
Ali Baş Komandan İlham Əliyevin liderliyi, ordumuzun şücaəti və xalqımızın birliyi ilə Azərbaycan 30 illik erməni işğalına son qoydu. Tarixi Zəfərimizdən dərhal sonra - 2020-ci ilin sonundan etibarən Azərbaycan özünün resurslarını hər hansı beynəlxalq iqtisadi dəstək olmadan işğaldan azad edilmiş ərazilərin bərpası, ölkə iqtisadiyyatına tam şəkildə reinteqrasiyası və bu ərazilərdə dövlət qurumlarının fəaliyyətinin təşkili üçün səfərbər etdi.
Amma reinteqrasiya üçün prioritetləri müəyyən etməyə yönəlmiş zərərin kompleks qiymətləndirilməsi fəaliyyətindən sonra işğaldan azad edilmiş ərazilərdə fiziki və sosial infrastrukturun qurulması, dövlət xidmətlərinin təmin edilməsi, iqtisadi və sosial inkişafın qısa, orta və uzunmüddətli hədəflərinin təsbit edilməsi üçün kompleks strateji plana ehtiyac vardı. 2022-ci ildə təsdiqlənən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" məhz bu strateji inkişaf planları idi.
"Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasının institusional əsasları, təhlükəsizlik və infrastruktur məsələləri ətraflı əks olundu. Proqramın dövlət tərəfindən müəyyən olunan məqsədləri - əhalinin dayanıqlı məskunlaşması və ərazilərin ölkə üzrə iqtisadi fəaliyyətə reinteqrasiyası bəyan edildi. Bu iki təməl məqsəd əsasında "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsbit edilən məqsədləri bunlardır - ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsinin təşkili; şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və dayanıqlı infrastrukturla təminatı; müasir standartlara uyğun xidmətlərin yaradılması; ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsinin gücləndirilməsi; əhalinin məşğulluq imkanlarının artırılması; sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və əlçatanlığın təmini; dayanıqlı sosial-iqtisadi inkişafın təmini; sahibkarlıq mühitinin əlverişliliyi və biznes fəaliyyətinin inkişafına dəstək; ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq; dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrinin tətbiqi; təbii ehtiyatların və sosial-iqtisadi potensialın təsərrüfat dövriyyəsinə cəlbi; turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadə; ətraf mühitin etibarlı mühafizəsi və ekoloji təhlükəsizliyin təmini; təbii resurslardan səmərəli və effektiv istifadə; "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl enerji zonası" konsepsiyalarının tətbiqinin təşviqi. Bu məqsədlərdən də göründüyü kimi, işğaldan azad edilən bölgələrin, yəni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi və dövlət idarəetməsi baxımından ölkənin mərkəzi sisteminə reinteqrasiyası paralel şəkildə həyata keçirilməkdədir.
Azad edilmiş torpaqların reinteqrasiyası üçün fundamental məsələlərdən biri də institusional çərçivənin qurulması və ərazidə dövlət idarəetməsinin tam təmin edilməsidir. Dövlətin səfərbər olunan resurslarını səmərəli idarə etmək və reinteqrasiya layihələrini həyata keçirmək üçün ərazidə təhlükəsizliyin təmini və yerli idarəetmə strukturlarının yaradılması strateji əhəmiyyətə malikdir. Bu ehtiyacdan irəli gələrək "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə mövcud vəziyyət 3 kateqoriya üzrə qiymətləndirilir: institusional bazanın təmini, təhlükəsizliyin təmini və infrastrukturun qurulması. Bu strateji sənəddə haqlı olaraq vurğulanır ki, institusional baza ərazidəki fəaliyyətlərin koordinasiyası, reinteqrasiya, dövlət-özəl tərəfdaşlığı və dayanıqlı məskunlaşma üçün təməl şərtlərdən biridir.
Bu çərçivədə zəfərlə nəticələnən Vətən müharibəsinin davam etdiyi müddətdə 29 oktyabr 2020-ci il tarixində "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmə təşkili haqqında" fərman imzalandı. Müvəqqəti komendantlıqlar ictimai qayda və ictimai təhlükəsizliyin qorunması kimi önəmli funksiyanı yerinə yetirdilər. 24 noyabr 2020-ci ildə - tarixi Qarabağ Zəfərindən cəmi 2 həftə sonra isə Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamla işğaldan azad edilmiş ərazilərdə mərkəzləşdirilmiş qaydada məsələlərin həlli üçün Əlaqələndirmə Qərargahı yaradıldı. Bunun ardınca Prezidentin 7 iyul 2021-ci il tarixli fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqləndi. Fərmanla Qarabağ (Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər) və Şərqi Zəngəzur iqtisadi rayonları (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan) yaradıldı. Bu addım sadəcə ərazilərin iqtisadi idarəetmə modelinin təkmilləşdirilməsi ilə bağlı deyildi. Fərmanda uzunmüddətli strateji və geosiyasi hədəflər də ehtiva olunmuşdu.
İşğaldan azad edilmiş ərazilərdə dövlət idarəetməsi və institusional təməllərin qurulması və möhkəmləndirilməsi istiqamətində daha bir strateji addım atılaraq cənab Prezidentin 2021-ci il 4 fevral tarixli fərmanı ilə "Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə" təsdiq edildi. Xüsusi nümayəndəliyin isə işğaldan azad edilmiş ərazilərin dövlət tərəfindən müəyyən edilmiş prioritet hədəflərə uyğun inkişafının təmini, dövlət qurumlarının yerli bölmələrinin fəaliyyətlərinin əlaqələndirilməsi, dövlət əmlakından səmərəli istifadə və mülkiyyətin mühafizəsi, sahibkarlıq, şəhərsalma və tikinti kimi önəmli fəaliyyət istiqamətləri təsbit olundu. 31 may 2021-ci il tarixli "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanunda unikallığı ilə seçilən Şuşa şəhərində effektiv dövlət idarəetməsinin təşkili və tətbiqini təmin etmək dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təsdiqləndi.
16 noyabr 2022-ci il tarixli sərəncamla təsdiqlənən "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın "Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili" adlanan 1-ci prioritetinin "Ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsi, təhlükəsizliyin və dövlət idarəetməsinin təşkili" adlanan 1.1-ci fəaliyyət istiqamətinə uyğun olaraq azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizəsi təşkil edildi, yeni hərbi hissələr quruldu və sərhəd-buraxılış məntəqələri yaradıldı. Dövlət təhlükəsizlik, əlaqədar mərkəzi və yerli icra hakimiyyəti, məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının fəaliyyətinin təmini üçün zəruri inzibati binalar və digər xidməti binalar inşa edilməyə başladı.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən böyük infrastruktur layihələrinin yerli səviyyəli sosial-iqtisadi səbəbləri və nəticələri ilə yanaşı, regional geosiyasi və geoiqtisadi proseslər çərçivəsində əks-sədaları və strateji məntiqi də var. Buna görə də Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən təməli qoyulan və uzunluğu 124 kilometrə yaxın olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi diqqət mərkəzindədir. Yol bir tərəfdən dədə-baba yurdlarına qayıdan insanlarımızın yerli səviyyədə sosial-iqtisadi ehtiyaclarını qarşılayır, digər tərəfdən isə regional geostrateji təşəbbüslərin bir parçasına çevrilərək ölkəmizin regional gücünü daha da artırır. Bu strategiya həm də Azərbaycanı regional nəqliyyat və enerji layihələrinin mərkəzi ölkəsinə çevirən uzunmüddətli strateji vizyonun yeni bir örnəyidir.
Beləliklə, yollar, körpülər, tunellər, məktəblər, xəstəxanalar, su, elektrik, təbii qaz, kanalizasiya infrastrukturunun yenidən qurulması və bərpası prioritet istiqamətlər oldu. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın "Ərazilərdə şəhər, qəsəbə, kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini" adlanan 2-ci prioritet istiqamətinə uyğun olaraq ərazilərin xəritələnməsi, infrastrukturun inventarlaşdırılması, şəhərlərin baş planlarının hazırlanması və yeni nəqliyyat infrastrukturunun planlaşdırılması fəaliyyətləri sürətlə icra edildi. Ölkədaxili və xarici ticarəti asanlaşdırmaq və əhalinin mobilliyini təmin etmək, Qarabağ və Şərqi Zəngəzuru Azərbaycanın digər hissəsi və qonşu ölkələrlə inteqrasiya etmək üçün nəqliyyat əlaqələri önəmlidir. Azərbaycan Avtomobil Yolları Dövlət agentliyinin 2025-ci ilin yanvar ayına olan məlumatına görə, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" və digər sərəncamlar çərçivəsində işğaldan azad olunmuş ərazilərdə agentlik tərəfindən təqribən 3383 kilometr respublika və yerli əhəmiyyətli 44 avtomobil yolunun layihələndirilməsi və tikintisi aparılır. İşğaldan azad edilmiş ərazilərdə avtomobil yolları üzərində tunel və körpülərin tikintisi də sürətlə davam edir.
İnfrastrukturun bərpası və yenidən qurulması Azərbaycanın dövlət büdcəsindən maliyyələşdirilir. Maliyyə Nazirliyinin məlumatlarına əsasən, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı fiziki və sosial infrastrukturun tam bərpası və yenidən qurulması çərçivəsində 2021-2024-cü illər üzrə dövlət büdcəsindən 17 milyard manatdan çox maliyyə vəsaiti ayrılıb. 2025-ci ilin dövlət büdcəsindən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzura 4 milyard manat vəsait ayrılıb. Dövlət büdcəsindən ayrılan bütün bu vəsaitlərin uzunmüddətli dövrdə optimallaşdırılması, dövlət-özəl əməkdaşlığı ilə yeni layihələrin icrası və özəl sektor investisiyalarının artması istiqamətində də tədbirlər həyata keçirilir.
Müasir infrastrukturun qurulması ilə yanaşı, işğaldan azad edilən ərazilərin milli iqtisadiyyata reinteqrasiyası və davamlı inkişafı üçün Azərbaycan dövləti 2020-2025-ci illərdə əlavə kompleks addımlar da atıb. 2021-ci ildə işğaldan azad edilmiş bölgələrdə məşğulluğunun artırılması, sənaye potensialının inkişafı və sahibkarlığın dəstəklənməsi üçün İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı və Ağdam Sənaye Parkı qurulub. Prezident İlham Əliyev 10 dekabr 2021-ci ildə "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" mühüm bir sərəncam imzalayıb. Bu sərəncamda 7 prioritet istiqamət üzrə təşviqedici addımlar nəzərdə tutulur:
1. "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesi və xidmət infrastrukturu yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi.
2. İşğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi.
3. İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su) üzrə güzəştlərin müəyyən olunması;
4. Müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi;
5. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və zəruri dövlət dəstəyinin gücləndirilməsi;
6. İşğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, "yaşıl artım" yaradan və bərpaolunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi;
7. İşğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl sektor tərəfdaşlığının inkişafı".
Sərəncamın 5-ci prioritet istiqaməti olan müvafiq təşviqedici addımın atılması üçün Prezidentin 2023-cü il 9 yanvar tarixli fərmanı ilə "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması" Qaydası təsdiq edilib. Qaydalara əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bütün növ sahibkarlıq subyektləri dövlət zəmanəti ilə müvəkkil kredit təşkilatlarından 5 milyon manatadək kredit ala bilər. Bu kreditlərin illik faiz dərəcəsi 15 faizədək, müddəti isə 7 ilədək ola bilər. Bu çərçivədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrin dəstəklənməsi üçün 5 milyon manatadək məbləğdə və 3 ilədək güzəşt müddəti olmaqla toplam 7 illik müddətə qədər kreditləri əhatə edən dövlət zəmanəti və faiz subsidiyası mexanizmi işləyib hazırlamışdır.
İşğaldan azad edilmiş ərazilərdə istehsal müəssisələri və fiziki infrastrukurla yanaşı, təhsil və səhiyyə təsisatları qurularaq bölgədə davamlı insan inkişafı və sosial kapital üçün uyğun modelin də təməli atılır. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Peşə Təhsili mərkəzlərinin və Qarabağ Universiteti kimi strateji əhəmiyyətli ali təhsil müəssisəsinin qurulması önəmlidir.
Yeri gəlmişkən, qeyd edək ki, Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi potensialının qiymətləndirilməsi prosesində daha yaxından iştirak etmək imkanı var. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının davamlı insan inkişafı və sosial kapitalın inkişafı modeli üçün dövlətin 2027-ci ildən sonrakı dövrü əhatə edəcək uzunmüddətli strategiyasının və yeni yol xəritələrinin işlənib hazırlanması prosesində də Dövlət İdarəçilik Akademiyası bütün potensialı ilə iştirak edə bilər. Bununla yanaşı, akademiya azad edilmiş bölgələrdə dövlət qurumlarında çalışan dövlət qulluqçuları üçün əlavə təlim proqramları təşkil edərək insan resurslarının bilik və bacarıqlarının müasir dövrün tələblərinə uyğun şəkildə dərinləşməsinə də öz töhfəsini vermək arzusundadır. Bir sözlə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyü və dövlət suverenliyi tam şəkildə bərpa edilmiş, güclü və rifahlı Azərbaycan naminə atılan və atılacaq bütün strateji addımlarda Dövlət İdarəçilik Akademiyası öz missiyasına uyğun aktiv iştirak etmək əzmindədir.
Elnur ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin