147 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çapdan çıxan qəzet bir millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Bu illər ərzində qəzetdə dövrünün bir çox ziyalı və maarifpərvərlərinin – Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Heydərinin Dərbənddən göndərdikləri məktubları, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Mirzə Fətəli Axundovun”Vəkili-naməlumi millət” imzası ilə məqalələri, Seyid Əzim Şirvaninin şeirləri və s. dərc olunub.
Lakin belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı. Azərbaycan tarixində ilk mətbu orqan olan “Əkinçi” sonrakı illərdə yerini “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallara verdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Ölkəmizin mətbuatının qürurverici tarixi nəşrlərindən biri də ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlməyən, ilk nömrəsi 1906-cı il aprelin 7-də işıq üzü görmüş “Molla Nəsrəddin” jurnalıdır. Jurnalın redaktoru Mirzə Cəlilin əsas qayəsi milləti müasir dünyaya uyğun səviyyədə görmək idi. “Molla Nəsrəddin” bu amallar uğrunda mübarizə fonunda yaranmışdı.
Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 146 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq qadaöan edilmişdi.
1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Həmin illərdən etibarən milli mətbuatımız azad və demokratik mətbuat missiyasının, yenilənən informasiya vasitəsilə operativ məlumatlandırmanın daşıyıcısı olub. Ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz bu dövrdə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb. Ümumilikdə, Ümummilli öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.
Ölkəmizdə mətbuata olan diqqət və qayğı Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da gücləndirildi. Prezidentin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının” təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi.
Həmin vaxtdan ötən 145 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatının inkişafı üçün indi daha fərqli addımlar atılır. Bu addımlardan ən başlıcası 2021-ci ilin yanvarında Prezidentin Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyidir. Dövlət başçısının Medianın İnkişafı Agentliyinin yaradılması ilə bağlı Fərmanı onun mətbuata qarşı diqqətinin və medianın inkişafı üçün göstərdiyi qayğının növbəti təzahürü idi. Müasir dövrdə sürətlə inkişaf edən informasiya və kommunikasiya texnologiyalarının şahidiyik. Təbii ki, bu inkişaf media sahəsində də yeniliklərin və yeni tələblərin yaranmasına gətirib çıxarır. Bu səbəbdən yaradılan MEDİA-nın yaradılması zərurəti və rolu danılmazdır.
Azərbaycan mediasının daha bir uğurlu fəaliyyəti 2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsin zamanı oldu. Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazandı. Mütəmadi olaraq ölkəmizə qarşı qara kampaniya aparan dairələr bu müddət ərzində də öz çirkin əməllərindən əl çəkmədilər. Amma buna baxmayaraq, informasiya müharibəsində də üstünlük öz tarixi torpaqlarını işğaldan azad edən, haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan tərəfində oldu.
Media nümayəndələrinin müharibə zamanı apardığı mübarizəsi müharibədən sonra indiyə qədər davam etməkdədir. Media nümayəndələri işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edirlər, ermənilərin törətdikləri vəhşilikləri, vandallığı bütün dünyaya çatdırırlar. Bununla belə Azərbaycan mətbuatının iki nümayəndəsi erməni terrorunun qurbanı oldu. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşdü. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov müqəddəs bildikləri peşə vəzifələrini yerinə yetirərkən şəhid oldular.
Bütün dövrlərdə mətbuat cəmiyyətin aynası hesab edilir. Bu səbəbdən mətbuat ictimai şüurun yetkinlik səviyyəsinə uyğun olaraq təkmilləşir, eləcə də dövrün aktual çağırışlarını düzgün dəyərləndirə bilir. Hazırda respublikamızda çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir, müstəqil media qurumları yaradılır. Müasir dövrdə isə informasiya mübarizəsinin qalibi olan tərəf bütün mübarizələrdən qalib ayrılmağa təkan verən qüvvələrdəndir.
Hazırkı şəraitdə Azərbaycan dövlətinin mətbuatdan başlıca gözləntiləri milli informasiya məkanının təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim müdafiə edərək uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini qorumaqdır.
Milli Mətbuat Günü münasibətilə işinə vicdanla yanaşan bütün mətbuat işçiləri həmkarlarımı təbrik edir, onlara məsuliyyətli işlərində yeni-yeni uğurlar arzu edirəm!
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Aydın Tağıyev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin