Art Qapı nə üçün zəruridir?
“Art Qapı” rubrikasının açılma səbəbi istər internet resurslarında, istər verbal, istərsə də video material baxımından Azərbaycan dilində məlumatların qıtlığı, dolğun olmaması, bəzi hallarda isə hər hansı mövzuda ümumiyyətlə informasiyanın mövcud olmama səbəbidir. Rubrikanın qarşısına qoyduğu məqsəd incəsənət sevənlərin, xüsusən, bu istiqamətdə təhsil alan tələbələrin, həm Azərbaycan, həm də dünya incəsənətinə dair dolğun və düzgün qaynaqlara əsaslanan Azərbaycan dilində yazılmış məlumat və faktlar ilə zəngin materiallardan asan şəkildə faydalana bilməsini təmin etməkdir.
İncəsənət nədir ?
Rubrikanın ilk buraxılışında oxucularımızı incəsənət ilə elmi istiqamətdən tanış etmək istərdim. İncəsənəti bir cümlədə bədii baxımdan təsvir etsək, məncə, “İncəsənət ruhun qidasıdır” demək tam hədəfə tuşlanmış bir ifadə olardı. Bu sualın cavabını hər kəs öz hiss və duyğularına görə müxtəlif formada ifadə etməkdə sərbəstdir. Bəs elmi nöqteyi-nəzərdən “incəsənət” termininə necə tərif vermək olar? “İncəsənət – insanların hiss və düşüncələrini, fikirlərini, ideyalarını estetik formada ifadə etmə vasitəsidir”. Bizi əhatə edən reallığın bədii baxımdan dərk edilərək daxili və xarici aləmin müxtəlif vasitə və materiallar ilə insanlarda emosional təsir yarada biləcək tərzdə təsvir edilməsi də incəsənətin özüdür. İncəsənət gözəlliyi müxtəlif formalarda yaratmağa və hiss etməyə imkan verən bir təzahürdür. O, çoxşaxəli və qəliz sistemə malikdir. Bu yazımda onun bütün istiqamət və xüsusiyyətlərini işıqlandırmağa çalışacam. İncəsənət reallığa estetik və düşündürücü yanaşan mənəvi-praktik bünövrəli xüsusi mədəniyyət növdür. O, reallığa bədii formalar verərək ifadə edilir. Bu zaman yaradıcı şəxs predmeti və ya hadisəni necə gördüyünü əks etdirərək tamaşaçının bunu qəbul etmə prizmasından yanaşır. Bu proses yaradıcılıq məhsulunun ərsəyə gəlməsi zamanı baş verir.
Bu gün ictimai elmlər baxımından incəsənətin dar və geniş anlamları mövcuddur. Geniş anlamda o, incəsənətin bütün növlərinin - ədəbiyyat, kino, təsviri incəsənət, teatr və s. cəmidir. Dar anlamda isə o yalnız təsviri incəsənəti özündə ehtiva edir. İncəsənətin təməli yaradıcılıqdır.
İncəsənətin vacib funksiyası insanın iki təlabatını – gözəlliyə sevgi yaratmaq və estetik zövq almaq ödəməkdir. Lakin incəsənət ilkin tarixi mərhələlərdə müxtəlif üslub və janrlarda əks edilərək müəyyən təkamül prosesi keçdikdən sonra elə bir səviyyəyə gəlmişdir ki, onun əsas funksiyalarına yalnız yuxarıda göstərilən iki amili icra etmək deyil, həm də müəyyən konsepsiyaya da cavab verərək insanı düşündürmək, eybəcərlikdən və natamamlıqdan emosional olaraq təsirləndirmək də daxildir. Lakin incəsənətin funksiyaları bu sadalananlar ilə də bitmir. Günümüzdə onun funksiyaları daha geniş məfhumları əhatələyir. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Estetik funksiya – insanın estetik gözəllik anlayışını formalaşdırıb estetik zövq yaradır;
2. Kommunikativ funksiya – incəsənət vasitəsi ilə insanlar fikirlərini və hisslərini başqalarına çatdırırlar. Müəllif və tamaşaçı arasında əlaqə yaranır;
3. Sosial funksiya – cəmiyyətin dəyərlərini, normalarını və ideyalarını əks etdirir. Dəyişikliklərə təsir edir;
5. İdeoloji funksiya – incəsənət vasitəsi ilə müxtəlif ideyalar və ideologiyalar təbliğ edilir;
6. Tarixi funksiya – tarix boyu insan təcrübələrini və həyat tərzini sənət vasitəsi ilə saxlayır və gələcək nəsillərə ötürür. İncəsənət, həmçinin ictimai dərketmənin formalaşmasını da stimullaşdırır;
7. Öyrədici və tərbiyələndirici funksiya – şəxsin intellektual və yaradıcı bacarıqlarını inkişaf etdirir. Sənət əsəri vasitəsilə cəmiyyətdə tərbiyəvi, müsbət xüsusiyyətlər təbliğ edilir;
8. Məlumatlandırıcı funksiya – bilikləri və məlumatları aydınladaraq ictimaiyyətə yayır.
Tarix boyunca incəsənət insan mədəniyyətinin və təfəkkürünün inkişafında mühüm rol oynamışdır. Ondan cəmiyyətin dəyər, norma və duyğularını əks etdirmək üçün istifadə edilmişdir. İncəsənət mövcud olan istənilən formanı alıb müxtəlif məqsədlərə xidmət edə bilər. Mədəniyyətin tərkib hissəsini təşkil edən incəsənət özü də çox geniş sahəni əhatə edərək özündə çoxşaxəli istiqamətləri birləşdirir. İncəsənətin növlərini müxtəlif parametrlərə əsasən bir neçə üsul ilə qruplaşdırmaq olar.
Məsələn:
Təsvir predmetinə görə:
• Qeyri-təsviri incəsənət (bu zaman təsvir vasitələri ilə daxili aləm əks edilir).
2. Hərəkətə görə:
• Məkan (müəyyən məkan üçün xarakterikdir).
• Zaman (müəyyən bir tarixi dövrə aid incəsənət).
3. Utilitar olmasına görə:
• Zəriflik ifadə etməsi (estetik funksiyanı yerinə yetirir).
• Tətbiqi (məişətdəki tələbatın tamamlanmasına xidmət edir).
4. İstifadə edilən materiallara əsasən:
• Ənənəvi incəsənət materialları (boya, gil, qranit, mərmər, metal, taxta və s.).
• Müasir vasitələr (kompüter qrafikası, rəqəmsal rəngkarlıq).
• Səs (musiqi əsərləri).
• Verbal (ədəbiyyat).
• İcraedici insan (müğənni, aktyor, kloun).
XIX əsrdə alman filosof Fridrix Şellinq öz konsepsiyasında incəsənətin ifadə şəklinə görə real və ideal növlərə ayrılmasını təklif etmişdir. Belə ki,filosof öz konsepsiyasında real incəsənət növlərinə memarlıq, heykəltəraşlıq və musiqini, ideal növlərə isə söz ilə əlaqəli olan poeziyanı, ümumən ədəbiyyatı daxil edirdi. F.Şellinq sonuncunu yüksək incəsənət hesab edirdi, çünki o, düşünürdü ki, ədəbiyyat yaradıcı şəxsə öz fikir və hisslərini ifadə etmək üçün daha geniş ifadə imkanı yaradır. XIX əsrdə yaşamış digər alman filosof Georq Vilhelm Fridrix Hegel isə incəsənətin 5 növünü müəyyən edir. Bunlar memarlıq, heykəltəraşlıq rəngkarlıq, musiqi və poeziyadır.
Başqa bir bölgüdə incəsənət növləri aşağıdakı kimi təsnif olunur:
1. Təsviri incəsənət növləri – rəngkarlıq, heykəltəraşlıq, qrafika.
2. Qeyri-təsviri incəsənət növləri - memarlıq, dts.
3. Səhnə-performans incəsənət növləri – musiqi(opera, simfoniya), teatr (dram, musiqili komediya, komediya), balet.
4. Ədəbiyyat – nəzm və nəsr.
Günümüzdə isə əsasən, bu incəsənət növlərinin bölgüsünə istinad edilir:
1. Məkanla bağlı olub gözlə görülə bilən və ya statik incəsənət. Bura məkan üzrə paylanan plastikincəsənət növləri daxildir. Bədii obraz plastik şəkildə məkan konstruksiyası vasitəsilə açılır.
2. Zamanla bağlı olub səs ilə eşidilən incəsənət. Zaman ilə əlaqəli dinamik növlər bu qrupda cəmlənir. Bədii obraz zaman axınında üzə çıxır.
3. Zaman və məkan ilə bağlı olub, eyni zamanda,gözlə görülə bilən və qulaq ilə eşidilə bilən vizual-sintetik incəsənət. Bədii obrazın eyni zamanda plastik və zaman axınında yarandığı sintetik növlər isə bu qrupda cəmlənir.
Tarixin müəyyən mərhələlərində incəsənət insanların sosial təbəqələşməsinə uyğun olaraq da yüksək və ikinci dərəcəli növ və janrlara ayrılmışdır. Yüksək incəsənət həm də “elit incəsənət” adlanırdı. Elit incəsənət peşəkarlar tərəfindən yaradılırdı. Müəllifəsəri olan hər hansı incəsənət nümunəsini imkan baxımından yalnız yuxarı təbəqənin nümayəndələri özlərinə icazə verə bilərdi. Eyni zamanda bədii obraz və ifadə tərzi baxımından mürəkkəb olan bu əsərləri əksər hallarda yalnız müəyyən elmi savadı olan şəxslər anlaya bilirdi. Lakin sadə xalqın da incəsənət yaratmaq təlabatı mövcud idi. Sözsüz ki, tarixin bütün mərhələlərində təhsil icbariolmadığından yenə də yüksək təbəqə cəmiyyətdəsavadlı şəxslər yetişdirirdi. İkinci dərəcəli incəsənət növlərinə isə xalq yaradıcılığına məxsus incəsənətnövləri aid edilirdi. Bu zaman sənət əsərlərinin müəllifləri sadə xalqın mümayəndələri, sənətkarlar olur. Xalq yaradıcılığında bəzən əsərin konkret bir müəllifi olmurdu, məsələn, musiqidə xalq mahnıları, ədəbiyyatda dastanlar, nağıllar, bayatılar və s. Bu bölgüyə əsasən, təsviri sənət, memarlıq, teatr, balet, musiqi və ədəbiyyatın müəllif əsəri olan janrları elit cəmiyyətin əyləncəsinə daxil olduğu üçün yüksək, dekorativ tətbiqi sənət növləri, ədəbiyyatda şifahixalq yaradıcılığı və musiqidə isə xalq mahnılarıikinci dərəcəli aşağı incəsənət kimi müəyyənləşdirilmişdir. Təbii ki bu bölgü aparıldığı zaman hələ texniki yeniliklərlə əlaqəli yaranan kino,televiziya və foto sənəti kimi incəsənət növləri yaranmadığı üçün onlar siyahıda mövcud deyillər.
İncəsənət nümunələri mövzusundan asılı olaraq müxtəlif janrlara, təsvir tərzinə görə isə üslublara ayrılır. İncəsənət – insan təbiətinin yaradıcı tərəfini,onun dünyanı anlamaq və ifadə etmək təlabatını əks etdirən əsas vasitələrdən biridir. Hər dövrün və hər mədəniyyətin özünəməxsus incəsənət formaları, növləri mövcuddur. Bu da incəsənətin çoxşaxəliliyinigöstərir. İncəsənətdə – üslub hər hansı bir cəmiyyətin inkişafının müəyyən mərhələsində ona xas olan unikal yaradıcı ənənəni fərqləndirən ümumi xüsusiyyətlər məcmusudur. Yuxarıda sadalanan incəsənət növlərinin bir çoxunun daxilində isə müxtəlif janrlar mövcuddur. Məsələn, musiqidə opera, simfoniya, süita, romans və s., təsviri incəsənətdə portret, natürmort, mənzərə, batal, məişət, nyu və s., ədəbiyyatda isə poema, roman, povest və s. kimi janrlar vardır.
Müasir incəsənətdə kütləvi incəsənət və ya pop-art da adlanan istiqamət ayrıca diqqətəlayiqdir. Onun özəlliyi ondadır ki, o müasir insanın emosional vəziyyətini əks etdirir və ona stress ilə mübarizədə yardım edir. Əbəs yerə onu “yorğunluq əleyhinə incəsənət” adlandırmırlar. Kütləvi incəsənətin keçmiş elit incəsənət ilə oxşarlığı ondan ibarətdir ki, onu da peşəkar mütəxəssis yaradır, yaradılan incəsənət əsərləri də həmçinin konkret auditoriya üçün nəzərdə tutulur.
Bəs incəsənətin elm ilə nə kimi əlaqəsi var və ümumiyyətlə, əlaqəsi varmı? İctimai elmlərdə elm və incəsənət mənəvi mədəniyyətin iki əsas qolu hesab edilir. Onların ümumi xüsusiyyətləri mövcuddur, məsələn, onlar bizə dünyanı dərk etməyə kömək edirlər. Eyni zamanda incəsənətin onu xususi edən bir neçə cizgisi vardır.
İncəsənət obrazlıdır və əksərən vizualdır.
• İnsan dünyanı sənət vasitəsi ilə öyrəndikdə bu zaman öyrənənin fantaziyası və təxəyyülü böyük rol oynayır;
• İnsan bədii obrazlar yaradarkən söz, səs, rəng kimi xüsusi vasitələrdən istifadə edir.
Yuxarıda sadalanan xüsusiyyətlərə görə, incəsənət elmdən kəskin şəkildə fərqlənir.
Yekun olaraq qeyd etmək istərdim ki, bu yaradıcı anlayış insan mədəniyyətinin və təfəkkürünün inkişafında əhəmiyyətli bir rol oynamış, cəmiyyətin norma və duyğularını əks etdirmək üçün istifadə edilmişdir. İnsanın dünya ilə əlaqəsini hiss və düşüncələrini müxtəlif formalarda ifadə etməyə imkan verən incəsənət yalnız estetik zövq yaratmaq ilə kifayətlənmir, eyni zamanda insanların bir-biri ilə əlaqə qurmasına, cəmiyyətin dəyərlərinin formalaşmasına, gələcək nəsillərə ötürülməsinə xidmət edir.
İnsanlıq tarixi boyunca öz əhəmiyyətini qoruyub saxlayan incəsənət bəşər cəmiyyətində böyük bir fenomendir!
Sənətşünas Sədaqət Əliyeva
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin