Muzeylər mədəni dəyərlərin qoruyucusudur.
Həm elmi-pedoqoji, həm də sənətşünaslıq fəaliyyəti ilə milli incəsənətimizə töhfələr bəxş edən, mədəniyyətimizin beynəlxalq arenalarda geniş miqyasda təqdim olunmasında böyük xidməti olan Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi, bundan əlavə 20-dən çox kitabın—yerli və beynəlxalq elmi nəşrlərin müəllifi, hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsində çalışan Şirin xanım Məlikova ilə apardığım müsahibəni sizə təqdim edirəm.
-Azərbaycan Milli İncəsənət Muzeyinin əsas missiyası nədir və o, zamanla necə dəyişib?
-Muzeylərin ən mühüm missiyası var – onlar incəsənətin, elm və texnikanın, mədəniyyətin ən görkəmli nümunələrindən istifadə edərək keçmişi şərh edir, onun dərk edilməsi konsepsiyasını formalaşdırır, tarixi təfsir edərək müasir dövrlə əlaqələndirir. Muzeylər estetik zövqü formalaşdırır, gözəllik hisslərini aşılayır, Belə ki, muzeylərdə müxtəlif ölkələrin və xalqların incəsənət predmetləri saxlanılır, onların vasitəsilə biz bu xalqları tanıya, onların dünyagörüşü və estetik ideyaları ilə yaxından tanış ola bilərik. Bununla yanaşı, muzeylər həm də öz dövrünün və ölkəsinin aktual problemlərinin və ya humanist ideyaların carçısıdır. Beləliklə, onlar vasitəsilə müəyyən mesajlar ötürülə bilir. Bu gün muzeylər dekolonizasiya və repatriasiya məsələlərinin çox aktual olduğu yeni dünya ideyasından, iqlim dəyişikliyi, onun insanların həyatına təsirindən və ekosferin qorunmasına çağıraraq bioloji müxtəliflik, təbiətin mühafizəsi və ona həssas yanaşmadan danışır.
Muzeylər keçmişin və indinin milli incəsənətini təqdim etməklə xalqın özünüidentifikasiyasını formalaşdırır. Özünüidentifikasiya konsepsiyasını formalaşdırmaq və qlobal miqyasda öz yerimizi müəyyən etmək – bu, muzeyin əsas vəzifələrindən biridir. Əslində, muzeyimiz üçün məhz bu missiya hər şeydən üstündür. Arxeologiyadan tutmuş müasir incəsənətə qədər zəngin materialı əhatə edən möhtəşəm Azərbaycan incəsənət kolleksiyası ilə biz onu müxtəlif rakurslardan nümayiş etdiririk.
Azərbaycan Milli İncəsənət Muzeyi ölkənin əsas muzeyi kimi həm Azərbaycan vətəndaşlarını, həm də əcnəbiləri ölkəmizin mədəniyyəti və incəsənəti ilə tanış etmək üçün əlindən gələni edir. Biz uşaqlar və yeniyetmələrlə işə xüsusi diqqət yetiririk, çünki hər hansı bir muzeyin, xüsusən də bizim muzeyimizin önəmli vəzifəsi mədəni dəyərlərin nəsildən-nəslə ötürülməsidir. Axı muzey təkcə mühüm əşyaların saxlandığı və nümayiş etdirildiyi yer deyil, həm elm, həm də təhsil mərkəzi, eləcə də sərgi meydanıdır.
-Sizin bir sənətşünas olaraq yanaşmanız muzey işinə öz təsirini necə göstərir?
-Bildiyiniz kimi, bu iki yaxın sahə bir-birini mükəmməl şəkildə tamamlayır, ona görə də bir sənətşünas kimi muzey kolleksiyaları ilə işləmək, onları elmi cəhətdən öyrənmək, yeni əsərlərlə zənginləşməsinə töhfə vermək, ölkə və xaricdə nümayiş olunmaları üçün layihələr hazırlamaq mənim üçün çox maraqlıdır.
-Sizcə, Azərbaycan incəsənəti dünya səviyyəsində necə təmsil olunur?
-Son onilliklərdə incəsənətimizin xaricdə təmsil olunma səviyyəsi xeyli dərəcədə yüksəlmişdir ki, burada Heydər Əliyev Fondunun fəaliyyəti böyük rola malikdir. Təkcə onu demək kifayətdir ki, müasir rəssamlarımızın əsərləri Venesiya Biennalesində dəfələrlə nümayiş etdirilib. Milli incəsənətin əsas səyyar sərgiləri arasında “Bakıya uçuş” kimi irimiqyaslı layihəni qeyd edə bilərəm. Bu sıraya, həmçinin rəssamlarımızın müxtəlif ölkələrdə keçirilən çoxsaylı həm fərdi, həm də qrup sərgilərini əlavə etmək olar.
Azərbaycan incəsənətinə aid olan, hazırda xarici muzeylərdə saxlanılan qədim eksponatların düzgün atribusiya edilməsi də bu gün çox mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Məsələn, Azərbaycan xalçaları “Qafqaz”, “fars”, hətta “erməni” xalçaları kimi xarakterizə olunur. Azərbaycan Milli Xalça Muzeyinə rəhbərlik etdiyim dönəmdə bu cür yanlış atribusiyaların düzəldilməsi ilə bağlı xarici muzeylərlə bir sıra əməkdaşlıq layihələrinin təşəbbüskarı olmuşam və hazırda da bu işi davam etdirirəm.
-Bir pedaqoq kimi tələbələrlə işinizdə nəyi ən vacib hesab edirsiniz?
-Düşünürəm ki, mənim əsas vəzifəm tələbələrə müstəqil düşünməyi, xüsusilə elmi və genişmiqyaslı düşünməyi öyrətməkdir. Bundan əlavə, onların peşələrində öz yolunu tapmaq, öz sahələrində ölkə elminə töhfə vermək üçün güc tapması çox vacibdir.
-Sizin bütün fəaliyyət sahələrində mükəmməl işləmək üçün əsas motivasiyanız nədən ibarətdir?
-Bu, hər şeydən əvvəl, mənim üzərimə belə yüksək və şərəfli vəzifəni qoyan ölkə qarşısında məsuliyyətdir. Bundan əlavə, işimi sevirəm və gördüyüm işlər mənim üçün çox maraqlıdır. Kim deyib ki, muzeylər dəyişilməz və köhnəlmiş bir şeydir? Xeyr, xüsusilə böyük muzeylərdə mövcud metodik baza və təcrübələrə əsaslanaraq, müasir dövrün çağırışlarına uyğun olaraq köklü dəyişikliklər etmək vaxtıdır. Mən də istəyirəm ki, Azərbaycan Milli İncəsənət Muzeyi də yaxşı tərəfə dəyişərək, klassik görkəmini qoruyub saxlayaraq daha müasir olsun.
-Şirin xanım, Azərbaycan incəsənətinin təbliğindəki xidmətiniz danılmazdır. Sizə fəaliyyətinizdə uğurlar arzulayır və dəyərli vaxtınızı ayıraraq öz fikirlərinizi bölüşdüyünüz üçün dərin təşəkkürümü bildirirəm.
-Mən də sizə təşəkkür edirəm.
Sənətşünas Sədaqət Əliyeva
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin