Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Anar Məmmədov 1986-cı il mayın 2-də Sabirabad şəhərində anadan olub. Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Ordusunun mayoru olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı yaralansa da, bir gün hospitalda müalicə aldığdan sonra döyüş meydanına geri dönüb. Anar Məmmədov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı 26 əsgərini mühasirədən çıxarıb, sona qədər döyüşüb, sonda bir gülləsi qalanda isə onu özünə vuraraq şəhid olub. Sabirabad rayonunun Cavad kəndində dəfn olunub.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "III dərəcəli Rəşadət" ordeni ilə təltif edilib- Bu gün daha bir qəhrəman şəhidimizn evinə gedirəm. Bu evin qapısı içəri girən hər kəsə səssiz danışır: “Burada bir qəhrəmanın yeri görünür... amma o yoxluq bizə varlığını daha güclü hiss etdirir.”
Şəhid mayor Anar Məmmədovun ailəsi ilə görüşəcəyəm. Onun adı hər dəfə çəkiləndə bir dağ dik durur, bir bayraq dalğalanır, bir uşaq atasına məktub yazır kimi səs titrəyir. O, yalnız ordunun deyil, Vətənin yaddaşında qızıl hərflərlə yazılmış bir addır. Onun həyat yoldaşı Nəzirə xanım bir ömürlük həsrətlə danışacaq.O, indi həm ana, həm ata, həm də şəhid ruhunun davamçısıdır. Uşaqları atalarının şəkillərinə baxıb böyüyürlər – danışmadıqları, amma hər gecə yuxularında gördükləri bir qəhrəmanla. Bu müsahibə bir jurnalist yazısı deyil sadəcə – bu, bir millətin yaddaşına həkk olunacaq duyğuların, xatirələrin səsi olacaq. Mən bu ailənin söhbətində yalnız sözləri deyil, həm də susqunluqları dinləyəcəyəm. Qələmim sətirlərə sığmayan bir vətən sevgisini daşıyacaq. Çünki şəhidlər ölməz... Onlar danışmasalar da, susqunluqları ilə bir milləti ayaqda saxlayar.
Şəhid Anar Məmmədovun həyat yoldaşı onunla bağlı xatirələrini bölüşüb:
-Anar 1986-cı il mayın 2-də Sabirabad rayonunda dünyaya gəlib. Sabirabad rayonu Mirzə Ələkbər Sabir adına tam orta məktəbdə 8-ci sinifə qədər təhsil alıb. Mən də həmin məktəbdə oxumuşam, amma Anarı tanımamışam. Anar 8-ci sinifdən sonra Naxçıvanski adına hərbi liseyə qəbul olunub. Ailənin ilk övladı olub və hərbçi olmaq onun öz arzusu idi. Valideynləri də bu arzusuna qarşı çıxmayıblar. 2003-cü ildə hərbi liseyi bitirib və Hərbi Akademiyaya daxil olub. 2007-ci ildə isə akademiyanı uğurla başa vurub. Nizam-intizamlı, dərslərinə ciddi yanaşan bir kursant olub.
Bizim tanışlığımız 2008-ci ildə, mən universitetin həyətində olarkən baş verib. Amma ondan da əvvəl Anarı bir dəfə yuxumda görmüşdüm və rəfiqələrimə demişdim ki, ailə quracağım insan hündür, sarışın bir oğlan olacaq, adı dörd hərfdən ibarət və paqonları da olacaq. Üzü yadımda qalmamışdı, amma sonra universitetin həyətində onu görəndə dərhal tanıdım – bu, yuxumda gördüyüm o insan idi.
Tezliklə tanış olduq və qısa müddət sonra nişanlandıq. Anam razı deyildi, deyirdi ki, hərbçidir, çətin peşədir. Biz bir dəfə çətinlik yaşamışıq, atam birinci Qarabağ müharibəsində şəhid olub. Amma buna baxmayaraq, 2008-ci ilin noyabr ayında ailə qurduq. O vaxt Anar Goranboyda, ön cəbhədə xidmət edirdi. Çox gözəl insan idi. Həmişə ona deyirdim ki, sən bu həyatda mənim ən böyük şansım olmusan. Çox qayğıkeş, məsuliyyətli bir ailə başçısı idi. Bir-birimizi çox yaxşı anlayırdıq, sanki dost kimiydik.
Düzdür, çətinliklərimiz az olmadı. Anarla 11 il kirayədə yaşadıq. O, müxtəlif rayonlarda xidmət etdiyi üçün tez-tez ayrı qalmalı olurduq. Böyük qızım demək olar ki, Qarabağda böyüyüb. Bir dəfə Anarın bibisi mənə dedi: “Kaş səni Anara göstərməzdim, həyatın belə olmazdı.” Mən isə dedim: “Yenidən dünyaya gəlsəm, yenə də Anarı seçərdim”. Anar indi yalnız cismən yanımda deyil, amma ruhən hər zaman mənimlədir.
"Saymaqla bitməyən xatirələrimiz var idi..." – deyə şəhid Anar bəyin həyat yoldaşı Nəzirə xanım kövrək bir səslə danışır:
-"Pandemiya vaxtı idi, hər yer bağlı olurdu. Anar isə bizi evdə darıxmağa qoymazdı. Ailəsini gəzdirməyi çox sevirdi. Həftəsonları yığışıb Kür çayının qırağına gedərdik. Orada oturub uzun-uzadı söhbət edərdik. Uşaqlar təbiətin qoynunda doyunca oynayardı. Bu sadə anlar bizim üçün dünyanın ən gözəl xatirələrinə çevrildi.
Balalarına çox bağlı bir ata idi. Mən hamilə olanda Anar mənə baxıb gülümsədi və dedi: “Qızım olacaq və hər il onun üçün qurban kəsəcəyəm”. Gülümsəyib dedim: Bəlkə oğlan oldu? O isə əminliklə cavab verdi: “Yox, mən qız istəyirəm”. Elə də oldu – Zeynəbimiz dünyaya gəldi. Anar hər il onun adına qurban kəsdirərdi. Sonra İmaməmiz dünyaya gəldi. Onda da Allaha dua edərək demişdi: “Allah eləsin, bu dəfə də qızım olsun”. Üç qardaş arasında böyüdüyü üçün qız uşaqlarını çox sevirdi.
Anar evinə, ailəsinə çox bağlı idi. İşdən çıxandan sonra nadir hallarda dostları ilə görüşərdi. Həmişə istəyərdi ki, bizimlə – ailəsi ilə olsun. Övladları ilə dost idi. Mənə deyə bilmədikləri şeyləri atalarına gedib rahatlıqla danışırdılar. O, ailəsinin dağ kimi arxası idi...”
Şəhid xanımı deyir ki, "Anar qəhrəman kimi yaşadı, qəhrəman kimi də əbədiləşdi":
-Anar vətənini ürəkdən sevirdi. Müharibə başlayanda ona dedim: Anar, mən atasız böyümüşəm... Uşaqlarım da atasız böyüsün istəmirəm. O isə gözlərimin içinə baxıb sakitliklə cavab verdi: “Bunu mənə qəhrəman övladı deyir?. Qorxma, sən bacaracaqsan”... Hər zaman deyirdi: “Mən atavın qisasını alacağam. Şuşadan sənə torpaq gətirəcəyəm”. Təəssüf ki, özü gətirə bilmədi... Amma döyüş yoldaşları vədini yerinə yetirdilər – Şuşa torpağını gətirib mənə verdilər. Anar ön cəbhədə, səngərlərdə xidmət etmişdi. General Polad Həşimovun sözləri hələ də qulağımda səslənir: “Sən mənim səngərdə böyüyən zabitimsən” deyirdi ona. Müharibə zamanı təxminən bir ay ondan xəbər ala bilmədik. Hər kəs deyirdi ki, "Anar ön cəbhədədir, döyüşür". Sonradan bildik ki, o, oktyabrın 18-də şəhid olub. Amma biz Anarı yalnız noyabrın 15-i tapdıq, noyabrın 23-də isə torpağa tapşırdıq. Hər dəfə telefonla danışanda deyirdi: “Döyüş yoldaşlarım şəhid olub, kefim yoxdur”. O özü də bir dəfə yaralanmışdı, iki gün hospitalda qaldı. Evə gələndə üzündəki izlərdən hiss etdim ki, nəsə olub. Soruşdum: Anar, bir şeymi olub? Dedi: “Yox, narahat olma, hər şey yaxşıdır”. Oktyabrın 18-i səhər danışdı mənimlə. Dedi: “Hadruta gedirik. Hava o qədər gözəldir ki… Qismət olsa, yayda sizi də gətirəcəyəm bura”. Elə həmin gün – 26 nəfəri xilas edib, lakin özü şəhidlik zirvəsinə ucalıb. İçimdə hiss edirdim... Amma qəbul etmək istəmirdim. Ətrafdakıların hamısı artıq bilirmiş, mənə isə deməmişdilər. Nəhayət, qardaşım gəlib dedi: “Anar şəhid olub”. İnanmadım. Yox, Anar sağdır...– dedim. Anarı noyabrda gətirdilər. Qəribəsi budur ki, Anar əsir düşməmək üçün özü özünü vurub... Bu cəsarət, bu iradə yalnız torpaq, Vətən sevgisi ilə izah oluna bilər. Peşəsinin ustası, işinin məsuliyyətli zabiti idi. Döyüş yoldaşları deyirdi: Nə qədər dedik, çox irəli getmə... O isə qətiyyətlə cavab verirdi: “Geri qayıtmaq olmaz!” Anarın şəhid xəbəri gələndə Sabirabad ağladı. Elə bir adam olmadı ki, ona və bizə göz yaşı tökməsin. Anar mənim Vətənim idi, mən Vətənimi itirdim. Sabirabad rayonunda böyük bir küçəyə artıq onun adı verilib. Amma mən istəyirəm ki, bir məktəbə də Anarın adı verilsin.
Şəhid Anar Məmmədovun qızı İmamə: “Mən atamı çox sevirəm. Bilirəm ki, o indi cənnətdədir”.
-Anam deyir ki, qəhrəmanlar heç vaxt ölmür. Elə bu fikirlə böyüyürəm – atam bizimlədir, hər zaman ürəyimizdədir. Atam yarpaq dolması ilə plovu çox sevərdi. Anam deyir ki, indi o yeməkləri bişirmək ona çətindir, çünki o süfrədə artıq bir boş yer var... Amma anam güclüdür. Atam bizə necə sevgiylə yanaşırdısa, anam da elə edir. Həm ana, həm də ata olur bizə. Atam həmişə bacım Zeynəbin hüquqşünas olmasını arzulayırdı. Bacım da bu yolda inamla irəliləyir. Mən isə fərqli bir yol seçmişəm –peşəkar aşbaz olmaq istəyirəm. Bir dəfə evdə özüm yemək bişirdim, gördüm ki, əllərimdən dadlı nəsə alınır. Elə o andan qərar verdim – bu mənim yolumdur. Gələcəkdə çoxlu restoranlar açacağam. Adını da ANZİ qoyacağam – Anar(atam), Nəzirə (anam), Zeynəb və İmamə. Bu ad bizim ailə sevgimizin simvolu olacaq. Restoranlarımda təkcə dadlı yeməklər yox, həm də böyük bir məqsəd olacaq – bütün şəhidlərin xatirəsini əziz tutmaq. Hər küncündə onların şəkilləri, xatirələri olacaq. Atamın adı, ruhu hər zaman mənimlədir. Mən onun qızıyam – fəxr dolu, güclü və qərarlı.
Fəridə Ağazadə
Jurnalist









