
Qısa arayış:
-Rüstəmov Vüsal Rüstəm oğlu 1984- cü ilin may ayının 11- də Xaçmaz şəhərində dünyaya gəlib. Xaçmaz şəhəri, 3 saylı orta məktəbi bitirdikdən sonra, Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub və oranı uğurla bitirib.Vüsal uşaqlıqdan hərbçi olmağı xəyal edib. Elə bu arzuyla da o istəyinə nail olub. 16 il Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində zabit kimi xidmət edib. Sonuncu iş yeri 7 il qulluq etdiyi rayonların birində yerləşən "N"saylı komando hərbi hissəsi olub. O, əsgərləri ilə birgə ön xəttdə vuruşub. Xalqımızın igid oğlu Vüsal Rüstəmov 2016-cı il Aprel döyüşlərində, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində, 2022-ci ildəki döyüşlərdə mərdliklə savaşıb.Polkovnik-leytenant Vüsal Rüstəmov 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilən antiterror əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rüstəmov Vüsal, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilIb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.Ailəli idi, 2 övladı var.
-Bəzən sözlər susar, ürək danışar. Bəzən bir şəklin kölgəsində minlərlə xatirə gizlənər. Vətən uğrunda canından keçənlər isə zamanın yaddaşına yazılmış əbədi işıq kimi yaşayır. Onlar bu torpağın əsl sahibləridir-qorxusuz, cəsur və vətənini hər şeydən üstün tutanlardır. Bu gün sizə onların birindən-şəhid polkovnik-leytenant Vüsal Rüstəmovdan danışacağıq. Amma bu dəfə onun silahdaşları deyil, ailəsi, övladları danışacaq. Onun həyat yoldaşı Lalə xanım və əziz övladlarının dilindən bir qəhrəmanın evdəki izlərini, sevgi dolu xatirələrini və qürurla keçmiş hərb yolunu eşidəcəyik.
-Lalə xanım, əvvəlcə sizə başsağlığı verir və Vüsal bəyin ruhu qarşısında baş əyirik. İlk olaraq onunla necə tanış olduğunuzu bizimlə bölüşə bilərsinizmi?
-Vüsalla 2012-ci ildə qohumluq vasitəsi ilə tanış olmuşduq. O zaman mənim 19, Vüsalın isə 27 yaşı var idi. Elə ilk görüşdən o, məndə ciddi, dürüst və Vətənə bağlı bir insan təsiri yaratdı. Çox keçmədən nişanlandıq və 2013-cü ildə ailə qurduq. O vaxtlar Vüsal Qazaxda xidmət edirdi. Hətta o, bildirdi ki, hərbiçidir. Çətinliklər çox olacaq, rayon-rayon gəzəcəyik. Buna səbrin olmaya bilər, yaxud istəməyə bilərsən. Mən hər şeylə razılaşdım və onu seçdim. Birlikdə həyat yoluna çıxdıq və o gündən həyatım mənalı və qürurverici bir yola çevrildi. Yaxşı ki, Vüsal ilə ailə qurmuşam və bundan heç vaxt peşman olmamışam. Onunla hər zaman qürur hissi duymuşam. Vüsalın özünəməxsus xüsusiyyətləri çox idi. Hətta onun yerişi, duruşu belə çox fərqli idi. Bir insan olaraq barmaqla sayıla bilməyəcək qədər gözəl xüsusiyyətləri vardı. Onunla həyat həm dərin, həm də güvənli idi. Evə gələndə sanki hər şey yerinə otururdu.
-Hərbçi ailəsi olmaq yəqin ki, çətinlikləri ilə yanaşı, böyük qürur da gətirir. İstərdik Vüsalın Vətənə olan sevgisi və xidməti haqqında danışasız...
-Vüsal üçün Vətən hər şeydən öndə idi. 20 il orduda xidmət etdi. Hərbçi həyat yoldaşı olmaq həm çox çətin, həm də çox qürurlu bir hissdir. Hər zaman ürəyində bir narahatlıq olur-onun harada olduğu, necə olduğu, təhlükədə olub-olmaması barədə düşünürsən.Bayramlarda, ad günlərində, ailəvi tədbirlərdə çox vaxt yanında olmur. Amma sən bilirsən ki,onun yoxluğu səbəbsiz deyil-o,Vətəni qoruyur. Onun hərbi forması, səliqəsi, Vətənə olan sevgisi sənə güc verir. Onun duruşunda, baxışında, sözündə bir qürur vardı ki, o qürur mənim də ruhumu bürümüşdü. Vüsal kimi qəhrəmanın həyat yoldaşı olmaq ömürlük bir şərəfdir.
-Vüsal bəylə bağlı yaddaşınızda ən çox qalan xüsusiyyətlər, xatirələr hansılardır?
-Vüsalın elə xüsusiyyətləi var idi ki, onları unutmaq mümkün deyil. O nəinki ailəsinə, ətrafındakı hər kəsə sevgi, qayğı ilə yanaşırdı. Üzündə daim bir təbəssüm olardı, amma bu təbəssümün arxasında böyük bir məsuliyyət hissi, dərin bir Vətən sevgisi gizlənirdi. Hər şeyi ürəklə edirdi-bir ata kimi övladlarının ilk addımından tutmuş məktəbə qədər hər anları ilə maraqlanardı.O qədə diqqətli və qayğıkeş idi ki, bəzən onun bir incə yanaşmasına heyran qalırdım. Sözün əsl mənasında həm ailəmizin dayağı, həm də ruhu idi. Onun evə gəlişi ilə sanki evimiz işıqlanırdı. O övladları təkcə ata-bala deyil, həm də dost idi. Oğlumuzun kiçik olmasına baxmayaraq ona “qardaşım” deyə səslənirdi. Hər zaman oğlumuz Şahini zabit, gizir, maxe dostları ilə görüşdürərdi. Oğlumuzu sanki uşaqlıqdan böyük kimi görürdü.
-Lalə xanım, Vüsal Rüstəmovun səmimi, gülərüz, ailəcanlı və vətənpərvər insan olduğunu bildirdi:
-Vüsal ilk növbədə səmimi və gülərüz xarakteri ilə seçilirdi. Hər kəslə mehriban münasibət qurmağı bacarır, ünsiyyətdə olduğu hər insanlara daim müsbət enerji bəxş edirdi. Ailə dəyərlərinə sadiqliyi, məsuliyyətli və qayğıkeşliyi ilə seçilən bir həyat yoldaşı idi.Vüsalın həyatının əsas məğzi isə Vətənə sevgi və xidmət idi. O , hər zaman Vətən uğrunda xidmət etməyi şərəf bilib, öz peşəsinə böyük məsuliyyət və fədakarlıqla yanaşıb. Hərbi formanı yalnız peşə simvolu kimi deyil, həm də vicdan, şərəf və vətənə sdaqət rəmzi kimi görürdü. Hər gün günorta ikinin yarısı hərbi hissənin qapısı açılanda zabitlər nahara gələndə uzaqdan Vüsalı yerişindən tanıyırdım. Uşaqlara deyirdim ki, ata gəldi. Həqiqətən 2 dəqiqə sonra qapı döyülürdü. Qapı döyməsi də fərqli idi. O saat tanıyırdım ki, gələn Vüsaldır. Çox ailəcanlı idi. Bir gün belə vaxtı olsaydı, o günü ailəsinə, övladlarına ayırırdı. Vüsal, 20 illik hərbi xidmətində 2016-cı il Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və 2022-ci ildəki döyüşlərdə dəiştirak edib.

-Sentyabrın 5-də cəbhəyə yola düşdü. Bu dəfə fərqli idi-bizimlə bir-bir halallaşdı. Hiss edirdim ki, içində bir narahatlıq var. Sanki sonuncu görüşümüz olduğunu bilirdi.. O həqiqətən şəhid olmağı çox arzulayırdı. 44 günlük Vətən Müharibəsindən gələndən sonra aylarla özünə gələ bilmirdi. Orada çox çətin günlər yaşamışdı. Ancaq bunu deyirdi: “Allahın qarşısında nə səhv etmişəm ki, mənə şəhidlik qismət etmədi?”. Hər gün, hər axşam oğlumuz Şahinlə namaz qılır, zikr edirdi. Hətta axırıncı dəfə Vüsal döyüşə gedəndə namaz qılıb, zikr edib daha sonra namazlığı, təsbehi qapının yanına qoyub və gedib. Allaha çox bağlı insan idi. Bir gün sübh tezdən, saat 06:00-da oyandım ki, Vüsal söhbət edir. Öz-özümə düşündüm ki, bu saatda yəqin işlə bağlı danışır. Gəldim otağa baxanda, gördüm ki, Vüsal əlində təsbeh zikr edir və Allahla danışır. Allahın dərgahına da getdi. Çünki bunu çox arzulayırdı. Demək olar ki, hər gün arzulayırdı. Hətta bir gün Vüsal, oğlumuz Şahinlə namaz qılırdı. Arxaya dönüb məni gördü və belə dedi: “Sənki namaz qılmağı bilirsən, bunu bacarırsan. Deyirlər ki, şəhidlər cənnətə özü ilə üç nəfər apara bilir”. Sentyabrın 19-da Vüsalın şəhid olduğu xəbərini aldıq. Bu dünyada yaşadığım ən ağır an idi. O Vətənin igid, qəhrəman övladı olaraq getdi. Onun şəhidlik zirvəsinə ucalmasıyla qürur duyuram.Qəlbimdə nə qədər onsuzluq ağrısı yaşasam da, lakin bircə onu bilirəm ki, Vüsal öz arzusuna çatdı.O, qəlbimdə əbədi bir qəhrəman olaraq yaşayır.
-Bu əsnada şəhid polkovnik-leytenant Vüsal Rüstəmovun əziz övladları Səma və Şahinlə dəsöhbət etdik. Onlar həqiqətən adları kimi göy üzünün ucalığını və şahinsayağı cəsarəti daşıyırlar. Səma atasının və özünün istəyi ilə həkim, eyni zamanda rəssam olmaq arzusundadır, Şahin isə böyüdüyü zaman ən böyük arzusu təhlükəsizlik orqanlarında çalışmaqdı. Onu da qeyd edək ki, Şahin idmanın kikboksinq növü üzrə 3 dəfə yaşıdları arasında 1-ci yerə yüksəlib. Onlar deyirlər ki, atalarının şəhidliyi ilə fəxr edir və bu ağır itkini yaşasalar da, dövlətin daim yanlarında olması onlara böyük təsəlli verir.
-Səma danışır:
-Mən atamı çox sevirəm. O bizim qəhrəmanımızdır. Hər dəfə evə gələndə məni qucaqlayırdı, saçımı oxşayırdı. Atam bizimlə olanda ev daha isti olurdu. Həmişə gülərdi, gözəl məsləhətlər verərdi. O, həm güclüydü , həm də mərhəmətli. Atam hərbi geyimdə evə gələndə mən fəxrlə onun boynuna sarılırdım. Biz süfrəyə oturanda hər dəfə dua edərdik. Mən deyərdim, “Ata, sən qayıtmayanda darıxıram”. Bir gün atamla söhbət əsnasında soruşdum ki, ata sən mənim hansı peşə sahibi olmağımı istəyirsən? O, bildirdi ki, “Sən hansı peşəni seçsən mən hər zaman səni dəstəkləyəcəm”. Dedim ki, həkim olmaq istəyirəm. Mənə söylədi ki, “Sənə də həkim olmaq yaraşar”. Həmin an atamın gözlərindəki sevinc hisslərini görə bilirdim. Həmçinin həvəskar rəssam kimi rəsmlər də çəkirəm. Çəkdiyim rəsmləri çox bəyənirdi. Hətta məni rəsm kursuna qoymaq planı vardı. Mən də atamın arzularını həyata keçirmək üçün əlimdən gələni edəcəyəm. Atam təkcə döyüş meydanında yox, ürəyində daşıdığı Vətən sevgisi ilə də qəhrəman idi. İndi mən onun şəkillərinə baxıram, bəzən göz yaşlarımı saxlaya bilmirəm... Amma sonra içimdə bir səs deyir: “Səma, sən şəhidin qızısan. Güclü olmalısan”. Atam indi göydə ulduz kimi parlayır... və mən hər gecə o ulduza baxıb deyirəm: “Ata, sən həmişə bizimləsən”.

-Atam həmişə deyirdi ki, Vətən hər şeydən qiymətlidir. Mən onunla çox fəxr edirəm. Atam evdə olanda onunla zikr edirdik. O mənə Allahı sevməyi öyrədirdi. Deyirdi ki, “Oğlum, zikr insanın qəlbini rahatladır”. Mən də onunla namaz qılıb, zikr edirdim. O çox sevinərdi və alnımdan öpərdi. Namaz qılmağı atam öyrətmişdi. O namaza duranda mən də yanında dayanar, hərəkətlərini təkrarlayırdım. Biz bir yerdə namaz qılanda evdə başqa bir hüzur olurdu. O anlar indi mənim üçün ən qiymətli xatirədir. Atam həm də mənimlə idman edərdi. Səhərlər tez durardıq, o mənə nəfəs məşqləri və qol gücləndirən hərəkətlər göstərərdi. Mən də çalışardım ki, onun kimi güclü olum. Bəzən yarışardıq, o bilərəkdən uduzardı, sonra deyərdi: “Bu dəfə sən qazandın”. Mən də indi hər səhər qalxanda onunla etdiyimiz zikrləri təkrarlayıram, məşq edirəm. Çünki bilirəm, atam baxır və sevinir. Onun yolu mənim üçün işıqdır.
-Əziz Lalə xanım, bu görüş, bu söhbət mənim üçün sadəcə bir jurnalist vəzifəsi deyildi-bu, bir Vətən övladının ailəsi ilə ruhən bir araya gəlmək idi. Şəhid polkovnik-leytenant Vüsal Rüstəmovun həyat yolunu, Vətən sevgisini, ailəsinə olan bağlılığını sizin dilinizdən eşitmək, mənə böyük qürur və eyni zamanda dərin hislər yaşatdı. Övladlarınızın gözünüdə atasının irsini qorumaq üçün necə güclü dayandığınızı gördüm. Sizin səbriniz, mərdliyiniz və Vüsal bəyi yad etmə tərziniz sözlə ifadə edilməyəcək qədər dərindir. Mən bu ocağı tərk edərkən, burada bir qəhrəmanın izi, bir ailənin fədakarlığlı və bir millətin minnətdarlığı ilə vidalaşıram. Allah sizə səbr versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Unutmadıq! Unutdurmarıq!
Fəridə Ağazadə
Jurnalist










Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin