Haqqında söz açacağımız növbəti qəhrəman Vətən müharibəsi şəhidi mayor Rzayev İlkin Cəfər oğludur. Mayor Rzayev İlkin Cəfər oğlu 1984-cü il iyulun 28-də Şərur rayonu Ələkli kəndində anadan olub. O, orta təhsilini 1990–1995-ci illərdə Suraxanı rayonu 270 nömrəli məktəbdə, 1995–2001-ci ildə isə Nizami rayonu 250 nömrəli məktəbdə alıb. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2006-cı ildə hərbi məktəbi bitirərək "Leytenant" rütbəsini alır.
İlkinin atası Rzayev Cəfər Qəhrəman oğlu Birinci Qarabağ müharibəsində Füzulidə döyüşüb. O, 5-ci sinifdə oxuyanda atası qızğın döyüşlərdə olub. 1993-ci ildə Kəlbəcərin işğalı zamanı hadisələrdən çox təsirlənən İlkin özünə söz verib ki, böyüyəndə hərbçi olub mənfur düşməndən ana-bacılarımızın qisasını alacaq. Evdə həmişə hərbini sevdiyini deyərmiş.
Şəhidin anası Rzayeva Balaxanım deyir ki, komandiri İlkinin ailəsinə, anasına çox bağlı insan olduğunu qeyd edirdi:
"Həqiqətən də elə idi. Dostları çağırırdı gedək əyləşək, deyirdi yox, ana, mənə öz ailəmin, əzizlərimin yanında olmaq daha xoşdur. Yeddinci sinifdən İlkin oruc tutur, namaz qılırdı. Kaş ki, bir gün İlkin gəlib deyərdi, ana, mən maaşımı aldım hamısını da xərclədim. İnanın, deyirdi ancaq evim mənim üçün rahatlıqdır.
2013-cü ilin aprelində atası yol qəzasına düşəndə, İlkin Murovda idi. Qohumlarımızdan zəng edib komandirinə deyiblər. İlkin həmin vaxt postda imiş, deyiblər ki, atası qəza törədib gəlsin icazə kağızını götürsün. Buraxılış vərəqin götrüb gəlmişdi. Atası rəhmətə gedəndən sonra mən İlkini evin böyüyü bilirdim. Atasını maşınla vuran adamın həmin günü övaldı olmuşdu, sevindiyindən qəza törətmişdi. Hər kəs istədi ki, qəzadan sonra İlkin şikayətçi olsun. O isə dedi mən atamı görmüşəm, duymuşam, yanımda olub, indi körpənin günahı nədir ki, ən gözəl çağlarında atası həbsxanda yatsın.? Çox mərhəmətli qəlbi vardı. Çox uzaqgörən idi. Aylarla İlkin evə gələ bilmirdi. Tez-tez onun təəssüfün çəkirdim. 5-6 aydan bir gəlirdi. Əlləri qabar-qabar olardı. Deyirdim, niyə belədir əllərin anan qurban? Deyirdi post tikirik, səngər qazırıq, mən öz əsgərlərimə kömək edirəm. . O öz əsgərlərinə balaları kimi baxırdı. Çox istəyirdi, hamının pal-paltarını gətirib yudurdurdu evdə. Bir gün su baçoklarında su gətirirdi evə. Yanındakı əsgərlər gəldilər ki, komandir, icazə ver götürək, qoymadı. Eyvandan baxırdım, gələndə dedim, oğlum, başqa komandirlər əsgərlərinə iş gördürür, sən də komandirsən niyə icazə vermədin sənə kömək etsinlər? Dedi onlar əsgərdilər, Vətənə xidmət etməyə gəliblər, mənim evimə su daşmağa deyil. Mən heç bir əsgərə qıymaram.
Sentyabrın 20-də tezdən kiçik oğlum Rasimə dedim ki, naməni apar yola sal, uşaqlardan narahatam. Göygölün Toğanalı kəndin çatanda İlkinə zəng etdim dedi özüm gəlib səni görəcəyəm. İlkin gəldi, görüşdük, salmlaşdıq. Çox narahat idi. Dedi müharibə olacaq artıq vaxt yetişib. Sual verdim səndə gedəcəksən? Dedi, ana, gözlədiymiz gün gəlib çatıb. Ana, atamı vuran sürücü yadındadır ? Dedim, bala nə üçün soruşursan? Dedi, görürsən yadından çıxıb. Bax o qəza idi. Bu isə qeyrət, namusdur! Bax, o dağlarda ermənilər bizim torpağımızı tapdayıb. Ana, sən hərbçi anasısan! Mən getməliyəm, Vətən çağırır!
İlkinə verdiyim sevgini indi onun balalarına verirəm. Balası Nur dərsdən gəlir, boynumu qucaqlayır, dünya mənim olur. Göydə Allah, yerdə İlkinin ailəsinə, balalarına bağlıyam, hər şeyim bu körpələrdir"
Şəhidin həyat yoldaşı Rzayeva Zeynəb xanım bildirir ki, iki övaldımız var:
"Qızımız Nurun 7, oğlumuz Əlinin 5 yaşı var. Əli Bakı şəhəri, Nizami rayonu 10 nömrəli tam orta məktəbdə oxuyur. Həmişə evə gələndə deyir ki, hamının atası gəlib məktəbdən götürü,r mənim atam isə yoxdur... Biz ailəsi olaraq çox istəyərdik ki, bu məktəbə İlkinin adı verilsin. Ən azından övladına da, bizə də təskinlik olar.
İlkin deyirdi ki, qızımızın adını Nur qoyacağam. Deyirdi, Məhəmməd peyğəmbərin üzündə olan nur mənim övaldımda da olsun. Qızımız anadan olanda onun qulağına azan oxudu. Qızmızı çox sevirdi. Deyirdi yaxşı ki,mənim qız övaldım oldu. Qız övladı olan atalar başqa olur, bu başqa hissdir. Özümü çox xoşbəxt hiss edirəm. Oğlumuz Əli olanda, 2017-ci il idi. Həmin vaxt kəşfiyyatçılar neytral zonada qalmışdılar, ermənilər nəşini vermirdilər. Həmin vaxt İlkin oğlumuzun olduğunu bilirdi. Komandir soruşur ki, niyə 1 günlük də olsa getmirsən? Deyib ki, komandir, neytral zonada qalanlar da kimlərinsə atasıdır. Mən necə sevinə bilərəm? Çox vicdanlı insan idi...
27 sentyabrda artıq onlar Murova qalxırdılar, döyüş əmri verilmişdi. Gəldi ki, artıq müharibə başlayıb, mən gəldim sizinlə sağollaşmağa. Sonra çantasını hazırlamağımı istədi. Dedi mənim namaz dəstimi də qoy çantama. Maaş kartını verdi mənə, deyirdi birdən mənə nəsə olar, sizə pul lazım olacaq. Uşaqlarını, anasını öpüb qucaqladı, görüşdü getdi. Daha sonra oktyabrın 3-də Gəncəni bombaladılar, biz də ordaydıq. Çox narahat idik. Axırıncı zəngi oktyabrn 2-də oldu. Gəncə bombalanan vaxt oğlum Əlinin nitqi tutuldu. Orada bir gün zirzəmidə qaldıq. Sonra Bakıya gəldik. Zəng edirdik İlkinə rəisi deyirdi əlaqə saxlaya bilmirik, onlar çox qabaqdadır, birbaşa Kəlbəcər istiqamətinə getmişdilər. Son dəfə gedəndə mənə dedi, Zeynəb, gedirəm mənə nə deyirsən? Dedim heç nə, torpaqları azad etməyənə kimi gəlməyin!"
Balaxanım ana deyir ki, İlkinin oğlu dünyaya gələndə qardaşı oğlu Cəfər də dünyaya gəlmişdi. İlkin işdən evə gəldi, heç uşaqların üzünü görməmişdi:
"Körpələrin ikisini də apardım qapıya. Dedim hansı sənin övladındır? Dedi ki, ana, bax, bu qarabuğdayı uşaq mənimdir. Gözləri mənəm, qaraşınlığı sənsən.
Balam 75 gün itkin oldu, dekabrın 18-də İkinci Fəxri xiyabanda dəfn etdik.
Mənim oğlumun qəhrəmanlığını unutmasınlar. O, bütün varlığı ilə torpağa bağlı idi. Mən cənab Prezidentimizdən çox razıyam, çox istyərəm ki, böyüyən nəsillər bu qəhrəmanları unutmasınlar. Bizim oğullarımız yad əllərdə olan torpaqları qaytardı. İlkin kimi üç min şəhid bala getdi. Başda Ali Baş Komandan olmaqla hünər göstərdilər! Şəhid o zaman ölür ki, unudulur. Şəhid balalarımız unudulmasınlar! Millətimiz, dövlətimiz daima var olsun, üçrəngli bayrağımız həmişə yüksəklərdə dalğalansın!"
Rzayev İlkin Cəfər oğlu 2006–2007-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursunu keçərək, Azərbaycan Ordusunda xidmətə başlayıb. 2009-cu ildə "Baş Leytenant", 2013-cü ildə "Kapitan", 2017-ci ildə isə "Mayor" rütbəsinə yüksəlir. İlkin Rzayev hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənib. 2016-cı ildə Aprel döyüşlərində də aktiv fəaliyyəti olub. Azərbaycan Ordusunun Mayoru olan İlkin Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən Müharibəsində iştirak etmiş və döyüşdə öz qəhrəmanlığı, qətiyyəti ilə fərqlənib. Onun son vəzifəsi "Döyüş hazırlığı bölmə rəisi" olub. O, təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas edərək 2 oktyabr 2020-ci ildə Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən İlkin Rzayev ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Ruhun şad olsun, şəhid qardaşım!
Aydın Tağıyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin