
Cəmiyyətin və sosial strukturun müəyyənedici elementi olan ünsiyyət, fərdlərin öz vəziyyətlərini ifadə etməsinin, ortaq dəyərləri paylaşmasının və ötürməsinin, qısacası, birlikdə yaşamasının vacib bir hissəsidir.Yeni media tamamilə yeni bir ünsiyyət dövrünə qədəm qoymuş və ənənəvi kommunikasiya sistemini kökündən dəyişdirmişdir. Yeni media da rəqəmsallaşmanın kommunikasiyaya təsirindən yaranan bir sahədir.Yeni media sistemi açıq, şəbəkə əsaslı, sərhədsiz, interaktiv və mərkəzləşdirilməmiş bir quruluşa malikdir. Ənənəvi media metodları illərdir öz təsirini qoruyub saxladı. Qəzetlər, televiziya və radio xəbərləri ictimaiyyətə çatdırmaq üçün ən çox yayılmış vasitələr idi. Lakin texnoloji irəliləyişlər və internetin geniş yayılması yeni medianın yaranmasına səbəb olmuşdur. Bu gün yeni media növlərinə rəqəmsal jurnalistika, bloqlar, podkastlar, sosial media və digər onlayn platformalar, eləcə də smartfonlar və planşetlər kimi mobil cihazlar daxildir.Ənənəvi mediadan fərqli olaraq, yeni media xəbərlərin ictimaiyyətə daha sürətli, daha effektiv və daha interaktiv çatdırılmasına imkan verir. Bundan əlavə, yeni media kommunikasiya vasitələri qlobal əhatə dairəsini asanlaşdırır və xəbərlərin beynəlxalq platformalarda sürətli yayılmasına imkan verir.Yeni media həmçinin fərdlərin, təşkilatların və müəssisələrin rəqəmsal marketinq strategiyaları üçün vacib bir vasitədir. Müəssisələr müştəriləri ilə birbaşa əlaqə qura, məhsul və xidmətlərini tanıda və brendləri ilə daha geniş auditoriyaya çata bilərlər. Eynilə, fərdlər sosial media vasitəsilə öz brendlərini yarada və işəgötürənlər və müştərilər üçün daha cəlbedici ola bilərlər.Yeni medianın müxtəlif təriflərini vermək mümkündür. Əvvəla, yeni media fərqli və interaktiv mühitləri bir araya gətirmək qabiliyyətinə malikdir. Bu baxımdan, yeni media bəzən multimedia adlanır. Səs, görüntü və məlumat məzmununu, o cümlədən qarşılıqlı əlaqə elementini bir araya gətirən yeni media bu baxımdan ənənəvi mediadan fərqlənir. Daha geniş mənada, yeni media "kompüterlərin emal gücü olmadan yaradıla bilməyən mühitlər" kimi təyin edilə bilər.İnformasiya və kommunikasiya texnologiyaları bu gün başgicəlləndirici bir sürətlə inkişaf edir. Bunun sayəsində informasiyaya çıxış daha asanlaşır, şəxslərarası və kütləvi ünsiyyət daha asan təmin edilir. Gündəlik həyatda getdikcə daha çox təsir gücünə malik olan kütləvi kommunikasiya vasitələri kompüter və internet sistemləri ilə inteqrasiya olunur. Yeni media qloballaşma dövrünün əhəmiyyətli vasitəsidir, çünki dünyanın müxtəlif bölgələrindəki insanlar arasında əvvəllər imkansız kimi görünən kommunikasiya formaları yaratmışdır. Təsadüfi deyil ki, yeni mediaya "məsafənin ölümü" kimi baxılır. Fərdi bloqlar, veb saytlar və şəkillər fərqli qitələrdə yaşayan dostlar tərəfindən görülə bilir. Yeni media dünyanın müxtəlif ölkələrindəki insanların əyləncələrini və məlumatları istehlak etmə üsullarını dəyişdirir. Dövrümüzdə insanlararası ünsiyyət getdikcə əhəmiyyətini itirməkdə və kütlə ünsiyyəti böyük populyarlıq qazanmaqdadır. Bu populyarlığın artmasında radio, televiziya, qəzet və s. kimi kütləvi informasiya vasitələri ilə yanaşı yeni media dövrünün meydana gəlməsinə şərait yaradan internet texnologiyası və mobil texnologiya çox vacib mövqedədir.Texnoloji inkişaf günümüzün əsas məsələsinə çevrilib: kommunikasiya vasitələri zamanla təkmilləşir və biz kabeldən rəqəmsal cihazlara, telefondan televiziya əsrinə keçidin şahidi olduğumuz kimi, indi də kiber dünyadakı dəyişim içindəyik. Buna səbəb mobil cihazların və sosial media alətlərinin sürətlə dəyişməsidir. Mobil cihazların həyatımızın ayrılmaz bir hissəsi olduğu bir faktdır. Bu gün nəhəng media qurumları öz xəbər istehsalı siyasətlərində mobil cihazları önə çəkir. Artıq mobil telefon ekranları xəbər manşetlərini əvəzləyir. Yeni media 20-ci əsrin sonu 21-ci əsrin əvvəli yaranan hər hansı mediaya verilən tərifdir. Yeni medianın əsas xüsusiyyəti internete giriş funksiyası olan mobil cihazla istənilən zaman istifadə oluna bilməsidir. Klassik media növləri ilə qarşılaşdırıldıqda yeni media hərkəsin internetdən istifadə potensialına görə daha çox demokratik hesab olunur. Yeni media mədəni və sosial ideyaları təşkil etmək, geniş insan kütlələri ilə bölüşmək, onları maarifləndirmək üçün istifadə olunur. Dövrümüzdə insanlararası ünsiyyət getdikcə əhəmiyyətini itirməkdə və kütlə ünsiyyəti böyük populyarlıq qazanmaqdadır. Bu populyarlığın artmasında radio, televiziya, qəzet və s. kimi kütləvi informasiya vasitələri ilə yanaşı yeni media dövrünün meydana gəlməsinə şərait yaradan internet texnologiyası və mobil texnologiya çox vacib mövqedədir. Ümumiyyətlə yeni meydana gələn hər kütləvi informasiya vasitəsinin əvvəlki kütləvi informasiya vasitəsindən çox böyük təsir potensialına sahib olduğu məlumdur. Yeni media sosial media ilə yanaşı, ənənəvi media şirkətləri üçün də imkanlar yaradır.Yeni medianın ortaya çıxması ənənəvi mediaya olan tələbatı azaltmışdır. Bəzi qəzetlər adaptasiya olaraq itirdikləri gəliri reklam hesabına kompensasiya etməyə çalışır. İnternet, yeni medianın əsas forumlarından biri halına çevrilib. Bu səbəbdən reklam şirkətləri bütün yeni və sosial media şəbəkələrində yayılma qabiliyyətində olan kampaniyalar yaratmağa çalışırlar.Yeni media çağının başlanğıcından etibarən çox dəyişiklik baş vermişdir,Myspace kimi bir çox yeni media nəsli zirvəyə çatıb və dəyərini itirmişdir, Facebook da daxil olmaqla digərləri isə hal hazırda uğur qazanmağa davam edirlər. Yeni media daima dəyişir və inkişaf edir, lakin klassik media növlərindən fərqli olaraq burada dəyişimə ötürücü deyil istifadəçi təsir edir. Yeni media tez-tez yüksək interaktiv rəqəmsal texnologiya kimi xarakterizə olunur. Robert Logan, "Yeni Media Anlayışı" adlı kitabında qeyd edir ki, yeni media "asanlıqla emal olunur, çevrilir, saxlanılır, bərpa olunur və ən radikal olanı belə çox rahat axtarılır və əldə edilir". Konseptual olaraq, yeni media ictimai dəyərləri və sosial dəyişiklikləri əks etdirən bir mədəni proses kimi nəzərdən keçirilə bilər. Bu və digər mülahizələr yeni medianı müəyyənləşdirməyə və onun əhəmiyyətini izah etməyə kömək edir .
Yeni media təcrid olunmuş mədəniyyətlərin qloballaşmasının qarşısını alan sərhədləri aşa bilir. Bu səbəbdən Şimali Koreya kimi totalitar hökümətlərin sərhədsiz ünsiyyətin və fikir mübadiləsinin qarşısını almaq üçün interneti tam qadağan etməsi təəccüb hissi doğurmur.Çox vaxt yeni medianı sosial media ilə qarışıq salırlar və bu iki anlayışı birləşdirirlər. Əslində, bilmək lazımdır ki, yeni media daha geniş anlayışdır və sosial media da onun ən populyar və gündəmdə olan qoludur desək, yanılmarıq. Aşağıdakı beş növ yeni media medianın təkamülünü göstərir.[Bloqlar – onun nə olduğunu təsvir etsək, indidən keçmişə doğru postların sıralandığı, müəllifinin, yəni bloqçu barədə məlumatların əks olunduğu və oxucuların və ya izləyicilərin şərh yaza bildiyi veb səhifələrdir. Şərhlər bloq mədəniyyətinin inkişafında, başlıcası isə, interaktivliyin qorunmasında böyük rol oynayır. Buradaki məlumatlar əlçatandır, rahatlıqla axtarılır və əldə olunur. Məsələn, bloq yazıları adətən kateqoriyaların altında yerləşir və istifadəçilər yazıları müəyyən bir kateqoriya, etiket və ya axtarış vasitəsilə əldə edə bilirlər. Həmçinin məzmunun göndərildiyi digər onlayn qəzet və ya sosial media platformaları kimi burada da girişlərə adətən mətnlə birlikdə istifadə olunan şəkillər və videolar daxil edilir. Texniki baxımdan, bloqlar hazır platformaların üzərində qurulur, lakin ayrıca domeyn üzərinə qurulan və daha çox saytlaşdırılmış bloqlar da mövcuddur. Bəzən bloqları mövzularına görə növlərə ayırırlar. Məsələn, fərdi, tematik (siyasi, iqtisadi, idman, mədəni və s.) foto, video, korporativ və s. 2000-ci illərin əvvəllərində Blogger platformasının pulsuz xidmətə keçməsi bloqları bütün dünyada populyarlaşdırdı. 2004-cü ildə Google Blogger şirkətini aldı, ondan sonra axtarış motorunun nəticələrinə uyğun məlumatların yanında “Blog This!” düyməsi qoydu. Həmin vaxtdan axtarış edənlərin əksəriyyəti təsadüfən bloqla tanış oldu. Azərbaycana baxsaq, 2010-cu ildən ölkədə yerli və xarici təlimçilər vasitəsilə bloqçuluq kursları keçirildi və bu, bloqların sürətlə çoxalmasına səbəb oldu. Lakin eyni zamanda Facebook sosial şəbəkəsinin status paylaşımında söz limitini 500-ə qaldırması bloqçuluğa marağı azaltdı. İnsanlar getdikcə daha çox qısa paylaşımlar etməyə, daha tez reaksiya görməkdə maraqlı oldular. Azərbaycanda bloqlar ən çox Wordpress, LiveJournal, Blogspot və digər üzərinə qurulub.[
Virtual reallıq – burada real və virtual həyat arasındakı sərhədlərin əriməsindən söhbət gedir. İstifadəçi virtual reallığı xüsusi bir mikrofon avadanlığı və ya kompüter ekranında təcrübədən keçirdir. Virtual reallıq üçün sərhədsiz tətbiqi proqramlar var. Burada istifadəçilər Himalay dağlarında gəzə bilər, 360 dərəcəlik bir film izləyə bilər və s. Virtual reallıq yeni medianın gələcəyi olmağa namizəddir.
Sosial Media – ona görə belə adlanır ki, onun istifadəçiləri adi insanlardır. Sosial media bir-birini tanıyan və ya tanımayan insanları bir araya gətirərək informasiya, resurs və mədəniyyət paylaşımına imkan yaradı. Yeni medianın son dərəcə interaktiv bir növü olan sosial media istifadəçilərin iştirakına əsaslaraq öz mövcudluğunu davam etdirir. Virtual reallıq kimi yeni media növlərinin əksinə sosial media çox geniş yayılmışdır. Orta hesabla bir istifadəçi sosial şəbəkələrdə gün ərzində ortalama 2 saat xərcləyir.
Onlayn qəzetlər bloqlarla eyni səbəblərdən yeni media olaraq qəbul edilir. 1990-cı ildə “Knight Ridder” qəzetinin yeni media direktoru Roger Fidlerin portativ elektron qəzetdən danışanda ona dəli deyirdilər. O, bir qrup skeptik jurnalistə deyirdi ki, gələcəkdə oxucular qəzet almaq əvəzinə, qəzet materiallarını hansısa bir kabel və ya telefon xətti vasitəsilə öz elektron cihazlarına endirib oxuya biləcəklər. Bu gün onlayn qəzetlər, bir çox media növünü birləşdirir və əlçatandır. Eyni zamanda istifadəçilər şərh bölməsi vasitəsilə bəzi onlayn qəzetlərlə qarşılıqlı əlaqə yarada bilirlər. Onlayn qəzetlər sosial media və digər yeni media növləriylə birlikdə ənənəvi qəzetlərdən rəqəmsal formaya keçid səbəblərinin vacib bir ünsürüdür. Rəqəmsal oyunlar –gündəlik media mədəniyyətinin bir parçası olan əvəzolunmaz bir yeni media növüdür. Rəqəmsal oyunlar digər yeni media növlərinin və virtual şəbəkələrin əksinə ilk yarandığı andan etibarən əyləncəlidir.Yeni medianın ən diqqətə çarpan 3 xüsusiyyətinin qarşılıqlı təsir, demassifikasiya və zaman sərhədsizliyi olduğunu qeyd edən Everett M. Rogers daha çox qarşılıqlı təsir xüsusiyyətini diqqət mərkəzinə çəkmişdir.Klassik mediada istifadəçi ilə ötürücü arasında birbaşa kanal mövcud deyildir. Məsələn canlı musiqi yayımı edən bir radiodan hansısa bir mahnı sifariş etmək istəyən bir dinləyicinin bu tələbini bildirmək üçün üçüncü bir əlaqə vasitəsinə, məsələn telefona ehtiyacı var. Lakin yeni mediada bele üçüncü kanala ehtiyac yoxdur. Qarşılıqlı əlaqə yaratmaqdan danışarkən onun iki paradoksal cəhətini də bilmək lazımdır. Birinci paradoks təklikdir. Minlərlə insanla təmasda olsaq da, son nəticədə kompüter qarşısında tək qalmağımız. “İnternetin atası” hesab edilən Tim Berners Lee “Yeni mediaən yaxşı ünsiyyət yaratmaq, əlaqələr qurmaq və problemləri həll etmək vasitəsidir”, - desə də, bunu da qeyd edir ki, insanlar kiber dünyada qarşılıqlı və ya qrup şəklində söhbətlər etsələr də, son nəticədə onlar təkdirlər. İkinci paradoks isə boşluqdur. Kiberməkanda biz yerimizi tapsaq da, geri qayıdanda real dünyada bəzən yerimizi tapa bilmirik. Biz sosial şəbəkələrdə profilimizi açırıq, bizi izləyənlərin və dostlarımızın sayını hesablayırıq. Onlayn təmsilçimizi, personajımızı yaradırıq, ona arzuladığımız bədən, ev, iş və s. veririk. Virtual icmanın içində bizi həddən artıq çox insan əhatələsə də, gerçək həyatda dəhşətli dərəcədə təklik hiss edirik. Bəzən saatlarla danışıqdan sonra heç nə əldə etmədiyimizin şahidi oluruq.Yeni medianın ikinci əsas xüsusiyyəti isə ‘demassifikasiyadır’. Klassik media vasitələri hər kəsə eyni mesaji göndərir, yeni media vasitələri isə geniş izləyici kütləsi içindən hər bir fərdə məxsus mesaj göndərilməsinə şərait yaradır. Məsələn hər hansı bir televiziya kanalı bütün izləyicilərlə eyni yayımı paylaşır, You Tube kimi saytlarda isə istifadəçi istədiyi video görüntünü izləyə bilər. Qısaca eyni anda sayta daxil olan minlərlə insan minlərlə fərqli görüntüyə baxa bilir.Kommunikasiya texnologiyalarının bir mərkəzdə toplandığı və qəbuledici ilə ötürücü arasında ötürücüdən istifadəçiyə doğru tək tərəfli əlaqənin mövcud olduğu klassik media anlayışının yerini fərdi seçimlərin önə çıxdığı yeni media anlayışı almışdır.‘Zaman sərhədsizliyi’ yeni medianın üçüncü tamamlayıcı xüsusiyyətidir. Bu xüsusiyyətə görə, yeni ünsiyyət vasitələri fərd üçün uygun zamanda mesaj göndərmə və qəbul etmə parametrinə sahib olduğu üçün ‘eyni zamanda’ vacibliyiaradan qalxır. Bütün televiziya yayım saatları hər bir kəs üçün eynidir, hər proqram müəyyən bir saatda yayımlanır və bitir. Lakin internet yayımları bu prinsipə əsaslanmır, yüzlərlə filmi özündə ehtiva edən internet saytına istənilən vaxt daxil olub istənilən filmi izləmək mümkündür. Nəticə etibarilə yeni media anlayışı kütləni deyil fərdi diqqət mərkəzinə çıxaran bir anlayışdır.
Yeni medianın fərdi təsirləri nə qədər güclü olsa da, hətta insanlara bəzən real həyatda təklik və boşluq yaşatsa da, insanlar, zaman və məkan sərhədsizliyindən vaz keçə bilmirlər. Onlar virtual dünyaya o qədər ehtiyac duyurlar ki, hər yerdə və hər zaman kiber məkanda olmaq istəyirlər. Onlar onlayn olmaq üçün təkcə evdə, ofisdə və ya internetkafedə kompüter qarşısına keçmək istəmir. Onlar yol gedərkən, televizora baxarkən, musiqi dinləyərkən, söhbət edərkən belə paralel olaraq kiber dünyada da mövcud olmaq istəyirlər. Kanadalı nəzəriyyəçi Marshall McLuhan deyirdi ki, biz bu günümüzə maşının arxa güzgüsü ilə baxırıq və biz bu günün işini dünənki alətlərlə, dünənki konseptlərlə görürük. Şəbəkələşmə konsepsiyası – yeni mediada çox yayılmış bir prosesdir. İndi sosial şəbəkələrdə insanlar daha çox məlumat paylaşmaq üçün şəbəkələşir. Buraya hər hansı bir xeyriyyə aksiyasından tutmuş, bir brendin reklamına kimi çox şey daxildir. İnformasiya konsepsiyası – rəqəmsal informasiya artıq bir ağızdan deyil, çox ağızdan çıxıb yayıldığı üçün burada yayılan məlumat da kollektiv zəkanın məhsulu olur. Bu vəziyyət jurnalistlərə onu işarə edir ki, yeni mediada cərəyan edən çoxsaylı informasiya axınında “birinci mən paylaşım” psixologiyasına aldanıb məlumatı yoxlamamış ötürməsin. Xüsusən də, kütləvi faciələr, təbii fəlakətlər zamanı sosial mediada şayiələr sürətlə yayılır, bəzən yoxlanmadan, olduğu kimi ana mediada yer alan bu məlumatların da sonradan heç bir əsası olmur. Arxivləmək konsepsiyası – internet əsrində bilginin arxivlənməsi o qədər sürətlə gedir ki, bəzən jurnalist hər hansı bir səhv etdikdə onu düzəltməyə macal tapa bilmir. Nəticədə səhv məlumat artıq milyonlarla insanın kompüterinin yaddaşına həkk olunur. Bu, o deməkdir ki, belə bir sürətin bizə həm faydası, həm də riski var. Fayda odur ki, məlumatı rəqəmsal arxivdən qısa zamanda və maliyyə xərci sərf etmədən rahatca əldə edə bilirik. Riski isə bayaq qeyd etdiyim kimi, istər özün barədə, istər çalışdığın şirkət haqqında hər hansı bir yanlış məlumatı düzəltmək üçün vaxtın çox azdır. İnformasiyanı tutub saxlaya bilmirsən. O, artıq İnternet okeanına qərq olur.İnteraktivlik konsepsiyası. İnteraktivlik yaşadığımız dönəmin ana konsepsiyasıdır. Qarşılıqlı bilgiləndirmə heç vaxt bu qədər yayılmamışdı. Simulyasiya konsepsiyası – burada real və virtual həyat arasındakı sərhədlərin əriməsindən söhbət gedir. Sosial mediada insanlar çox vaxt öz şəxsi həyatları ilə bağlı qədərindən artıq məlumat verirlər. Bu məlumat bəzən onların əleyhinə yönəlir. Media da burada rol oyayır. Hal hazırda internet insanlara çox geniş imkanlar açır. Bunlardan biri də nəhəng vikipediadır. Vikipediya – İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediyadır.Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı durmadan artır, ensiklopediya hər keçən gün daha çox məşhurluq qazanır. İnternetdə Viki texnologiyasıilə işləyən ən nəhəng layihə olan Vikipediya, azad onlayn ensiklopediyadır . Kommunikasiya və texnologiya yalnız bu günə deyil gələcəkdə baş verəcək bütün proseslərə təsir göstərmək gücünə malikdir. Bu səbəbdən texnologiya və kommunikasiyanı öz daxilində birləşdirən yeni media çox vacib bir faktordur. Yeni medianı hər tərəfli araşdırmaq və anlamaq onun gələcəkdə yarada biləcəyi mənfi təsirlərin qarşısının alınmasında böyük rol oynayır. Ümumi olaraq araşdırıldıqda dünyanın hər yerində gənclərin daha çox internetdən istifadə etdiyi məlumdur. Hər yaşdan insanı özündə birləşdirən sosial şəbəkələrdə gənclərin sayı olduqca çoxdur. Hamı kimi gənclərin də sosial şəbəkələrdə qarşılaşdığı bir çox mənfi hallar mövcuddur. Bunlardan ən başlıcası şəxsiyyət problemidir. Gənclər özlərini olduğundan daha fərqli göstərdikləri üçün saxta şəxslər yaradaraq digər istifadəçiləri aldadırlar. Bu həddən artıq qeyri etik vəziyyətdir. Gənclərin üz üzə gəldiyi digər bir təhlükə isə sosial şəbəkələrə olan asılılıqdır. Dünyada baş verən hər şeydən xəbərdar olmaq istəyən və digər insanların nə etdiyi ilə hər an maraqlanan gənclər günün çox hissəsini sosial şəbəkədə keçirirlər. Bu isə öz növbəsində lazımsız vaxt itkisinə səbəb olur. Yeni media əsrində inkişaf edən sosial şəbəkələr insanların yaşam tərzini kökündən dəyişir. Eyni zamanda yeni medianın detallı bir şəkildə öyrənilməsi ondan müsbət yöndə istifadəyə də yol açacaqdır. İnternetin bu qədər vacib oldugu və ətrafımızdakı hər şeyi əhatə etdiyi bir dövrdə yeni medianı idarə edə bilmək gələcəyə təsir etmək deməkdir. İnformasiya və kommunikasiya texnologiyaları , istifadə təcrübələri və əhatə dairəsi nəzərə alınmaqla, yalnız indiki deyil, həm də bütün gələcək proseslərə təsir göstərmək gücünə malikdir. Buna görə də, texnologiya və kommunikasiyanın bir-biri ilə əlaqəli və interaktiv mühitlərə inteqrasiya olunduğu yeni medianın texniki və nəzəri detallarını ortaya çıxarmaq və ortaya çıxan sualları cavablandırmaq çox vacibdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: İnformasiya texnologiyaları və kosmik texnologiyalar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi də bunun əyani təsdiqidir. İqtisadi və sosial sahələrin bütün istiqamətlərdə davamlı artım tempinə nail olan Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. Son illərdə ölkəmizdə bu sahədə beynəlxalq tədbirlər və konfranslar keçirilir.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi İdarəetmə fakültəsinin dekanı
@ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








