Milli həmrəylik faktoru dövlətin və cəmiyyətin formalaşması dövründə, eləcə də böhranlardan çıxış və ya modernləşmə kimi dönüş anlarında daha aktual məna kəsb edir. Məhzbelə bir tarixi məqamlarda həmrəyliyin səviyyəsi sonrakı islahatların uğurluluğundan, ədalətli sosial quruluşa keçiddən və cəmiyyətin dövlətin həyati əhəmiyyət daşıyan milli problemlərinin həllinə yönəlməsindən xəbər verir.
Biz Sovet İttifaqının dağılması ilə milli respublikaların yaranması və milli şüurun yüksəlişi proseslərinin şahidi olduq. Digər tərəfdən isə, həmin milli özünüdərkin yenidən dirçəlişi fövqəlgücün əsaslarını sarsıtdı. Beləliklə, "barnum effekti" adlandırılan fenomen işə düşdü: milli özünüidarəetmə proseslərinin uzun müddət basdırılmasından sonra kəskin yüksəliş baş verdi. Bunun fonunda "imperiya" ilə əlaqələndirilən bütün "sovet" anlayışları rədd edildi. Bu isə keçmiş ittifaq respublikalarına yeni milli dövlətçilik strategiyasını formalaşdırmaq və təsdiqləmək üçün imkan yaratdı.
Bu səbəbdən, XX əsrin 90-cı illərinin əvvəllərindəki tarixi-siyasi proseslər fonunda azərbaycançılıq ideyasının və fəlsəfəsinin formalaşması xalqımızın ən qiymətli tarixi sərvəti hesab edilir.
1991-ci il dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası təkcə Azərbaycan xalqı üçün deyil, bütövlükdə türk dünyası üçün əlamətdar hadisə kimi tarixə düşmüşdür. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1989-cu ilin 31 dekabr tarixinin dünya azərbaycanlılarının həmrəylik günü kimi dövlət səviyyəsində qeyd olunması təklif edilmişdir. 1990-cı il noyabrın 3-də Türkiyədə keçirilən Azərbaycan-Türkiyə ictimai birliklərinin birinci beynəlxalq qurultayı isə “sərhəd hərəkatı”nın real nəticəsi və milli birliyə, həmrəyliyə gedən yolda mühüm addım olmuşdur. Qurultayın qərarı ilə hər il 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması qəbul edilmişdir.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında qəbul edilmiş qərarın birinci bəndində deyilir: «31 dekabrı dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan etmək və hər il bu günü qeyd etmək. Bu gün Naxçıvan Muxtar Respublikasının ərazisində iş günü hesab edilməməlidir». Bir müddətdən sonra isə bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul etdi.
Bu gün əminliklə deyə bilərik ki, bu bayramın əsası türk mədəniyyətinin ən qədim mərkəzlərindən biri olan Naxçıvanda qoyulub. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan edilməsi, müstəqilliyimizin əbədiliyini təmin edən tarixi bir addım oldu. İctimai-siyasi, sosial-iqtisadi, hərbi və sosial-mədəni sahələrdə, hazırda bilavasitə şahidi olduğumuz böyük nailiyyətlərə çatmaq üçün, Azərbaycan xalqı istənilən qiymətə, həmrəylikdə, vahid milli ideya ətrafında birləşərək bu şanlı yolla getməli idi.
Dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız da bu prosesi yekdilliklə dəstəklədilər. Lakin bu proses xaricdəmövcud qüvvələrin böyük müqaviməti ilə müşayiət olunurdu.
Məhz o zaman, yəni müstəqilliyimiz böyük təhlükə altında olan vaxt, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və dünya azərbaycanlılarının vahid ideya, məqsəd və vəzifələr ətrafında birləşməsi ideyasını həyata keçirən diaspora təşkilatlarının köməyi tezliklə bunun qarşısı alınırdı.
Bu mühüm addım milli tariximizə qızıl hərflərlə yazılmış və Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin xidmətlərinin təcəssümü kimi tarixə düşmüşdür.
Həmrəylik isə mütləq şəkildə milli özünüdərk və milli mənlik faktorları üzərində qurulur. Bunu çox gözəl bilən ulu öndərimiz demişdir: “Biz gərək milli mənliyimizi həmişə yüksəkdə saxlayaq. Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim həmişə məni bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə, istədiyim yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm. Ona görə milli mənliyimizi gərək itirməyək...”.
9 noyabr 2001-ci il tarixində dahi liderin təşəbbüsü ilə keçirilmiş Dünya azərbaycanlılarının I Qurultayı, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra azərbaycançılıq ideyasını milli ideologiyaya çevirmək istiqamətində apardığı siyasətin davamı olaraq, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında həmrəyliyi və qarşılıqlı anlaşmanı gücləndirmişdir.
Ulu öndər qurultayda çıxışı zamanı qeyd etmişdir ki, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimiz, xalqımızın böyük sınaqlar bahasına əldə etdiyi tarixi bir sərvətdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, təşkilatlanma prosesinin sürətləndirilməsi və bu sahədə konseptual yanaşmaya uyğun olaraq sistemli təkmilləşdirilməsinin ilk addımı olmuşdur. Sonrakı nailiyyətlər göstərdi ki, bu təşəbbüslər həmrəylik üçün möhkəm təməl təşkil edir.
Məhz bu səbəbdən həmin Qurultayında ulu öndərimizin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı bu gün hamının dillər əzbərinə çevrilib.
Sonralar Ümummilli Lider 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Prezident İlham Əliyevin prezident seçkilərində ardıcıl qalibiyyətləri və onun siyasi platformasının reallaşdırılması xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə bağlarını daha da gücləndirmişdir. Dünyanın müxtəlif ölkələrində Azərbaycanicmalarının kooperasiyası və institusionallaşması güclü, dövlətin xarici siyasətinin həyata keçirilməsində əhəmiyyətli söz sahibi olan bir diasporun formalaşmasına səbəb olmuşdur.
Dövlət hakimiyyətinin fasiləsiz həyata keçirilməsinin prinsiplərinə və beynəlxalq humanitar hüququn normalarına ciddi riayət olunması ilə yanaşı, çoxmillətli və çoxkonfessiyalı xalqın iradəsinin hər şeydən üstün tutulması, xalqımızın vahid birliyinin və qədim Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizəsinin əsas amillərindən biri olmuşdur.
Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi də xalqımızın ölkə rəhbəri ilə çoxillik həmrəyliyini, ordunun öz xalqına sədaqətini nümayiş etdirdi. Bu, düşmən və onun havadarları tərəfindən böyük şübhə altına alınmışdı, lakin reallıq onların gözləntilərini tamamilə alt-üst etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Böyük Qələbə xalqımızın, eləcə də bütün dünya azərbaycanlılarının həmrəyliyinin ən parlaqnümunəsinə çevrildi.
Vətən müharibəsi Azərbaycanın milli birliyinin, haqq və ədalət uğrunda apardığı mübarizənin ən parlaq nümunəsi kimi tarixə yazıldı. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik siyasətinin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və uzaqgörən rəhbərliyi sayəsində Azərbaycan xalqı uzun illərdən bəri arzuladığı ərazi bütövlüyünü bərpa etməyə nail oldu. 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi yalnız hərbi zəfər deyil, eyni zamanda tarixi ədalətin bərpası kimi qiymətləndirilir.
Bu müharibə zamanı dünya azərbaycanlılarının həmrəyliyi özünün ən yüksək təzahürünü tapdı. Xaricdə yaşayan soydaşlarımız düşmənin və anti-Azərbaycan qüvvələrin müxtəlif təxribatlarına qarşı fəal şəkildə etiraz edir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün yorulmadan mübarizə aparırdılar. Onların keçirdiyi etiraz aksiyaları, təşkil etdiyi beynəlxalq kampaniyalar, siyasi dairələrə və KİV-ə ünvanlanmış çağırışlar Azərbaycan xalqının haqq mübarizəsinə qlobal dəstək qazandırdı. Bu, təkcə siyasi və informasiya müstəvisində deyil, həm də mənəvi cəbhədə də tarixi Qələbəmizin əldə edilməsində mühüm rol oynadı.
Vətən müharibəsi Azərbaycanın milli gücünün və qətiyyətinin bariz nümunəsi olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının öz doğma vətəninə bağlılığını, milli birliyə və həmrəyliyə sadiqliyini göstərdi. Bu müharibə, Azərbaycanın həm siyasi, həm də hərbi cəhətdən güclü dövlət kimi öz mövqeyini möhkəmləndirməsi ilə yanaşı, milli vəhdətin, dövlət-xalq birliyinin, həmçinin beynəlxalq aləmdə güclü diaspor potensialının əhəmiyyətini də üzə çıxardı.
Xaricdə yaşayan azərbaycanlıların birgə səyi, xüsusilə informasiya müharibəsində Azərbaycanın üstünlüyünü təmin etdi. Onların göstərdiyi şücaət, Vətən sevgisi və milli maraqlar uğrunda apardıqları fəal mübarizə, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, dünya ictimaiyyətində haqq işimizə inamı daha da gücləndirdi. Bu həmrəylik təkcə müharibə zamanı deyil, həm də postmüharibə dövründə Azərbaycanın mədəni, siyasi və iqtisadi inkişafına töhfə verməkdə davam edir.
Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi milli birlik, liderlik, vətənpərvərlik və qətiyyət Azərbaycanın gələcək nəsilləri üçün əvəzsiz bir örnəkdir. Bu qələbə, azərbaycanlıların ədalət və haqq uğrunda mübarizə əzmini, milli kimliyini və birliyini əbədi olaraq gücləndirdi.
Qeyd etmək lazımdır ki, dünyada bir-birinə yaxın köklərə, tarixə və dilə malik bir çox xalqlar yaşayır. Lakin fərqli düşüncətərzlərinin mövcudluğu həmin xalqların yaşadıqları dövlətlər arasında münasibətlərə soyuqluq gətirir. Buna baxmayaraq, Azərbaycan türkdilli dövlətlərin tamhüquqlu üzvü kimi, türk dünyasının güc və qüdrətinin daha da möhkəmlənməsinə töhfə verməyə davam edir. Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatı çərçivəsindəki fəaliyyətləri və təşəbbüsləri türk dünyasının sarsılmaz gücünün formalaşmasında böyük rol oynayıb və təşkilata üzv dövlətlər tərəfindən həmişə yüksək qiymətləndirilib.
Prezident İlham Əliyevin 2021-ci ilin noyabr ayında İstanbulda keçirilmiş Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Türk Dünyasının "Ali Ordeni" ilə təltif olunması onun mühüm töhfələrinin yüksək qiymətləndirilməsi deməkdir. Bununla yanaşı, dövlət başçısına "Ali Orden"in Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilməsi Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin təzahürüdür.
Şübhəsiz ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin məqsədli işğalı ilə xalqımıza uzun illər terror törədən erməni neofaşizmi üzərindəki Qələbəsində qardaş dövlətlərin həmrəyliyinin də payı vardır.
44 günlük Vətən müharibəsi, Böyük Zəfər və 2023-cü ilin antiterror tədbirləri reginonda yeni reallıqlar yaratdı. Hazırda, müharibədən sonrakı dövrdə, Azərbaycan Cənubi Qafqaz regionundakı bütün proseslərin əsas aktoru kimi ön sırada dayanır.
Müharibə zamanı xalqımızın “dəmir yumruq” ətrafında birləşməsi və siyasi lideri İlham Əliyevin ətrafında səfərbər olması milli həmrəyliyimizin növbəti nümunəsinə çevrildi. Bu müharibə zamanı təkcə ölkəmizdə yaşayan azərbaycanlılar deyil, həm də xaricdəki soydaşlarımız erməni lobbisinin yalan və böhtanlarla dolu kampaniyalarına qarşı fədakar mübarizə apararaq dünyaya birlik və əzmkarlığımızı nümayiş etdirdilər. Azərbaycan xalqı Ali Baş Komandan ilə birgə addım-addım Zəfərə doğru irəliləyərək düşməni tam məğlub etdi, tarixi ədaləti bərpa etdi və torpaqlarımızın ərazi bütövlüyünü təmin etdi.
Bu gün isə Zəngəzur dəhlizinin açılması istiqamətində işlər aktiv şəkildə davam edir. Bu dəhliz yalnız Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı respublikasımızın qərb rayonları ilə birləşdirməklə kifayətlənmir, həm də Xəzər və Aralıq dənizi hövzələrini birləşdirən, eləcə də Cənub-Şərqi və Mərkəzi Asiyanı Avropa ilə bağlayan mühüm nəqliyyat imkanlarını açır. Eyni zamanda Zəngəzur dəhlizi təkcə azərbaycanlılar deyil, dünya miqyasında yaşayan bütün türk xalqları arasında həmrəyliyin müasir simvolu olmağa iddialıdır.
Qeyd etmək lazımdır ki, son 20 ildə ictimai-siyasi, sosial-iqtisadi, mədəni və hərbi sahələrdə əldə olunan müsbət dinamika həm cəmiyyət daxilində həmrəyliklə, həm də xalqla dövlət arasında mövcud olan qarşılıqlı fəaliyyətlə sıx bağlıdır.
Beləliklə, həmrəylik ideyası Azərbaycan üçün yalnız diplomatik və hərbi qələbələrin ardıcıl sırasını təmin etməyib. Dünyadakı azərbaycanlıların həmrəyliyi, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın uzunmüddətli davamlı inkişafının təminatçısına çevrilib.
İradə AĞAYEVA
Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana-informasiyamərkəzinin müdiri
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin