
2026-cı ilin 11 mart tarixində Mingəçevir Dövlət Universiteti ilə Bakı Tekstil Fabriki arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəd universitetlə sənaye müəssisəsi arasında təhsil, elm, innovasiya və istehsalat sahələrində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasını və inkişaf etdirilməsini nəzərdə tutur.
Memorandumun imzalanması münasibətilə MDU-nun Elmi və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazovanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Tekstil Fabrikində olub. Görüş zamanı universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, müasir istehsalat tələblərinə uyğun ixtisaslı kadr hazırlığının gücləndirilməsi və tətbiqi elmi-tədqiqat fəaliyyətinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
MDU-nun Elmi və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova çıxışında ali təhsil müəssisələri ilə sənaye sektorunun əməkdaşlığının əhəmiyyətindən bəhs edərək bildirib ki, bu cür tərəfdaşlıqlar tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olması və elmi nəticələrin real istehsalatda tətbiqi baxımından mühüm rol oynayır. Prorektor qeyd edib ki, Mingəçevir Dövlət Universiteti sənaye müəssisələri ilə əməkdaşlığı genişləndirməklə təhsil, tədqiqat və innovasiya fəaliyyətlərinin inteqrasiyasına xüsusi önəm verir.
Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva isə çıxışında universitetlə qurulan əməkdaşlığın tekstil sənayesinin inkişafı və ixtisaslı mütəxəssislərin hazırlanması baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, ali təhsil müəssisələri ilə əməkdaşlıq sənaye müəssisələrinə yeni bilik və innovativ yanaşmalar qazandırmaqla yanaşı, tələbələr üçün də real istehsalat mühiti ilə tanış olmaq imkanı yaradır.
Memoranduma əsasən tərəflər təhsil və kadr hazırlığı, elmi-tədqiqat və innovasiya fəaliyyəti, istehsalat təcrübələrinin təşkili və birgə layihələrin həyata keçirilməsi istiqamətlərində əməkdaşlıq edəcəklər. Sənəd çərçivəsində universitet tələbələrinin fabrikdə istehsalat və yay təcrübələrinin təşkili, fabrikin mütəxəssislərinin MDU-da seminar və ustad dərsləri ilə çıxış etməsi, tekstil texnologiyaları üzrə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və innovativ tekstil məhsullarının hazırlanması istiqamətində təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur.
Həmçinin tərəflər tələbələrin praktiki biliklərinin artırılması məqsədilə istehsalat ekskursiyalarının təşkili, fabrik əməkdaşları üçün ixtisasartırma və peşə inkişafı proqramlarının keçirilməsi, eləcə də konfrans, seminar və forum kimi birgə tədbirlərin təşkili istiqamətində fəaliyyət göstərməyə razılıq veriblər.
Tədbirin rəsmi hissəsindən sonra MDU nümayəndə heyəti Bakı Tekstil Fabrikinin istehsalat sahələrinə baxış keçirib. Qonaqlar müəssisədə tətbiq olunan müasir texnoloji proseslərlə, istehsalat mərhələləri və məhsul hazırlanma prosesi ilə yaxından tanış olublar. Görüş çərçivəsində universitet ilə sənaye sektoru arasında praktiki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, imzalanan Memorandum tərəflər arasında gələcək əməkdaşlıqlar üçün hüquqi və təşkilati əsas yaratmaqla təhsil və istehsalatın inteqrasiyasının gücləndirilməsinə, tekstil sənayesi üçün ixtisaslı mütəxəssislərin hazırlanmasına və tətbiqi elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinə xidmət edir.
ANmedia.az


















Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








