Bildiyiniz kimi, cənab prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişdir.Dövlətimiz yaxın gələcək üçün yaşıllıqların bərpası, su ehtiyatlarından və enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, istilik effekti yaradan emissiyaların 2050-ci ilə qədər 40 faiz azaldılması,işğaldan azad olunan ərazilər və Zəngəzur dəhlizininyaşıl zona elan edilməsini və nəhayət, iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəni əsas öhdəlik kimi götürmüşdür. Azərbaycanın yaşıl vədlərindən biri də yaşıl enerji istehsalatını artırmaqdır. Belə ki, ölkəmizdə artıq neçə ildir ki, günəş elektrik stansiyaları ekoloji enerji istehsalıfəaliyyətinə başlayıb, Qobustan, Samux, Pirallahı, Suraxanı qəsəbəsində, həmçinin Cəbrayılda “Şəfəq”layihəsi çərçivəsində bərpa olunan enerji potensialını artırmaq məqsədilə irihəcmli Günəş Elektrik Stansiyaları (GES) tikilmişdir. Qeyd edək ki, 2023-cü ildə Xəzər regionu və MDB məkanının ən böyük GES-i istifadəyə verilmişdir. GES-lərin fəaliyyət göstərməsi, gələcəyə ümid yaradır. Bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunma səbəbi isə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP-29-un noyabr ayında məhz Bakıda keçirilməsi nəzərdə tutulmasıdır.
Bu baxımdan, planetimizi qorumaq üçün həyat tərzimizi maksimum ekoloji etməyə çalışmalıyıq.Azərbaycanın xalq sənəti olan qurama
ekoloji mühit yaratmaqda birbaşa iştirak edə bilər.Quramanın ekoloji faydalarından danışmazdan öncə qısa şəkildə qurama sənəti haqqında məlumata nəzər salaq. Qurama sənəti qədimdən bəri müxtəlif mədəniyyətlərin ənənələrində yer alan və parçaların bədii formada birləşdirilməsi ilə yaradılan bir tikmə sənətidir. Qurama həm də yamaq sənəti hesab edilir. Dünya üzrə yamaq sənətinin tarixi eramızdan əvvələgedib çatır. Yer üzündə ən qədim qurama nümunəsiisə e.ə. 980-ci ildə yaşamış Misir kraliçası Esi Men Kevin cənazə örtüyüdür.
Qurama sənəti Azərbaycanda da çox qədim zamanlardan yaranmış və XX əsrin əvvəllərinə kimi geniş yayılmışdır. Bədii tikmənin işlənməsi zamanı əsas üç texnoloji üsul ta qədim zamanlardan tətbiq edilmişdir:
1. Birləşmiş dördbucaqlı hissələrdən ibarət.
2. Birləşmiş üçbucaqlı hissələrdən ibarət.
3. Birləşmiş rəngli zolaqlardan ibarət.
Yuxarıda da qeyd etdiyim kimi qurama
sənətininekoloji baxımdan müsbət təsirləri mövcuddur. Belə ki, qurama sənətinin ekologiya ilə əlaqəsi müxtəlif yollar ilə qurula bilər. Bu sənət həm estetik, həm funksional dəyərə malik olmaqla yanaşı, son zamanlar ekoloji təsirləri ilə də diqqət çəkir. Belə ki, təkrar istifadə parçaların ikinci həyatı – qurama sənətində köhnə paltarlar və ev tekstili əşyaları qurmaq üçün istifadə edilə bilər. Bu, məhsulların ömrünü uzadır və tullantıların azalmasına şərait yaradaraq geyimlərin ikinci həyat qazanmasına səbəb olur. Belə ki, köhnə və artıq istifadə edilməyən geyimlər qurama vasitəsilə yeni bir funksional əşyaya çevrilir. Bu əşyalar xatirələrin qorunmasına kömək edərək, həm də memorial xarakter daşıyır. Qurama vasitəsilə ev tekstilinin yeni dönüşümünü də həyata keçirmiş oluruq. Köhnə, istifadəyə yararlı olmayan pərdələr, süfrələr və yataq örtükləri qurama üçün ideal materialdır. Bu əşyaların təkrar istifadəsi ev tullantılarının miqdarını azaltmaqla yeni məhsulların alınmasına tələbatı da aşağı salır.
Qurama moda dünyasının da nəzərindən kənar qalmamış, 1960-cı illərdə yayılan hippi mədəniyyətinin təsiri ilə əlaqədar adi və yüksək moda dizaynerləri də ondan istifadə etməyə başlamışdır. Belə moda dizaynerlərindən biri də İv Sen Lorandır. Tanınmış modelyer öz yaradıcılığında folklor elementlərinə üstünlük verən yüksək moda dizyneridir. O, 1969-cu il yaz-yay kolleksiyasında qurama parçalardan hazırlanmış dəfiləsini nümayiş etdirir. Bu dəfilə sərbəstlik, azadlıq və özünü fərdi ifadə ilə xarakterizə edilən hippi hərəkatının yayıldığı ilk onilliyə təsadüf etdiyindən onun ideyalarına tam şəkildə cavab verirdi.
Modada quramadan istifadə tullantıları azaltmaq ilə yanaşı, həm də azad yaradıcılıq təfəkkürünü və fərdiliyi nümayiş etdirmək baxımından da maraqlı fürsət hesab edilirdi. Belə bir fürsəti dəyərləndirən dizaynerlərdən biri də “Ampir”, “Kubizm”,“Bauhaus” dizaynlarının “Koreya poeziyası” ilə kəsişməsindən ilhamlanaraq moda dünyasındaözünəməxsus yer qazanan, Beyonse, Rihanna və Leydi Qaqa kimi qərb musiqi ikonalarının da səhnə geyimlərinin müəllifi olan tanınmış koreyalı modelyer Li Sanq Bonqdur. O, 2009-cu ildə nümayiş etdirdiyi yaz-yay kolleksiyasına Koreyada “coqakbo”adlanan ənənəvi qurama sənətinə müraciət edərək müasir biçimli geyimlər daxil etmişdir. Amerikalı aktrisa, yazıçı, mavi rəngli cins şalvarların ilk dizaynerlərindən olan Qloria Vanderbilt qurama sahəsində daha irəli gedir və yalnız geyimlərində deyil, həm də interyerin dövrünə uyğun tərtib edilməsində də quramadan istifadə edir.
Günümüzdə isə Niderland moda məktəbinin yetirməsi olan dizayner Tess van Zalingenin qurama ilə zəngin yaradıcılığını qeyd etmək olar. Onun 2020-ci ildə təqdim etdiyi geyim kolleksiyası xüsusilə diqqətçəkicidir. O, illərlə yığdığı parça hissələrindən hazırladığı bu kolleksiyaya daxil olan geyimlərin hamısını pandemiya dövründə ərsəyə gətirdiyi üçün onları tək hazırlamışdır.
Quramanın ideya olaraq tullantıların azaldılmasına xidmət göstərməsindən danışarkən, onun insan səhhəti üçün də daha təhlükəsiz olması nəzərə alınaraq ekoloji cəhətdən təmiz, təbii materiallardan istifadə edilərək yaradılmasına üstünlük verilsə, daha məqsədəuyğun olar. Çünkipambıq, kətan, yun, ipək kimi təbii parçalar ətraf mühitlə yanaşı, insan sağlamlığına da müsbət təsir göstərir. Təbii boyaq vasitələrindən istifadə edilərək hazırlanan ekoloji parçalar təbii su hövzələrinin və torpağın kimyəvi çirklənməsini də azaldır. Beləliklə, insan və təiət arasında daha təbii bir əlaqənin qurulması nəticəsində eko-sistemin tamlığı da qorunmuş olur.
Əl sənəti məhsullarının daha dayanıqlı və uzunömürlü olmasını nəzərə alsaq, onun gündəlik həyatımızda daha geniş şəkildə tətbiqi ilə məmulatların tez-tez yenilənməyə ehtiyac duyulmaması nəticəsində resurs istifadəsini dəazaldacağıq. Prosesin məntiqi davamı olaraq, sənaye miqyasında kütləvi istehsalatın miqyasının da azalması ətraf mühitə olan mənfi təsirləri azaldacaqdır.
Qurama sənəti ekoloji maarifləndirmə vasitəsi kimi istifadə edilə bilər. Bunu necə etmək olar? Ekoloji problemlərə diqqət çəkmək üçün ekoloji mövzulu dizaynlar hazırlamaq, bu problemə quramavasitəsilə yaradıcı yanaşma etmək mümkündür. Həmçinin müxtəlif maarifləndirmə tədbirləri dəetmək olar. Sintetik parça olan poliester, poliefir liflərdən hazırlanmış sintetik parçadır. O, öz səthinə görə təbii parçalara bənzəyir. Poliamiddən isə təmiz şəkildə sintetik parça kimi istifadə edilə bilmir. Ondan neylon, kapron kimi materialları əldə etmək üçün başqa təbii və süni liflərə əlavə edirlər. Poliakril isə neft karbohidrogenləri əsasında hazırlanır, antibakterial mühiti vardır. Sintifondan yastıq,yorğan və mebel hissələrinin hazırlanmasında istifadə edilir.
Quramanın geniş şəkildə tətbiq edilməsi enerji sərfiyyatına da qənaət deməkdir. Belə ki, o, əl işi olduğu üçün istehsal prosesində az enerji sərf edilir. Bu da o deməkdir ki, kütləvi fabrik istehsalatı ilə müqayisədə qurama istehsalı zamanı atmosferə daha az karbon qazı atılır. Qurama istehsalatı iqlim dəyişikliklərinə qarşı aprılan mübarizədə də müsbət rol oynaya bilər.
Xalqımızın mədəniyyətinin qorunması birbaşa ekologiyaya faydadır. Çünki Azərbaycan xalq sənətinin bütün növləri, olsun xalçaçılıq, olsun misgərlik və ya zərgərlik, dulusçuluq birbaşa təbiətdən ilhamlanaraq, təbiətdən faydalanaraq və yenə də təbiəti vəsf edərək yaradılmışdır. Bu baxımdan 2020-ci ilin dekabr ayından başlayaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə xalqımızın qədim tarixi köklərə və ənənələrə bağlı bədii tikmə növlərindən olan "Qurama" sənətinin yenidən bərpa olunmasına start verilməsi təqdirəlayiq addımdır. Bakı Şəhər Məşğulluq İdarəsi "İçərişəhər" Muzey Mərkəzi ilə qarşılıqlı şəkildə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda xalq sənətkarlığının inkişafı və Xəzər rayonunda yaşayan işsiz qadınların məşğulluğunun təmin edilməsi məqsədilə başladığı layihəçərçivəsində Qala qəsəbə sakinləri bu işə cəlb edilmişdir. Beləliklə, əlləri qızıl olan xanımlarımız unudulmaqda olan qurama sənətinin incəliklərini təbliğ edib bu sənəti inkişaf etdirirlər. 2022-ci ildənetibarən doğma Bakımızda hər il Qurama festivalıtəşkil edilir. Bu il isə ilk dəfə olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsüvə Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə Beynəlxalq Qurama Festivalı keçirildi. Festivalda Qazaxıstan, Qırğızıstan və Türkiyən olan qurama sənətkarları, rəssamları əl işləri və təcrübələri ilə tədbirdə iştirak edirdilər. Qeyd edim ki, festivalın kuratoru sənətşünas, Azərayanda ilk nano art rəssamı Nərgiz Əsgərova idi. Hazırda Azərbaycanın qədim qurama sənətinin dirçəldilməsi istiqamətində işlər davam etdirilir
Qurama sənəti kiçik formalı digər məhsulları hazırlayarkən artıq və istifadəyə yararlı olmayan parça qırıqlarından yaradıldığından bu, tekstil sənayesindəki tullantıların azaldılmasına kömək edir. Qeyd edək ki, hər il tekstil sənayesində milyonlarla ton parça tullantısı yaranır. Beləliklə də istifadə edilməyən parça qalıqları yenidən dəyərləndirilərəknəfis məhsullar yaratmaqla bu tullantıların qarşısıalına bilər. Bununla qurama ilə ətraf mühitə nəzərə çarpacaq dərəcədə müsbət təsir göstərmək mümkünolar. Həm tullantıların azaldılması, həm də parçadan maksimal istifadə yeni parça istehsalına qənaət edilərək istehsalat üçün gərəkli resursların daha səmərəli istifadəsinə imkan verir.
Nəticə olaraq qeyd edək ki, qurama sənəti həm ekoloji, həm də sosial cəhətdən faydalıdır. Onun daha geniş yayılması və dəstəklənməsi ətraf mühitin qorunmasına töhfə verə bilər. Bu sənət ənənəvi dəyərləri yaşadaraq ekoloji dayanıqlılığı təmin etməklə yanaşı, ictimai rifaha da təsir edir.
Sənətşünüs Sədaqət Əliyeva
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin