
Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Rövşən Rüstəmov 1999-cu il aprelin 11-də Bakı şəhərində anadan olub. 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasında xidməti olan Tərlan Əliyarbəyovun nəticəsidir. 2005-2016-cı illərdə Xətai rayonunda 165 nömrəli tam orta məktəbdə təhsil alıb. Rövşən Rüstəmov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Rövşən Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Rövşən Rüstəmov oktyabrın 6-da şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-cil tarixli Sərəncamına əsasən Rövşən Rüstəmov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Rüstəmov ölümündən sonra “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Yolum qəhrəmanlığı ilə yaddaşlarda əbədi yaşayan şəhidimiz Rövşən Rüstəmovun evinədir. Hər addımımda onun xatirəsi, fədakarlığı və Vətən sevgisi mənə yol yoldaşı olur. Şəhidimizin evinə çatan kimi darvazanın qarşısında əzəmətli şəklini görüb bir anlıq dayandım. Uzaqdan ağ saçlı, üzü nurlu bir xanım kövrək və bir o qədər də məğrur dayanmışdı. Şəhidimizin anası Reyhan xanımla salamlaşıb içəri daxil oldum. Söhbətə başlayanda sanki ananın hər kəlməsi Rövşənin xatirəsini əks etdirirdi. Bu evin hər tərəfində Rövşənin izləri, xatirəsi əbədi yaşayırdı. Reyhan anamızla söhbətə Rövşən üçün hazırlanmış xatirə otağında başladıq.
Şəhid Rövşən Orxan oğlu Rüstəmovun ailəsi ilə müsahibə
Rövşən uşaqlıqdan çox sakit, ağıllı və tərbiyəli bir övlad olub. Hərbiyə olan marağı daha o kiçik yaşlarından özünü göstərirdi. Lakin imtahan balı hərbi sahəyə yetmədiyi üçün mən onun başqa bir istiqamətdə yoluna davam etməsini istədim. Amma Vətənə və torpağa olan sevgisi, içindəki mərdlik onu yenə də hər kəsdən fərqləndirirdi.
2015-ci ildə atası Orxan Rüstəmov ürək çatışmazlığından vəfat edəndə Rövşən hələ Dəmiryol liseyinin tələbəsi idi. İki qardaşdan kiçiyi olsa da, ailə yükünü çiyinlərinə götürdü, vaxtından əvvəl böyüməyə məcbur oldu. Hərbi xidmətdən qayıdandan dərhal sonra işə başladı. Bakıda iki il çalışdıqdan sonra iş yerinin qərarı ilə Gəncəyə göndərildi, orada kirayə ev tutub öz həyatını qurmağa başladı.
Pandemiya dövrü idi. Mən də qərara gəldim ki, tək yaşayan balamın yanına – Gəncəyə gedim. O zaman Rövşənin çox böyük arzuları vardı: Gəncədə öz həyatını qurmaq, ev sahibi olmaq, öz toyunu etmək… Hətta istədiyi bir qız da var idi. Döyüşə getməsinə 10 gün qalmış məni Hacıkəndə aparmışdı. Gözəl bir süfrə açdırmışdı; ana-bala oturub həm yemək yedik, həm danışdıq, həm də onun gələcəklə bağlı arzularından uzun-uzun söz açdıq.
21 sentyabr günü Rövşən təlimə çağırıldı. Onda böyük bir döyüşkənlik ruhu vardı. Zəng gələn kimi bir an belə tərəddüd etmədi. Çünki Vətən sevgisi onun damarlarında axırdı. Bu ruhun kökü də ulu babasına gedib çıxırdı – məşhur azərbaycanlı sərkərdə, general-mayor Tərlan Əliyarbəyov Rövşənin ulu babası idi.
27 sentyabrda müharibə başlayanda Rövşən mənə zəng edib dedi: “Ana, müharibə başladı, irəli gedirik.” Xüsusilə Talış kəndi istiqamətində gedən döyüşlərdə böyük igidlik göstərmişdi. Özünü döyüşdən kənarda təsəvvür edə bilməzdi. Hər zəngində “ana, ermənilər bizdən qorxub qaçırlar, narahat olma… Torpaqlarımızı geri alacağıq. Sən sadəcə bizə dua et”, – deyirdi.
Onunla son dəfə 5 oktyabrda danışdıq. Səsi həm qürurlu, həm də qəribə bir şəkildə qəlbimi titrədən ciddi idi. İçində bir narahatlıq olduğunu hiss edirdim, amma heç vaxt bizə hiss etdirməzdi. Hər dəfə eyni sözləri deyirdi: “Ana, biz torpaqlarımızı geri alacağıq.”
Balam 7 oktyabrda Ağdərə–Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Şəhidimizin anası Reyhan xanım oğlu haqqında danışır:
Rövşən ailəcanlı, xətir-hörmət sahibi, qəlbi təmiz bir övlad idi. O qədər sakit təbiətli, o qədər həlim xasiyyətli olub ki, bu xüsusiyyətlərini sözlə ifadə etmək çətindir. Məktəbdə oxuduğu 11 il ərzində bir dəfə belə onun haqqında mənfi söz eşitməmişəm. Əksinə, müəllimləri həmişə ondan razılıqla danışar, indi isə onu göz yaşları ilə xatırlayırlar.
Sinif yoldaşları üçün hər zaman mehriban, diqqətli, dəyər verən bir dost olub. İbtidai sinif müəllimi danışır ki, Rövşən hərbi xidmətdən qayıdandan sonra yolda onunla rastlaşmış, uşaq saflığı ilə boynuna sarılıb hal-əhval tutmuşdu. Rövşən həmişə belə idi — ətrafındakı hər kəsə qayğı göstərən, heç kimin könlünü qırmayan, problemsiz, saf bir insan.
Rövşən sülhsevər idi. Səs-küyə, dava-dalaşa yaxın durmazdı. Arzuları isə ucsuz-bucaqsız idi. Ən böyük istəyindən biri öz halal zəhməti ilə ev sahibi olmaq, maşın almaq və bizi daha yaxşı yaşatmaq idi. Hər zaman deyirdi: “Ana, darıxma, hər şey yaxşı olacaq.” Bir də ailə qurmağı çox istəyirdi… Çünki sevdiyi bir qız vardı, gələcək xəyalları vardı. Lakin Allah onu başqa bir ucalığa doğru apardı — Vətən yolunda şəhidlik zirvəsinə. Mənim balam bu dünyanın ən böyük şərəfinə, ən uca məqamına yüksəldi. Onun yarım qalan arzuları göylərdə tamamlandı, özü isə qəlblərdə əbədiyyət qazandı.
Reyhan xanım qəhrəmanlıq ruhunun Rövşənin qanında olduğunu qeyd etdi:
Generalımız Polad Həşimov şəhid olanda Rövşən günlərlə özünə gələ bilmədi. Dərin bir kədərə qərq olmuşdu. Hətta maşınında General Polad Həşimovun şəklini qoymuşdu. Onun igidlik yolu Rövşənə həm güc, həm ilham verirdi. Rövşən tez-tez deyirdi: “Biz generalımızın qisasını mütləq alacağıq. Bu qan yerdə qalmayacaq.”
Heç vaxt ağlımızın ucundan keçməzdi ki, bir gün Rövşən özü şəhid olacaq. Amma o, bəzən elə sözlər deyirdi ki, sanki öz taleyini hiss edirdi: “Ana, bilirsən, şəhidlik necə uca bir zirvədir? O zirvəyə hər insan qalxa bilmir.”
Goranboydan olan döyüş yoldaşlarından biri danışanda bildirdi ki, Rövşən ona belə demişdi: “Bircə anam qaldı...” Çünki Rövşən mənə çox bağlı idi. İşlədiyi vaxt da mənə zəng edib deyirdi: “Ana, mənsiz yemək yemə. Gələndə bir yerdə yeyərik.”
Yoldaşım xəstə olanda Rövşəni yanına çağırıb ona belə demişdi: “Oğlum, bu evin dayağı sən olacaqsan. Ananı sənə tapşırıram.” Bu sözlər nə zaman yadıma düşsə, içim yenidən dağlanır. Bir yandan yoldaşım, bir yandan oğlum... Hər ikisini itirmək insanın qəlbini iki dəfə yaralayır.
Amma bir təsəllim var: bilirəm ki, həm həyat yoldaşım, həm də Rövşənim cənnətin ən uca məqamlarındadır. Onların ruhu rahatdır. Mən də bu dünyada onların şərəfini yaşatmaqla özümü ovuduram.”
Reyhan xanım deyir ki, Rövşənin hər nəfəsi mənim üçün bir xatirədir:
Rövşənlə bağlı elə bir xatirəm yoxdur ki, unudum. O, nəfəs aldığı 22 ilə sanki bir ömürlük sevgi, mərhəmət və xatirə sığdırmışdı. Balamın hər addımı, hər baxışı, hər gülüşü hələ də gözümün qarşısındadır. Amma xüsusən Gəncədə onunla keçirdiyim o 6 ay… mənim üçün bir ömür qədər əzizdir. Elə bil Allah o ayları mənim qəlbimə bir xəzinə kimi qoyub.
Rövşən heç vaxt bişirdiyim yeməklər arasında fərq qoymazdı. Hər tikəni elə bir dəyər, elə bir sevgilə yeyərdi ki, sanki həmin anda bütün zəhmətimə bərəkət yağardı. Hər dəfə yeməkdən sonra “şükür” deməyi, təşəkkür etməyi unutmazdı. Amma ən çox bir şeyə önəm verirdi: mənimlə bir yerdə süfrəyə oturmağa. Deyirdi ki, “Ana, səninlə yemək yeyəndə mənə daha çox nuş olur.”
Evdən nə qədər ayrı qalsa da, hər dəfə qapıdan içəri girəndə boynuma sarılıb məni qucaqlayırdı. O anlarda elə hiss edirdim ki, dünyanın bütün yükü çiyinlərimdən düşür. Balam mənə çox bağlı idi… Hər dəfə də zarafatla, amma səmimi şəkildə deyirdi: “Ana, qapını döyəndə səni həmişə evdə görüm.”
Reyhan ananın yuxularına gələn şəhidlik xəbəri:
Rövşəni əvvəllər çox tez-tez yuxularımda görürdüm. Elə bil ki, onun şəhidliyi mənə çox öncədən əyan olmuşdu. Hələ o vaxtlar müharibə belə yox idi. Yatırdım… Yuxuya gedən kimi sanki bir səhnə açılırdı qarşımda: Rövşəni kəfənə bürünmüş vəziyyətdə bir maşınla evə gətirirdilər. Qorxu ilə diksinib oyanırdım. Tələsik gedib yerinə baxırdım – Rövşən yerində uzanmış, sakitcə nəfəs alırdı. Mən də dərindən nəfəs alıb özümü toplayırdım. Amma bu yuxular hər dəfə ürəyimi titrədirdi. Sanki Allah məni böyük bir sınağa – balamın şəhidlik yoluna hazırlayırmış…
Elə qəribəsi budur ki, Rövşən şəhid olandan sonra onu yenə maşınla gətirdilər. Çölə baxanda yuxum bir anlığa gözlərimin önünə gəldi. Çünki o maşının eynisini illər əvvəl yuxuda görmüşdüm… Bu hissi sözlərlə izah etmək mümkün deyil. Bala dərdi insanın qəlbində açılan ən dərin, sağalmayan yaraymış…
Rövşənin özü də müharibəyə getməzdən əvvəl qəribə yuxular görürdü. Bir gecə hövləng yatdığı yerdən qalxdı, su içməyə getdi. Soruşdum: ‘Bala, nə olub?’ Dedi: “Ana, yuxuda gördüm ki, məni yenidən əsgər aparırlar. Onlara başa sala bilmirəm ki, mən hərbi xidmətimi etmişəm.”
Elə bil ki, taleyinin pıçıltısı ona da yuxuda göstərilmişdi…
Rövşən müharibədə olanda isə məni o qədər arxayın edirdi ki, onun şəhid olacağı ağlımın ucundan belə keçmirdi. Səsi hər dəfə mənə güc verirdi…
Rövşənin şəhid olduğu gecə yenə bir yuxu gördüm. Gördüm ki, böyük bir dağa qalxıram. Ayaqlarım ağırlaşır, nəfəsim çatmır, amma yenə də qalxıram. Nəhayət zirvəyə çatanda dağın o biri üzünə boylandım – hər yer yamyaşıldır. Elə bil cənnətin qapısı qarşımdadır. İçimdə bir səs deyirdi: ‘Bura cənnətdir ki…’
Sən demə, həmin gecə balam Rövşən düşmənin snayper gülləsinə tuş gəlib şəhid olubmuş… Mən dağa qalxıb cənnətə baxanda, balam artıq cənnətin əsl sakinlərinə qoşulmuşdu.”
Şəhidimiz Rövşən Rüstəmovun əziz anası Reyhan xanımla müsahibəmi bitirib, oradan ayrılıram. Amma içimdə hələ də o evin sükutu, Reyhan xanımın gözlərindəki hüzn qalır. Sakit küçələrdən keçərkən, Reyhan xanımın dillə ifadə edə bilmədiyi duyğuları hiss edirəm-sevgi, həsrət, qürur dolu bir qarışığı. Bu müsahibə sadəcə sözlərdən ibarət deyildi. Bir anaın ürəyində yaşayan oğlunun, eyni zamanda xalqımızın igidlərinin həyat hekayəsinin bir parçası idi. Sanki Rövşənin ruhu yoluma işıq salır, onu yad etmək isə mənim üçün həm bir borc, həm də bir şərəfdir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Unutmadıq və unutdurmarıq!
Fəridə Ağazadə
Jurnalist







LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








