
“KOBRA” ləqəbli qorxu bilməyən şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun ailəsi ilə Müsahibə
Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə can sağlığı versin!
Qısa arayış:
Xeyrulla Mais oğlu İbrahimov 1971-ci il aprelin 19-da Bakı şəhərində anadan olub. 1978-1985-ci illərdə Xətai rayonunda 116 nömrəli tam orta məktəbdə, 1985-1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1988-1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində “Artilleriya” ixtisası üzrə ali hərbi təhsil alıb.
Xeyrulla İbrahimov1992-ci il sentyabrın 28-dən 1993-cü il iyunun 5-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi-Divizion Komandirinin müavini vəzifəsində, 1993-cü il iyunun 5-dən 1993-cü il noyabrın 1-nə qədər isə Hacı Zeynalabdin qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə Zenit Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib.
Xeyrulla İbrahimov 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə savaşıb. 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə yaralanıb.
1993-cü il noyabrın 1-dən 1993-cü il yanvarın 18-nə qədər Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının(HHM) sərəncamında olan Xeyrulla İbrahimov, 1994-cü il yanvarın 18-dən 1997-ci il mayın 14-nə qədər Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib. 1994-cü il iyunun 24-də “Baş leytenant” hərbi rütbəsi, 1997-ci il iyunun 30-da isə “Kapitan” hərbi rütbəsi verilib.
1998-ci il noyabrın 1-dən 1999-cu il iyunun 29-na qədər Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Artilleriya rəisi vəzifəsində xidmət edən Xeyrulla İbrahimov, 1999-cu il iyunun 29-dan 2000-ci il iyunun 26-na qədər Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında dinləyici olub. 2000-ci il iyunun 30-da “mayor” hərbi rütbəsi verilib.
Xeyrulla İbrahimov 2000-ci il iyulun 26-dan 2003-cü il sentyabrın 30-na qədər Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə Komandir müavini, 2003-cü il sentyabrın 30-dan 2004-cü il aprelin 1-nə qədər həmin hərbi hissədə Komandirin MTT üzrə müavini-MTT bölmə rəisi vəzifəsində xidmət edib. 2004-cü il iyunun 30-da “polkovnik-leytenant” hərbi rütbəsi verilib.
2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Növbəti 7 il ərzində Xeyrulla İbrahimov hərbi hissəlrin Komandiri vəzifəsində xidmət edib. O, əvvəlcə2004-cü il aprelin 1-dən 2009-cu il iyulun 25-nə qədər Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissənin, sonra isə 2009-cu il iyulun 25-dən 2011-ci ilə qədər Naxçıvan şəhərində yerləşən “N” Salı hərbi hissənin komandiri olub.
Könüllü olaraq 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb. 20 il davam edən qüsursuz xidməti ərzində “KOBRA” ləqəbini qazanıb.
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölməlri tərəfindən genişmiqyaslı təxribat törədilib və cəcəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulub, nəticədə ölənlər və yaralananlar olub. Ermənistan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilib. Könüllü olaraq Müdafiə Nazirliyinə müraciət edən ehtiyyatda olan polkovnik-leytenant Xeyrulla İbrahimovun müraciətinə dərhal baxılıb və o, 4-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində müharibəyə yollanıb.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Xeyrulla İbrahimov Vətən müharibəsi zamanı Cıbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Ermənistan Silahlı Qüvvələrinə məxsus canlı qüvvəllərin və dayanma məntəqlərinin məhv edilməsi zamanı fərqlənib. Xeyrulla İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. İkinci Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xeyrulla İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “Azərbaycan Bayrağı” ordeni, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Bəzən insan bir ünvana yox, bir tarixə doğru yol alır. Bəzən döyünən qəlb təkcə həyəcanla deyil, ehtiramla addımlayır. Çünki o yol Vətən üçün canından keçənlərin izindən keçir. Şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun əziz ailəsi ilə görüşə yola düşürəm. Bu yol adi bir ünvan deyil-Vətən sevgisinin, igidliyin və səssiz qəhrəmanlığın yaşadığı ocaqdır. Vətən, torpaq üçün canını fəda edən əfsanəvi qəhrəmanın nəfəsi bu evin divarlarında, adı isə ailəsinin, xalqımızın qəlbində yaşayır.O qapıdan içəri daxil olmaq mənim üçün təkcə qürur deyil, həm də bir and yeridir-şəhidimizin müqəddəs xatirəsinə sadiq qalmaq, ailəsinin ağrısını hörmətlə dinləmək və susqun fədakarlıqları sözə çevirmək andı. Bu evdə zaman belə ehtiramla dayanır, çünki burada Vətən üçün döyünən bir ürəyin izi var.
Polkovnik-leytenant Xeyrulla İbrahimovun anası Xalidə xanımla müsahibə
Xeyrullanın yolunu düz beş il gözləmişik. O dünyaya gələndə təkcə bir ailənin yox, bütün nəslin, qohum-əqrəbanın sevinci idi. Çünki bu beş il mənim övlad həsrəti ilə yaşadığım illər olmuşdu. Xeyrulla doğulduğu gündən fərqli idi. Onun seçilməyi təkcə zahiri görünüşü ilə yox, daxili aləmi, düşüncəsi, davranışı ilə hiss olunurdu.
Məktəb illərində təhsili, ciddi biliyi və yüksək tərbiyəsi ilə hər kəsin diqqətini çəkirdi. Ona bir mövzunu cəmi bir dəfə izah etmək kifayət edirdi. Çox iti zəkası vardı, bütün qiymətləri əla idi. Ucaboylu, güclü-qüvvətli, zəngin biliyə malik bir övlad idi. Mən onu hər zaman hərbçi kimi görürdüm. Hətta danışığında belə səliqə, mehribanlıq və ciddilik vardı.
Orta məktəbi bitirdikdən sonra, 1985–1988-ci illərdə onu Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almağa yönləndirdim. Daha sonra ali məktəbə qəbul imtahanlarını verərək 1988–1992-ci illərdə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində “Artilleriya” ixtisası üzrə ali təhsil aldı. Bu ali məktəbi də ən yüksək qiymətlərlə bitirdi. O vaxtlar deyirdi: “Ana, burada məni saxlamaq istəyirlər, amma mənim Vətənimdə müharibə gedir. Mən burada qala bilmərəm.” Vətənpərvərlik onun damarlarında axan qan idi.
Xeyrulla Vətənin ən çətin günlərində bir hərbçi kimi döyüş meydanında olmağı özünə borc bilirdi. Birinci Qarabağ müharibəsində elə rəşadətlə vuruşmuşdu ki, hətta ermənilər onu öldürmək üçün pul mükafatı belə vəd etmişdilər.
Xeyrulla heç vaxt ağrı-acısından danışmazdı. Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində ağır yaralanmışdı. Amma mən bunu o vaxt bilməmişdim. Bizə heç nə deməmişdi. Onun Birinci Qarabağ müharibəsində yaralandığını yalnız İkinci Qarabağ müharibəsində şəhid olduqdan sonra öyrəndim.
Müharibədən sonra Xeyrulla Gəncədə N saylı müxtəlif hərbi hissələrdə briqada komandirinin müavini kimi xidmət edib. Daha sonra isə uzun illər briqada komandiri vəzifəsində çalışıb. Hər zaman ona tapşırılan xidməti vəzifələri böyük məsuliyyətlə, ləyaqətlə yerinə yetirib. Xidmət yolu onu polkovnik-leytenant rütbəsinə qədər yüksəltdi. 40 yaşında isə könüllü olaraq istefa verdi.
20 illik qüsursuz xidmət dövründə də, ondan sonra da Xeyrulla bir dəfə belə hərbi nizamnamədən kənara çıxmadı. Hərbi sirri dilinə gətirmədi, onu özü ilə apardı. Xeyrulla həm döyüş meydanında, həm də həyatda əsl zabit, əsl Vətən oğlu idi.
“Getməyə bilmərəm, ana”-bir qəhrəman oğulun Vətənə verdiyi can sözü
Baxmayaraq ki, Xeyrulla ehtiyatda olan hərbçi idi, İkinci Qarabağ müharibəsi başlayan gün tərəddüd etmədən yenidən cəbhəyə könüllü getmək qərarı verdi. Həmin vaxt ömür-gün yoldaşı Pərvanə xanımın vəfatından cəmi dörd ay keçmişdi. Ana kimi ürəyim tab gətirmədi, dedim: “Bala, dörd aydır yoldaşın rəhmətə gedib. Bu uşaqları heçmi düşünmürsən?” O isə qətiyyətlə cavab verdi: “Ana, sən möhkəm anasan, bilirəm ki, onları tək qoymazsan. Mənim bildiyim mövqeləri orada heç kim bilmir. Getməyə bilmərəm…” Xeyrulla müharibəyə yola düşəndə içimdən sanki bir ağrı keçdi. Amma onun qarşısında göz yaşı tökmədim. Sonrakı halımı isə sözlə ifadə etmək mümkün deyil. Onu yolundan heç bir qüvvə döndərə bilməzdi.
Getdiyi günün gecəsi zəng etdi: “Ana, Tərtərdəyəm. Çox yaxşı qarşıladılar. Generallar mənimlə görüşdü. Artilleriya qurğularına baxış keçirdim, mövqeləri düzgün müəyyən etdim. Doqquz illik fasilədən sonra ilk atəşi açmaq üçün icazə istədim. Bir atışla düşmənin iki hədəfi və xeyli texnikası məhv edildi.” Bunları danışarkən səsindəki qüruru, sevinci hiss etməmək mümkün deyildi. Hətta generallardan biri ona yaxınlaşıb demişdi: “Xeyrulla, sən indiyə kimi harada idin?”
Vətən müharibəsinin üçüncü günü onu Füzuliyə göndərərək 4-cü Ordu Korpusunun Artilleriya rəisi təyin etdilər. Onun komandanlığı altında döyüş yoldaşları ilə birlikdə beşə yaxın rayonumuz düşməndən azad olundu. Sonra Şuşaya 6 kilometr məsafədə, Qırmızı Bazar adlanan ərazidə -1025 metr hündürlükdəki mövqeyə qalxmaq əmri verildi. Oğlum həmin yüksəkliyə qalxarkən silahdaşlarına demişdi: “Mən bu gün şəhid olacağam.”
Döyüşlərdə ona “KOBRA” ləqəbi vermişdilər. “KOBRA”nın döyüşə girdiyini eşidən düşmən, nəyin bahasına olursa olsun, onun məhv edilməsi üçün bütün yollara əl atırdı. Ermənilərin Gəncəni raket atəşinə tutması Xeyrullanı dərin sarsıtmışdı. Məsum insanların, uşaqların ölümü onu yandırıb-yaxırdı. Sonuncu dəfə xalası ilə danışarkən demişdi: “Mən ermənilərdən qisasımı aldım. Yüzlərlə erməni məhv etdim. Gəncədə ölən uşaqların qisasını aldım.”
Oktyabrın 26-sı oğlu Anarın doğum günü idi. Təmtəraqlı qeyd etmək fikrimiz yox idi, heç olmasa bir tort almaq istədik. Düşünürdüm ki, Xeyrulla uşaqlarının doğum gününü heç vaxt unutmazdı. Ona bunu xatırlatmaq üçün dəfələrlə zəng etdim, amma telefonu qapalı idi. Həmin gün ürəyimdən bir səs keçdi: “Oğlun şəhid olub…” Sən demə, balam həmin gün saat 12:00-da şəhidlik zirvəsinə ucalıb.
Şəhid olmazdan bir neçə gün əvvəl döyüş və şəhidliyi gözümün qarşısından çəkilmirdi. Səbəbsiz ürək ağrısı, durmadan axan göz yaşları, titrəyən əllərim məni nələrəsə hazırlayırmış. Xeyrulla yaxşı övlad idi, yaxşı qardaş idi, yaxşı ata idi. Bunları onun şəhid olmasına görə demirəm — bu, həqiqətdir. O, müharibəyə şəhid olmaq arzusu ilə getmişdi. Bunu həm bizə, həm də döyüş yoldaşı olan bir polkovnikə demişdi. Xeyrulla dəfn olunduğu gün İkinci Fəxri Xiyabanda insan seli vardı. Generallar onun məzarı başında dayanaraq Xeyrullanın bitib-tükənməyən qəhrəmanlığından, Vətənə sədaqətindən danışırdılar…
Xalidə xanım qəhrəman oğlu Xeyrulla İbrahimov haqqında deyilən qürurverici fikirləri də bizimlə bölüşdü:
Bir gün İsmayıllı rayonunda şəhid ailələri ilə keçirilən görüşə dəvət olunmuşduq. Görüş zamanı bütün şəhid anaları ürək sözlərini dilə gətirdikdən sonra mənə də söz verdilər. Mən isə adətim üzrə çox qısa danışdım. Elə həmin anda tanımadığım bir şəxs mənə yaxınlaşaraq dedi: “Ana, sən nə üçün Xeyrulladan lazımınca danışmırsan? O, general yetişdirən şəhidlərdən olub.” Bu sözlər qəlbimə toxundu. Həmin şəxs daha sonra qeyd etdi ki, Xeyrulla xidmətində son dərəcə ciddi, məsuliyyətli və tələbkar biri olsa da, eyni zamanda ürəyi çox yumşaq, mərhəmətli və insanlara qarşı son dərəcə həssas idi.
Təsəvvür edin ki, o insan mikrofonu əlinə alaraq Xeyrulla haqqında ürək dolusu danışdı, onun zabit kimi duruşunu, insan kimi böyüklüyünü hamının qarşısında böyük ehtiramla dilə gətirdi. Mən isə səssizcə dinləyirdim… Çünki mən bilirəm — böyüdüb boya-başa çatdırdığım oğul kim idi. Mən bir qəhrəman anasıyam və bu qürur ömrümün sonuna qədər mənimlə qalacaq.
Şəhidimizin anası Xalidə xanım oğlu Xeyrulla ilə bağlı unudulmaz xatirələrini kövrək qürurla bölüşdü:
“Çox yaxşı xatırlayıram, 8 Mart və Novruz bayramı ərəfəsi idi. Xeyrulla hələ yüksək vəzifələrdə deyildi. Bir gün qəfil qapı döyüldü. Qapını açan kimi əlində iri bir gül dəstəsi ilə Xeyrullanı qarşımda gördüm. Boynuma sarıldı, üzümdən öpdü və məni 8 Mart münasibətilə təbrik etdi. Evdə işim olsa da, heç tərəddüd etmədən həmin gün bütün işlərdə mənə kömək etdi. Dedi ki, “ana, sən bir az dincəl, qoy bu gün sənə mən kömək edim.”
Xeyrulla sadə həyat tərzini sevərdi. Köməyə ehtiyacı olan heç kəsi geri çevirməzdi. Dilindən bir dəfə də olsun qəlb qıracaq söz çıxmazdı. Elə buna görə də bütün qohum-əqrəba arasında böyük hörmət qazanmışdı. Onun ömür-gün yoldaşı onkoloji müalicə alırdı. Bir gün müalicə və müayinələr üçün xarici ölkələrdən birinə getmişdik. Qayıdandan sonra Xeyrulla bizə gəlmişdi. Gördüm ki, əlində bir tas su gətirir. Soruşdum: “Ana qurban, bu nə üçündür?” Dedi: “Ana, ayaqlarını tasa qoy.” Sonra gəlindən də bir qab su istədi və ayaqlarıma tökdü. Ardınca dedi: “Ana, sən elə bir anasan ki, sənin ayaqlarının suyunu belə içmək olar.” Xeyrulla ən xırda yaxşılığı belə unutmazdı. Onun üçün ana haqqı müqəddəs idi.
Haşiyə çıxaraq bir məqamı xüsusi vurğulamaq istəyirəm. Birinci Qarabağ müharibəsindən sonra Ulu Öndər Heydər Əliyev Xeyrullanın xidmət etdiyi hərbi hissəyə gəlmişdi. O vaxt Xeyrulla divizion komandiri idi, hələ yüksək vəzifələrdə deyildi. Ulu Öndər ona bir neçə sual verdi, xidmət yolu ilə maraqlandı və soruşdu: “Sən haralısan?” Xeyrulla qürurla cavab verdi: “Mən azərbaycanlıyam.”
Ulu Öndər bu cavabı eşidəndə dedi: “Mən elə bu cavabı gözləyirdim.” Ardınca hər kəsə tapşırdı: “Bu oğlandan muğayat olun. O, gələcəyin Əliağa Şıxlinskisidir.” Bu sözlər Xeyrullanın necə bir zabit, necə bir vətən oğlu olduğunun ən böyük sübutudur.”
Şəhidimizin bacısı İlhamə İsmayılova qardaşı ilə bağlı xatirələri həm qürur, həm də sükuta bürünmüş bir göz yaşı ilə danışır:
Qardaşım Xeyrulla bir hərbçi kimi düşmənə qarşı amansız, ölümün gözünə qorxmadan baxan, lazım gələndə sərt və hökmlü, eyni zamanda ailəsinə, doğmalarına qarşı son dərəcə qayğıkeş, mehriban, həssas qəlbli bir insan idi. O, ürəyi ilə yaşayan, sevgisini gizlətməyən, varlığı ilə ətrafına istilik bəxş edən bir qardaş idi. Biz qardaşımı görəndə həmişə sevinirdik. Onun yanında daim gülər, deyib-danışardıq. Sanki evimizə günəş doğurdu. Onun varlığı bizə hər zaman xoşbəxtlik və sevinc gətirirdi.
Yay aylarında rayonda bir yerə yığışardıq. Qardaşım da həftəsonu bizə qoşulardı. O, orada olanda inanın ki, qəlbimiz fərəhlənir, ruhumuz sakitlik tapırdı. Qardaşımla keçirdiyimiz həyat çox maraqlı, çox mənalı idi. Onun hərbi fəaliyyəti ilə bağlı çox şey bilmirdim. Yalnız şəhidliyə ucaldıqdan sonra qardaşımın necə böyük bir qəhrəman olduğunu tanıdım. Onun haqqında yüzlərlə insan — döyüş yoldaşları, əsgərləri, hətta generallar belə ürək dolusu danışırdı. Biz Xeyrullanı şəhidlik zirvəsinə ucaldıqdan sonra yenidən kəşf etdik.
Qardaşımın döyüş ləqəbi “Kobra” idi. Bu adı belə onun şəhidliyindən sonra öyrəndik. Biz qardaşımla sanki əkiz idik — həm simamız, həm də xasiyyətimiz bir-birinə çox bənzəyirdi. Onu itirəndə elə bildim ki, canımın bir yarısı qopdu. O, artilleriyada əsl peşəkar idi. Döyüş yoldaşları deyirdi ki, papağına düşən kölgədən belə düşmən texnikasının yerini təyin edə bilirdi. Zabitə lazım olanda töhmət verərdi, amma əsgərinin hər zaman arxasında dayanardı. O, sözün əsl mənasında, əsl hərbçi idi.
2020-ci ilin 27 sentyabrında müharibə başlayanda bizim də həyəcanlı, qorxu dolu günlərimiz başladı. Hər gün gələn şəhid xəbərləri bizi dərindən sarsıdırdı. Anam inanırdı ki, oğlu sağ-salamat qayıdacaq. Amma içimdə dolaşan o qaranlıq hisslər bir an olsun məni tərk etmirdi. Müharibənin öz qanunları var-gedənlər ya şəhid olur, ya da qazi.
Qardaşım Allaha, dinə bağlı, imanlı bir insan idi. Həyat yoldaşı Pərvanə xanımı itirdikdən sonra onun üçün ən ağrılı, ən kədərli günlər başladı. Lakin o, övladları üçün güclü dayanmağa məcbur idi. Çünki Ləman və Anar adlı iki gözəl övladı vardı və onlara sonsuz sevgi ilə bağlı idi. Bəzən uşaqlarının gözlərinə baxanda öz gözləri dolardı. Düzdür, qardaşımın şəhidlik arzusu vardı. Amma onun şəhid xəbərini eşitdiyim gün sanki dünyamız başımıza yıxıldı. Oktyabrın 26-sı səhər oğlum və qızımla birlikdə işə gedirdik. Biz hər zaman maşında deyib-gülər, bəzən musiqi dinləyərdik. Həmin gün isə qəribə bir susqunluq vardı. Nə danışırdıq, nə gülürdük. Sanki hamımız bir-birimizdən küsülü idik. Sonradan anladım ki, bu, fırtına öncəsi səssizlik imiş.
Birdən yoldaşım oğluma zəng edib geri dönməsini dedi. Oğlum dərhal yolu dəyişdi və həmin an anladım ki, bəd xəbər artıq qapımızı döyüb. Çünki bir gün əvvəl dəfələrlə qardaşımı axtarsam da, cavab verməmişdi. O gün qardaşım Xeyrullanın oğlu Anarın doğum günü idi. Bu xəbəri həm onun övladlarına, həm də anama demək dünyadakı ən ağır yük idi. Bir bacı kimi, bir övlad kimi bu ağrının nə qədər çətin olacağını çox yaxşı anlayırdım.
Allah qardaşımın alnına şəhidlik məqamına ucalmağı yazmışdı. Onun ən böyük arzusu Qarabağı azad görmək idi. Həmişə deyirdi: ‘Qarabağ cənnətdir. Biz Qarabağı düşməndən geri almalıyıq”. Kimsə “müharibə olmasın” deyəndə hirslənirdi. “O torpaqlar bizim namusumuz, qeyrətimizdir. Orada bizim ana-bacılarımıza ermənilər olmazın işgəncələr verib”, - deyirdi. O inanırdı ki, bir gün mütləq düşməndən qisas alınacaq. Qardaşım şəhadətə imanla, ibadətlə getdi. Bu ağrını təkcə mən yox, minlərlə şəhid ailəsi yaşayır. Allah bütün şəhidlərimizin məkanını cənnət etsin”. Bundan sonra tək arzumuz qardaşımın yadigar qalan övladları Ləman və Anarın xoş günlərini görməkdir.
Xalidə xanım deyir ki, oğlunu yuxularında görmək onun üçün həm təsəlli, həm də ilham mənbəyidir:
Bu yaxınlarda Xeyrulla yuxuma gəldi. Üzündə işıq, nur parıldayırdı, baxışı məğrurluq və şükr dolu idi. Gördüm ki, imamlarımızın başına örtüyü ehtiramdan örtüb. Uzaqdan belə o qədər uca, o qədər nurlu görünürdü ki, sanki dünyadan deyil, göylərdən gəlmiş bir mələk idi. Yanında bir xanım da var idi, başı örtülü, amma üzü görünmürdü — sanki sirli bir qoruyucu kimi onun yanında dayanmışdı. Xeyrulla mənə dedi: ‘Ana, Hz. Fatimə anamız mənim üçün ehsan verir”. Dərmanlar qəbul etdiyim üçün oruc tuta bilmirəm. Amma bir dəfə, üç gün də olsa, oruc tutmaq istədim. O an yuxumda gördüm ki, Xeyrulla gəlib mənim üçün yemək hazırlayırdı - sanki göylərdən gələn bir məhəbbət, bir qayğı ilə dolu.
Belə yuxuları nadir hallarda görsəm də, hər gün onun xatirələrinə sığınıram. Onun ruhu ilə dərindən təmasda oluram və oğlumun övladları, Ləman və Anar, mənə bir az təsəlli verir. İndi Allahdan ən böyük arzum onların xoşbəxt, işıqlı günlərini görməkdir.
Şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun evindən çıxanda, hər addımımda onun izi ilə dolu evin sükutu mənimlə gəldi. Divarlarda asılmış şəkillər, masanın üzərindəki xatirə əşyaları, anası Xalidə xanımım, bacısı İlhamə xanımın və qızı Ləmanın baxışlarında əks olunan kədər eyni zamanda böyük fəxarət hissi çox dərin mənalı idi. Hər bir detal onun igidliyini, fədakarlığını, nurunu danışırdı.
Qapını arxamca bağladığım an, sanki ev bir anlıq susdu, amma o qəhrəman şəhidimizin varlığı hələ də orada qalırdı. Mən isə soyuq küçəyə çıxanda içimdə bir istilik, bir vəd daşıyırdım – Xeyrulla İbrahimovun qəhrəmanlığı, əbədiyyətə dönmüş sevgisi və təmənnasız igidliyi ilə dolu bir iz hər addımımda mənimlə olacaqdı.
O evdən çıxanda, dünya bir anlıq dayanmış, qəlblər isə onun izinə baxmış kimi hiss edilirdi. Xeyrulla İbrahimov fiziki olaraq aramızda omlmasa da, onun ruhu, sevgisi və qəhrəmanlığı hər zaman canlı qalacaq, hər baxışda, hər xatirədə, hər nəfəsdə, ən əsası Azərbaycan xalqının qəlbində yaşamağa davam edəcək...
Fəridə Ağazadə
Jurnalist






Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








