İlham Əliyevin siyasi mədəniyyəti çoxşaxəli, çoxvektorludur və bütün istiqamətlər yalnız bir məqsədə xidmət edir – Azərbaycanın milli maraqlarına. Bütün digər çıxışlarında olduğu kimi, Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında da Prezident İlham Əliyev bəyan etdi ki, “biz müharibə istəmirik, heç vaxt istəməmişik. Amma biz istəyirik ki, bizim maraqlarımız təmin olunsun”. Mühüm məqamlardan biri odur ki, Azərbaycanın milli maraqları Vətən müharibəsində qələbədən sonra da dəyişməyib. Milli maraqlarımız isə tarixi və hüquqi ədalətə əsasən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bərabər Cənubi Qafqaz ölkələri və bu regionla qonşuluq edən bütün ölkələr arasında sülh münasibətlərinin qurulmasını nəzərdə tutur. “Biz istəyirik ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Deyə bilərəm ki, dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir” – deyə, Azərbaycan Prezidenti cənab İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinə döyüş bayrağının verilməsi mərasimində çıxışı zamanı bəyan edib.
Ümumiyyətlə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin siyasi mədəniyyəti onun daşıyıcısı olduğu siyasi fəlsəfənin təzahürüdür. Dövlətimizin başçısının hər çıxışında qeyd etdiyi postmüharibə reallıqları da məhz bu siyasi fəlsəfənin prinsiplərinə əsaslanır. Postmüharibə reallıqları Azərbaycanın milli maraqlarını, Cənubi Qafqaz bölgəsində sülh və əmin-amanlığın qurulması, ölkələrin qarşılıqlı əməkdaşlıq şəklində iqtisadi inkişafını və region xalqlarının iqtisadi inkişafını nəzərdə tutmalı, gələcəkdə bütün mübahisələr yalnız sülh yolu ilə həll olunmalı, müharibə və hərbi münaqişələr istisna olunmalıdır. Budur, İlham Əliyev siyasi fəlsəfəsi. Bu fəlsəfəyə əsasən, postmüharibə reallıqlarının qəbul olunması, eyni zamanda, Azərbaycanın güclü dövlət, Azərbaycan Ordusunun – güclü ordu, Azərbaycan əsgərinin və zabitinin yüksək peşəkar, qorxmaz və vətənpərvər olmasını, dövlətimizi qorumaq üçün canını fəda etməyə hazır olduqlarını qəbul etmək deməkdir. Xalq-dövlət birliyi nəticəsində 44 günlük Vətən müharibəsində əldə olunmuş zəfər, Ermənistan ordusunun və onun ətrafında yaradılmış “qəhrəmanlıq” miflərinin darma-dağın edilməsi, Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir atəş açılmadan belə işğaldan azad olunması Azərbaycan dövlətinin və xalqının qüdrətinin göstəricidir. Azərbaycan dövlətinin belə bir qüdrətə sahiblənməsi İlham Əliyevin siyasi mədəniyyəti mühüm komponentlərtdən olan dövlətçilik mədəniyyəti, quruculuq mədəniyyəti, vətənpərvərlik mədəniyyəti, nəhayət, qalib komandan mədəniyyətinin həyatda tətbiq olunmasının nəticəsidir.
Kəlbəcərdəki komando hərbi hissəsində çıxışı zamanı Azərbaycan Prezidenti ölkəmizin hər zaman sülhsevər ölkə olduğunu xatırlamaqla bərabər müharibədən sonra cəmi ilyarım ərzində işğaldan azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsində və Kəlbəcərdə komando hərbi hissələrinin yaradılmasına diqqət çəkdi. Bu, həm Ermənistandakı revanşist qüvvələrə, həm də onların xarici havadarlarına ciddi mesajdır ki, Azərbaycan özünün milli maraqlarını təmin etmək üçün istənilən təhdidi yerindəcə məhv etməyə qadir və hazırdır. Bununla da 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq məqsədilə “aktiv” fəaliyyət imitasiyası yaradan beynəlxalq təşkilatlar da artıq anlamalıdır ki, Azərbaycan dövləti və xalqı bütün məsələlərin, o cümlədən özünün ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması kimi həyativacib prioritet kəsb edən məsələlərin həllində yalnız öz gücünə arxalanır, çünki müasir dünyada beynəlxalq hüququn norma və prinsipləri heç bir təsir qüvvəsinə malik deyil. Beynəlxalq təşkilatların, konkret olaraq, ATƏT-in Minsk qrupu formatının formal, heç bir nəticə verməyən fəaliyyətindən sui-istifadə edən işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı 30 il müddətində təcavüzkar siyasəti davam etdirə bildi. Bu zaman öz fəaliyyətlərində beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutduqlarını bəyan edən elə həmin beynəlxalq platformalar öz mahiyyətlərinə zidd olaraq işğalçı Ermənistana qarşı heç bir əməli tədbir görmür, tarixi və hüquqi haqq-ədalətin Azərbaycanın tərəfində olmasına məhəl qoymayaraq işğal faktına açıq-aşkar göz yumurdu. Digər tərəfdən, Kəlbəcərdə komando hərbi hissəsinin yaradılması həm də AXC-Müsavat cütlüyünün siyasi oyunları nəticəsində 1993-cü ildə Laçın və Kəlbəcər rayonlarının işğala düşməsi hadisəsi bundan sonra heç vaxt təkrarlanmayacaq, Azərbaycan dövləti və xalqı bu cür hallara yol verməyəcək.
Ermənistandakı revanşist qüvvələrin ciddi narahatlığına səbəb olan əsas məsələ Azərbaycanın öz sərhədlərini, ərazilərini və milli maraqlarını sərbəst şəkildə müdafiə etmək üçün yetərincə potensiala malik olmasıdır. Azərbaycan Prezidentinin Kəlbəcərdə səsləndirdiyi əsas mesajlardan biri məhz ondan ibarət idi ki, Azərbaycanın hərbi potensialının güclənməsi, Ermənistandakı ordu qalıqlarının imkanlarından 100 və, bəlkə də, daha çox qat üstün olması artıq faktdır və Vətən müharibəsindən sonra yaranmış reallıqlardan biridir. “Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür - həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.
Nəinki Ermənistanda, eləcə də ona gizli dəstək göstərən xarici ölkələrdə bir məqamı da başa düşməlidirlər ki, Azərbaycanın Vətən müharibəsində zəfərinin əsasında dayanan ən mühüm məqamlardan biri vətənpərvərlik amilidir. Azərbaycanın dövlət başçısı bu məqamı hər çıxışında vurğulamaqla və Kəlbəcər kimi hərbi-strateji nöqteyi-nəzərdən əhəmiyyətli rayonda hərbi hissənin açılışında Azərbaycan gəncləriyinin vətənpərvərliyi mövzusuna bir daha toxunaraq həm Azərbaycan cəmiyyətinə, həm də bütün beynəlxalq aləmə yenidən mesaj verir ki, Azərbaycanla güc dilində danışmaq mümkün deyil, çünki burada Azərbaycan dövlətçiliyinin qorunmasını vətənpərvərliyin ən ali məqamı olaraq qəlblərində daşıyan gənclik yetişib. Bu gənclik Azərbaycan torpaqlarını 44 gün ərzində işğaldan azad etmək üçün düşünmədən canlarını fəda etməklə bərabər özlərindən sonra növbəti nəsillər üçün böyük qəhrəmanlıq irsi miras qoydular, tariximizin ən şanlı səhifələrindən birini yazdılar. “Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq. Ona görə vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi” – deyə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinə döyüş bayrağının verilməsi mərasimində çıxışı zamanı gənc əsgər və zabitlərimiz qarşısında çıxışı zamanı bəyan etdi. Ali Baş Koman olaraq İlham Əliyev həmişə ordumuzun rəhbərliyində, hər bir əsgərin və zabitin yanında olub. Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri istisna deyildi. “...Mənim iyunun 26-da bu rayonlara səfərimin əsas səbəbi bu gün - Silahlı Qüvvələr Günündə hərbçilərlə bir yerdə olmağımdır. Mən bu gün hərbçilərlə - yeni yaradılmış komando qüvvələri ilə Ordu Gününü Kəlbəcərdə qeyd etdim... Bu gün mən burada olmalı idim, Müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi”.
Bu birliyi, vəhdəti möhkəmləndirən və onları müstəqilliyimizin, xoşbəxt gələcəyimizin ayrılmaz atrubutuna çevirən daha bir vacib amil iqtisadi müstəqillik faktorudur. Şübhəsiz, 44 günlük müharibədə Zəfərin əldə olunmasında ölkəmizin sürətli iqtisadi inkişafının təmin olunması, Azərbaycan iqtisadiyyatının dünyanın ən güclü iqtisadiyyatlar sırasına keçməsi oldu. Möhkəm iqtisadi dayaqlara malik olan Azərbaycan dövləti Vətən müharibəsini məntiqi sonluğa çatdırdıqdan sonra, yəni postmüharibə dövründə, işğaldan azad edilmiş ərazilərdə nəhəng iqtisadi layihələr həyata keçirməkdədir. Qısa müddət ərzində “Zəfər yolu”nun və Füzuli beynəlxalq hava limanının tikilərək təhvil verilməsi, Qarabağ ərazisində onlarla yeni yol və körpülərin inşasının davam etdirilməsi Azərbaycanın iqtisadi qüdrətinin göstəriciləridir. Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı təkcə bu bölgədə 10-dan çox tunelin tikildiyini, Kəlbəcər rayonunda aparılan quruculuq işlərini, böyük infrastruktur, elektrik və su təchizatı layihələrini, evlərin tikilməsi prosesinə artıq start verildiyini vurğuladı. Faktdır ki, yaxın gələcəkdə tarixi torpaqlarına qayıdacaq əhalinin sosial-iqtisadi rifahının təmin olunmasına yönələn bu layihələrin hər biri, eyni zamanda, Azərbaycanın siyasi, iqtisadi, hərbi və beynəlxalq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli yer tutacaq. Məsələn, Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlinin qoyulması bir neçə aspektdən qeyd olunmalıdır: birincisi, “İstisu” İstirahət-Müalicə Kompleksinin istifadəyə verilməsi perspektivi Azərbaycanda daxili və xarici turizmin inkişafı baxımından böyük potensiala malikdir; ikincisi, “İstisu” zavodunun tikinti nəzərdə tutulur ki, bu da vaxtilə məşhur olan “İstisu” suyunun yenidən istehsal olunması və ixrac edilməsi deməkdir; üçüncüsü, bu perspektivlərin gerçəkləşdirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və reytinqinin möhkəmlənməsinə işləyəcək.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin iyun ayının 26-da Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı yeni komando hərbi hissəsinin açılışında, həmçinin Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışları, eyni zamanda, qalib xalqın, qalib dövlətin, qalib ordunun liderinin çıxışları idi. İlham Əliyevin siyasi fəlsəfəsi Azərbaycan xalqını qələbələr yolu ilə aparmaqdan, Qarabağda, Şərqi Zəngəzurda hərbi gücümüzün daim möhkəm saxlamaqdan ibarətdir. Azərbaycan xalqı isə özünün gələcəyini məhz İlham Əliyevin “müzəffərlik” fəlsəfəsinin üzərində qurur: müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər xalq və müzəffər Ordumuz öz dədə-baba torpaqlarına sahib çıxdı, Qarabağda qayıtdı və Qarabağda əbədi yaşayacaq, çünki... Qarabağ Azərbaycandır!
Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin Aparıcı məsləhətçisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin