
Bu müsahibə Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə can sağlığı versin!
Qısa arayış:
Arif Abbaslı 1993-cü il dekabrın 15-də Şərur rayonunun Qıvraq qəsəbəsində anadan olub. 2000-2008-ci illərdə Qıvraq qəsəbə tam orta məktəbində, 2009-2012-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun baş leytenantı olan Arif Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Arif Abbaslı oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
XTQ baş leytenantı, Şəhid Arif Abbaslının həyat yoldaşı Könül Əhmədova ilə müsahibəyə başlayırıq...
Könül xanım, Arif bəylə həyat yolunuz necə birləşdi?
-Bizim Ariflə tanışlığımız iştirak etdiyimiz təlimlərin birində başladı. Həmin vaxt təlim iştirakçıları üçün yaradılmış qrup vasitəsilə Arif məni görmüş, nömrəmi tapmışdı. Açığı, o zamanlar Ariflə yollarımızın bir gün ailə bağlarına qədər uzanacağını heç düşünməzdim. Amma günlər keçdikcə aramızdakı bağlar möhkəmləndi, tanışlıq dərinləşdi və biz birlikdə ailə qurmağa doğru addımlamağa başladıq. Arif həyatımın ilk sevgisi, öz iradəmlə seçdiyim insan oldu. Ona görə də onun həyatdan ani ayrılığı mənim üçün çox ağır və sarsıdıcı idi. Mən hər zaman ailə anlayışına xüsusi mənəvi dəyər vermişəm və düşünmüşəm ki, ailə qurmaq hər kəsə nəsib olmur — buna layiq olmaq lazımdır. Arif elə bir insan idi ki, mən onu tərəddüdsüz həyatımın mərkəzinə qoya bildim.
Ailə qurmazdan əvvəl arzum o idi ki, həyatımda elə bir insan olsun ki, onunla yanaşı addımlayarkən daim fəxr edim. Arif həqiqətən də həmin yeri tutdu. O, cəmi 26 yaşında olsa da, həyatın məsuliyyətini və ağırlığını 40 yaşlı bir insanın müdrikliyi ilə daşıyırdı. Onun hər addımı mənim üçün qürur mənbəyi idi. Bəzən elə böyük və mənalı davranışlar sərgiləyirdi ki, mən ondan öyrənir, ondan ilham alırdım. Arifin örnək götürüləsi çox xüsusiyyətləri vardı-insanlığı, Vətən sevgisi, ailəyə bağlılığı, məsuliyyəti və yüksək əxlaqı ilə seçilirdi. Ona görə də bizim həyat yolumuzun sadəcə təsadüf olmadığını, bir təvafuk və ilahi qismət olduğunu düşünürəm. Çünki Arif mənim illərlə qəlbimdə canlandırdığım arzularımın insanı idi.
Arif üçün Vətən hər şeydən üstün idi:
-Arif hər zaman Vətənini, xalqını, millətini hər şeydən üstün tuturdu. O, son dərəcə təmkinli insan idi – heç vaxt tələsik qərar verməz, tez cavab qaytarmazdı. Davranışlarında incəlik, sözlərində dərinlik vardı. Ən əsası isə Vətən sevgisi onun üçün sadəcə bir hiss deyil, həyatının mənası idi. Arif Vətəni elə böyük bir sevgi ilə sevirdi ki, o sevginin qarşısında ən uca dağlar belə dayana bilməzdi.
Öz-özümə düşünürdüm ki, əgər bir insan Vətənini bu qədər saf və səmimi sevə bilirsə, deməli ailəsini də eyni sevgi və məsuliyyətlə qoruyacaq, qayğısına qalacaq. O, ali təhsilli idi və bu da mənim üçün mühüm məqam idi. Eyni zamanda zəhmətlə, əziyyətlə böyüyüb formalaşmışdı. Bilirdim ki, həyatını alın təri ilə quran insan, qarşısındakı insanın da zəhmətini anlayar və qiymətləndirər.
Arifin xarakterini hansı gözəl sözlərlə təsvir etməyə çalışsam da, yenə də kifayət etməz. O, həm də valideynlərinə dayaq olan, onların qayğısını çəkən, hər zaman arxa duran bir oğul idi. Onun vaxtsız gedişi yalnız bir ailəni deyil, bütöv bir nəsli sarsıtdı. Həm bizim, həm də öz ata-ana nəslində böyük hörmət və izzət qazanmış bir insan idi. Kim ondan kömək istəsə, heç vaxt geri çevirməzdi; insanlara əl uzatmağı özünə borc bilirdi. Çox ailəcanlı, istiqanlı və səmimi insan idi. Amma lazım olan anda soyuqqanlılığını qoruyar, ən çətin anlarda belə özünü itirməzdi. Onun qəlbində həm sonsuz məhəbbət, həm də sarsılmaz qəzəb vardı: xalqına və Vətəninə necə böyük sevgi bəsləyirdisə, düşmənlərə qarşı da eyni dərəcədə qətiyyətli və sərt idi.
Generalımız Polad Həşimov şəhid olanda Arif sanki içindəki ağrıya sığmırdı. O günlərdə gözlərində qəribə bir alov – intiqam atəşi yanırdı. Həmin hadisədən sonra tez-tez deyirdi: “Kaş nə vaxtsa müharibə olardı, mən də gedib şəhid olardım”. Ona sual verəndə ki, niyə belə düşünürsən, cavabı həmişə eyni olurdu: “Nə vaxta qədər biz yalnız oğullarımızı şəhid verəcəyik? Gərək biz gedək torpaqlarımızı azad edək. Şəhid olsaq belə, bilək ki, torpaqlarımız artıq bizimdir”. O inanırdı ki, nə vaxtsa müharibə başlasa, düşmənlər geri çəkiləcək, çünki onlar yaxşı bilirlər ki, bu torpaqlar onların deyil. Düşmənləri həmişə qorxaq hesab edirdi və bu inam ona güc verirdi. Arif bütün addımlarında əvvəlcə Vətəni, sonra ailəsini düşünürdü – onun həyat fəlsəfəsi məhz bu ardıcıllıq üzərində qurulmuşdu.
Könül xanım, Arif bəyin xarakterini üç sözlə ifadə etsəydiniz nə deyərdiniz?
-Onu “Vətən sevdalısı, təmkinli və fədakar” kimi xarakterizə edərdim. Arif Naxçıvanda doğulub boya-başa çatıb. Hələ uşaq yaşlarından atasının evə gətirdiyi qəzetləri maraqla oxuyar, oradakı məqalələri diqqətlə izləyərdi. Elə həmin illərdən həm düşüncə dünyası formalaşır, həm də Vətən sevgisi onun daxilində kök salırdı. Hərbiyə olan marağı da məhz bu böyük sevginin nəticəsi idi.
Arif 9-cu sinifdə — 2009-2012-ci illərdə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Daha sonra 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Xüsusi Təyinatlı Qüvvələrə qəbul zamanı 300 nəfər arasından seçilən 30 nəfərin sırasında yer alması onun nə qədər cəsur, iradəli və fədakar olduğunu açıq şəkildə göstərirdi. Həyatda çox az danışan, lakin hər sözünü ölçüb-biçən təmkinli bir insan idi. Hərbiyə sevgisi onun üçün sadəcə peşə deyildi-bu, həyatının mənası, varlığının səbəbi idi. Həmişə ilk duası belə olardı: “İşimi layiqincə yerinə yetirim, Vətənə layiqli, xeyirli insan olum”. Arif vəzifə və forma üçün deyil, həqiqətən xalqının yanında olmaq, Vətəninin dayağına çevrilmək, insanların qayğısına qalmaq üçün yaşayırdı.
Bəzən verdiyim suallar cavabsız qalardı. Nə “hə”, nə də “yox” deyərdi — sadəcə susmağı seçərdi. Hərbi xidmətlə bağlı demək olar ki, heç nəyi bölüşməzdi; nə mənimlə, nə də ata-anası ilə. Getdiyi təlimlərdən belə xəbərim olmazdı. Hətta bəzən qaynatam zəng edib Arifi soruşanda, səmimi şəkildə “inanın, mən də harada olduğunu bilmirəm” deyərdim. Çünki o, hərbidə olarkən yerləşdiyi məkan barədə danışmağı qətiyyən sevməzdi; bu onun məsuliyyət hissindən və peşəsinə olan sədaqətindən doğurdu.
Könül xanım, Ariflə bağlı yaddaşından silinməyəcək xatirələrindən danışır:
-Ariflə cəmi iki il evli olduq. Amma o iki ilə bir ömürlük xatirə, bir ömürlük dərs sığdı. Evliliyimizin elə ilk aylarından Arif şəhidlik haqqında danışardı. Şəhidliyin necə uca zirvə olduğunu, insanın şəhid olandan sonra hansı mənəvi ucalığa yüksəldiyini izah edərdi. Bəzən də “əgər nə vaxtsa həyatda olmasam, bunu belə edərsən...” kimi cümlələr qurardı.
Bizim iki ilimiz, demək olar ki, belə söhbətlərlə dolu idi. Elə fikirlər vardı ki, məni üzməmək üçün onları zarafatla deyirdi. Amma mən hər dəfə onun sözlərindən sonra düşünürdüm ki, Arif həqiqətən çox çətin və məsuliyyətli bir peşə seçib. Sanki məni nəyəsə hazırlayırdı. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) mənsubu olmaq heç də asan deyil. Özü də deyirdi: “Bunun axırı ölüm də ola bilər, Könül”.
Ona görə də haradasa, nə vaxtsa belə bir hadisənin baş verə biləcəyini anlayırdım. Amma bu qədər tez olacağını heç ağlımın ucundan belə keçirmirdim. Arif deyirdi: “Sən çox düşünmə. Mən nə birinciyəm, nə də axırıncıyam. Qismətimizdə şəhidlik varsa, o da olacaq”. Yay ayları idi. Bir gün qapı döyüldü. Açdım, gördüm ki, qapıda Arif dayanıb, əlində də bir kitab var. Kitabı mənə uzatdı və gülümsəyərək dedi: “Bilirsən də, insan şəhid olanda onun ailəsinə bayrağı belə uzadırlar...” Qapını açan kimi bu cür zarafat etmişdi. O an sadəcə bir söz kimi səsləndi, amma sonradan həmin anın ağırlığını daha dərindən hiss etdim.
Biz o vaxt evə içməli su alırdıq. Arif tez-tez məndən soruşardı: “Sən neçə litrlik su götürə bilirsən? Əgər mən həyatda olmasam, bilim ki, sən neçə litr su qaldıra bilərsən. Çox ağır su almayasan...” Onun bu sözləri həm qayğı idi, həm də gələcəklə bağlı səssiz bir ehtiyat. Sentyabrın 20-si idi. Arif qəfil dedi: “Gəl, çıxaq şəhərə.” Bulvar ərazisində bir qədər gəzdik. Dənizin səsi, sakit axşam, adi bir gün kimi görünürdü hər şey. Birdən Arif əli ilə Şəhidlər Xiyabanını göstərdi və dedi: “Burada Vətəni canından, qanından çox sevən əziz şəhidlərimiz uyuyur”. Sən demə, bu sözlərdən cəmi bir həftə sonra Vətən müharibəsi başlayacaqdı. Sentyabrın 26-sı idi. Arif müharibəyə yola düşdüyü səhər Ləmanı qucağına aldı, onu boynundan öpdü və sakit səslə dedi: “Bilmək olmaz, bundan sonra övladımı öpmək qismət olar, ya yox...”
O an zaman sanki dayandı. Bir ata övladını son dəfə qucaqladığını hiss edirmiş kimi baxırdı. Mən isə o baxışların mənasını sonradan anlayacaqdım…
Könül xanım həyat yoldaşının tez-tez yuxularına gəldiyini də xüsusi vurğulayır:
Oktyabrın 12-si axşam qızımız Ləman dayanmadan ağlamağa başladı. Əslində o, çox sakit uşaqdır. İlk dəfə idi ki, Ləmanın bu qədər hönkür-hönkür, dayanmadan ağladığını görürdüm. Nə etsək də sakitləşdirə bilmirdik. Elə bil körpə qəlbi ilə nəyisə hiss edirdi. Həmin gün mənim də üzüm gülmürdü. Səssiz-səmirsiz, səbəbini izah edə bilmədiyim bir ağrı qəlbimin dərinliyindən qalxıb məni sıxırdı. İlk dəfə idi ki, belə bir hal yaşayırdım. Sanki ürəyimdə görünməz bir sızıltı vardı.
Axşam saat ona qalmış qaynatam zəng etdi. Səsimdən yaxşı olmadığımı, həmişəkindən daha sakit və dalğın olduğumu dərhal hiss etdi. Dedi: “Qızım, mən səni belə görməmişəm. Nəsə olub?” Cavab verdim ki, Arifdən narahatam. O isə məni sakitləşdirməyə çalışaraq dedi: “Danışmışam, salamatlıqdır”. Amma nədənsə bu sözlər ürəyimə su səpmədi. Telefonu söndürəndən sonra öz-özümə dedim: “Arif evə sağ-salamat qayıtmayana qədər mən həmişə narahat olacağam...”
Artıq ayın 13-ü Arif şəhidlik zirvəsinə ucalıbmış... Həmin gün anladım ki, 12-si qəlbimi yandıran o ağrı təsadüfi deyilmiş. Demək ki, mən onun şəhidliyini ürəyimlə hiss etmişəm. Doğrusunu desəm, oktyabrın 13-dən noyabrın 8-nə qədər Arif yuxularıma gəlmədi. O səssizlik daha da ağır idi. Lakin noyabrın 8-i – müharibənin başa çatdığı gün – səhər saat dörd-beş radələrində həyətdən “Arif!” deyə məhlə gənclərinin səslərini eşitdik. Elə həmin səhər, ilk dəfə olaraq Arifi yuxuda gördüm. Ağ maşından enirdi. Əynində kostyum vardı. Üzündə isə o tanış, nur saçan təbəssüm... Gülümsəyə-gülümsəyə qapıdan içəri keçirdi. O anları sözlə ifadə etmək çətindir. Sanki zaman dayanmışdı. Həmin yuxudan sonra qəlbimdə bir əminlik yarandı: Arifin ruhu şaddır. Zəfər günü ilə bağlı ilk böyük parad keçiriləndə də Arif yenidən yuxuma gəldi. Bu dəfə ağ rəngli kostyum geyinmişdi. Nur içində idi. O vaxtdan sonra Arif tez-tez yuxularıma gəlir. Ən çox da qəlbim narahat olanda, hansısa çətinliklə üzləşəndə… Hər dəfə onu görəndə ruhum sakitləşir. İşlərim asanlaşır, düyünlər çözülür, qəlbim huzur tapır. Onun varlığını hiss edirəm. Şəhid olmaq Arifin ən böyük arzusu idi. O deyirdi: “Mən şəhid olmaq istəyirəm. Şəhidlik elə bir uca məqamdır ki, hər adama nəsib olmur”. Və o, arzusuna çatdı...”
Könül xanım deyir ki, Arifin ən çox üz tutduğu məkan Şəhidlər Xiyabanı idi.
Onunla birlikdə çalışan bir neçə dostu da bunu təsdiqləyir. Deyirlər ki, həftə sonları Arif onları mütləq Şəhidlər Xiyabanına aparardı. Bir dəfə dostlarından birini ora aparıb şəhidlərimizin qəhrəmanlığından, şücaətindən, keçdikləri şərəfli döyüş yolundan danışmışdı. Hər məzarın önündə dayanıb bir tarix, bir taleyi xatırladırdı. Sonda isə dostuna belə demişdi: “Gör sən necə bir insan olasan ki, səni Fəxri Xiyabanda dəfn etsinlər”.
Arif çox danışan insan deyildi. Amma danışanda hər kəlməsi qızıldan qiymətli idi. Sözləri sadə olsa da, mənası çox dərin idi. 8 Mart günü idi. Arif evdən çıxarkən soruşdum ki, hara gedirsən? Dedi: “Hərbçi dostları götürüb Fəxri Xiyabana gedirik. Vətən sevgisini aşılamaq lazımdır. Deməklə olmaz, onu göstərmək lazımdır”. Və yenə onları Şəhidlər Xiyabanına apardı. 8 Mart həm də qaynanamın doğum günüdür. Ötən il qaynanamı ziyarət etmək üçün Naxçıvana gedəndə Arifin döyüş yoldaşları da gəlmişdi. İndi təsəvvür edin – 8 Mart günü həmin yoldaşlar öz ailələri ilə gəzintiyə çıxmaq əvəzinə Arifin və digər şəhidlərimizin ailələrini ziyarət etməyə gəlmişdilər. Bu, Arifin onlara aşıladığı Vətən sevgisinin, sədaqətin, dəyərin ən canlı nümunəsi idi.
Hətta Ariflə nişanlı olduğumuz vaxt bizim birlikdə getdiyimiz ilk məkan da məhz Fəxri Xiyaban olmuşdu. Danışdıqca anlayıram ki, Arif sevdiyi insanları Fəxri Xiyabana aparırdı. Ziyarət edirdi. Sanki özünü onlara qarşı borclu hiss edirdi. Sanki o müqəddəs məkan onun üçün sadəcə bir xiyaban deyil, bir and yeri idi. Bu gün isə mən qürurla deyə bilirəm ki, yoldaşım Fəxri Xiyabanda dəfn olunub. Arifin bir cümləsi vardı. Deyirdi ki: “Mən şəhid olsam da olar, yetər ki, xalqım, Vətənim firavan yaşasın”. O, bu sözləri təkcə demədi. O sözləri yaşadı. Və sözünə sadiq qaldı.
Könül xanım Arif bəyin qızı Ləmana olan sonsuz sevgisindən də danışıb.
Ləman hələ dünyaya gəlməzdən əvvəl Arif qız övladı arzulayırdı. Deyirdi ki, qız övladı ata üçün başqa bir aləmdir. Qızımız olacağını öyrənəndə sevincinin həddi-hüdudu yox idi. O gündən sonra Ləman haqqında xəyallar qurmağa başlamışdı. Onun gələcəyi ilə bağlı o qədər saf, o qədər gözəl arzuları vardı ki…
Arif həmişə deyirdi ki, Ləman çox yaxşı oxumalıdır, savadlı, dünyagörüşlü, yüksək ali təhsilli olmalıdır. Qızının güclü, mərd və Vətəninə bağlı böyüməsini istəyirdi. Onun üçün ata olmaq sadəcə bir ad deyildi – məsuliyyət idi, sevgi idi, dayaq olmaq idi. Əminəm ki, o, qızına çox gözəl ata olacaqdı. Ləmanın əlindən tutub ilk addımlarını izləyəcək, məktəbə ilk gün özü aparacaq, hər uğurunda ondan daha çox sevinəcəkdi. O, qızının həm qəhrəmanı, həm də ən yaxın dostu olacaqdı. Amma bu həyatın yazılmamış qanunları var. Onu yalnız Allah bilir və görür. Bəzən insanın ən saf arzuları belə ilahi yazının qarşısında susur.
Arif şəhid olanda Ləman cəmi bir yaşında idi. O yaşda bir uşaq atasını xatırlamaz bəlkə… amma bir gün böyüyəndə atasının necə bir insan olduğunu, necə bir Vətən sevdalısı olduğunu anlayacaq. Və o zaman qürurla deyəcək ki, mənim atam sözünü canı ilə təsdiq edən bir qəhrəman idi.
Könül xanım deyir ki, Arifin döyüş yoldaşları onu hər zaman cəsarətli, prinsipial və məsuliyyətli zabit kimi xatırlayırlar:
Onların sözlərinə görə, Arif Abbaslı təkcə komandir deyildi — o, əsgərləri üçün həm arxa dayağ, böyük qardaş idi. Ən çətin və taleyüklü anlarda belə soyuqqanlılığını qoruyar, qətiyyətli duruşu ilə silahdaşlarına güvən və ruh yüksəkliyi aşılayardı. Onun varlığı belə döyüş yoldaşlarına güc verirdi.
Silahdaşları bildirirlər ki, Arif Vətənə xidməti həyatının ali məqsədi sayırdı. O, heç zaman arxada dayanmağı seçməz, daim ön cəbhədə olmağı özünə borc bilərdi. Döyüş meydanında göstərdiyi qətiyyət, çevik qərarları və güclü idarəçilik xüsusiyyətləri onu şəxsi heyət arasında böyük hörmət sahibi etmişdi. Onun üçün ən vacib məsələ əsgərlərinin təhlükəsizliyi idi. Çətin şəraitdə, ağır sınaqlar qarşısında belə ətrafındakıların ruhdan düşməsinə imkan verməzdi. Sözləri ilə ümid verər, baxışı ilə inam aşılayar, davranışı ilə hər kəsə nümunə olardı. O, qorxunun yerini cəsarətlə, ümidsizliyin yerini inamla doldurmağı bacarırdı.
Döyüş yoldaşları Arif Abbaslını vətənpərvərliyi, səmimiyyəti və möhkəm xarakteri ilə xatırlayaraq vurğulayırlar ki, o, hər zaman əsl Azərbaycan zabitinin timsalı kimi yaşayacaq. Onun şücaəti və fədakarlığı isə gələcək nəsillər üçün örnək, Vətən sevgisinin canlı nümunəsi olaraq qalacaq.
Şəhidimizin qaynanası Şəlalə müəllimə Arif haqqında danışarkən gözləri dolur:
“Arif çox istiqanlı, Vətənpərvər, mehriban, təmkinli və dərin bir insan idi. O, təkcə bizim ailənin yox, bütün Vətənin oğlu idi. Baxışlarında həmişə məsuliyyət, mərdlik və qərarlı bir sakitlik vardı. Evdən çıxarkən gözlərində qəribə bir arxayınlıq hiss edərdim – sanki Vətəni qorumağın müqəddəs şərəfini yaşayırdı. Arifin adı çəkiləndə həm qürur duyuram, həm də bir ana kimi ürəyim titrəyir. O, sadəcə qızımı əmanət etdiyim bir insan deyildi. O, ürəyi Vətən üçün döyünən, amalına sadiq bir qəhrəman idi. Ailəsini, övladını çox sevirdi. Hər zaman deyirdi ki, “Mən bu yerlərə böyük əziyyətlərlə gəlmişəm. İstəmirəm ki, ailəm nədənsə əziyyət çəksin.” Evə aldığı hər şeyi ən yaxşısından seçər, sevə-sevə gətirərdi. Onun sevgisi qayğısında, baxışında, susqunluğunda belə hiss olunurdu. İndi Ləmanın gözü atasını hər yerdə axtarır… Əvvəllər ona deyirdik ki, “atan səmadadır, bizi görür”. O isə buna inanırdı. İndi artıq birinci sinfə gedir. Böyüyür… və o sözlərə əvvəlki kimi inanmır. Bu, bizim üçün də, onun üçün də ağırdır.
Amma zaman keçəcək. Ləman bir gün atasının necə uca zirvəyə yüksəldiyini, necə müqəddəs bir ad qazandığını daha dərindən anlayacaq. O zaman atasının yoxluğunu göz yaşı ilə deyil, qürurla xatırlayacaq. Çünki o, bir qəhrəmanın – Vətəni canından əziz bilən bir igidin övladıdır”.
Könül xanım müsahibənin sonunda fikirlərini belə tamamlayıb:
“Arif deyirdi ki, mən yaddaşlarda iz buraxmaq, insanların xatirində yaşamaq istəyirəm”. Əminəm ki, Arif Abbaslı artıq xalqımızın yaddaşında əbədi yaşayan qəhrəmanlardandır. Bu gün onun adı 29 saylı məktəbdə kitabxanaya və sinif otağına verilib. Naxçıvanda təhsil aldığı məktəbdə isə üç sinif onun adını daşıyır. Eyni zamanda Xətai rayonunda bir küçə də onun adını daşıyır. Bu, təkcə bir ad deyil – bbu, bir ömrün, bir amalın, bir Vətən sevgisinin nişanəsidir.
Könül xanımın ən böyük arzularından biri də Arifin xatirə guşəsinin yaradılmasıdır. O inanır ki, yaxın zamanda bu arzu da gerçəkləşəcək və Arifin adı gələcək nəsillərə daha yaxından tanıdılacaq.
Arifin son anları isə hər kəsi kövrəldir. Onun son sözü belə olub: “Mən övladımı 3-4 ay olsun heç olmasa görə bilmədim…” Döyüş yoldaşları deyirlər ki, Arifi yalnız həmin an kövrələn gördük. Həmin sözlər bir atanın qəlbindən qopan ən saf, ən yanğılı hiss idi. Amma o, övladını görə bilməsə də, Vətəni üçün canından keçərək minlərlə övladın sabahını qorudu. Arif Abbaslı artıq təkcə bir ailənin yox, bütöv bir xalqın övladıdır. Onun adı yaşadıqca, xatirəsi də ürəklərdə yaşayacaq.
Fəridə Ağazadə
Jurnalist













Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








