44 günlük Vətən savaşında igid qardaşlarımızın şücaəti əsrin qəhrəmanlıq səlnaməsidir. Bu qəhrəmanlıq salnaməsində hər bir şəhidimizin öz qəhrəmanlıq yolu fərqlidir. Bu gün söhbət açacağım "Rəşadət ordeni" ilə təltif edilmiş qəhrəman şəhidimiz Hüseynov Elçindir.
Hüseynov Elçin Zamin oğlu 1992-ci il sentyabrın 6-da Bakı şəhərində anadan olub. Orta təhsilinə 1999-cu ildə Sumqayıt şəhəri 9 saylı tam orta məktəbdə başlayıb. 2012-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinin gömrük işi fakültəsini bitirib. Subay idi. 2012-ci ildə hərbi xidmətə yollanan Elçin 2014-cü ildə xidmətini başa vurub. Elə həmin ilin avqustunda Azərbaycan Silahlı Qüvvələrinin Bakı korpusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq kəşfiyyatçı-snayper vəzifəsində xidmətə başlayıb. Elçin 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq ön cəbhəyə yollanmaq barədə komandanlığa müraciət edib. Komandanlıq onun müraciətini nəzərə alıb.
Elçin Hüseynov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Suqovuşan döyüşlərində yaralanıb. Buna baxmayaraq, geri çəkilməyib, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib.
Şəhid Elçinin atası Hüseyn Zamin Şövkət oğlu 1967-ci ildə Masazır qəsəbəsində doğulub. Orta təhsillidir. Şəhid Elçinin anası Məhərrəmova Mətanət İmamverdi qızı 1970-ci ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. Hərbi təhsillidir. 25 il hərbdə qulluq edib və hazırda ehtiyata buraxılıb.Qardaşı Hüseynzadə Natiq Zamin oğlu 1994-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsillidir. Hərbidə rabitə komandiri vəzifəsində çalışıb, hal-hazırda ehtiyata buraxılıb. Ailəlidir, iki övladı var. Bərbər işləyir.
Şəhidin anası Mətanət ana deyir ki, ailədə Elçin həmişə öz mülayim xasiyyəti ilə seçilərdi:
"Mənə, qardaşına çox bağlı idi. Bütün sirrim, sözüm onunla olardı, uşaqlıqdan ailəmizin yükünü çiyinlərinə götürərdi. Mən növbəli işləyirdim, onlara həm ata, həm ana olmuşam, çox çətinlikləri balalarımla birgə ötüşdürmüşəm. Elçin mənə mənəvi çox dəstək olurdu, o, ürəyimin sütünü idi, bir baxışımdan, səsimin tonundan necə olduğumu hiss edərdi. Uşaqları, qocaları çox sevirdi, rəhmdil idi. Məktəbdə tətil vaxtlarında xırda-para işlərdə işləyib mənə kömək edərdi. Qazandığı puldan özünə heç nə almazdı, gətirib mənə verəndə deyirdi, nə çatışmırsa, al.
Danlayırdım onu ki, körpə canınla çalışmağa ehtiyacın yoxdu, qazandığını özünə nələrsə alarsan. Deyirdi, ana, sən bütün qazancını ancaq bizə xərcləyirsən həmişə, bu, bizim hamımızın puludur. Çox çətinlik çəkdiyim günlərim olub, balalarımı tək böyütmüşəm, amma heç vaxt onlara korluq verməmişəm. Elə olub ki, bir dəst paltarı üç fəsil geyinmişəm, təki balalarımın qışda əyni qalın, yayda sərin olsun. Çox şükür, bugünkü gündə hər iki övladımdan çox razıyam.
Hərbçi yoldaşları tez tez Elçinlə bizə gələrdilər. Elçinin gördüyü işlərdən söz düşəndə maraqla qulaq asardım. Yoldaşlarından biri danışırdı ki, yağışlı günlərdən biri idi, dumandan çəndən göz-gözü görmürdü.Yol kənarında bir nənə oturub, dolanışıq üçün ət maşını satırmış. Elçin maşını saxlatdı, düşüb qoca nənəyə artıqlaması ilə ödəniş edib həmin maşını aldı. Bir iki ev keçən kimi maşını yolun kənarına qoydu. Biz bu işə hamımız təəccübləndik və dedik ki, o qədər pul verdin, bura qoymaqdansa, qadının özünə verərdin gərək. Elçin isə cavabında deyib ki, mən bunu qadına versəydim, yenə də belə soyuqda yolda əyləşib satmağa cəhd edəcəkdi. Hər şeyi fikirləşəcək qədər həssas idi mənim balam... (Red: ağlayır)
Müharibə dövründə əlaqə saxlayırdıq, danışırdıq, elə sevinirdi ki, gülüşü elə şaqraq idi ki. Elə xoşbəxt idi ki, sanki savaş deyil, toy-büsatdı. Bizimlə son zəngi oktyabrın 1-i olub. Hər dəfə deyirdi ki, özünüzdən muğayat olun, qardaşı uşaqlarını elə çox sevirdi. Hər zəngində onları soruşardı, əzizləyərdi. Həmişə deyirdim ki, oğlum ailə qur, toyunu görək. Deyirdi, ana, yox, hələ qaydasına salacağımız çox iş var.
Heç ağlımın ucundan belə keçmirdi, balamın şəhidliyi, onun şücaətinə çox güvənirdim. Mənim balam erməniyə can verən oğul deyildi! Hərbidə həmişə şücaətinə görə seçilənlərdən idi, ləqəbi “şahin gözlü” idi.
Şəhid xəbərini bizə Elçinin uşaqlıq dostu Məhərrəm verib, kiçik oğluma sadəcə yaralandığını demişdi. Ürəyimə od düşdü, bildim ki, şəhid olub, çünki bütün şəhidlərin ailələrinə ilk xəbər olaraq yaralanıb deyilirdi. Oktyabrın 16-sı gətirdilər balamı evə, bir gecə bizimlə qaldı. Onun dediyi kəlamlarla ovunuram. Həmişə deyərdi ki, anasını sevən Vətənini sevər, çünki o Vətəndə ana yaşayır. Vətənin o tayı, bu tayı olmaz ki, ana, Vətən bütündür. Xocalıda işgəncə ilə öldürülən körpələrin, ana-bacılarımızın, ahıllarımızın, əzab verilmiş əsirlərimizin, itkinlərimizin qisası qiyamətə qalmayacaq, ana!
O, heç güləndə görmədik dişləri görünə, deyirdi, könlümdə Vətən nisgilim var, ana!"
"İndi baxıram ki, çəkdirdiyi şəkillərdə gülərkən sadəcə dodağı qaçır... Arzusuna çatdı, çox şükür qisas qiyamətə qalmadı. Şəhid olanda bayraq sinəsində olub. Bax, qızım, bu bayrağı deyirəm", əlləri titrəyə-titrəyə ana bayrağı açdı, öpüb alnına qoyaraq dedi:
"Bayraq sinəsindən əskik olmazdı heç vaxt. Ona verdiyim əl dəsmalını cibində saxlayırdı. Həmişə yanında gəzdirərdi. Öz xəttimlə bir kiçik karton parçasına "Ayətəl kürsü" duasını yazıb vermişdim.Onu da dəftərinin içində saxlamışdı.
Sinəsində sol tərəfdə bayraq, silahını qucaqlayıb, şəhadətə ucalıb. Döyüş yoldaşları deyir ki, Elçin gülə-gülə şəhid oldu, ermənilər güllə atdıqca o gülürmüş. Güllə, mərmi yağışının altında balam gülərək şəhidliyə ucalıb. Ana haqqını qaytardı mənə sağkən! Elçin mənim eləcə də bütün xalqımızın qəhrəman oğludur!"
Şəhid anası Mətanət xanım deyir ki, Elçinin adına Sumayıt şəhərində, 21-ci mikrorayonda küçə adı verilib, ailənin öz vəsaiti hesabına İnşaatçılar qəsəbəsində abidə bulaq kompleksi tikilib, məktəblərdə adına sinif otaqları var. Saray qəsəbəsindəki küçələrdən birinə Şəhid Elçinin adına verilməsi gözlənilir.
Yekun olaraq Şəhid Elçinin anası Məhərrəmova Mətanət İmamverdi qızı deyir ki, "Dərd deyil, həsrətdi çəkirəm, arxayınam, balam cənnətdədir, Vətən uğrunda, torpaq uğurunda döyüşən, ermənilərdən 30 illik qisasımızı alan oğullardan, Böyük Zəfərin sütunlarından biri də mənim oğlumdur!"
Hüseynov Elçin Zamin oğlu “Mübariz" postundan digər posta keçərkən 2 oktyabr tarixində qəhrəmancasına şəhid olub. Nəşi 15 gün neytral zonada qalıb. Oktyabrın 17-də Sumqayıtın Şəhidlər Xiyabanında dəfn edilib.Orduda misilsiz qəhrəmanlıqlarına görə ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib. II Qarabağ müharibəsində Vətən uğrunda döyüşlərdə böyük şücaəti ilə fərqlənərək şəhid olan Elçin Hüseynov ölümündən sonra 2022-ci il, 8 noyabr tarixində "Zəfər günü" münasibətilə ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Rəşadət ordeni" ilə təltif edilib.
Ruhun şad olsun, Vətən oğlu!
Azərbaycan Jurnalistlər birliyinin üzvü, gənc alim
müstəqil araşdırmaçı jurnalist Günel Şəmilzadə
Əlaqə: gshamilzada@gmail.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin