
Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifiolduğu "Vətən" layihəsi çərçivəsində altıncıkitab üçün yazıya alınıb. Layihənin məqsədicanları bahasına tarix yazan şəhidlərimizinhəyat və döyüş yolunu işıqlandırmaq, onlarınxatirəsinə həsr olunan müsahibələrdən ibarətkitabların ərsəyə gəlməsidir. Şəhidlərimizinruhu şad olsun, Allah qazilərimizə cansağlığıversin!
Qısa arayış:
Şəhid Vəliyev Oruc Ramiz oğlu 13 iyul 1994-cü ildə Gəncə şəhərində anadan olub. 2001-ci ildə Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam ortaməktəbin 1-ci sinfinə daxil olub, 2012-ci ildə Bakı şəhərindəki 36 nömrəli tam orta məktəbi bitirib.2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırışüzrə Dövlət Xidmətinin Gəncə Şəhər NizamiRayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Azərbaycan Silahlı Qüvvələrinin QuruQoşunlarında,Fizuli rayonunda,düsmenle üzbəüzposta xidmət edib və manqa komandiri olub.2020-ci ilin sentyabr ayında AzərbaycanOrdusunda keçirilən hərbi təlimlərə könüllü olaraqgedib. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.O, Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşub.Döyüşlərdə xüsusiqəhrəmanlıq göstərib, Murov zirvəsinin işğaldan azad edilməsində yaxından iştirak edib. 2 oktyabr 2020-ci il tarixində yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyərkən şəhidlik zirvəsinə yüksəlib.
Şəhid Oruc Vəliyev 18 dekabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vəliyev Oruc Ramiz oğlu ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
-Vətən layihəsi komandası olaraq şəhid OrucVəliyevin ailəsi ilə həmsöhbət olmaq üçün onlara yollandıq:
-Şəhid Oruc Vəliyevin evinə yaxınlaşdıqca ürəyimdə qəribə bir həyəcan hiss edirdim. Havada da qəribə bir sükut vardı. Sanki özü burada bizi qarşılayırdı. Darvazadan içəri keçəndə şəhidimizin əziz anası, Təranə xanımın gözlərində həm qürur, həm də dərin kədəri görmək mümkün idi. İçəri daxil olduq. Bir anlıq otaqda tam bir səssizlik yarandı.Yalnız divardan asılan şəhid portreti bizə baxırdı-sakit, məğrur, əbədi yaşayan qəhrəman kimi...Təranə xanım bizi həmsöhbət olacağımız otağa dəvət etdi. Səsi titrəyirdi, amma göz yaşlarını saxlamağa çalışırdı. Birdən elə hiss etdim ki, Oruc da burdadır. Divardan asılmış şəkli elə baxırdı ki, sanki hər şeyi eşidirdi. O burdaydı. Həmişə olduğu kimi, ailəsinin, Vətəninin içində yaşayırdı...Əbədi.
-Şəhid Oruc Vəliyevin anası, Təranə xanım oğlunun vətənpərvərliyi və fədakarlığə ilə bağlı xatirələrini bizimlə bölüşdü:
-Oruc Vətənə bağlı, bayrağını, torpağını sevən,mərd, cəsur, igid bir oğul olub. O, uşaqlıqdan Vətən eşqi ilə böyüyüb. Hətta hərbi xidmətdən qayıdandan sonra deyirdi ki, görəsən, nə vaxt əmr gələr və biz torpaqlarımızı düşmən tapdağındanazad edəcəyik. Hərbi xidmətdən qayıdandansonra bir neçə yerdə mühafizə xidmətində çalışıb.Allaha bağlı, halal zəhməti ilə çalışan oğul olub.Öz zəhməti ilə maşın da almışdı. Əsla kimdənsənəsə almağı, nəsə ummağı sevməzdi. Ancaq zəhmət, çalışmaq və halal çörək qazanmağı üstün tutardı. General Polad Həşimov şəhid olandanbizim xəbərimiz olmadan könüllü hərbiyə yazılıb.Amma bizim bundan xəbərimiz olmayıb. 2020-ci il sentyabrın 21-də Orucu təlimlərə çağırdılar. Həmin gün ürəyim əsirdi, qəlbimdə bir narahatlıq vardı. Analar həmişə öncədən hiss edirlər. Bir ana olaraq oğlumun boynuna sarıldım və onu bağrıma basdım. Heç buraxmaq istəmirdim. Oruc dedi ki, “ana, maşın qəzasında ölməkdənsə, şəhidlik zirvəsinə ucalmaq daha yaxşıdır”. Ondan sonra üzümü öpdü və dedi ki, “ana, şəhdilik böyük zirvədir”. Eləcə oğlumu ağlaya-ağlaya yola saldım. Hətta atasının işdən gəlməyini gözləmədi. Sadəcə telefonla danışıb, sağollaşdı. Yolda əmisi oğlu Oruca zəng edir ki, axı sən evin tək oğlusan. Oruc da cavabında deyir ki, “evin tək oğlu ölmür?Nə bilirsən qayıdandan sonra ölməyəcəm?”. Bu sözləri deyəndən sonra telefonu söndürür. Ondan sonra sübh namazında dəstnamaz alır, namazını qılır. Sonra bütün əşyalarını, açarını, telefonunu hamısını maşında qoyur və yollanır onun çağırıldığı səfərbərlik xidmətinin rayon şöbəsinə. Ondan sonra artıq sentyabrın 25-dən Oruc təlimlərə qatılır və ondan sonra isə Murovdağ istiqamətində döyüşlərə gedir. Oktyabırın 1-dən 2-nə keçən gecə yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyərkən şəhidlikzirvəsinə ucalıb.
-Şəhid anası Oruc Vəliyevin döyüş yoldaşlarının onun şücaəti haqqındakı fikirlərini bizimlə bölüşdü:
-Orucun döyüş yoldaşları onun şücaətini və cəsarətini həmişə yüksək qiymətləndirirlər. Döyüşlər zamanı, xüsusən də sion döyüşlərdə, o, döyüş mövqelərini qorumaq və düşmənin irəliləməsini dayandırmaq üçün böyük cəsarət göstərib. Orucun yüksək döyüş bacarığını, qrupun birliyini qorumaq əzmini heç unutmurlar. Onlar deyirlər ki, Oruc Vəliyev ancaq verilən döyüş tapşırıqlarını necə ən yüksək səviyyədə həyata keçirməyi düşünürdü. Hətta döyüş anında elə motivasiyalı fikirlər söyləyirdi ki, hamı bir nəfər kimi düşməni məhv etməyə can atırdı. Hətta Oruc, yaralı döyüş yoldaşlarına deyib ki, sizdən bir xahişim var:
“Əgər evə çatsanız atama deyərsiniz ki, mənim 100 manat borcum var, onu versin.Bilirəm ki, mən şəhid olacam”. Hər bir döyüş yoldaşı Oruc haqqında danışarkən, onun qeyrətli, mərd, döyüşdə ən öndə gedən qəhrəman oğul olduğunu deyirlər. Balam namazını qılandan 10 dəqiqə sonra şəhidlik zirvəsinə ucalıb. Allahı çox sevirdi elə Allaha da tez qovuşdu. Bu da İlahi bir sevgidir.
-Təranə xanım deyir ki, şəhid anası olmaq həm sonsuz qürur, həm də sağalmaz bir ağrıdır:
-Oğlum Vətən üçün şəhid oldu, o əbədiyyətə qovuşdu. Bu gün Oruc təkcə mənim deyil, bütün millətin oğludur. O, torpağa deyil, ölümsüzlüyə, ən yüksək məqama, şəhidlik zirvəsinə ucalıb. Əlbəttə ki, o, mənim balamdır, amma Vətənin də oğludur. Oruc şəhid olandan 85 gün sonra nəşi tapılıb. Həmin günlərdə yaşadıqlarımı heç bir sözlə ifadə edə bilmərəm. Bəzən ümidim yaranırdı ki, hardasa sağdır və gələcək. Sonra dua edirdim ki, Allahım, heç olmasa balamın cansız bədəninə də olsa sarıla bilsəydim. İnanmazdım ki, belə dua edərəm. Bilirdim ki, övladım Vətən uğurnda döyüşə gedib. Həmin vaxtlarda balamı yuxuda gördüm. Ağ köynəkdə uzanıb, deyir ki, “ana mən sağam”. O, yuxudan sonra öz-özümə düşündüm ki, bəlkə balam sağdı. Hər dəfə namaz üstə dua edirdim ki, İlahi, hər nədirsə balam tapılsın. Dekabrın 18-də balamı bizə təhvil verdilər. O gün bilmədim nəşinin tapılmağına sevinim, yoxsa balamın ölümünə üzülüm. O qədər çətin və kədərli duyğulardı ki, saatlarla danışsam da ifadə etmək çox çətin olar.
-Şəhidimizin anası oğlunun sakit, gülərüz, mülayim, mərhəmətli eyni zamanda yardımsevər bir oğul olduğunu söylədi:
-Oruc böyük kimi yol göstərən, yardım etməyi sevən, hər kəsə əl tutan oğul olub. Hətta bir çox mözularda Orucdan məsləhət alırdım. Bəzən elə gözəl fikirlərlə yol göstərirdi ki, sanki böyük bir ağsaqqaldan məsləhət alırdım. Qürurlu, ağır təbiətli, böyüklə böyük, kiçiklə kiçik idi. Süfrəyə “Bismillah” ilə oturar “Əlhəmdulillah” ilə qalxardı. Həmişə deyərdi ki, “ana, qoy evimizə həmişə halal qazazncımız girsin”. Orucun bir bacısı var. Aralarında 14 yaş fərq olsa da, bacısına çox bağlı idi. Onunla birlikdə deyib-gülməyi, yemək yeməyi çox sevərdi. Harasa gedəndə üzümdən, əlimdən öpməmiş evdən çıxmazdı. Deyərdi: “ay ana qoy əlindən, ayağından öpüm, Allah da mənə ruziverər”. Atası ilə də çox mehriban idilər. Hətta atası hər səhər onun kürəyini sığallayaraq işə getmək üçün oyadardı. Atası usta işləyirdi. Ona çox ağırlıq düşməsin deyə çox vaxt köməyə gedərdi. Oruc əziyyətlə, zəhmətlə, halallıqla pul qazanan övlad olub. Fəhləlik də edib, daş da daşıyıb. Heç kimdən nəsə ummayıb. Cümə namazlarını heç qaçırmazdı. Hamıya deyərdi ki, ancaq Allaha bağlı olun. Ən böyük arzularından biri də müqəddəs ziyarətlərə getmək idi. Daha sonra evlənib, ailə qurmaq, maşını dəyişib daha yaxşısını almaq kimi istəkləri də vardı. Həm də Oruc öz babasının adını daşıdığı üçün hamı ona böyük kimi baxır və hörmət edirdi.
-Şəhidimizin bacısı Fatimə Vəliyeva qardaşı Oruc Vəliyevin əsl qəhrəman olduğunu qeyd etdi:
-Biz qardaşımla bir-birimizə çox bağlı olmuşuq. Mən ondan 14 yaş kiçik idim. Həmişə mənimlə mehriban, qayğıkeş olub. Mənim fikir və düşüncələrimin formalaşmasında qardaşım çox kömək edib. Mən qardaşımla böyüdüm, amma onsuz yaşamağı heç təsəvvür etməzdim. Onun adını daim yaşatmaq üçün əlimdən gələni edəcəyəm. O, heç vaxt ölməyib, biz onu daim qəlbimizdə yaşadırıq. Qardaşım evimizin dirəyi idi.Onun balaca bir not dəftəri var idi və onu həmişə yastığının altına qoyurdu. Həmin not dəftərinə qılmadığı namazların tarixini, məqsədlərini və arzularını yazırdı. Bir gün o dəftəri açıb oxudum. Orada yazılmışdı ki, “bacım Fatimənin fikir və düşüncələrinin formalaşmasında ona kömək etmək”. Qardaşıma çox bağlı olmuşam. Həmişə deyib-gülürdük. Hətta mənə namazı da öyrətmişdi. Çox vaxt bir yerdə qılırdıq.Ən çox onunla rəsm çəkmək üçün darıxıram. Qardaşım tez-tez yuxuma gəlir. Nə vaxt ki, çox darıxıram və içimdən onu görmək gəlir, elə o gün yuxumda görürəm. O, şəhid olanda mənim 13 yaşım var idi. Qardaşım əbədiyyətə qovuşdu, biz onunla daim fəxr edirik.
Şəhid ailələrinin qapısı millətin qürur yeridir, amma o qapıdan ayrılarkən insanın ürəyində bir iz, bir yara qalır. Şəhidimizin ailəsinin gözlərindəki nisgil, eyni zamanda, qürur dolu baxışlar məni dərin düşüncələrə qərq etdi. Şəhidimizin anasının titrək səsi hələ də qulağlmda idi. Təranə xanım Oruc Vəliyevin uşaqlıq illərindən danışanda gözlərindəki kədəri, səsindəki titrəyişi duymamaq mümkün deyildi. Həmin an başa düşdüm ki, şəhid ailələrinin içində daşıdığı yük bizim dərk etdiyimizdən qat-qat ağırdır. Bir anda gözüm Orucun hərbi geyimdə olan şəklinə boylandı. Baxışları sərt və qətiyyətli idi-sanki “mən burdayam, hər zaman Vətənim üçün varam” deyirdi. Evdən çıxanda sanki bir anlıq dayandım. Qapını örtərkən geri baxdım-o evdə qürur, fədakarlıq və Vətən sevgisi yaşayırdı. Çöldə hava sakit idi. Amma içimdə bir fırtına qopurdu. Düşüncələrlə addımlayırdım.Biz şəhidlərimizi tək-tük günlərdə yox, hər an, hər zaman xatırlamalıyıq. Çünki onlar bizə sadəcə bir torpaq deyil, şərəf, qürur və suverenlik qazandırıblar...
Şəhidlərimizin ruhu göylərdə, adları dillərdə, xatirələri isə qəlblərdə yaşayır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Cəmi şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Fəridə Ağazadə
Jurnalist

















Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin