksiyanın miqyası deyil, hər bir nümunənin öz sənət zövqümə uyğun olmasına önəm verirəm."
Şirkət rəhbərinin otuz il ərzində bir araya gətirdiyi Koreya ənənəvi sənət nümunələri onun təxəllüsü olan Hoam adı altında tanınırdı. Bu kolleksiya içərisində onun ən sevimli və dəyərlisi kimi qədim Kaya dövlətinin mövcud olduğu dövrə aid qızıl tac (Kayaqımquan) və Koryo xanədanlığına aid seladon çaydanın adı çəkilir. Qızıl tacın Byonq Çol tərəfindən satın alınması isə ölkə tarixində nadir hesab olunan bir oğurluq hadisəsi ilə bağlı idi. Belə ki, sərdabə oğrusu kimi tanınan bir qrup şəxs qeyri-qanuni olaraq Dequ şəhərindəki "Səkkiz General Sərdabəsi" adı ilə tanınan məzarlıqda qazıntı işləri aparmışdır, hansı ki onlar əvvəlcədən təşkil olunmuş bu quldurluq hadisəsi nəticəsində qəbirlərdən əldə etdikləri 400-ə yaxın tapıntı ilə yanaşı, şəhərin qədim tarixə malik üç məşhur heykəlini də oğurlamışdırlar və bu cinayətin üstü 2 il müddətində açılmamışdır. Lakin xoşbəxtlikdən onlar nəhayət ki, polis tərəfindən yaxalanmış və Koreya mədəni irsinə zərbə vurduqları üçün məsuliyyətə cəlb olunmuşdurlar. Araşdırmalar nəticəsində oğruların 1961-ci ilin oktyabr ayında Kaya dövlətinə məxsus olan saf qızıldan hazırlanmış tacı 1,1 milyon vona Samsung şirkətinin sədrinə satlması faktı ortaya çıxarılmışdır. Məlumdur ki, sədrin ən sevdiyi eksponatı məhz bu tac idi və o hər səhər işə başlamazdan əvvəl eksponatın gecə boyunca sağ-salamat olması ilə maraqlanar, bəzən isə ona uzun-uzadı baxar və zövq alardı. Bu tapıntı Koreyanın müstəqillik tarixində aşkara çıxarılan ilk qızıl tac idi və onun tapılması ölkə ictimaiyyətində böyük maraq doğurmuşdur. Çünki, o vaxtadək Koreya yarımadasında yaranmış digər bir tarixi Şilla dövlətinin taclarının görünüşü məlum idi, lakin bu tac Kaya dövlətinə dair tapılan ilk qızıl tac idi. Hoam kolleksiyasına daxil olan “Kaya tacı” ilk dəfə 1971-ci ildə Milli Muzeydə keçirilən Hoam Kolleksiyası Mədəni İrsinin Xüsusi Sərgisində nümayiş olunmuşdur.
Yaradıcısının adını daşıyan Hoam Sənət Muzeyi 1982-ci ildə fəaliyyətə başlamışdır. Tanınmış şirkət sahibinin sənət zövqündən xəbər verən kolleksiya artıq onların daimi saxlanc yeri kimi inşa edilmiş binada nümayiş olunurdu. Onun xüsusi yanaşdığı qızıl tac da tamaşaçılarını artıq bu binadan salamlayırdı. Tacın mühafizəsini gücləndirməyi tapşıran kolleksiyaçı bununla kifayətlənməyərək VI əsrin qiymətli yadigarının oxşarını hazırlatdıraraq ekspozisiyada nümayiş etdirmək qərarına gəlir. Byonq Çolu buna vadar edən səbəb isə həm özünün bu eksponata olan sevgisi, həm onun yüksək bədii və tarixi dəyərə malik olması, həm də oğruların onu ələ keçirtmək üçün anbaan fürsət gözləməsi idi.
Adı kolleksiyanın ön sıralarında qeyd edilən əsərlərdən biri də seladon çaydandır. Onu xüsusi edən əsas səbəb onun tarixiliyi ilə bağlı olsa da, digər bir səbəbi isə çaydanın üzərində nadir kinobar boyasının olması idi. 1257-ci ilə aid edilən bu arxeoloji nümunə deyilənə görə, Koryo hökmdarının nəvəsinin sərdabəsindən tapılmışdır. Byonq Çolun Cinsa çaydanına olan sevgisi də böyük idi. Belə ki, Hoam Sənət Muzeyinin açılışına hazırlıq zamanı bu dəyərli eksponat kolleksiyaçının xüsusi sifarişi olan 30 mm-lik gülləyə davamlı şüşə ilə əhatələnərək sərgilənmişdir.
Ölkəsinin iqtisadi və mədəni həyatında daim adından söz etdirən Byonq Çol xalqına mənsub olan bir sıra əhəmiyyətli əntiq nümunələrini də Yaponiyadan geri qaytarmış, bəzilərini isə Şimali Koreyadan satın almışdır.
Byonq Çolun övladlarının əksəriyyəti onun kolleksiyaçı kimi başlatdığı işi davam etdirirdi. Onun böyük qızı İ İn Hi Concu Kağız şirkətində hissədar idi və kağız muzeyi təşkil etməyi planlayırdı və nəhayət ki istəyini həyata keçirərək Concu ərazisində Hansol Kağız Muzeyinin fəaliyyətə başlamasını təsdiqlədi. Həm kağız, həm də müasir incəsənət muzeyi kimi fəaliyyət göstərən Hansol Muzeyi, 2013-cü ildə açılmışdır. Muzey binası dünyaca tanınmış yaponiyalı memar Tadao Ando tərəfindən dizayn olunmuşdur. O hələ Şilla Otelinin idarəetmə işləri ilə məşğul olduğu zamanlarda artıq müasir sənət nümunələrinin toplanması ilə maraqlanmış, kolleksiyasını ölkəsinin qabaqcıl abstrakt rəssamlarından, həmçinin 70-ci illərdə Koreya rəngkarlığında baş verən, “monoxrom” mənasını ifadə edən Tanseqhua hərəkatının aparıcı simalarından biri olmuş Kim Huan Ginin işləri ilə də zənginləşdirmişdir. Əsərlərin əksəriyyəti müxtəlif yerli qalereya və auksionlardan satın alınmışdır, hansı ki onlar arasında xarici rəssamların da əsərləri mövcuddur. Bunlardan muzeydə əsərləri sərgilənən dünyaca məşhur Ceyms Törrel, Anri Murun adını çəkmək olar. Bu kolleksiyaya dair bütün nümunələr demək olar ki, ekspozisiya zallarında nümayiş etdirilmişdir. Lakin muzey təşkil olunduqdan sonra Beynəlxalq Valyuta Fondu böhranı ərəfəsində xarici şirkətlərdən birinə satılmışdır.
Onun oğlu İ Qon Hi isə gənc yaşlarını Yaponiyada keçirmiş, boş vaxtlarında film nümayişlərinə qatılarkən film lentlərinə maraq göstərmiş və zamanla onları toplamağa başlamışdır. Onun əsər toplama sistemi atası tərəfindən müdaxiləyə məruz qalmır, əksinə, yalnız öz sənət zövqünə əsasən əsərləri bir araya gətirirdi. Atası bahalı əsərləri satın almazdı, Qon Hi isə əsərin qiyməti ilə maraqlanmaz, yüksək bədii dəyərə malik olması haqda aldığı ekspert rəyindən sonra onu öz kolleksiyasına daxil edərdi. Onun kolleksiyaya daxil etdiyi rəsm əsərlərindən biri 1947-ci ildə Kim Huan Gi və digər rəssamlarla birgə “Gəlin faktlara yeni nəzər nöqtəsindən baxaq” adlı ideya ilə çıxış edən yeni realist qrupunu formalaşdıran müasir rəngkarlığın tanınmış simalarından biri olan Canq Uk Cinin kətanın hər iki tərəfində müxtəlif illərdə yaratdığı əsərdir. Bu kiçik ölçülü kətanın bir tərəfində rəssamla eyni ərazidə yaşayan bir dağçının qızı təsvir olunmuşdur. “Qız” adlı əsər 1939-cu ildə kətana həkk edilmişdir. Portret rəssama öz doğma şəhərini, uşaqlığını xatırlatdığı üçün onu həmişə özü ilə daşıyardı, hətta müharibə illərində də əsər onunla birgə olmuşdur. Kətanın digər üzündə isə “Bərə” adlı əsəri görə bilərik ki, bu əsər isə 1951-ci ildə yaradılmışdır. Əsərlərin eyni kətanın üzərində təsvir edilməsi isə müharibə illərində rəssamın maddi çətinliklər yaşaması ilə əlaqələndirilir. Əsər İ Qon Hi kolleksiyası nümunəsi olaraq Müasir Milli İncəsənət Muzeyinə bağışlanmışdır.
Samsung Elektronics şirkətinin keçmiş sədri İ Qon Hi Cənubi Koreyanın ən güclü sənət əsərləri kolleksiyaçısı hesab olunurdu. O hələ uzun müddət əvvəl "100 Milli Sərvət Kolleksiyası” layihəsini başlatmış, layihənin həyata keçirilməsi prosesi isə gizli şəkildə aparılırdı. Bu layihə çərçivəsində əldə olunan əsərlər, əsasən 1980-1990-cı illərdə kolleksiyaçının gərgin əməyinin nəticəsi idi. Mədəni İrs Administrasiyasının statistik göstəricilərinə əsasən, hazırda Samsung ailəsi təxminən 160 milli sərvət hesab olunan eksponata sahibdir. Həmin əsərlərin bir araya gətirilməsi isə öz-özlüyündə ölkə mədəniyyətinə bəxş edilmiş böyük bir töhfə hesab olunur. Qon Hinin malik olduğu sənət əsərləri toplusu isə Lium Kolleksiyası adı altında tanınırdı.
Byonq Çolun kiçik qızı ölkədə pərakəndə satış üzrə 2-ci olan Şinsege şirkətinin rəhbəri, Cənubi Koreyanın ən varlı şəxslərindən biri hesab olunan İ Myonq Hi də hələ erkən yaşlarından incəsənətə maraq göstərmişdir. Uzun müddət əvvəl o, Şinsege Univermağının daxilində Şinsege Sənət Muzeyi təşkil edərək sənət kolleksiyaçısı kimi adından söz etdirməyə başlamışdır. O, əsasən, yuxarıda adı qeyd edilən Koreya müasir rəngkarlığının pionerlərindən hesab olunan Kim Huan Gi və Yu Yonq Qukun əsərlərini toplamağa üstünlük verirdi. İş adamı həmçinin, heykəlləri müasir dövrün ən bahalı əsərlərindən sayılan Amerika pop incəsənətinin tanınmış simalarından olan Cef Kunsun heykəltəraşlıq nümunələri ilə də öz kolleksiyasını zənginləşdirmişdir.
Samsung banisinin “Cunqanq İlbo” qəzetinin sədri olan kürəkəni Honq Cin Gi də əsər toplamağa maraq göstərmişdir. O həm də Hoam Sənət Muzeyinin ilk direktoru olmuş, tez-tez mətbuat işləri ilə əlaqədar Avropada səfərdə olmuş və hər dəfə oradakı muzeyləri ziyarət etmişdir. Cin Gi Avropanın Art Nuvo cərəyanına aid şüşə incəsənət nümunələrinin vurğunu idi və onları sistemli olaraq toplayırdı. Həmin əsərlər Hoam Qalereyasında baş tutmuş "Art Nuvo Şüşə Sənəti" adlı sərgidə geniş tamaşaçı kütləsinə təqdim olunmuşdur.
Göründüyü kimi, Samsung yaradıcısının incəsənət sahəsində başlatdığı bu iş təkcə onun fəaliyyəti ilə yekunlaşmamış, doğmaları tərəfindən də davam etdirilmişdir. Beləcə, ailə üzvləri tərəfindən daim zənginləşdirilən bukolleksiya hər zaman ictimaiyyətin nəzər mərkəzində qalmağı bacarmışdır. Şirkət sahiblərinin ölkə tarixini və incəsənətini özündə ehtiva edən yaradıcılıq nümunələrindən ibarət bədii sənət sərvəti hələ uzun müddət Koreya sənətsevərlərinin diqqətində olacaqdır.
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Lalə Hacıyeva
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin