
Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilinin inkişafında müəllim əməyinin əvəzsiz rolunu hər zaman xüsusi qeyd edirdi. O, müəllimlərin peşəkarlığının artırılmasını, bilik və bacarıqlarının inkişaf etdirilməsini, nümunəvi şəxsiyyət kimi öz üzərlərində işləməyi tövsiyyə edirdi. Ulu öndərin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə bu məsələ daim onun diqqət mərkəzində olmuşdur. Hələ 1971-ci ilin dekabrında V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) kommunistlərinin ümumi yığıncagında Sov. İKP XXIV və Azərbaycan KP-nın XXVIII qurultaylarının qərarlarının həyata keçirilməsi sahəsində respublika ali məktəblərinin kommunistləri və bütün kollektivin qarşısında duran vəzifələri geniş təhlil edərkən Heydər Əliyev demişdir:
“Ali məktəblərə qəbulun təşkilini yaxşılaşdırmaq və ali məktəblərdə təlim-tərbiyə işini təkmilləşdirmək sahəsində müəyyən işlər görülmüşdür. Lakin bu sahədə hələ çox işlər görmək lazımdır. Biz çalışmalıyıq ki, hər bir ali məktəb müəllimi nümunəvi mütəxəssis olsun, son dərəcə təmiz və əqidəli bir insan olsun. Elə insan ki, tələbələr onun kimi olmağa çalışsınlar, ondan nümunə götürsünlər”. Heydər Əliyevin bu məruzəsi institutda tədris və elmi fəaliyyətin keyfiyyətini yüksəltməyə, yüksəkixtisaslı müəllim kadrları hazırlamağa, tələbələrin təhsil və tərbiyəsini dövrün tələbləri səviyyəsində qurmağa, institutda mənəvi-psixoloji mühiti yaxşılaşdırmağa istiqamətləndirilməsində mühüm rol oynamışdı.
Ulu öndərin rəhbərliyi ilə ali məktəblərin inkişafı və təlim-tərbiyə işlərinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. 1980-ci ildə ali məkəb işçilərinin respublika müşavirəsində Heydər Əliyev çıxışı zamanı demişdir: “...Yoldaşlar, sizinlə birlikdə biz çalışmalıyıq ki, hər bir ali məktəb müəllimi öz sahəsində səriştəli olsun, geniş ümumi məlumata, yaxşı pedaqoji vərdişlərə, mühazirə oxumaq, dərs demək, öyrətmək, tərbiyə etmək üçün bütün başqa zəruri keyfiyyətlərə malik olsun. Bunun üçün hər bir ali məktəb müəllimi elmi biliklərdən əlavə, yaxşı nitq, dil qabiliyyətinə, natiqlik məharətinə, bütün başqa pedaqoji keyfiyyətlərə və vərdişlərə yiyələnsin ki, bütün bunlar üst-üstə ona həqiqətən yaxşı müəllim, yaxşı tərbiyəçi olmaq imkanı versin. Mən ona görə bu problemə diqqəti xüsusi cəlb edirəm ki, daha çox elmi biliyə və qabiliyyətə, professor adına, elmlər doktoru dərəcəsinə malik olmaq heç də hər kəsə müyəssər deyildir. Lakin yaxşı müəllim olmaq, öyrətmək və öz biliklərini başqalarına vermək isə, yoldaşlar, daha çətin işdir. Buna görə də istərdim ki, yuxarıda bəhs edilən bütün tələblərə professor-müəllim heyəti kadrlarının seçilməsi zamanı, tərbiyə işində, professorların, müəllimlərin peşə vərdişlərinin və biliklərinin təkmilləşdirilməsində, bütün kadr işində ciddi əməl olunsun.”
Ulu öndər müəllim peşəsinin çətin, lakin şərəfli bir iş olduğunu 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun 60 illik yubileyində belə qeyd etmişdir: “Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətlidir.”
Ulu öndər müəllimi sadəcə bilik verən bir insan kimi deyil, həm də cəmiyyətin inkişafında mühüm rol oynayan bir şəxsiyyət kimi görürdü. O, Azərbaycan təhsilinin cəfakeşi olan müəllimlərə həmişə yüksək qiymət vermişdir. Ulu öndər deyirdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahi naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”. Bu sözlər Heydər Əliyevin müəllimə olan dərin hörmətinin bariz nümunəsdir.
1996-cı ilin sentyabrında Bakının Nərimanov rayonunda yeni orta məktəbin açılışındakı nitqində Heydər Əliyev belə demişdir: “Mən indi də – on illər keçib üstündən – müəllimlərimi heç vaxt unutmamışam və ömrümün son dəqiqəsinə qədər unutmayacağam. Mənim üçün müəllim adı həmişə ən ülvi, ən şərəfli bir məfhum olubdur. Mən bu gün müəllim qarşısında baş əyirəm, müəllimə hörmət və ehtiramımı bildirir, Azərbaycan müəllimlərinə bundan sonra da öz işlərində uğurlar arzulayır, can sağlığı, səadət diləyirəm”. Müqəddəs and və məram kimi səslənən bu müdrik sözlər təkcə Azərbaycan müəlliminə deyil, bütünlükdə xalqın milli və mənəvi sərvəti olan təhsilə verilən ən yüksək qiymətdir.
Ulu öndərin müəllim əməyinə yüksək qiyməti, eləcə də müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və müəllim kadrları hazırlığının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi islahatlar, ölkəmizin təhsil sisteminin inkişafında mühüm rol oynamış və gənc nəslin yüksək səviyyəli təhsil almasını təmin etməyə xidmət etmişdir.
İstifadə olunmuş mənbə:
1. Heydər Əliyev Muzeyi mühüm tərbiyə mənbəyidir. A.Əsgərova “Seçilmiş əsərləri”, “ADPU nəşriyyat”, Bakı 2024, səh.23-33;
2. F.Rüstəmov Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi. Bakı 2021, I cild, 384 s.;
3. Qurbani Abdulla Heydər Əliyev məktəbi. “Hərbi nəşriyyat”, Bakı 1996, 60 s.;
4. Pedaqoji kadr hazırlayan məktəbin 60 illiyi (V.İ.Lenin adına APİ-nin yubileyi şərəfinə təntənəli yığıncaq). “Azərbaycan müəllimi” qəzeti, 23 dekabr 1981;
5. H.Ə.Əliyev Azərbaycan ali məktəblərinin işini partiyanın yüksək tələbləri səviyyəsinə qaldıraq. “Azərnəşr”, Bakı 1980, 46 s.;
6. Yüksək məqsəd, nəcib vəzifə. “Azərbaycan müəllimi” qəzeti, 7 mart 1973;
Aynurə Əsgərova
ADPU-nun Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin