Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Rövşən İsmayılov 1999-cu il oktyabrın 30-da Bakı şəhərində anadan olub. 2005-2016-cı illərdə Binəqədi rayonunda 83 nömrəli məktəb-liseydə təhsil alıb. 2016-2020-ci illərdə Azərbaycan Kooperasiya Universitetində (AKU) "Maliyyə" ixtisası üzrə ali təhsil alıb. Subay idi.
Rövşən İsmayılov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Rövşən İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb.
Müharibə zamanı "N" saylı hərbi hissədə yaradılan "Həmlə" taborunun baş atıcısı olan Rövşən İsmayılov oktyabrın 3-də döyüşlər zamanı əlindən və üzündə qəlpə yarası alaraq hərbi hospitala aparılır. Oktyabrın 18-nə qədər hospitalda olmaq haqqında sərəncam verilsə də, oktyabrın 7-də bir neçə döyüş yoldaşı ilə birgə müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə yollanır.
Rövşən İsmayılov oktyabrın 13-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə ağır döyüşə daxil olan bölüyün heyətində olur. Həmin bölüyün heyətində olan əsgərlər Ağdərə istiqamətində Ermənistan Ordusunun səngərinə qədər daxil olmağı bacaran yeganə qrup olur. Rövşən İsmayılov oktyabrın 13-də snayper gülləsi nəticəsində şəhid olub. Noyabrın 19-da Binəqədi rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən İsmayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən İsmayılov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
"Ana, mən elə bir iş görəcəm ki, hamı məndən danışacaq"- Şəhid Rövşən İsmayılovun Anası Təranə xanım oğlu haqqında danışıb:
-Rövşən ailəmizin ilk övladı idi. Kiçik yaşlarından böyüklə böyük, kiçiklə kiçik kimi davranmağı bacarırdı. Diqqətli, mehriban, fədakar bir uşaq idi – həm də gözütox və müdrik. Dost çevrəsi geniş idi, amma hamının qəlbində tək və bənzərsiz yeri vardı. Rövşən artıq aramızda olmasa da, dostları bizimlə bağlarını qoparmayıb, bayramlarda bizi ziyarətə gəlirlər.
Uşaqlıqdan idmana maraq göstərirdi. 5-ci sinifdən məşğul olmağa başlamışdı, fiziki cəhətdən güclü olmaq üçün daim çalışırdı. Bəzən içimdə bir izaholunmaz narahatlıq hissi olurdu. Özümə deməsəm də, ürəyim ağrıyırdı ona. Sağlam bir ailədə böyüsə də, ana qəlbi hiss edir... Son zəngində onun gülüşünə qarşılıq mən göz yaşlarıma hakim ola bilmirdim.
Rövşən Kooperasiya Universitetində maliyyə ixtisası üzrə təhsil alırdı. Tez-tez gələcəyi ilə bağlı düşünür, narahat olurdu. Deyirdi: “Görəsən gələcəkdə kim olacam, nə edəcəm?” O, heç vaxt sıradan biri olmaq istəmirdi: “İstəyirəm elə bir iş görüm ki, hamı məndən danışsın,” – deyirdi.
Tarix dərslərində oxuduqlarına qəzəblənirdi. “Ana, bu qədər döyüş var, amma heç birində biz qalib gəlməmişik!” – deyib içini çəkərdi. Həmişə deyirdi ki, əsgər olacaq, şəhidlik zirvəsinə ucalacaq. Bir dəfə söhbət əsnasında qətiyyətlə dedi: “Əgər müharibə olsa, mən birinci gedəcəm.” Mən isə ana ürəyi ilə onu qorumağa çalışırdım: “Ay Rövşən, müharibə asan şey deyil…” O isə dönə-dönə deyirdi: “Nə olur-olsun, mən gedəcəm!” Əsgərlikdə atasına yazdığı şeirlə, vətənə olan sevgisi ilə, şəhidliyə olan inamı ilə Rövşən artıq tarixə yazılıb. İndi bütün bir xalq ondan danışır...
“Finiş” Yazılmış Gündəlik –Təranə xanım, oğlu Rövşənin şəhidliyə aparan yolu haqqında danışıb:
-Rövşən şəhid olmamışdan əvvəl şəhid videolarına baxanda deyirdim ki, insan necə hiss edə bilər şəhid olacağını? Necə deyə bilər belə bir şeyi? Amma Rövşənin həyat yolu, onun ruhunun dərinliklərində daşıdığı vətən sevgisi və şəhidliyə aparan səssiz çağırış məni bu sualların cavabını düşünməyə vadar edir. Hərbi xidmətə yollanmazdan bir neçə gün əvvəl Rövşən demişdi: “Kaş mən hərbi xidmətdə olanda müharibə başlasa, qabaqda gedib döyüşərdim”. O zaman bu sözlərin nə qədər ağır və həqiqətlə dolu olduğunu anlaya bilməmişdik. Rövşən 2020-ci il iyulun 6-da hərbi xidmətə yollandı. Gedən kimi kəşfiyyat bölüyünə yazıldı. Elə həmin ilin iyulun 14-də Tovuz hadisələri baş verdi. Kəşfiyyatın təhlükəli olduğunu bildiyimiz üçün narahat idik, onu bu fikrindən daşındırmağa çalışdıq. Amma dinləmədi bizi. “Mən getməliyəm”, – deyirdi. Sanki ruhu harasa çağırırdı onu.
Müharibə başlayanda bizi arxayın etdi – dedi ki, ön cəbhədə deyil. Halbuki həmlə taborunda imiş. Oktyabrın 3-də əlindən yaralandı. Yanındakı döyüş yoldaşları şəhid oldu. Üç gün ondan xəbər ala bilmədik. Oktyabrın 6-da zəng etdi, dedi ki, yaralanıb. Amma yenə də bizə döyüşlərdən danışmadı. Hər gün ön cəbhədəydi, amma bizə deyirdi: “Biz arxadayıq, döyüşə getmirik”. Oktyabrın 12-də dedilər ki, sabah ağır döyüş olacaq. Rövşən və iki döyüş dostu könüllü olaraq “biz qabağa gedirik” deyiblər. Həmin gün axşam zəng etdi. Uzun danışmaq istədi. Hamımızla danışdı. Bu, son danışığımız oldu… Ondan sonra zəng gəlmədi. Axtarmağa başladıq. Mühasirəyə düşmüş ola biləcəyini dedilər. Rövşən hərbi xidmətdə olarkən bir gündəlik tuturdu. Geri qayıdacağı günləri hesablayırdı. Gündəliyin son səhifəsində bir söz yazılıb: “Finiş”. O gündən sonra heç nə yazmayıb.
Təranə ana deyir ki, sentyabrın 26-dan sonra gündəlik susur…
-Əvəzində Rövşənin qəhrəmanlığı danışır, onunla birlikdə döyüşən əsgər yoldaşları danışır, biz – ailəsi danışırıq. Ağdərə istiqamətində döyüşlərdə komandirləri yaralansa da, Rövşən və silahdaşları döyüşə davam ediblər. 7-8 nəfərlə düşmən üstünə gedərək son ana qədər vuruşublar. . Noyabrın 18-də bir zəng gəldi: “Oğlunuz tapıldı”. İnanmaq istəmirdim. İnanmırdım ki, artıq Rövşənim yoxdur. Amma alın yazısı beləymiş. O gün çox dəhşətli idi. 19 noyabrda onun nəşini gətirdik və dəfn etdik… Rövşən öz istəyinə, öz arzusuna çatdı: xalqı üçün, ailəsi üçün ad qoyub getdi. Uşaqlıqdan döyüş filmlərinə baxar, səhnələri əzbər bilərdi. O filmlərdə gördüyü qəhrəmanlığı bir gün özü yaşadı. Həqiqi qəhrəman oldu. Mənim oğlum – Şəhid Rövşən İsmayılov – son nəfəsinə qədər döyüşdü və şəhidlik zirvəsinə ucaldı.
"Rövşən hələ o zaman qəhrəman idi..."
-2015-ci il idi, Rövşən hələ 10-cu sinifdə oxuyurdu. Həmin gün şəhərdəki 16 mərtəbəli binada dəhşətli yanğın baş vermişdi. O an Rövşəngil dərsdə idilər. Rövşən bir an belə tərəddüd etmədən məktəbdən çıxıb bizləri çölə çıxardı, özü isə yanğın olan binaya tərəf qaçdı. İçəridə qalan insanları xilas etmək istəyirdi. Polislər təhlükəli olduğunu bildirərək onun binaya daxil olmasına imkan vermədilər, lakin Rövşən buna baxmayaraq çöldən bacardığı qədər kömək etməyə çalışdı. O, sadəcə seyr edən biri olmadı — hər zaman köməyə qaçan, hər kəsə dayaq olan bir övlad idi.
Bu gün Rövşənin oxuduğu məktəbdə onun üçün xatirə stendi qurulub. Hər bayramda, tədbirdə biz ora dəvət olunuruq. O məktəbin divarlarında sadəcə şəkli deyil, ürəklərdə iz salmış fədakarlığı yaşayır. Hamı ona dərin hörmət və sevgi ilə yanaşır. Mənim bir arzum var: xalq olaraq ayıq olaq, şəhidlərimizi unutmayaq. Bu torpaq bizə şəhid qanı ilə əmanət edilib. Bir daha düşmənin tələsinə düşməyək. Onların bizə yaşatdıqları ağrını unutmamalı və heç vaxt unutdurmamalıyıq.
Şəhid Rövşən İsmayılovun əziz anası, qəlbi oğul həsrəti, fəxarət və yanğı ilə çırpınan Təranə xanımla müsahibəni yekunlaşdırıb ordan ayrılıram… Evin qapısından çıxsam da, o evin içindəki nisgili, divarlarda olan şəkillərin baxışlarını ürəyimdə daşıyıram. Təranə xanım danışarkən sanki Rövşən də yanımızda idi- baxışları ilə, xatirələri ilə, susqunluğunda gizlənən min cümləlik hekayəsi ilə... Bu evdə zaman şəhidin adını çəkəndə dayanır... Bu evdə təkcə ağrı deyil, həm də qürur nəfəs alır... Gedərkən başımı yavaşca əyirəm – bir şəhidin qarşısında, bir ananın müqəddəs ağrısı önündə...Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Fəridə Ağazadə
Jurnalist








