Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Süleyman Qarayev 1995-ci il iyulun 3-də Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub.2001-2012-ci illərdə Sabirabad rayonunun Mirzə Ələkbər Sabir adına orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsinə qəbul olub. Rus və ingilis dillərini yaxşı bilirdi. Evli idi. 2 oğul övladı var.
Süleyman Qarayev 2016-cı ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda snayperçi kimi həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Süleyman Qarayev sentyabr ayının 21-dən könüllü olaraq hərbi təlimlərə qoşulub və sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. Oktyabrın 7-də Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. Doğulduğu Sabirabad rayonunun Qalaqayın kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Süleyman Qarayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Süleyman Qarayev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Hər şəhidin arxasından susqun, lakin qüruru gözlərindən oxunan insanlar var. Hər daşına şəhid qanı hopmuş, hər nəfəsində vətən sevdası pıçıldayan bir torpaqda addımlayıram. Bu yol bir müsahibəyə deyil, bir ömrün fəda edildiyi məqama, əbədi qəhrəmanlıq izi qoymuş igid bir qardaşımın ailəsinə aparır məni. Yolum, Vətən uğrunda canından keçmiş igid qardaşımız, Şəhid Süleyman Qarayevin ailəsinə doğrudur.Bu görüş, sadəcə bir jurnalist yazısı üçün deyil, bir igidin taleyini ürəklərə yazmaq üçündür. Mən dinləyəcəm, onlar isə susaraq danışacaqlar. Çünki şəhidin adı çəkiləndə evin divarları belə danışır, şəkilləri kövrəlir, səssizlik dua kimi qalxır göyə..Və bu hekayə, sadəcə bir ailənin deyil, bütöv bir xalqın yaddaşına həkk olunacaq. Çünki vətən sevgisi şəhid qanı ilə yazılır, şəhid ailəsinin dilindən danışılır.
Əlbağış müəllim şəhid oğlu Süleymanın yaddaşlarda iz buraxan həyat hekayəsini könül dolusu danışıb:
-Süleyman dünyaya gəlməmişdən əvvəl uğurlu bir uşaq olub. 1995-ci il iyunun 21-də ilk dəfə maşın almışam, həmin ilin iyulun 3-də isə Süleyman dünyaya gəlib. Süleymandan əvvəl ruzisi gəlib. Süleyman bəxti gətirən, həmişə Allahın nəzərində olan bir uşaq olub. Uşaqlıqdan çox tərbiyəli, qabiliyyətli, qohum-qonşuların yanında hörməti olan bir övlad olub.
Orta məktəbi əla qiymətlərlə bitirib. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. O, həm də oxuduğu fakültədə qrup rəhbəri idi. Sonradan qrupun Həmkarlar Təşkilatının sədri seçilib. Süleymanın dekanı Hafiz müəllim bizi ziyarətə gələndə həmişə deyir ki: “Süleyman haqqında danışanda məni qəhər boğur və ağlayıram”. Bir dəfə dekan dedi: “Universitetdə Süleymanın şəhid olması xəbəri yayılanda heç kim soruşmadı, “hansı Süleyman?” Çünki hamı bir Süleymanı tanıyırdı, o da Qarayev Süleyman idi”. Dekan Süleyman haqqında mənə deyirdi ki, Süleyman nəinki qrupunda olan tələbələrin problemlərini həll edirdi, eyni zamanda digər qruplarda oxuyan tələbələrin də problemlərini həll edirdi. Hamıya qarşı diqqətcil idi. Hətta tanımadığı bir insanın da köməyinə çatan oğul olub. Süleyman universiteti bitirdikdən sonra hərbi xidmətə gedib. Hərbi xidmətə yola düşməzdən əvvəl dedi: Bax, ata, səndə bir xasiyyət var – deməmiş nəsə edirsən. Birdən çaşarsan, mənim Bakıda xidmət keçməyim üçün nəsə edərsən. Nəbadə elə bir şey edərsən. Dedim ki: Oğul, elə mən də sənin düşündüyünü deyirəm. Mən duamı etdim, xeyir Allahdandır. Hara düşərsən, ora da gedərsən, bala. Elə oldu ki, Naxçıvanda hərbi xidmətini başa vurdu. Hətta problemləri olsa belə, heç vaxt dilinə gətirməzdi. Əlbəttə, bu hərbi xidmətdir –çətinliklər olacaqdı. Lakin bizə heç vaxt problem danışmazdı. 2016-cı ildə Süleymanın andiçmə mərasiminə getmişdik. Həmin vaxt andiçmə ona həvalə edilmişdi. Bu da çox məsuliyyətli bir işdir – hər adama tapşırmırlar. Naxçıvanda çox nümunəvi əsgər olub.
Şəhidimizin anası Təranə xanım, oğlunun keçdiyi mənalı həyat yoluna nəzər salıb:
-Hərbi xidmətdən qayıtmağına cəmi iki ay qalmışdı ki, nişan mərasimini etdik. Düşündük ki, nə qədər canımız salamatdır, oğlumuzun xeyir işinə özümüz də şahid olaq. Süleyman 2017-ci ilin iyul ayında hərbi xidmətini başa vurdu və elə həmin ilin avqustun 27-də toyunu etdik. Gəlinimiz də çox gözəl bir xanımdır.
2018-ci ildə onların ilk övladı – Əkbər dünyaya gəldi. 2020-ci ilin 18 sentyabrında isə ikinci oğulları Həsən doğuldu. İndi Əkbər məktəbə, Həsən isə bağçaya gedir.Həsən doğulandan cəmi üç gün sonra – sentyabrın 21-də Süleymanı təlimə çağırdılar. O, körpəsini yalnız bir dəfə, xəstəxanada görə bildi. Həyat yoldaşı hələ xəstəxanada olarkən, ona heç nə demədən səssizcə yola düşdü. Süleymanı atası ilə birlikdə biz yola saldıq. Həmin gün sanki göylər də bizimlə ağlayırdı – göy üzü qapqara, yağış isə sel kimi yağırdı. Bir neçə gün sonra bizə zəng etdi və sakit səslə dedi: “Ana, daha gələsi olmadım…” O, sanki şəhid olacağını hiss etmişdi…Sentyabrın 27-də Vətən müharibəsi başladı.
Təranə ana, Süleymanın arzularından, həyata keçirmək istədikləri planlardan danışıb:
-Ən çox mənimlə arzularını, planlarını danışırdı. Hər hansı bir istəyi olanda, öncə mənə deyirdi, sonra da atası ilə bölüşürdü. Həmişə bir fikri olanda məndən soruşurdu ki, “Məsləhətdirmi, ataya deyim?” Onun ən böyük arzusu Bakıya gəlmək, yurd-yuvasını burada qurmaq, özünə ev almaq idi. Hətta dövlət qulluğuna hazırlaşıb yaxşı bir dövlət işində işləmək arzusu da vardı. Ailəlikcə oruc tutub, namaz qılırdıq. Çox dərrakəli, uşaqlığında iti zəka sahibi idi. Bununla yanaşı, çox müasir dünyagörüşünə malik idi. Hər zaman öz fikirləri olurdu. Əsla kənardan deyilən fikirlərə qulaq asmırdı. Lakin bütün fikirlərini bizimlə müzakirə etdikdən sonra qərar verirdi. Süleyman tez-tez boynuma sarılıb məni qucaqlayardı. Sonra deyərdi: “Ana, başına dönərəm.” Deyirdim: “Bala, mən sənin başına dönərəm, elə demə.”
Vətənin müxtəlif yerlərini gəzməyi xoşlayardı. Bəzən deyirdi: “Ana, hazırlaşın, gəzməyə gedirik.” Təbiət qoynunda dincəlməyi çox sevərdi. “Azərbaycan dünyanın ən gözəl ölkəsidir. Cənnətdir Vətənim,” – deyərdi.
Əlbağış müəllim, Süleymanın necə savadlı, bacarıqlı olduğu haqqda danışır:
-Bir dəfə jurnalist Süleymanla bağlı danışanda mənə sual verdi:— Bəs Süleyman kimə bənzəyir? Dedim: Kimə bənzəyəcək, əlbəttə ki, mənə. Sadəcə iki fərqimiz olub: birincisi, Süleyman məndən daha savadlı, ikincisi isə zirək olub. Onda tənbəllik söhbəti yox idi. Çoxlu dostları vardı. Hətta dostları üçün hara deyilsəydi, ora da gedərdi. Özünə yaxşı paltar almaq haqqında fikirləşməzdi. Sadə yaşamağı sevərdi. İşdən gələn kimi əl-üzünü yuyub birinci mənə baş çəkərdi. Dərdləşərdik, söhbət edərdik. Süleymanla bütün mövzularda danışa bilirdik. Biz onunla ata-bala kimi yox, qardaş, dost kimi olmuşuq. Mən mühasib olmuşam, o da mənim yolumu davam etdirib.
Heç vaxt fikir ayrılığı yaşamamışıq. Düzdür, Süleyman çox savadlı olub, amma həmişə bir-birimizi başa düşmüşük. Aramızda heç vaxt mübahisə belə olmayıb. Eynifikirli insanlar olmuşuq. Biz ailəlikcə vətənpərvər olmuşuq. Hərdən öz-özümə fikirləşirdim ki, valideyn övladın hansısa təminatını ödəyə bilər, ancaq valideyn övladının əvəzinə müharibəyə gedə bilməz. Özümə sual verirdim: “Müharibə olsa, görəsən, Süleyman gedər?” Amma bu sualı onun özünə verə bilmirdim. Deyirdim, deyərəm uşaqdır, bəlkə heç getmək istəmir, deyər ki: Ata, nə danışırsan, mən getmək istəmirəm. Lakin sən demə, uşaqlarla dava edirmiş. Deyirmiş: Atama deyərəm, pis olar. Müharibə olsa, mən mütləq gedəcəyəm.
Əlbağış müəllim, Süleymanın müharibəyə getməsindən danışıb:
-Getdi müharibəyə. Tez-tez danışırdı: "Narahat olmayın, hər şey yaxşı olacaq. Qarabağı düşməndən geri alacağıq" – deyirdi. Şəhid olandan sonra ildönümündə iş yoldaşları, döyüş yoldaşları və komandiri gəlmişdi. Komandir dedi: “Əmi, narahat olma, sənin oğlun qəhrəmandır. Ona görə qəhrəmandır ki, səkkiz nəfərin həyatı Süleymana borcludur. Ermənilər güclü qüvvələrlə hücuma keçmişdi, əmr verilmişdi ki, döyüşçülər bir qədər geridə dayansın. Süleyman geri çəkilməyib, “siz gedin, mən də gələcəm” deyib və axıra qədər döyüşüb. Ağdamda qısa bir döyüş olub, amma o, qəhrəmanlıq edib. Onun şücaətinə görə orden verilib”. Süleyman şəhid olandan 15 gün sonra yaxın bir tanışHər gün gedirəm qəbiristanlığa, elə bil ikinci evim oradır. Ora gedəndə içim çox rahatlaşır.
Oğlum Süleymana borcum odur ki, onun balalarına yaxşı baxım. Biz şəhid ata-anasıyıq deyə bizə hər yerdə hörmət göstərilir. Süleyman həmişə bizimlə fəxr edib. Bu gün də onu düşünüb elə addımlar atırıq ki, camaat desin: "Görün, Süleymanın atası necə gözəl işlər görür". Süleymanın və onun timsalında olan bütün şəhidlərin adını doğrultmaq üçün çalışırıq.
Təranə xanımın sözlərinə görə, Süleyman elə bil şəhid olacağını əvvəlcədən duyurdu:
-Polad Həşimov şəhid olanda, televizorda Sərmayə ananın danışığını eşidəndə hər dəfə göz yaşlarımı saxlaya bilmirdim. Onda oğlum mənə baxıb dedi: Ana, niyə ağlayırsan? Axı mən də şəhid ola bilərəm də...Məni elə bil ürəyimdən vurdular. Dedim: A bala, az danış! O nə sözdür danışırsan?! Başını aşağı salıb, sakitcə dedi: Hə, nə olsun ki? Onda sən də mənim üçün ağlayarsan? Amma mən də şəhid olaram...Elə bil qabaqcadan bilirdi...Ondan sonra Süleymanın həmin fikri ağlımdan çıxmadı. İndi xatırlayanda kino lenti kimi gözümün qabağından keçir. Sentyabrın 21-də təlimə getdi. Cəmi altı gün sonra, 27-si müharibə başladı. Sonuncu dəfə danışanda soruşdu: Ana, şəhid var? Dedim: Hə, iki şəhidimiz var...Sakit səslə cavab verdi: Bəlkə də, üçüncü şəhid elə mən olaram...Və elə də oldu... Bizim rayonun üçüncü şəhidi Süleyman oldu. Amma hər dəfə deyirdi ki, narahat olma, ön cəbhədə deyiləm. Amma ürəyim hiss edirdi... Sanki qəlbimə əvvəlcədən yazılmışdı bu, ayrılıq.
Şəhidimizin bacısı Aytəkin xanım qardaşı haqqında duyğularını bölüşüb:
-Süleyman təkcə qardaşım deyildi, o həm də ailəmizin fəxri, ürəyimizin işığı idi. Uşaqlıqdan mərdliyi, qayğıkeşliyi ilə seçilirdi. Hər zaman deyirdi ki, “Əgər bu Vətənin torpağına bir daş toxunsa, mən özümü sipər edərəm”. Bizim üçün çox çtənin olsa da, o, sözünün arxasında dayandı...və vətən uğrunda canını fəda etdi.
Müharibəyə getməzdən əvvəl mənə dedi: "Uşaqlarıma yaxşı baxarsınız." Həmin vaxt qardaşıma əsəbləşdim. Dedim: "O nə sözdür, niyə elə deyirsən?" Müharibəyə getdikdən sonra hər dəfə zəng edəndə uşaqları bərk-bərk tapşırardı, deyirdi ki, onlardan muğayat olun. Çox çalışırdı. Özünə ev almaq arzusu var idi. Biz bir-birimizə hər işdə kömək edirdik. Mən də ona deyirdim: "İşlərin çoxdur, həm sənə kömək edim, həm də öyrənim, sonra inşallah ev alarıq." Ev alacağına çox həvəslənmişdi. Gecə-gündüz dayanmadan çalışırdı. Düzdür, boş vaxtları az olurdu, amma həmin vaxtı da bizimlə birlikdə hansısa rayona gedərək keçirirdi. Bəzən qəfildən qərar verirdi: "Hazırlaşın, sabah filan rayona gedəcəyik." Ailəcanlı, hamıya diqqət və qayğı göstərən, heç kimin qəlbini qırmayan, zəhmətkeş bir qardaş idi. Həmişə istəyirdi ki, hamımızın hər şeyi olsun və heç nəyə ehtiyacımız qalmasın. Zəhmətlə çalışmağı sevirdi. Süleyman kimi oğullar bu millətin unudulmaz tarixini yazırlar. Mən onun bacısı olmağımla hər zaman fəxr edəcəyəm.
Əlbağış müəllim, deyir ki, Süleyman uşaqlıqdan vətənpərvər böyüyüb:
-Süleyman mühasib işləyirdi. Çalışdığı yerdə onu əvəz edən kimsə yox idi. Müharibəyə gedəndə isə o qədər rahat getdi ki, sanki bütün işini tamamladı və yola düşdü. Müharibədə də tez-tez mənə zəng edirdi. Deyirdi ki: "Ata, düşmənlə aramızda cəmi bir kilometr məsafə var."
Düzdür, hiss edirdim ki, Süleyman və döyüş yoldaşları çox ağır döyüşlərin getdiyi yerdədirlər. Mən həmişə deyirdim ki, müharibə yoluyla da olsa, biz torpaqlarımızı azad etməliyik. Əgər mən müharibə istəyirəmsə, necə deyə bilərəm ki, oğlum getməsin? Bir beyində iki fərqli fikir ola bilməz. Əgər torpağın azad olmasını istəyirəmsə, deməli, Süleymanın döyüşə getməyini də istəməliyəm.
Yəni biz ailəlikcə səmimi vətənpərvər insanlar olmuşuq. Süleyman şəhid olandan sonra özümə sual verdim ki, görəsən nə vaxtsa onu danlamışam? Sonra birdən yadıma düşdü ki, bir dəfə belə bir hal olub. Onun ətrafında dostları çox idi. Özü də dosta sədaqətli bir insan olub. Bir gün ona dedim: “İnsanın bu qədər dostu olar? Kim çağırır, gedirsən!” Daha doğrusu, bir az danladım.
İmtahana gedəndə də həmişə arxasında dururdum. Ona demişdim ki: “Universitetə daxil olsan da, olmasan da, arxandayam”. Heç nədən sıxıntısı olmayıb. Amma buna baxmayaraq, o heç vaxt cızığından çıxmayıb, gözütox övlad olub. Hər zaman özünü sadə aparıb. O heç vaxt pis şeyi görmürdü. Onun olduğu hər yerdə sülh, əmin-amanlıq var idi. İndi Süleymanın övladları da çox ağıllı, dərrakəli, biliklidir. Onlar balaca olsalar da, artıq atalarının şəhid olduğunu başa düşürlər. Uşaqlar üçün ata qəhrəmandır — amma bu qəhrəman indi bir də şəhidlik məqamı ilə əbədi ucalığa sahib olub. Nəvələrim kiçik yaşda belə böyük qədər anlayışlı, dərin düşüncəyə sahibdirlər.
Süleyman bizim ruhumuzda, qəlbimizdə bir iz qoyub — o, təkcə bizim üçün deyil, bütün Vətən üçün qəhrəmandır. Biz onunla fəxr edir, qürur duyuruq. Şəhidlərin hamısı Allah tərəfindən seçilmişlərdir. Biz şəhidlərimizin anım günlərində iştirak edirik. Diqqət etmişəm ki, bütün şəhidlərin həyatı, döyüş yolu sanki bir-birinə bənzəyir. Şəhidlərimiz həm də biz valideynləri yaxınlaşdırdı. İndi bütün şəhid ata-anaları bir-birinə həmdərd olur.
Şəhidimizin həyat yoldaşı Şəlalə xanım, Süleymanla bağlı xatirələrini bizimlə bölüşüb:
- Şəhid xanımı olmaq ağırdır, amma bir o qədər də fəxrli bir hissdir. Həm fəxr edirəm, həm də acı çəkirəm. Onun yoxluğu çox ağırdır. Elə bir həyat yoldaşını itirmək insanın içini parçalayır. Daha doğrusu, onun müharibəyə getdiyini bilmirdim. Sadəcə, təlimə qatılacağını demişdi. Amma o qədər gülərüz getdi ki... Süleyman gedəndə körpəmiz cəmi üç gün idi ki, dünyaya gəlmişdi. Ona sual verdim: “Sən niyə gedirsən? Axı iki körpəmiz var”. İndi aramızda olmasa da, onunla qürur duyuram. Anlayıram ki, həyat yoldaşım Vətən, Allah və ailə uğrunda şəhid olub. Hər şeyi gözə alıb, elə bir qürurla gedib ki, bunu sözlə ifadə edə bilmərəm.
İndi anlayıram ki, o getməsəydi, içimdə bir hiss yaranardı – yoldaşım getmədi. Amma indi qürurla deyirəm: Qarabağın azad olunmasında həyat yoldaşımın da haqqı var. Əminəm ki, övladlarımız gələcəkdə elə bir ataları olduğu üçün fəxr edəcəklər.
Axırıncı dəfə oktyabrın 5-də danışdıq. Elə danışırdı ki, sanki hər şey yaxşıdır, sanki bu insan istirahətə gedib. Məni o qədər razı saldı, ürəyimi rahat etdi ki, düşünürdüm: ona heç bir şey olmaz. Sonuncu danışığında dedi: “Özünə, övladlarımıza yaxşı bax və onlardan muğayat ol. Mən də yaxşı olacam.”
Onun xatirələrini əbədiləşdirəcəm. Ona söz verdim ki, bu sevgini daim yaşadacağam və onun adına layiq həyat yoldaşı olacağam. Deyirdi: “Şəlalə, vaxt olacaq, bizim ailəmizi hər kəs örnək götürəcək. Sevgimiz dillərə dastan olacaq. Hər kəs danışacaq ki, Süleyman və Şəlalə adında böyük sevgiyə malik iki gənc var idi”. Az bir müddətə böyük, təmənnasız bir sevgini bir çox insana öyrətdik.
İndi mənim vəzifəm onun sevgisini əbədiləşdirmək və övladlarımızı yaxşı böyütməkdir. O, cənnət mələyi idi. Dünyamıza gəlmişdi, vaxtı çatanda da məqamına geri döndü. O, doğulandan seçilmiş bir insan imiş. Nə xoş onun halına ki, Allah onu seçdi və o zirvəyə ucaltdı, o zirvəyə layiq bildi. Şəhidlik zirvəsi və şəhid xanımı statusu da hər kəsə nəsib olmur". Bir gün onsuz da qovuşacağıq.
Fəridə Ağazadə
Jurnalist












