İyun ayının 16-da Bakıda IX Qlobal Bakı Forumu keçirilib. Böyük əhəmiyyətə malik olan bu mötəbər tədbir heç şübhəsiz bütün dünyanın diqqət mərkəzində idi. 50-dən çox ölkədən 400-ə qədər müstəqil expertlərin və beynəlxalq təşkilatların nümayəndələrinin, siyasətçilərin, müxtəlif dövlətlərin keçmiş dövlət və hökümət rəhbərlərinin iştirak etdiyi Forum qlobal gündəlikdə yer alan məsələlərin müzakirəsi ilə yadda qaldı. Bakı Forumunda iştirak edən qonaqların sayı və tərkibinin müxtəlifliyi ötən illərdə keçirilən Forumlara nisbətdə xeyli geniş idi.
Bakıda keçirilən Foruma marağın böyüklüyünü xüsusi qeyd etməliyik. İndi isə Bakı Forumunun önəmi haqqında şəxsi düşüncələrimi paylaşmaq istəyirəm. Ölkəmiz üçün Forumu önəmli edən məsələlərdən biri də 44 günlük vətən müharibəsindən qalib çıxan Azərbaycanın regionda artan nüfuzu və geosiya mənzərənin xeyrimizə dəyişməsi idi. Bakı Forumu vasitəsi ilə ölkə rəhbəri tərəfindən dünya ictimaiyyətinə müəyyən mesajların çatdırılması çox vacib məqamlardan xəbər verirdi. Hər birimiz bir daha şahidi olduq ki, Azərbaycan artıq nəinki regionda, hətta dünya miqyasında nüfüzu gündən-günə güclənir. Artıq neçənci dəfədir ki, Azərbaycanın belə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun yüksək təşkilatçılıq bacarığının bariz nümunəsidir.
Forumda Prezident İlham Əliyev çıxış edərək Qarabağ ətrafında baş verən hadisələrə, dünya iqtisadi və ərzaq böhranına, eyni zamanda enerji təhlükəsizliyinə dair mövzulara toxundu. Labüd və ədalətli müharibədə qalib olan Azərbaycan beynəlxalq hüququn və milli ləyaqətin bərpasına nail oldu. Məğlub olan təcavüzkar Ermənistan kaputilyasiya aktını imzaladı. Müharibə dövrü artıq geridə qaldı, indi isə önümüzdə sülh prosesinə başlamaq üçün fürsət yaranıb. Cənubi Qafqazda sülhün bərqərar olmasına çalışan Azərbaycan inteqrasiya və əməkdaşlıq üçün qapılarını açır. Azərbaycan Ermənistandan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı şəkildə hörmət etməyi tələb edir. Açıq şəkildə Ermənistan və onların havadarlarına tutarlı arqumenlərlə xəbərdarlıq edən ölkə rəhbərinin çıxışı böyük rəğbətlə qarşılandı.
Son zamanlar Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü şühbə altına alan sərsəm çıxışları ölkəmizi adekvat addım atmağa məcbur edir. Prezident İlham Əliyev: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq”.
Ölkə rəhbərinin çıxışında diqqəti çəkən digər məqam isə ATƏT-in Minsk Qrupu ilə bağlıdır. 1992-ci ildə təsis edilən və mandatı münaqişəni həll etmək olan ATƏT-in Minsk Qrupu tərəfindən 30 il ərzində münaqişəni nizamlamaq üçün heç bir nəticə əldə olunmadı. Qarabağ problemi öz müsbət həllini tapıb və Minsk Qrupunun fəaliyyətinə də ehtiyac yoxdu. Bu qurumun 30 illik fəaliyyətsizliyinə əlvida deyib təqaüdə göndərməyin zamanıdır.
Cənab Prezidentin çıxışı zamanı toxunduğu vacib məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı idi. “Laçın dəhlizi kimi Zəngəzur dəhlizi də tez bir zamanda reallaşmalıdır. Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizi ilə bağlı məsələ Azərbaycan tərəfindən həll ediləcək. Laçın dəhlizinin taleyinə rəsmi Bakı qərar verəcəkdir”.
Prezidentin sözlərinə görə, tarixi baxımından da Azərbaycanın buna daha çox haqqı çatır: “Çünki ötən əsrin tarixi göstərir ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 6 ay sonra – 1920-ci ilin noyabr ayında sovet hakimiyyəti ölkəmizin tarixi ərazisi olan Zəngəzuru bizdən alıb Ermənistana birləşdirib. Bu səbəbdən, əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə niyə azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər? Çünki bu ərazinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub”.
İlham Əliyev: “Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir və biz bununla razılaşmayacağıq”.
Ermənistan 10 Noyabr tarixində imzalanan üçtərəfli bəyanatın şərtlərini kobudca pozur. Azərbaycanın əsas hissəsinin Naxçıvanla olan əlaqəsi üçün dəhlizi açmaqdan imtina edir.
İlham Əliyev:“Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir”.
Azərbaycan lideri diqqətə çatdırdı ki, bu yol dalana dirənir: “Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən dərs çıxarmalı və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır”.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Forumun böyük əhəmiyyəti var. Geniş auditoriyaya malik olan Forumun tarixi fəaliyyətini məhsuldar hesab edirik.
Eldəniz Zeynalov,
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi,
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin