Son zamanlar Art terapiya üsulundan geniş istifadənin şahidi oluruq. Bu terapiya musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür. Art terapiyanın əsas məqsədi fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, yaradıcılığını daha da artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etməkdir. İlk dəfə 1950-ci illərdə ortaya çıxan bu üsul hazırda ölkəmizdə də getdikcə yayılmaqdadır.
İncəsənət və terapiyanı özündə birləşdirən bu üsulla daha yaxından tanış olmaq üçün psixoloq, art terapevt Leyla Əliyeva ilə həmsöhbət olduq. Müsahibim artıq iki ildir bu üsulla kurslar tədris edir. Sənət terapiya təhsilini Böyük Britaniya (BAAT – Art Therapy ) və Türkiyədə (Üsküdar və Altınbaş Üniversitetləri Sanat Terapisi) alan psixoloq qeyd edib ki, hazırda kursda məhz beynəlxalq standartlara uyğun proqamla tədris həyata keçirilir.
Anmedia.az müsahibəni təqdim edir:
- Leyla xanım, art terapiya nədir və daha dəqiq desək, nə üçündür?
- Art terapiya-psixologiya və sənətin birləşməsindən yaranan terapiya üsüludur. Bu terapiya üsulu, insanın birbaşa yaradıcılığına istiqamətlənib. Belə deyim, şəxsin birbaşa öz daxili aləmini görməsi və onu narahat edən duyğu, travmaların tez müddətli həllinə yönəlib. Ümumiyyətlə, hər zaman vurğulayıram ki, xarici özünü görmək istəyən güzgüyə, daxili özünü görmək istəyən isə mütləq yaradıcılığına baxsın. Art terapiyanın ən sevdiyim hissəsi insanların özünün belə fərqində olmadan yaşadığı hissləri ortaya çıxartmaq gücü olmasıdır.
- Bu terapiyanın insana nə kimi faydaları var?
- Əsas faydasına baxsaq, pasiyent burada sevdiyi, ona zövq verəcək məşğuliyyətlə işləyərək özünü daha yaxşı hiss edə bilir. Məqsədi bəlli olan hər bir əmək, bizi “pis” etiketi verdiyimiz duyğu və düşüncədən uzaqlaşdırır. Çox zaman terapiya müddətində pasiyentlər özünü, duyğusunu ifadə etməkdə çətinlik çəkirlər, yəni yaşadığı hadisə qarşısında hisslərinə ad verə bilmirlər. Burada artıq rəsm özü ön plana çıxıb hər bir duyğunu bizə göstərir. Əsasən bunu vurğulamaq istərdim ki, burada pasiyentin yaşadıqları qarşısında müqaviməti minimuma, fərqindəliyi isə maksimuma qalxır. Təsəvvür edin ki, sadəcə danışıq olaraq nədənsə söhbət gedir, digər variantda isə hadisə, duyğular gözünüzün qabağında, əlinizin altındadır.Hansını idarə etmək daha rahat olar? Təbii ki, əlimizin altında olanı, art terapiya mənə və pasiyentlərimə ən rahat imkanı yaradır. Sağalmağı, şəfalanmağı, daxilinizlə hər cür üzləşməyi.
- Art terapiyanın bir qolu da rəsm terapiyasıdır. Necə düşünürsünüz, bu terapiyanın adi rəsm çəkməklə fərqli cəhəti varmı?
- Rəsm terapiyası əsla rəsm dərsi, rəsm çəkmək deyil. Rəsmə gəldikdə sadəcə həmin an üçün rahatlama verə bilər.Lakin ortada üzləşmək, rəsmlə ünsiyyət yoxdursa, bu, emosional olaraq daha da ağırlıq yaradacaq. Rəsm terapiyası zamanı çəkilən hər bir simvolun pasiyent üçün nə ifadə etdiyinə baxılır və burada heç bir rəsm qabiliyyətindən söz getmir. Adi cızma qaranın belə, yaratdığı duyğulara baxsaq, ortaya nələr çıxır. Bu, rəsm çəkənin dünyasıdır, onu istədiyi kimi formalaşdırır, yaradır. Bu zaman biz üzləşməkdən, daxili aləmini görməkdən əlavə, hissləri daha sağlam halda təxəyyül vasitəsilə transformasiya edib dəyişirik.
- İnsanın psixoloji probleminin art terapiya vasitəsilə aşkara çıxarılması bu problemin aradan qaldırılmasına kömək edə bilirmi?
- Adətən bu kimi suallarla çox rastlaşıram. Belə deyim, rəsm analizi olunur, problem aşkara çıxarılır və oldu art terapiya. Qətiyyən belə deyil. Terapiya gedişatı əsasən iki hissədən ibarət olur. Birinci hissə məhz aşkara çıxarmaq, üzləşmə mərhəlisidir. Bu zaman insan duyğularına ad verir, yaşadığı hadisələr qarşısında hisslərini sənəti vasitəsilə dilə gətirir. Onu da vurğulayım ki, analiz adlandırdığımız hissəni pasiyent özü edir, terapevt deyil. Bu zaman ona heç bir fərqindəliyi yaşatmırıq. Şəxs özü nə qədər hazırdırsa, fərqindəliyi də gəlir. Əsas məsələ problem aşkara çıxarıldıqdan sonra başlayır. İkinci mərhələ üzləşmə mərhəsəlisinin davamı olan yenidən yaratmaq (transformasiya) mərhələsidir.Burada insan yaratdığı sənəti indiki duyğularla, indiki baxış bucağı ilə yenidən yaradır ki, beyni bunu daha tez qəbul etsin. Çünki beyin ətrafı şüuraltı analizatorlar vasitəsilə dərk edir.Yenidən yaratma mərhələsində də yeni duyğularla təsdiqləmə edir.
- Rəsm terapiyası ilə arzularını necə reallaşdırmaq olar?
- Arzular həqiqətən istədiyimiz zaman gerçəkliyə daha yaxın olur və məqsədə çevirilir. Beyin nə haqda düşünürsə düşünsün, bunu hisslərin köməkliyi ilə reallaşdırır. Hər bir daxili aləmə baxsaq, orada mütləq müəyyən hiss var. İlk addım arzularımızı düşündüyümüz zaman onu xəyal etməkdir. Misal üçün, o arzu gerçək olsa, mənim həyatım necə olacaq? Nə edəcəyəm?
Arzuyla birlikdə hər bir incə detal düşünülməlidir. Burada bir narahat duyğu varsa, ilk ortaya çıxan tərəf müqavimət olan hissədir. Onu həll etdikdən sonra vizualizasiya gəlir. Yəni arzusunda olduğunuz nədirsə, ən incə detalına qədər rəsmini çəkilir. Rəngi, duruşu, forması danışaraq hiss edilir. Burada sizə duyğu orqanlarınız və hissləriniz kömək olaur. Lakin bir daha vurğulayıram ki, əgər müqavimət yoxdursa. Bunlar ilk addımlar hesab edilir. Sonra hədəflər, motivlər təyin olunur.
- Hansı yaş qrupundan olan insanlar bu terapiyayaya daha çox müraciət edir?
- Yetkin pasiyentlərimiz üstünlük təşkil edir.Lakin bu elə bir terapiya növüdür ki, problemində və yaşından asılı olmayaraq hamı müraciət edə bilər.
- Rəsm terapiyası müasir psixologiyanın metodları arasındadır, yoxsa qədim tarixə malikdir? Ümumiyyətlə elmi əsası varmı?
- İnsanın var olması ilə birlikdə sənətin də var olmasını müşahidə edə bilərik. Hələ Paleolit dövrünə aid bəzi mağara rəsmləri bəşəriyyətin hələ erkən yaşlarında vizuallıq axtarışında olduğunu sübut edir. İnsanlar bu rəsmlərin bir çoxunun ibadət funksiyasını daşıdığına inanıblar. Onlar öz arzularını, dualarını qaya üzərində rəsmləri ilə gerçəkləşdirməyə çalışıblar.Ən sadə primitiv misal çəkim, o dövrlərdə nitq olmadığından insanlar özlərini qayaların üzərində çəkdikləri rəsmlərlə ifadə ediblər və əmək olduqca nitq formalaşıb. Nəzərinizə çatdırmaq istərdim ki, əmək də artın terapiya növüdür. Hər bir dövrdə sənət özünü göstərmişdir.
Sənət terapiyası sözünü ilk işlədən alim Adrian Hill (1938-ci ildə ) olub.Elmi əsasına gəldikdə isə əlbəttə var.Elmi əsası olmayan terapiya növünü tətbiq etmək qeyri-peşəkar olar. Elmi əsası daha çox psixoanalizin banisi Freyd və Yungun nəzəriyyələrinə əsaslanıb.Daha sonra Kellog, Piaget,Eng, Wolf, Simon və s. görkəmli alimlərin nəzəriyyələrində bunu təsdiq ediblər.
- İnsanların vizual olaraq gizləməyə çalışdığı psixi problemlər yaxud narahatlıqlarını art terapiya üzə çıxarır. Bəs həmin insanlara bunu dedikdə necə reaksiya alırsınız?
- Bunu desəm, onlar nə dərəcədə qəbul edəcək? Burada daxili aləmdən bəhs olunur deyə qərarı özlərinə buraxırıq, özləri görür, öz-özlərini aşkara çıxarırlar. Mənim öhdəliyimə düşən güzgülərinin tozunu silməkdir. BƏzən pasiyentlər güzgüdə, yəni çəkdiyi rəsmində özünü gördükdən sonra bilmədikləri tərəflərini görüb təəccüblənirlər. Bu düşünürəm ki, bu individualdır, insanın özündən birbaşa asılıdır. İnsanın bədəni, ruhu hazır olduğu zaman terapiyaya davam edərək daha çox görmədiyi tərəflərini aşkar edib, düzəldəcək. Bəzən isə tam əksi həzm etmək adına yaxud özündən qaçaraq terapiyadan uzaqlaşacaq. Belə deyim, ruh hazır olduğu zaman bədən də o terapiyanı alacaq .Bu kimin nə dərəcədə hazır olmasından asılıdır.
Pəri Arifqızı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin