QEYD: Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində üçüncü kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Layihə çərçivəsində növbəti ziyarətim İkinci Qarabağ müharibəsi qəhrəmanı, şəhid Murad Gülümxan oğlu Mayılovun ailəsi oldu. Murad Mayılov 1998-ci il 3 iyul tarixində Qobustan rayonunun Nabur kəndində anadan olub. O, Ə.İbrahimov adına Nabur kənd orta məktəbində 11 il təhsil alıb.
Şəhidin anası Gülbadam xanım bildirir ki, onların 5 övladı var idi, üç oğul, iki qız:
"Sonbeşiyim Murad idi. Məktəbi bitirdikdən 8 gün sonra əsgərliyə getdi, bir il yarım xidmətini çəkib, geri gəldi. Daşkəsəndə əsgərlik çəkmişdi. İki il sonra müharibə başlayanda isə könüllü yazılmışdı, o yolla da yenidən getdi. 44 gün müharibəni sonacan döyüşüb. Artıq müharibənin bitməsi elan olunmuşdu, ancaq bunlara zəng çatmadığına görə xəbərləri olmayıb.
Uşaqlığından zəhmətkeş idi. Fəhləliklə, çobanlıqla məşğul olardı. Əsgərlikdən gələndən sonra yeni püxtələşirdi, özünü tanıyırdı. Sıradan kənd uşaqları kimi böyüyüb. Fəhlə atanın fəhlə balası olub. Həmişə gücü çatan qədər ailəsinə dəstək olardı. Əsgərlikdən sonra Müşfiqabad qəsəbəsində zavodda işləyirdi. Çağırış gələndə də heç evə gəlmədi. Xalası deyib, bala, sən getmə. Heç bilirsən hara getdiyini? Deyib, bilirəm. O getməsin, mən getməyim, bəs kim getsin Vətənimiz üçün?! Ana-bacılarımızın qisası üçün getməliyəm. Əvvəl gündə iki dəfə danışırdıq. Sonra iki gündən bir dəfə, ya həftədə bir dəfə. Axırıncı günlər ayın 2-dən sonra danışa bilmədik. Sən demə, döyüşlər gedirdi, set tutmurdu orda. Buradan yığanda deyirdim, bala, özündən muğayat ol. Deyirdi, ana, biz dəmir yumruq altındayıq, bizə heç nə olmaz. Bizim İlham Əliyev kimi rəhbərimiz var. Hamımız birləşmişik.
27 sentyabr zəng elədi, dedim bəs dedin gələcəyəm axı. Dedi, ana, yox siz məni gözləməyin, rahat işlərinizi görün. Hiss elədim səsi tutuldu, kövrəldi. Dedim, Murad, niyə ağladın? Mənim də ürəyim sıxıldı, bala. Yanında yoldaşı aldı telefonu, dedi Murad özünü pis hiss elədi, bibi, narahat olma vallah gələcəyik. Amma ordan atışma səsləri eşidirdim. İnternet də kəsildi, onda dedilər müharibə başlayıb. (Red. ağlayır)
Murad döyüşdə yaralılara kömək edirdi. Zəng edəndə deyirdi, ilk yardım çantasını mənə veriblər əsgərlərə kömək edirəm. Elə şəklində də görünür, əlləri qan içindədir, silah da əlində. Deyirdi, ana, özünüzdən muğayat olun. Mən yaxşıyam, arxadayam, narahat olma, yerim rahatdı. Muradın komandiri deyirdi yaralananda gətirirdilər, yolda maşın dayandı. Dedik yəqin pusquya düşdülər, çatdıra bilmədilər. Deyirlər, huşunu itirməsin deyə yoldaşları onu danışdırırdı.Soruşublar, Murad sənin üçün nə edək? Deyib, heç nə, bircə məni anama çatdırın. Qoymayın burda qalaq. Ona xəbər veriblər ki, torpaqlarımızı aldıq. Deyib ki, şükür Allaha, qız-gəlinimizin namusu təmizləndi. Sonra da gülümsəyib gözlərini yumub. (Red. ağlayır)"
Şəhidin atası Gülümxan bəy deyir ki, bir həftə Qusarda təlim keçmişdilər. Döyüş yoldaşlarından 5 nəfər idilər, 4-ü şükür ki, salamat gəldilər. Murad şəhid düşdü:
"Onun haqqında çox söz deyirlər. Cəsurluğundan, mərdliyindən, ürəyi təmizliyindən çox danışırlar. Deyirlər, dostlarını darda qoymazdı. Döyüş yoldaşı gəlmişdi, bir ayağı da yoxdur. Deyir, yaralandım mənə ilk yardımı Murad göstərdi. Çıxartdı pencəyini də atdı üstümə özü irəliyə davam etdi. Həmin günü döyüşdə bütün yaralılara Murad ilk yardım göstərə bilib. Düzdür, ali təhsili yox idi, amma əlindən hər şey gəlirdi. İynə vurmaq, yardım etmək.
Oğlum Xocavənddə, Füzulidə, Cəbrayılda döyüşlərdə iştirak edib. Şuşaya çatmağına 20 km qalmış Daşaltıda şəhid olub. Ayın 9-u yaralanıb, 10 noyabr səhər saat 9-da vəfat edib. Öz komandiri danışırdı ki, yaralanmışdım, məni mindirdi maşına özü yenidən geri qayıtdı. Ayılanda eşidib ki, Murad şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət etsin, yerləri cənnət olsun. Prezidentimizin canını sağ etsin ki, başımızın üstə durub, dayağımızdır. Bütün şəhid ailələri qarşısında baş əyirəm".
Gülbadam ana danışır ki, komandiri Muraddan çox razılıq edirdi. Deyir ki, orda bir yol vardı su gətirməyə gedirdilər növbəylə. Bir də görürdüm gecə saat üçdür, Mayılov yerində yoxdur:
"Çıxıb axtarırdım uşaq haradadır birdən əsir götürərlər. Görürdük su gətirir, yeməyimizi gətirir. Hirslənirdim ki, Mayılov nə edirsən, birdən əsir düşərsən?! Deyirdi, komadir, erməni alçaqları bizə heç nə edə bilməzlər. Əgər yoldaşının növbəsiydisə qıyıb onu yuxudan oyatmırdı, özü gedib gətirirdi. O yolu Murad on dəfə gedib gəldi heç nə olmadı. Bir dəfə mən getdim, minaya düşdüm. Evə gələn hamı Muradın cəsurluğundan danışırlar. Deyirlər, bizi sıraya düzürdülər ki, görək kim çıxacaq irəli artıq son günlər idi. Murad qabağa çıxırdı ki, komandir sizi tək qoymaram.
Murad balaca, qarayanız uşaq idi. Komandir deyir, fikirləşirdim, mən bu balaca uşaqla nə edəcəm?! Gərək onları yaxşı qoruyam. Ancaq Murad mənə o qədər dəstək olurdu, sanki şir ürəyi yemişdi. Xocavənddə bir nəfər komandir yaralanır. Onu Murad bir həftə neytral zonada saxlayır, yardım edir, qoymur ölsün. Maşın da yaxınlaşa bilmirdi kömək üçün. Murad onu birtəhər çıxarır neytral zonadan gətirir qoyur maşına yola salır. Komandir deyib ki, məni Mayılov adında igid qurtardı çıxardı məni o qanlı yerdən, həyatımı xilas etdi. Özü isə qayıtdı davam etdi.
Soruşurdum, bala, nə yeyirsiz? Deyirdi, erməni alçaqların qovmuşuq, özümüz oturmuşuq evlərdə yeyirik. Deyirdim, ay bala, zəhərlənərsiniz, ehtiyatlı olun. Deyirdi onlar kimdi bizi zəhərləyə?! Çox şən uşaq idi. Videosu var uşaqlarda. Ermənilərin evindən bal götürüb, süt götürüb paylayıb tez yoldaşlarına ki, yesinlər. Oğul kimi oğul idi. İndi qardaşı oğlu Muradın adını daşıyır. Əmisi kimi igid oğul olsun inşallah!
Düzdür, adam dözə bilmir. Ancaq o uşaqlar oralarda necə əziyyət çəkiblər. O relyefdə, o çətinlikdə döyüşüblər. Adam şəkildə baxanda inana bilmir. Allaha qurban olum, 44 gün döyüşlərdə olub. Silah-sursat dalıyca gedirdi, güllələri xurcunlara yığıb dağın başındakı yoldaşlarına çatdırırmış. Qorxusuz, mərhəmətli idi. Elə həyatda da elə idi. Qazancını olmayanlarla bölürdü. Həmişə deyirdi, istəyirəm siz tanınasınız, qoy hamı desin bunlar Muradın ata-anasıdır. Deyirdim, ay Murad biz necə tanınaq sıradan kəndlilərik. Arzusuna çatdı... Bütün şəhidlərimiz bizim balalarımızdır, Allah onlara rəhmət etsi!"
Ailəsi qeyd edir ki, Nabur kənd orta məktəbində şəhidimizin adına sinif otağı var.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murad Mayılov Füzuli, Xocavənd, Şuşanın azad edilməsində savaşıb. 10 noyabr 2020-cibildə Şuşa istiqamətində şəhid olub. Murad Mayılov Qobustan kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Murad Mayılov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhun şad olsun, cəsur qardaşım!
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil jurnalist
Afaq Rza
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin