Onlardan biri gündəlik həyatdan səhnələr çəkməsi ilə məşhur olan amerikalı rəssam Norman Rokvelldir. O,yaradıcılığında xüsusi olaraq məktəb və təhsil mövzusuna geniş yer ayırmışdır.
Norman Persevel Rockvell XX əsr Amerika yazıçısı, rəssamı, illüstratoru idi. Onun əsərləri Amerika mədəniyyətini əks etdirdiyinə görə, amerikalılar tərəfindən sevilir və onu ABŞ-nin ən məşhur rəssamlarından birinə çevirir. 16 yaşında Rokvell təbrik kartları üçün Milad mövzularını peşəkar şəkildə təsvir etməyə başlamışdır. Sonra rəssam gənclər üçün nəzərdə tutulan “Boy's Life” jurnalı ilə əməkdaşlıq etməyə başlamış, 1914-cü ildə, 19 yaşında jurnalın bədii rəhbəri olmuşdur.
Jurnal illüstrasiyalarından başqa, Rokvell uşaqları təsvir etməyi xüsusi ilə sevirdi. O, öz əsərlərində uşaqların arzularının, ümidlərinin, həyatının qəhrəmanları olduğu gözəl bir mifik diyar yaradırdı. Rəssamın əsərlərindəki uşaqlar öz mifik dünyalarının ən ideal və yenilməz qəhrəmanı kimi çıxış edirdilər. Beləsənət xətti onun uşaqlıqda Nyu Yorkda yaşadığızamanlarda müharibənin yaratdığı dramatik həyata və zorakılığa cavabı idi. Rəssam hesab edirdi ki, Amerika yeni nəslin yetişdirilməsinə köklənərək, öz məsumluğunu qoruyub saxlaya bilən və layiqli yetkinlər yetişdirə bilən bir ölkə qurmalıdır.
1936-cı ildə rəssam həm də kitab illüstratorı kimi fəaliyyət göstərir. O elə həmin ildə məşhur Amerika yazıçısı Mark Tvenin “Tom Soyerin macəraları” əsərinə illüstrasiya işləyir. Əsərin mövzusu məktəb müəllimi tərəfindən dəcəl Tomun döyülərək cəzalandırılma səhnəsinə həsr edilmişdir. Əslində rəssam bununla da dövrün tədris prosesinə tənqidi yanaşmasını etmiş olur. Yuxarıda da qeyd etdiyim kimi, Norman Rokvell sağlam zehni və ruhu olan gənc nəsilin yetişdirilməsi arzusunda olur və hər tablosunda demək olar ki buna bir işarə edir.
İkinci Dünya Müharibəsinin bitməsindən bir il sonra N.Rokvell Corciya ştatının Kerrol qraflığında bir kənd məktəbini ziyarət edir. Bu ziyarət onu məktəbdə gördüyü gündəlik dərs prosesini canlandırmağa ilhamlandırır. Beləliklə, “Norman Rokvell kənd məktəbini ziyarət edir”adlı 4 səhifəlik təsvirlərdən ibarək kitabça yaranır. 1946-cı ildə çəkilən bu əsərdə Norman Rokvell Corciya ştatının Kerrol qraflığında bir otaqlı məktəbdən səhnələri təsvir edərək Oak Mountain məktəbinin şagirdlərinin gündəlik təhsil həyatlarını canlandırır. 1946-cı il noyabrın 2-də yayılan bu dörd səhifəlik kitabçadaRokvell məktəbdəki dərs posesindən tutmuş yuyunmağa qədər gündəlik ritmləri təsvir edir.
O zamanlarda Oak Mountain məktəbində 1-7-ci siniflərdə olan bütün uşaqlara dərs deyən yalnız xanım Effi Makgir adlı bir müəllim var idi. Məktəbdə müasir və rahat bir şərait yox idi: “Sanitar qovşaq açıq havadadır, əlüzyuyan eyvandadır, kimsə soba üçün kömür daşımalıdır.”
Rokvellin çəkdiyi digər məqamlarda olduğu kimi, bu əsərdəki təhsil prosesində də günümüzə kimi çox şey dəyişmişdir. Düzdür, artıq günümüzdə təhsilin bir çox aspektləri yaxşılığa doğru dəyişdirilsə də, şübhəsiz ki, zamanında məhz belə bir tədris evində dərs öyrənməklə bağlı xoş xatirələri olan insanlar üçün əsər nostaljixarakter daşımışdır.
Norman Rokvellin rəsmlərinin cəlbediciliyi onların çox zaman uşaqların aləmini təsvir etməsindədir. Onun qəhrəmanları çox zaman kiçik məyusluqlarla üzləşən adi məktəblilərdir. Məsələn, “Parlaq gənc xanım” əsərinin məzmununda ibtidai məktəbdəki sərgüzəştlər əsas yer tutur. Gözü əzilərək qaralmış və dizi sarğılı bir şagird direktorun kabinetinin qarşısında gözləyir. Onun hörükləri və paltarları da dağınıqdır, ayaqqabı bağlarına diqqət yetirsək görərik ki, onlar da düyünlənməyib, buna baxmayaraq, onun üzündə məmnun və qayğısız ifadə var. Təsvirdən məlum olur ki, baş vermiş münaqişənin açıq-aydın qalibi bu qızcığazdır və indi o, başına gələ biləcək hər hansı nəticələrə az fikir verərək öz zəfərindən həzz alır.
Norman Rokvell 1956-cı ildə “Doğum günün mübarək, miss Cons” və ya “Məktəb müəllimi” adlı əsərini yaradır. Rokvell bu rəsm əsərini onu rəsm çəkməyə həvəsləndirən öz səkkizinci sinif müəlliminə hörmət əlaməti olaraq yaratmışdır. Tabloda rəssam Stokbricdə həqiqi qrammatika fənni otağını və model olaraq isə real şagirdləri təsvir etmişdir.
İlk baxışda təhsil və məktəb mövzusu məsum və siyası məqamlardan uzaq görünsə də, əslində, çox zaman birbaşa siyasi hadisələrin əksedilmə aspektinə çevrilə bilər. “Hamımızın yaşadığı problem” əsəri də belə məqamlardandır. Əsər Norman Rokvell tərəfindən 1964-cü ildə çəkilmiş və ABŞ-da Vətəndaş Hüquqları Hərəkatının simvolik obrazı hesab olunur. Burada rəssam 14 noyabr 1960-cı ildə, Yeni Orlean məktəblərində ayrıseçkilik böhranı zamanı altı yaşlı afroamerikalı Rubi Bridcisi tamamilə ağ rənglilər üçündövlət məktəbi olan Uilliam Frantz ibtidai məktəbinə gedərkən təsvir edir. Qızcığaz zorakılıq hədələrinə məruz qalmasın deyə onu dörd ABŞ marşal müavini müşayiət edir. Rəsm elə çərçivəyə salınıb ki, marşalların başları çiyinlərdə kəsilib, azyaşlı qız əsərdə tam şəkildə görünən yeganə obrazdır. Onun arxasındakı divarda irqi söyüş "zənci" və "KKK" hərfləri yazılıb, həmçinin divara atılan əzilmiş və səpələnmiş pomidor da görünür. Qeyd edim ki əsərin mövzusu real hadisəyə və faktlara istinaad edir. Əsər ilk dəfə “Look” jurnalında dərc edilmişdir. Müəyyən bir zamanda isə ABŞ-nin eks prezidenti Barak Obamanın göstərişi ilə Ağ Evin dəhlizlərindən birində asılmışdır.
Rəssamın təhsil mövzusuna həsr etdiyi tablolardan məktəblərin sinif otaqlarında şagirdlərin diqqətini cəlb etmək üçün istifadə edilə bilər.
Digər amerikalı rəssam Uinslou Homer uşaqların məktəbdəki həyatını və təhsilin gündəlik həyatdakı əhəmiyyətini göstərən əsərlər yaratmışdır. Uinslou Homer(1836-1910) yalnız ölümündən sonra həqiqiməşhurluq qazanan amerikalı rəssam olmuşdur.Homerin rəsmi təhsili yox idi, lakin özəl rəsm dərsləri almış, daha sonra isə Milli Dizayn Akademiyasında oxumuşdur. Rəssamlıq karyerasına litoqrafiya şirkətində işləməklə başlamış və uzun illər “Harper's Weekly”jurnalı ilə illüstrator kimi əməkdaşlıq etmişdir. Ömrünün sonlarına yaxın məşhurluq qazanan rəssam Homer insanlardan uzaqlaşır və özünü tamamilə yaradıcılığınahəsr edir.
Rəssam Uinslou Homerin yaradıcılığının xüsusiyyətlərini vurğulayarkən qeyd etməliyəm ki, onun əsərlərinin əsas hissəsini realist mənzərələr və janrlısəhnələr təşkil edir, rəssamın dəniz təsvirlərinə xüsusi sevgisi var idi. Bir müddət İngiltərənin balıqçı kəndində yaşayır və həyatının son illərini də dəniz sahilindəki studiyasında keçirir. Homer Ernest Heminqueyin sevimli rəssamlarından biri idi. “Silahlarla vida” kitabının ön sözündə deyir: “Əgər Baham adalarında bir roman yazsaydım, Uinslou Homerdən kitabı təsvir etməsini istərdim.”
Onun məişət janrında yaratmış olduğu əsərlər arasında təhsil mövzusuna həsr etdiyi tablolar diqqətçəkəndir. "Kənd məktəbi" əsəri bu mövzuda məşhur nümunələrdəndir. Əsərdə sinif otağında müəllim öz şagirdlərinə dərs keçərkən təsvir edilib. Nəzər salsaq görərik ki, sinifdə skamya üzərində əyləşmiş şagirdlərin bəziləri diqqətlə müəllimi dinləyir, bəziləri isə diqqəti dağınıq şəkildədir. Təzə çiçəklər müəllimin masasını bəzəyir, çiçəyin bir neçə solğun ləçəyi yerə səpilib və pəncərədən yaşıl təpə görünür. Otağa düşən zərif işıq bütün bu detalları işıqlandırır. Karyerasına Vətəndaş Müharbəsi illərində illüstrator kimi başlayan UinslouHomer üçün belə yaxından müşahidə olunan realizm təbii idi. Müharibədən sonrakı dövrdə afroamerikalıkəndli həyatının, oyun oynayan uşaqların, məktəbdə dərs oxuyan şagirdlərin onun tablosunda yer alması geniş vüsət alır. Bu əsərdə sanki Homer öz təsvir rakursu ilə bizi qapının ağzında dayanıb otaqda ətrafa baxan ziyarətçiyə çevirir. Bu məktəb də Norman Rokvellin əsərində olduğu kimi bir otaqdan ibarətdir. İlk baxışdan bir otaqlı məktəbin pəncərələrində ortada müəllimin, bir tərəfdə qızların, digər tərəfdə oğlanların masalarına süzülən işığı görürük. Tablonun mərkəzindaqara yazı taxtası var. Bu qara lövhə mərkəzdə yerləşdiyi üçün təbii olaraq diqqətimizi çəkir. Lövhə ilə yanaşı,həmçinin ilk baxışda sakit və ciddi gənc müəllimi də görürük. Paltarı qara olsa da, ağ önlük və parlaq simaonu qara rəngdən ayırır. O, rəsmin mərkəz nöqtəsini təşkil edir. Sol küncdə sərbəst və rahat tərzdə kitab oxuyan oğlanları görürük. Bir çoxumuz ucadan oxumaq və ya başqalarının qarşısında danışmaq məcburiyyətində qaldıqda həyəcanlanırıq, lakin bu oğlanlar rahat görünür və bütün fikirləri kitablarındadır.
Kiçik qızın qırmızı sviteri də diqqət çəkir.Gözlərimizin uzun müddət otaqdakı oğlan uşaqlarına ilişib qalmaması üçün Homer qəsdən bu qızcığazın geyimində qırmızı rəngdən istifadə edib. O, ətrafımıza baxmağımızı və digər detalları görməyimizi istəyir. Rəssamlar tez-tez bu şəkildə parlaq rənglərdən istifadə edirlər.
1877-ci ildə Homer “Yazı lövhəsi” əsərini təsvir edir. Əsər parlaq, müasir Amerika üslubunun yaradıcısı hesab edilən məşhur Amerika mənzərə rəssamı və çap ustası Uinslou Homer tərəfindən təsvir edilmişAmerikada dövrün məktəb həyatından bəhs edən növbəti rəsmdir. Onun rəsmlərinin mövzuları insan üçün mümkün olan yenilməz maneələrdə ifadə olunan qəhrəmanlıq keyfiyyətindən, əsgərlər və ya işçilər arasındakı dostluqdan tutmuş, digərlərinə qarşı bəzi acizlik vəziyyətinə qədər dəyişirdi. O dövrdə Harvard Universitetində rəsm dərsi olmadığı üçün Homer böyük qardaşı Çarlz kimi orada oxumadı. Beləliklə, Homerin atası çap mediası üçün şəkil çəkmək və hazırlamaq ticarətində köməkçi işi tapdı, Homer karyerasında yeganə formal təhsil aldı. İki ildən sonra o, müstəqil illüstrator olmağa çalışdı və buna nail oldu.
“Yazı lövhəsi” tablosu onun illüstrator olduğu iyirmi ilə yaxın davam edən dövrdə yaratmış olduğu ilk əsərlərindən biri idi. Tablonun kompozisiyası sadədir. Belə ki, üzərində həndəsi fiqurlar çəkilmiş yazı lövhəsi, divar, döşəmə və lövhənin önündə durmuş bir qadın obrazı görürük. Təmiz konturlarda parlaq, canlı bir fiquryaradılmışdır. Bu, fiqur çəhrayı, kəpənək saç sancağı iləsaçlarını toplamış bir qız obrazıdır. O, müxtəlif həndəsi fiqurlarla dolu lövhənin qarşısında dayanmışdır. Orada iki təbaşir var idi. Qız özünü çevirib sol əlini arxaya, sağa qoyub. Otağın divarı yer sarısı, lakin yazı lövhəsinin altındakı hissəsi boz idi. Döşəmənin rəngi divardan daha açıq, qızın paltarı isə boz hissədən daha az boz idi. İşıq və qaranlığın bu kontrastı, demək olar ki, Homerin bütün rəsmlərində tapa biləcəyimiz dramatik bir ifadə yaradır. Əsər Homer yardıcılığının təməl daşı hesab edilə bilər. Məhz bu tabloda o sonrakı əsərlərində də tətbiq edəcəyi texnika və üslubu özü üçün müəyyən etmiş olur.
Uinslou Homer ilk dəfə Virciniya ştatını Amerikada vətəndaş müharibəsi ərəfəsində “Harper’s Weekly”jurnalının illüstratoru kimi ziyarət edir. O, burada cənub qullarının ağır vəziyyətindən o qədər təsirlənir ki, Peterburqa geri dönür. Rəssamın 1870-ci il Virciniyadakı hadisələrə həsr edilmiş əsərləri inqilab ərəfəsində afroamerikalıların ağrılı vəziyyətini əks etdirir. Onun əsərlərində süni sentimentallığa və öncəki rəssamların əsərlərindəki afroamerikalıların rişxənd edilməsi halları müşahidə edilmir. Homerin bu silsilədən olan ən təsirli əsəri “Virciniyada bazar günü səhəri”dir. Tabloda hadisələr daxmada cərəyan edir. Səliqəli geyimli müəllim şagirdlərinə Bibliya oxumağı öyrədir. Böyük oğlan səy ilə kitabı oxuyur və bu da öncəki afroamerikalılardan fərqli olaraq yeni nəslin təhsilə maraq göstərdiyini təcəssüm etdirir. Homer tünd qırmızı rəng vasitəsi ilə bizim diqqətimizi küncdə əyləşən qoca qadına çəkir. Onun üzündəki ifadə yeni qazanmış olduğu azadlığı əzab və əziyyət içində keçən ömrünü geri qaytarmayacaq fikrini tamaşaçıya ötürür. Bir tabloda rəssam həm siyasi həm dini məsələnin insanların ictimai həyatındakı problemlərə təsirini açıq şəkildə göstərmiş olur. Tabloda azadlığa qovuşan, gələcəyə ümid bəsləyən gənc nəsil və artıq azadlığın şövqündən ruhlana bilməyən, bütün ömrünün gözəl günlərini qul kimi yaşamış yaşlı nəsil gözlər önündədir. Parlaq gələcəyi rəssam məhz təhsildə görür.
Haqqında bəhs etdiyim bu əsərlər təhsilin insan həyatındakı mühüm rolunu vurğulamaqla yanaşı, eyni zamanda ictimai-siyasi həyata da birbaşa təsirini əks etdirir. Odur ki, bir daha “Bilik ən aydın işıqdır” fikrini vurğulayaraq müvzunu yekunlaşdırıram.
Sənətşünas Əliyeva Sədaqət
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin