I yazı
İnsan özünü dərk edəndən şərin mahiyyətini anlamağa, pisliklərin mənbəyini axtarıb tapmağa çalışıb. Şər niyə mövcuddur? Mənbəyi nədir? Əgər Tanrı varsa, nədən pisliklərin qarşısını almır?
Fəlsəfə tarixində şər problemi etik, siyasi, qnoseoloji və ontoloji istiqamətlər üzərindən araşdırılıb. Fəlsəfi təyinatda şərin üç növü məlumdur: təbii, əxlaqi və metafizik.
Təbii şər – zəlzələ, qasırğa, quraqlıq, ildırım, daşqın, yanğın və digər bu kimi təbii fəlakətlərdir.
Əxlaqi şər – insani pisliklər – müharibə, soyqırım,oğurluq, təcavüz və bu qəbildən olan naqis davranışlara deyilir.
Metafizik şər isə əvvəldə dediyimiz hər iki şərin səbəbi, yaxud onları törədən universal, (bəlkə də dərkolunmaz) şərdir.
Məsələn, bədbəxtlik, pis tale, fiziki və ya əqli məhdudiyyətli biri kimi dünyaya gəlmək metafizik şərin “əl işləri”dir.
Deist filosof Leybnisə (1710) qədər fəlsəfi ədəbiyyatda “metafizik şər” anlayışına rast gəlmirik.
Deməliyəm ki, Şərin təbiəti haqqında, xüsusən də şərin ilahi mənşəyi haqqında danışırıqsa, mütləq qədim yunan filosoflarına baş çəkməli olacağıq.
Bizə məlum olan filosoflardan şər probleminə konseptual şəkildə yanaşan ilk filosof Platondur. Əlbəttə, Platon tanrılara inanırdı, onun tanrıları isə yalnız xeyir işlərin müəllifi idi. Bu səbəbdən Platon “Dövlət” əsərində şərin tanrılardan uzaq olduğunu, onun tamamilə başqa mənbədən gəldiyini iddia edirdi.
Paqanist və çoxallahlı dinlərdə asi varlıq-iblis mövcud olmadığına görə Platon onu şər mənbəyi kimi göstərə bilməzdi.
Fəlsəfə tarixində şərin mənbəyi barədə əsrlərlə davam edən müzakirələr, mübahisələr mütləq bir sonuca vara bilmir. Bu mənada teistlər kəsə yolla gedib, məsələni nisbətən sadələşdirmiş kimi görünürlər:
“Hər şey tanrının nəzarətindədir, ondan xəbərsiz bir yarpaq belə düşə bilməz”.
Əsas ziddiyyət də elə burada başlayır. Yunan Ellin məktəbinin görkəmli nümayəndəsi, ilk atomistlərdən biri Epikür tanrı və şər probleminə dair əsrlərlə dartışılacaq bir teodiseya irəli sürür. Hələ ki teist filosoflar, ilahiyyatçılar tərəfindən bu minillik paradoksa məntiqli, əsaslı cavab verən biri tapılmayıb. Beləliklə, Epikürün paradoksu belədir:
Tanrı şəri məhv etmək istəyir, amma edə bilmir,
Tanrı şəri məhv etməyə qadirdir, amma etmir,
Tanrı şəri məhv edə bilmir, heç etmək də istəmir,
Tanrı şərin kökünü kəsməyə qadirdir və kəsmək də istəyir.
Birinci halda Tanrı gücsüzdür. Amma bu, hər şeyə qadir Tanrının mahiyyətinə uyğun gəlmir. İkinci halda Tanrı bədxahdır. Bu da Tanrıya xas əlamət deyil. Üçüncü halda Tanrı həm həm gücsüz, həm də pisniyyətdir. Hansı ki, belə bir varlıq ümumiyyətlə, Tanrı ola bilməz. Yalnız dördüncü variant Tanrının obrazına uyğun gəlir: Şəri məhv etməyə qadirdir və etmək də istəyir, o zaman sual çıxır: Bəs Tanrı bunu niyə etmir?
(Yeri gəlmişkən, Epikürün teodiseyasına bir sual da əlavə etmək mümkündür: Tanrı yeganə yaradıcıdırsa, bəs onda şəri kim yaradıb?)
Epikür paradoksunu əsrlər sonra ingilis filosofu David Hyum “Din üzərinə dialoqlar” əsərində istifadə edib. “Tanrı şərin kökünü niyə kəsmir?” sualı üzərində fəlsəfi, dini dartışmalar Leybnisə qədər eyni məcrada davam edib. Leybnis isə Tanrını müdafiə etmək kimi görünən belə bir müddəa irəli sürür: Tanrının yaratdığı və bizim yaşadığımız bu dünya “mümkün dünyaların ən yaxşısıdır”. Yəni, bütün pis və yaxşı tərəfləri ilə, sevinci, əzabı ilə birgə bu dünya yaradıla biləcək ən yaxşı dünyadır.
Leybnis “Monadologiya” əsərində mükəmməl dünya nəzəriyyəsini beş postulatda təsvir edir:
1. Tanrı sonsuz sayda kainat ideyasına malikdir.
2. Bu kainatlardan yalnız biri reallıqda mövcud ola bilər.
3. Tanrının seçimi təsadüfi deyil və kafi səbəb prinsipinə əsaslanır. Yəni, Tanrının bu və ya digər variantı seçmək üçün səbəbi var.
4. Tanrı yaxşıdır.
5. Ona görə də Tanrının seçdiyi kainat bütün mümkün variantlardan ən yaxşısıdır.
Diqqət edirsinizsə, Leybnis burada “kainat” ifadəsini işlədir. Yəni, nəinki dünya, hətta bizim dünyamızın yerləşdiyi kainatın özü də mümkün kainatların ən yaxşısıdır. Leybnisin bu teoriyası rasionalistlər - Volter, Kant və Bertran Rassel tərəfindən kəskin tənqid edilib.
Yuxarıda söylədiyimiz kimi Epikürün məşhur sualına fəlsəfə tarixində tutarlı bir cavab verilməsə də orta əsr xristian teoloqu Avqustin bu paradoksu cavablandırmağa çalışıb. Avqustinin arqumenti belədir: Şər nə ontoloji, (varlıq kimi) nə də metafizik (ilahi) olaraq özü özlüyündə mövcud deyil. Əslində şər yoxdur, sadəcə, xeyirin olmaması var. Əgər Şər müstəqil, obyektiv şəkildə mövcud olsaydı, şər problemi tamamilə həlledilməz olardı. Yəni, şər yaradılışdırsa demək onu Tanrı yaradıb. Bu halda tanrı xeyirxah sifətini itirir, bədxahlaşır. Bu da Avqustinə görə mümkün deyil.
İkinci yanaşma. Şəri Tanrı deyil, başqa bir qüvvə yaradıb. Bu müddəa da teoloji konsepsiyaya uyğun gəlmir, çünki Tanrı yeganə yaradıcıdır.
Beləlikə, Avqustinin çıxardığı nəticəyə görə şər özlüyündə obyektiv olaraq mövcud deyil, sadəcə, xeyir olmayan əməllər var.
“Əhdi-Ətiq”dən başlayaraq, ibrahimi dinlərin müqəddəs kitablarında şər problemi demək olar ki, iradə faktoru ilə əsaslandırılır. Səmavi adlandırılan hər üç dində bildirilir ki, Tanrı insana azad iradə verib, insan yaxşı və ya pis əməllər törətməklə bağlı seçim azadlığına malikdir. Qiyamət günü bütün insanlar öz əməllərinə görə cavabverəcək, buna uyğun olaraq da cənnətə və ya cəhənnəmə gedəcəklər. Həm “Əhdi-Ətiq”də (Tövrat və Zəbur), həm də “Əhdi-Cədid”də, (İncillər) həm də “Qurani-Kərim”də (islam) məsələ müəyyən fərqlər istisna olmaqla bu cür həll olunur.
Məsələnin dediyimiz şəkildə qoyuluşu islam aləmini qədərilik və cəbərilik adlanan iki böyük firqəyəparçalayır.
Qədərilərə görə (bu düşüncə axınının daşıyıcıları xilafət dövründə böyük təzyiqlərə, çarmıxa çəkilmə, əl-ayağın kəsilməsi kimi işgəncələrə məruz qaldılar) tanrı insana azad iradə verib və onun bu dünyadakı əməllərinə müdaxilə etmir. Tanrı yalnız insan öləndən sonra günah-savab dəftərinə baxır. (Burada da problem var, çünki əgər sorğu-sual məhşər günü olacaqsa, bəs indiyədək yaşayıb ölənlər hardadırlar?)
Cəbərilərə görə isə əksinə, insan öz seçimlərində azad deyil, onun bütün düşüncələri və hərəkətləri Tanrı tərəfindən alın yazısı şəklində öncədən hazırlanıb. Yəni, insan Tanrının izin vermədiyi bir işi əsla görə bilməz. Bu yerdə Qədərilər ortaya məntiqli bir sual qoyur:
- Əgər insanın bütün həyatı Tanrı tərəfindən proqramlaşdırılıbsa, qiyamət günü Tanrının insanı sorğuya çəkməsinin bir anlamı varmı?
Şəlalə Göytürk Niaqara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin