
Çiçəklər dünya mədəniyyətində tarixən ən güclü hisslərin, sevincin, kədərin, ehtirasın, minnətdarlığın, incəliyin və hörmətin rəmzinə çevrilmişdir. Onlar bizi həyat boyu müşahidə edir və biz ən önəmli hadisələrdə gül dəstəsi hədiyyə etməyi çox sevirik. Qədim dövrlərdə çiçəklər məbədlərin bəzədilməsində, tanrılara təqdim edilən hədiyyələrdə, mərasim və ayinlərin icrasında ən önəmli atribut kimi istifadə olunub. Məbədlər və tanrı heykəlləri çiçəklərlə bəzədilirdi.
Floristika nədir? Floristika- çiçəklə tərtibat, yəni çiçək, yarpaq, giləmeyvə, meyvə kimi bitki elementlərinin təbii dekorativ kompozisiyalarının yaradılması və bəzədilməsi qaydalarını müəyyən edən incəsənətin dekorativ tətbiqi sənət növüdür. Deməli Floristika dekorativ tətbiqi sənət növünə daxil olan incəsənət nümunəsidir. Bitkilərin müxtəlif hissələrindən – yarpaq, budaq, meyvə və çiçəklərdən istifadə edərək floristika nümunəsi hazırlanır. Bu materiallar canlı, qurudulmuş və ya stabillizə edilmiş ola bilər. Floristika nümunələri panno, buket, kollaj və kompozisiyalar qurulması ilə yaradılır. İnteryer və eksteryerin bəzədilməsində bu gül kompazisiyalarından istifadə olunur. Gülçülük sənəti ilə məşğul olan şəxsə florist deyilir. Florist rəssam kimi rənglərin harmoniyasını duymalı, heykəltəraş kimi formanı hiss edə bilməlidir. O həmçinin buket üslublarını, kompozisiya quruluşunu və texnikalarını bilməli, çiçəklərin simvolikasını anlamalı, bitkilərin estetik və bioloji uyğunluğunu nəzərə almalıdır.
Floristika termininin kökündə duran Flora sözünün mənşəyinə gəldikdə isə, Flora qədim Roma ilahəsi olub, yazın, bitkilərin və məhsuldarlığın ilahəsi hesab edilirdi. Yunan mifologiyasında o, yaz nimfası Xlorida ilə eyniləşdirilir. Qədim Romada aprel və may aylarında yazın gəlişini qeyd etmək üçün Floraliya bayramları keçirilirdi. Bu bayramlar təbiətin oyanışını və bolluğu simvolizə edirdi. Flora obrazının incəsənətdə ən gözəl nümunələrindən biri Sandro Bottiçellinin “Yaz” əsərində görülür.
Flora sözünün termin kimi elmdə istifadəsi ilk dəfə XVII əsrdə olmuşdur. Flora sözünü termin kimi ilk dəfə 1656-cı ildə polyak botanik Mixail Boyum, daha sonra isə İsveç alimi Karl Linney tərəfindən 1737-ci ildə istifadə olunmuşdur.
Floristikanın tarixinə nəzər salmazdan əvvəl yer üzündəki ilk çiçəklərin nə zaman açdığına diqqət edək. Alimlər bitkilərin mənşəyini araşdırarkən ilk çiçəyin təxminən min iki yüz milyon il əvvəl təbaşir dövründə açıldığını müəyyən etmişlər. Bu dövrdə iqlim daha isti və oksigen daha çox olduğundan çiçək əmələ gəlməsi üçün əlverişli şərait yaranmışdır. Çiçəkli bitkilər daha qədim bitki olan ağacvari qıjılardan törəmişdir. Təkamül nəticəsində bitkilərdə həm çoxalma, həm də qoruma funksiyası daşıyan çiçək yaranmışdır. İlk çiçəklər müasir çiçək növləri ilə müqayisədə çox sadə quruluşa və kiçik ölçüyə malik idi. Əvvəlcə təkcinsli bitkilər yaranmış, sonra erkək və dişi orqanları eyni çiçəkdə birləşmişdir. İlkin çiçəklər parlaq rəngə malik deyildi. Əsasən solğun, yaşılımtıl və sarımtıl rəngdə idi. Çünki tozlanma küləklə baş verirdi. Həşəratlarla qarşılıqlı əlaqə inkişaf etdikcə parlaq rənglər və mürəkkəb ətirlər meydana çıxmışdır.
2002-ci ildə Çində tapılan Archaefructus liaoningensis qalıqları çiçəkli bitkilərin öyrənilməsində dönüş nöqtəsi oldu. Bu bitki 125 milyon il əvvələ aiddir. Sonrakı illərdə daha qədim olan Montsechia vidalii adlı su bitkisinin qalıqları aşkar olundu. Ən qədim çiçəkli bitki qalığı hesab edilən bu bitki açıq ləçəklərə malik deyildi və müasir su bitkilərini xatırladırdı. Amerikalı biologlar bu bitkini müasir İspaniya ərazisində aşkar etmişlər. Burada Montsechia vidalii bitkisinin minlərlə daşlaşmış qalığı tapılmışdır və bu bitki su altında yaşayırdı.
İndi isə Floristika tarixinə nəzər yetirək. Çiçəkçilik sənəti öz kökünü təxminən 5000 il əvvəl qədim Misir, Yunanıstan və Roma mədəniyyətlərindən götürmüşdür. Lakin həmin dövrdə çiçək kompozisiyaları əsasən dini ayinlərdə və ya idman yarışlarında istifadə olunurdu. Dekorativ lent ilə bağlanan kəsilmiş buket, yəni dəstələnmiş gül anlayışı isə yalnız XV əsrdə Fransada meydana çıxmışdır.
Beləliklə Floristikanın tarixi qədim Misirdən başlayır desək yanılmarıq. Burada kahinlər dini mərasimlər zamanı çiçəklərdən istifadə edirdilər. İnsanlar təbiətlə bağlı yaşayır gözəl bitkilərə əhəmiyyət və dəyər verirdilər. Bu səbəbdən də həmin dövrdə floristika müqəddəs sənət hesab olunurdu və gül aranjimanlarının hazırlanması kahinlər qədər önəmli şəxslərə həvalə edilirdi. Biz qədim Misirdə çiçəklər haqqında məlumatları fironların məzarlarında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən təsvirlərdən və məbədlərin divarlarındakı freskalardan əldə edirik. Bu divar təsvirlərində çiçək aranjmanları məşəl formasını xatırladır. Çiçəklər qat-qat düzülür, saplaqlar isə bitki lifləri ilə bağlanırdı. Belə kompozisiyalarda qızılgül, süsən, lotos, xrizantema və zeytun yarpaqlarından istifadə edilirdi. Lotos təmizlik və sevgi rəmzi hesab olunurdu və müalicəvi bitki kimi qəbul edilirdi. Günümüzə çox maraqlı freska gəlib çatmışdır hardakı Firon Ehnatonun sevgili həyat yoldaşı Nefertitiyə lotos bitkisi təqdim edir.
Qədim Misirə aid artefaktlar, divar rəsmləri və barilyeflər kəsilmiş çiçəklərin və yarpaqların bəzək məqsədilə istifadə edildiyini göstərir. Misirlilər çiçəkləri, yarpaqları və meyvələri ayrı-ayrı vazalara yerləşdirirdilər. Çiçəklər insan həyatının mühüm anlarında, dini mərasimlərdə, ev dekorunda və şəxsi bəzəklərdə istifadə olunurdu. Gül qabları qızıl, keramika və qiymətli daşlardan hazırlanırdı. Misirdə çiçək sənəti naxış və ornament şəklində kompozisiya edilirdi. Əsasən qırmızı və sarı çiçəklərə, yaşıl yarpaqlara üstünlük verilirdi. Lotos və su zanbağı ilahi İsidaya həsr edilmiş bitkilər hesab edilirdi. Eramızdan əvvəl 2500-cü ildən etibarən təsvir edilən lotos çiçəkləri və qönçələri çox zaman alçaq qablarda nizamlı sıralarla yerləşdirilirdi. Çiçək, qönçə və yarpaq modeli vazanın kənarı boyunca təkrarlanırdı. Çiçək ilə dolu güldanlar şənlik masalarına qoyulurdu və minnətdarlıq və ehtiram əlaməti kimi istifadə edilirdi. Tutankhamonun məzarında sinəsinə qoyulmuş çiçək dəstəsi aşkar olunmuşdur. Bu, sevgilisinin əbədi kədərinin rəmzi hesab edilirdi.
Qədim Yunanıstanda çiçəklərə münasibət rəmzi xarakter daşıyırdı. Çiçəklər və ləçəklər bayramlarda yerə səpilir, çələng və girlandalar hazırlanırdı. Gündəlik həyatda çiçəklər mühüm rol oynayırdı. Başda çələng, boyunda girlanda adi hal idi. Çələng xüsusi mənaya malik idi. O, sədaqət rəmzi sayılırdı. Çələng adətən şairlərə, ictimai xadimlərə, qalib idmançı və döyüş qəhrəmanlarına verilirdi. Həmçinin toy zamanı evlər və heykəllər çələnglə bəzədilirdi. Hətta çələngin necə taxılması və bitkilərin hansı məna daşıması haqqında traktatlar belə yazılmışdı. Simvolik yarpaqlı budaqlardan istifadə edən məhz Yunanıstanda olmuşdu. Daha sonra Romada da özünü göstərmişdi. Ağ zambaq saflığın rəmzi idi. Zambaq və sümbüldən istifadə edərək çələng hazırlanırdı. Çələng həmçinin geyimə də sancılırdı. Krit adasındakı Knos sarayında “Şahzadə kahin” adlı freskasında lilya-zanbaq təsvir olunmuşdu. Bu da Qədim Yunanıstanın çiçəklərlə məişətdə gündəlik təmasda olduğunun göstəricisi idi və hədiyyə kimi bitki budaqları və çələng vermək məhz burada olmuşdu.Dəfnə çələngi ən yüksək mükafat idi. Müasir “laureat” sözü də dəfnə çələngi ilə taclandırılmış mənasını verir.
Görəsən Qədim Romada güllərlə bağlı münasibət necə idi? Qədim Romada qızılgül xüsusi çiçək hesab olunurdu. Bu çiçək müqəddəsləşdirilmişdi və Veneraya həsr edilirdi. Gənclər sevdikləri qızlara məhz qızılgül hədiyyə edirdilər. Hətta qızılgül ləçəkləri ilə dolu vannaların cavanlaşdırıcı təsirə malik olduğu düşünülürdü. Qızılgül ləçəkləri bayramlarda masalara, hətta su hövzələrinə səpilirdi.
Yuxarıda qeyd etdiyim kimi romalılar çələng toxumağı yunanlardan öyrənmişdilər və çələng taxmağı çox sevirdilər. Onlar düşünürdülər ki, çələng sərxoş olmağa kömək edir. Buna görə də Romada çələng və girlandalarda ətirli çiçəklərə üstünlük verilirdi. Qurban edilən öküzlərin boynuzlarına da çələng taxılırdı.
Maraqlı faktlardan biri də budur ki, qarışıq çiçəklərdən ibarət səbətlər ilk dəfə Roma mozaikalarında təsvir edilib. Vatikan muzeyində saxlanılan bu mozaikada qızılgül, qərənfil, lalə və s. çiçəklərdən ibarət səbət təsviri var. Mozaikada səbətdə ilk naturalist buket nümunəsi təsvir olunmuşdu. .
Xristianlığın yaranması ilə gül tərtibatı kilsələrin bəzədilməsində istifadə edilir. XV əsrdə kilsələrdə və saraylarda divardan asılan canlı güllərdən ibarət gül xalçaları asılırdı. Lakin erkən xristianlıqda qızılgül sevgi və ehtiras rəmzi olduğu üçün sevilmirdi. Şərqi xristianlıqda isə güllər sevilirdi, yəni Bizansda. Xristian dünyasında qızılgülə münasibət Böyük Karlın İspaniyaya gələrək ərəb xilafətinin yaratdığı gül bağlarına heyran qalmasından sonra baş verir. O fərman verir ki, kilsələrdə də, saraylarda da gül bağları salınsın. Beləliklə qızılgül yenidən sevilməyə başlayır. Bu bağlar cənnəti imitasiya edirdi. Bir məqamı da qeyd edim ki, kilsələrdəki bu bağlarda həm də müalicə bitkiləri əkilirdi.
Renessans dövründə incəsənət və elmdə oyanış baş verir. Rəsm tablolarında çiçək təsvirləri görürük. Əsasən dini mövzulu tablolarda təsvir edilən bu çiçəklərin hər biri xüsusi simvolikaya malik olurdu. Erkən xristianlıqda sevilməyən Qızılgül artıq müqəddəs və dünyəvi sevgi simvolu idi. Açıq rəngli güllər cismin faniliyini simvolizə edirdi. Sınmış qərənfil ölümü ifadə edirdi. Sümbül dirilməni, həmişəyaşıl sarmaşıq əbədi həyatı, süsənlər günahların bağışlanmasını ifadə edirdi. Yanaşı qoyulan lalə və süsən isə ruhun xilasını bildirirdi. Akant, palıd və uzun tənəklərdən istifadə edilirdi. Antik dövrdə olduğu kimi ətirli bənövşə təvazökarlıq və kədəri ifadə edirdi. Ağ zambaq paklıq və məhsuldarlıq rəmzi idi. Ağ zambaq müjdələmə səhnələrində çox təsvir edildiyi üçün ona “Madonna zambağı” da deyilirdi. Bu dövrün floristika dizaynı belə idi: sadə küp qablarda çiçəklər sıx yerləşdirilirdi, sıx olmasına baxmayaraq çiçəklər rəng və formanın müxtəlifliyinə görə seçilirdi, çox zaman qönçə güllərdən istifadə edilir, çələng və girlanda hazırlanması ənənəsi davam edirdi. Çiçək yerləşdirmək üçün maraqlı qablardan biri çıxarıla bilən qapaqlı güldan idi ki, çiçəklər xüsusi dəliklərə yerləşdirilirdi. Kompozisiyalar “bütün qönçələr çölə doğru” prinsipi ilə qurulurdu.
Bu dövrdə çiçəklər botaniklər tərəfindən ən xırda detallarına kimi öyrənilir və təsvir edilirdi. Botticellinin “Yaz” əsərində qırxdan çox çiçək növü təsvir edilib.
Floristika bir sənət kimi XV əsrdə İntibah dövründə Fransada formalaşmışdır. Elə “buket” sözü də fransız sözüdür. Bu, ipək və quru rəngli bantlar ilə bağlanmış çiçək dəstəsi idi. Bu buketlərin mərkəzində pion kimi iri güllər olurdu və ətirli güllərə üstünlük verilirdi. “Buket” sözü fransız dilində həm dəstə bağlama, həm də ətri, qoxu mənasında istifadə olunurdu. İkinci mənasında daha çox işlədilirdi, çünki ilk buketlər otaqları ətirləndirmək üçün istifadə edilirdi. Buketlərə güclü ətri olan rozmarin, kəklikotu, nanə, yasəmən, mixək, reyhan və keşniş kimi bitkilər əlavə edilirdi. Qızılgüllər də ətrinə görə istifadə edilirdi. Xüsusi səbətlərdə mətbəx və qonaq otaqlarında bu buketlər yerləşdirilirdi. Çiçəklər və bitkilər qurudulur və soyuq aylarda istifadə edilirdi. Zamanla buketlər ətir mənbəyi olmaqdan çıxır və floristika sənətinə çevrilir. XIX əsrə qədər Fransada kiçik ölçülü masaüstü buketlərdən istifadə olunurdu. Güllər həmçinin geyimə də taxılırdı.
Barokko dövründə çiçək üslubu haqqında ən dolğun məlumatları XVII–XVIII əsr holland və flaman rəssamlarının natürmortlarında görə bilərik. Bu dövrün mühüm xüsusiyyəti bir buketdə müxtəlif çiçək növlərinin toplanması idi. Bəzən isə tablolardakı buketlər rəssam təxəyyülünün məhsulu olurdu. Buna görə də ayrı-ayrı mövsümlərdə açan çiçəkləri bir buketdə görürük. XVII əsrdən başlayaraq güldanlar şüşə və çinidən hazırlanmağa başladı. Barokko çiçək kompozisiyalarının əsas xüsusiyyətləri iri çiçəklər və burulğan, yəni Hoqqard xətti (S formalı xətt) idi. Bu xətt ingilis rəssamı Viliam Hoqqardın adı ilə bağlıdır. Yarpaqlar küləkdə dalğalanırmış kimi təsvir edilirdi. Gül buketlərində barok üslubuna xas olan əzəmət və təmtəraq hissi duyulurdu.
Bu dövrdə ən məşhur gül tülpan, yəni lalə hesab olunurdu. Gül aranjmanlarının forması dairəvi və ya oval olurdu. Hollandiyada tülpanlar üçün mərtəbəli güldanlar hazırlanmışdı. Hər bir gül üçün ayrı boğaz olurdu. Bu güldanlar dar boğazlı olurdu və piramidanı xatırladırdı. Xüsusən sarı, bənövşəyi və qırmızı tülpanlar sevilirdi. Məhz bu dövrdə gülçülük sənaye sahəsinə çevrilir. Fransada kral botanika bağlarının alimləri mütəmadi olaraq təbiətə ekskursiyalar edirdilər. Botanika ilə məşğul olmaq zadəganların sevilən məşğuliyyətinə çevrilir.
Rokoko dövründə buketlər asimmetrik, yüngül və axıcı xətlər ilə qurulurdu. Buketlər zərif çini güldanlara yerləşdirilirdi. Divarlara çiçəklər üçün cib formalı güldanlar asılırdı. Pastel tonlu çiçəklər dəbdə idi və zərif çiçəklərə üstünlük verilirdi. Albalı budağı çox dəbdə idi. Süfrəyə nərgiz gülü qoyulurdu. Çiçək çələngləri başa taxılırdı, saçlara tək-tək çiçəklər taxılırdı, geyimə girlandalar bənd edilirdi. Bal otaqlarında bunlar portbuketlərdə yerləşdirilirdi. Portbuketlərin daxilində mamır olurdu ki, güllər solmasın.
Ampir dövründə dibçək gülləri hədiyyə kimi vermək çox sevilirdi. Qızılgül yenidən sevilən gül olur. Xanımlar kiçik buketlərlə saçlarını bəzəyirdilər. XIX əsrdə Fransada ilk dəfə çiçək mağazaları açılır. Almaniyada XIX əsrdə Bidermeyer üslubunda ( Bidermeyer-sadə vətəndaş) buketləri yaranır. Buket xırda çiçəklərdən sıx yığılır, dairəvi və ya piramida formasında olur, krujeva ilə bağlanırdı. Bu tip buket XX əsrin ortalarında toy buketi kimi populyarlaşır.
Viktoriya dövründə İngiltərədə ( kraliça Viktoriyanın hakimiyyəti dövrü) çiçək naxışları interyer və mebel dizaynında ağır formalarda istifadə olunurdu. Bu dövrdə jurnal və kitablarda çiçək aranjman texnikaları öyrədilirdi. Viktoriya buketlərinin xüsusiyyəti böyük kütlədə çiçəklərin yarpaq və otlarla birlikdə yerləşdirilməsi idi. Çiçəklər simmetrik yerləşdirilirdi və aralarında boşluq olmurdu. Portbuketlərdən geniş istifadə edilirdi. Qadınlar və kişilər geyimlərinə bəzək kimi gül taxırdılar. Pampadur üslublu buket XIX əsrdə birtərəfli olurdu. Kompozisiyada palma yarpaqları, qurudulmuş qamış, hətta tovuz quşu və dəvə quşu lələklərindən istifadə edilirdi.
Gülçülük sənətindən danışarkən Şərq mədəniyyətinə nəzər salmamaq mümkün deyil. Yaponiyada floristika – ikebana insanın təbiətlə harmoniyasına əsaslanan qədim yapon sənətidir. Yapon dilindən tərcümədə “çiçəklərin həyatı” mənasını verir. Bu sənət bitkilərin həyat enerjisinin gözəlliyini və təkrarlanmazlığını təcəssüm etdirir. Qərb floristikasında daha çox bolluq və zənginliyə üstünlük verilir, halbuki ikebana minimalizmə üstünlük verir. Burada hər detal, hər xətt və hər boşluq xüsusi məna daşıyır. İkebananın kökləri VI əsrə kimi uzanır. Yaponlar Çindən buddizmi qəbul etdikdə əvvəlcə çiçək kompozisiyaları buddizm məbədlərinin mehrablarını bəzəyən dini xarakter daşıyırdı. Bu sadə aranjman üç elementdən ibarət idi: Budaq- yəni səmanı təcəssüm etdirən hissə; çiçək – insanları; bitkinin aşağı hissəsi isə torpağı simvolizə edirdi.
Zamanla bu sadə kompozisiyalar inkişaf edir və sənət növünə çevrilir. Yaponiyada İkebana XV əsrdə formalaşır və Edo dövründə, XVII–XIX əsrlərdə ən yüksək mərhələsinə çatır. Beləliklə saray və zadəganlar arasında yayılır. Cəmiyyət inkişaf etdikcə ikebana dini mərasim çərçivəsindən çıxaraq geniş mədəni hadisəyə çevrilir.
Müasir floristikada ekoloji, innovativ materiallar və texnologiyalardan istifadə edilir. Məsələn, stabilləşdirilmiş bitkilər beş ilə qədər öz təravətini saxlaya bilir. Müasir inkişafın əsas istiqamətləri biofloristika – canlı bitkilərin təbii mühitdə istifadəsi, rəqəmsal dizayn – kompozisiyaların xüsusi proqramlarla layihələndirilməsi, memarlıq floristikası – iri miqyaslı məkanların bitkilərlə dizaynı, skandinav minimalizmi – sadə və lakonik kompozisiyalardır. Müasir floristika ətraf mühitə qayğının artmasını əks etdirir. Floristlər mövsümi bitkilərə və yerli istehsalçılara üstünlük verir, ekoloji qablaşdırma və təbii dekor materialları seçirlər.
Müasir buketlər mono buketlərdən tutmuş karkaslı mürəkkəb formalara qədər müxtəlifdir. Müasir kompozisiyalarda su saxlayan florist süngəri sayəsində müxtəlif qab və formalarda hazırlanması mümkündür: qutu, səbət və dekorativ qablar. Günümüzdə gül kompozisiyalarının qurulmasının aşağıdakı əsas qaydası var: ideya və konstruksiya, en, dərinlik və hündürlüyün nəzərə alınması, proporsiya və qab ilə buketin harmoniyası, fokus nöqtəsi, ritm və hərəkət hissi, tarazlıq və vizual balans, rəng uyğunluğu və ümumi estetik harmoniya. Floristikanın hazırda iki əsas növü var: buket dizaynı və interyer floristikası. Həmçinin tədbir, bayram və toy floristikası da geniş yayılmışdır. Floristikanın dekorativ, vegetativ, xətti və massiv kimi üslubları da mövcuddur.
Beləliklə floristika sənəti çoxəsrlik ənənələri müasir texnologiyalar və rəqəmsal üsullarla birləşdirərək inkişafını davam etdirir. Floristika tarixi göstərir ki, bu sahə hər zaman öz dövrünün mədəni dəyərlərinin əks-sədası olmuşdur. Gələcəkdə isə ekoloji dizaynın əsas istiqamətlərindən birinə çevrilə bilər.
Sənətşünas Sədaqət Zaurqızı








@ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








