Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Rzayev Vüsal Tofiq oğlu 14 aprel 1996-cı ildə Şabran şəhərində anadan olub. 2003-cü ildə 5 saylı Bakı Peşə liseyinin orta məktəbində birinci sinifə gedib. 2015-ci ildə orta təhsilini başa vurub. Həmin ilin iyul ayının 3-də hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Murovdağ zirvəsində baş atıcı kimi davam etdirib. Eyni zamanda 2016-cı ildə aprel döyüşlərində iştirak edib. Fəal döyüş qabiliyyəti göstərdiyinə görə xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən təşəkkürnamə alaraq, 2017-ci ilin yanvar ayında fərqlənmə ilə xidmətini baş vurub.
Vüsal Rzayev 21 sentyabr 2020-ci ildə hərbi səfərbərliyə çağırılıb. “N” saylı hərbi hissədən Füzuli rayonunun Kürdmahmudlu kəndinə döyüşə yola düşüb. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə bir neçə düşmən postunun alınmasında məharətlə iştirak edib. 8 oktyabr 2020-ci ildə düşmən tərəfindən döyüş yoldaşları ilə birlikdə mühasirəyə alınıb və 3 gündən sonra 11 oktyabrda mühasirədən çıxmağa nail olublar. 14 oktyabr 2020-ci ildə isə Aşağı Seyidəhmədli istiqamətində döyüşə qatılıb və itkin düşüb. 54 gündən çox müddətdə itkin kimi axtarışa verilib. Lakin 9 dekabrda ailəsinə şəhidlik xəbəri çatdırılıb. Rzayev Vüsal 15 dekabr 2020-ci ildə ölümündən sonra “Vətən uğrunda” və 24 iyun 2021-ci ildə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
12 avqust 2021-ci ildə Xətai rayonunda şəhid Vüsal Rzayevin yaşadığı binanın qarşısında adına xatirə bulağı inşa edilib.
Vətən layihəsi komandası olaraq Şəhid Vüsal Rzayevin anası Zəminə xanımla həmsöhbət olmaq üçün onlara yollandıq. Şəhid anası içində nə qədər kədərli olsa da, bizi üzündəki təbbəssüm və böyük sevgi ilə qarşıladı. Zəminə ana bizi Vüsaldan geri qalan xatirələrin toplandığı otağa dəvət etdi. Elə söhbətimizə də burada başladıq…
-Şəhid anası bildirdi ki, o, Vüsalı yalnız üzündəki gülüşləri ilə xatırlayır:
-Vüsal şox sakit, ağıllı, mərd, güləyən oğul idi. Hər kəsə qarşı mehriban və işində çox məsuliyyətli olub. Tapşırılan hər işin öhtəsindən ən layiqli şəkildə gəlməyə çalışardı. Onun yanında hər kəs sözlərinə diqqət edərdi. Hətta zarafatla olsa belə, artıq-əksik söz işlətməzdi. Bir də heyvanlara və təbiətə olan sevgisi heç bitməzdi. Çox vaxt küçədə olan heyvanları yemləyər, onlara qayğı göstərərdi. Tanıyan hər kəs onu xeyirxah, mərhəmətli bir gənc kimi xatirəsində saxlayıb. Vətənə olan sevgisi isə onun damarlarında idi. O, hər zaman Vətəni üçün canından keçməyə hazır olduğunu deyirdi. Vüsal kimi yüzlərlə oğullarımız ölümün gözünə dik baxıblar. Onların həyat yolu cəsarət, mübarizlik, mərdlik nümunəsidir.
- Vüsal hələ uşaq ikən idmana böyük həvəsi var idi:
-Məktəb illərindən başlayaraq idmana çox böyük marağı vardı. Elə o illərdən başlayaraq idmanın sərbəst güləş növü üzrə hazırlıqlara qoşulub. Boksa olan istəyi də çox idi. Lakin boksun təhlükəli olduğunu bildiyim üçün Vüsalı bu, idman növündən uzaq tutmağa çalışdım.
-Dostları Vüsal haqqında hər zaman vətənpərvərlik, mərdlik nümunəsi kimi danışır:
-Vüsal şəhid olandan sonra dostlarını tanımışam. Onlar həmişə deyərdilər ki, Vüsal dostluqda sədaqətlidir. Həm dar günün, həm də şad günün dostu olub. Onlar həmişə deyirlər Vüsal elə bir dost olub ki, yeri hər zaman görünəcək. Onu xatırlayan hər kəsin üzündə bir təbəssüm yaranır. Çünki Vüsal özü də deyib-gülən, pozitiv ruhlu bir oğul olub.Bircə ona təəssüfllənirəm ki, evimin balaca olmasına görə onu evləndirə bilmədim. Amma özü ailə qurmaq istəyirdi. Hətta sevdiyi qız da vardı. Hər ay maaşını gətirib verirdi ki, üst-üstə yığım, gələcək üçün nəsə edər. Amma qismət olmadı..
-Zəminə ana qeyd etdi ki, Vüsal ilə hər zaman qürur duyub:
-Vüsalım hərbi xidmətdə olan zaman Aprel döyüşləri başladı. Döyüşlərdə fəal iştirak etdiyinə görə komandiri tərəfindən təşəkkürnamə almışdı və “Azərbaycan Ordusu” qəzetində şəkli çıxmışdı. Vüsal zəng vurub, sevinə-sevinə dedi ki, ana qəzetdə şəklim çıxıb. Həmin qəzeti tapdım və Vüsalın şəklini görəndə çox böyük qürur hissi keçirdim. Daha sonra yenidən Vüsalın şəkli qəzetdə çıxdı. Hərbi xidməti başa vurandan sonra bir neçə yerə iş üçün müraciətlər etdi. Elə oldu ki, Əhmədli qəsəbəsində Xəzər deyilən ərazidə “Bizim market” də satıcı olaraq işə başladı. 3 il orada işlədi. İşlədiyi zamanlarda Vüsal özünə yaxşı hörmət, dostlar qazanmışdı. Bu gün də o dostlar bizimlə əlaqə saxlayırlar.
-Qarabağ bizim olsun, bizdən sonra gələn nəsillər eləcə də hər kəs bu vətəni, bu torpağı Qarabağımızı bütöv görsün deyirdi Vüsal:
-Sentyabrın 21-də Vüsalı hərbi təlimə çağırdılar. Sanki Vüsal onların yolunu gözləyirmiş kimi dərhal yerindən qalxıb hazır vəziyyətdə dayandı. Düşündüm ki, yəqin təlimdən sonra geri gələcək. Ona görə də Vüsal gedəndə heç onunla sağollaşmadım. Ağlıma belə gəlməzdi ki, oğlum bir daha qayıtmayacaq. 27 sentyabr müharibə başladı və Vüsal müharibəyə qatıldı. Müharibə zamanı ara-sıra zəng edirdi və bizimlə elə danışırdı ki, heç elə bil müharibə yoxdur. Ona görə düşünürdüm ki, sağ-salamat gələcək. Amma oktyabrın 8-da döyüş yoldaşları ilə mühasirəyə düşüblər amma 11-oktyabrda isə mühasirədən çıxmağı bacarıblar. Oktyabrın 13-də isə qardaşı Tural ilə son danışığı olub. Deyib ki, “Bu gün döyüşə gedəcəyik. Hər şeyə hazır olun”. Bəlkə də hiss etmişdi şəhid olacağını.Dekabrın 10-da Vüsalımın üç rəngli ay ulduzlu bayrağa bükülmüş tabutu gəldi. O gün dünyam başıma yıxılmışdı.Sanki mənim ruhumu, ürəyimi söküb almışdılar. Deyərdi ki, ana, “Qarabağımız Azərbaycanımızın ayrılmaz parçasıdır. Bu yolda hamımız dövlətimizin yanında olmalıyıq, Qarabağı düşməndən xilas etməliyik. Bu bizim borcumuzdur. Ana, mən həm ata-anamın, həm də xalqımızın övladıyam. Vüsalın sağ qalan döyüş yoldaşları deyirdilər ki, o döyüşdə ən öndə gedənlərdən olub. Vüsalım ilə qürur duyuram. Şəhadət zirvəsinə ucalıb oğlum. Ən böyük təsəllim də Vüsalımın ən ali zirvədə-Şəhidlik məqamına ucalmasıdır. Vətən sağ olsun. Vüsalsız yaşayıram amma Vüsal həmişə ürəyimdə yaşayır..
- Keçilməz dağlardan, qanlı döyüşlərdən keçib bizi bu əzəli torpaqlara qovuşduranlar qəlbimizdə daim yaşayacaqlar. Onlardan biri də şəhid Vüsal Rzayevdir. Elə müsahibə zamanı qəhər, göz yaşları Zəminə anaya danışmağa mane olurdu. Biz də Şəhidimizin ailəsinə səbr diləyib, onları çox yormaq istəmədik... Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirik!
Fəridə Ağazadə
Jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin