Şəhidlik zirvəsinə yüksəlmiş igidlərimiz unudulmur, daim yad edilir, adı uca tutulur. Belə şəhidlərimizdən biri də Vətən müharibəsi qəhrəmanı Xəlilov Ruhin Müzəffər oğludur. Bu dəfə onun ocağında ailəsini ziyarət edib, haqqında söz açdıq.
Xəlilov Ruhin 13.03.1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olub. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirib. Bakı Asiya Universitetinin Hüquq fakültəsində təhsil alıb. Ruhin Xəlilov 2009-2011-ci illərdə Goranboy rayonunda “N” saylı hərbi hissədə xidmət edib, hərbi vəzifəsi qumbaraatan olub.
Şəhidin atası Xəlilov Müzəffər bəyə oğlu barədə sual etsək də, gözləri doldu və danışmaq onun üçün çox çətin oldu.
Şəhidin Həyat yoldaşı Xəlilova Günel xanım hazırda Odlar Yurdu Universitetində təhsil alır və Ədliyyə Nazirliyinin Tibb baş idarəsində çalışır. Günel xanım Ruhinlə nağıl kimi ailə həyatı olduqlarını və
3 övladı haqqında söz açır:
“İki qız, bir oğlan övladımız var. Böyük övladımız Qunça, ikinci övladımız Melisa və oğlumuz Tunar. Oğlumuz bağçaya gedir, Ruhin döyüşə gedəndə o, bir yaş bir aylıq idi, hazırda 3 yaşı var.
Ruhinlə dostlarmızın sayəsində tanış olmuşduq. O, mənə sanki həyatın bir möcüzəsiydi, ancaq Allah tez aldı... 6 il onun yolun gözləmişəm. Biz tanış olanda Ruhin 2 ci kursda idi, universiteti bitirməyini gözlədim, daha sonra əsgər getdi, gələndən sonra 1 il işlədi. Ondan sonra nişanlanıb, ailə qurduq və 9 il ailəli olduq.
Ümumilikdə həyatımızın nağıl kimi keçən 17 ilini birlikdə olduq. Bir gün bir məclisdəydik. Həmin günü çox xoşbəxt idik. Dedim, Ruhin, bu nağılın sonu necə bitəcək?! Heç yatsam, yuxuma da girməzdi ki, bir gün Ruhin olmayacaq. Heç onun yoxluğu ilə barışa bilmirəm. O çox gözəl ailə başçısı idi. Dünyanın ən gözəl ailə başçısı idi... Elə bir övlad idi ki, sanki Allahın mələy idi gəlmişdi yer üzünə. İnanırsınız, uşaqlar hələ də atasını axtrarırlar. 3 yaşlı oğlumuz hələ də elə bilir ki, bu maket atasıdır. Qızımız Melisa Ruhin şəhid olanın səhəri günü mənə dedi, ana, gəl belə oynayaq. Bir üzün ata olsun, bir üzün ana, atamı istəyəndə o üzündən öpərəm, səni istəyəndə bu üzündən...
Melisa ilə Qunça gimnastikaya, rəqsə gedirdi. Həmişə deyirdi ki, mən sizə güvənirəm!
Mənim sənədlərimi təhsil üçün 2020-ci ildə öz əlləri ilə apardı verdi. Dedi, səni atan oxutmayıb, mən oxudacağam. 2020-ci ildə Ruhin şəhid oldu. 2022-ci ildə özümə məqsəd qoydum ki, Ruhinin arzusunu yerinə yetirim. Çox şükür ki, mən bu gün Ruhinin arzularını yerinə yetrdim!
Ruhinin formasını geynirdim. Heç vaxt demirdi ki, bu formanı geyinmə. Ancaq həmişə deyirdi ki, oxu, layiq ol, geyin. Bu gün Ədliyyə nazirliyində mən onun formasını geynirəm, bu o qədər şərəfli və məsuliyyətlidir ki, mən Ruhinlə qürur duyuram! Ən böyük arzum övladlarımın da hər zaman atalarına layiq olmalarıdır.
Həmişə deyirdim ki, mən sənsiz ölərəm. Ancaq bu gün Ruhin yoxdur, mən ölmədim.. Bilirsiniz ölmək asandır. Ölsəm, sabah onun yanına getsəm, məni qəbul etməzdi. Deyəcək ki, mən sənə üç uşaq və ata-ana əmanət etdim… (red.. Ağlayır)”
Günel xanım deyir ki, müharibə vaxtı son dəfə Ruhinlə 19 oktyabrda danışıblar: “Ruhin deyirdi ki, birdən zəng gəlməsə, bil ki, set tutmur. 21 oktyabr axşam saat 17:00 radələrində atamla xəbərlərə baxırdıq. Qohumlarımızdan bir nəfər zəng etdi ki, ruhin yaralanıb. Dedim, Allahım, əli-ayağı olmasın, təki sağ gəlsin. Sonra adamlar bizə axışırdı, dedim niyə bizə gəlirsinizz? Mənə heç bir şey demədilər... Ancaq dedilər Ruhin yaralanıb.
Gecə ilə Bilasuvarda yaşayan dayısını çağırıblar, o gedib Qubadlıya, ordan gətiriblər Füzuliyə... Gecə saat 01-00 idi, təcili yardımla Ruhini gətirdilər...Səhər dəfn olundu. Son dəfə bir evində bizimlə qaldı, səhərisi dəfn olundu.
O, Tovuz döyüşləri zamanı könüllü yazılmışdı. Dedim, sən getsən, özümü öldürərəm. Həmişə deyirdi ki, sən uşaqsan, birdən böyüyəcəksən. Heç barışa bilmirəm Ruhinsizliyə, heç! Hər şeydən gözümüzü tox elədi, heç qoymadı nədənsə korluq çəkək. Mən ondan xanımı olaraq o qədər razıyam, kaş məsulyyətim, övladlarım, ata-anasını bu cür yarımıçıq buraxıb getmək olmayaydı, inanın, gedərdim onun yanına sevə-sevə… (red: Ağlayır)