24 fevraldan başlayan Rusiya-Ukrayna müharibəsi artıq iki həftədən çoxdur davam edir. Bu dövr ərzində Ukrayna, istərsə də bu ölkədə yaşayan müxtəlif dövlətlərin vətəndaşlarının qonşu ölkələrə təxliyəsi davam edir. Müharibə başlayan ilk günlərdən Ukraynada yaşayan azərbaycanlıların da digər sərhəd ölkələrə - Moldova, Polşa, Slovakiya və Macarıstana təxliyəsinə başlanıb. Bu haqda daha əvvəl verdiyimiz xəbərlərdən də məlumdur ki, təxliyə işləri Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlıları Radasının birgə fəaliyyəti nəticəsində mümkün olub.
Ukraynanın müxtəlif ərazilərində yaşayan azərbaycanlıların təxliyəsində bu təşkilatların fəaliyyəti barədə suallarımızı hazırda Kiyevdə fəaliyyətini davam etdirən Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Ceyhun bəy, mütəmadi olaraq azərbaycanlıların təxliyəsi ilə bağlı xəbərlər alırıq. Təxliyə üçün müxtəlif ərazilərdə toplanmış vətəndaşlarımızın olduğu məlumdur. Bu proses necə təşkil edilir?
- Artıq neçə gündür bu ölkədə yaşayan, yurd salan, çalışan, yaxud təhsil alanazərbaycanlıların nisbətən təhlükəsiz şəraitdə digər qonşu ölkələrə keçidi üçün işlər aparılır. Azərbaycanlıların ən çox təşkilatlandığı ölkələrdən biri Ukraynadır. Elə şəhərlər var ki, orada iki-üç təşkilat, mədəniyyət mərkəzi, Azərbaycan məktəbi fəaliyyət göstərir. Yəni burada olan soydaşlarımız aktivdir və təşkilatlanmağa meyillidirlər. Bunun da çox böyük müsbət nəticələrini koronavirus pandemiyası zamanı, eləcə də Vətən müharibəsi dövründə gördük. İndi də Rusiya-Ukrayna müharibəsi zamanı görürük ki, bizim təşkilatlar necə yüksək səviyyədə çalışır. Ukrayna Azərbaycanlıları Radasına (UAR) daxil olan, Diasporla İş üzrə Dövlət Komitəsinin koordinasiyası ilə birlikdə hərəkət edən insanlar necə böyük fədəkarlıqlar göstərir, böyük işlər görürlər. Ona görə, təşkilatların hər biri haqda qısa da olsa məlumat vermək istəyirəm.
Ən böyük işlərdən birini UAR-ın kollektiv üzvü olan Odessadakı Birlik Cəmiyyəti görür. Cəmiyyətin sədri Rövşən Quliyev, onun köməkçisi Anar Natiqoğludur. Bu günə qədər onlar yüzlərlə soydaşımızın təxliyəsini həyata keçiriblər. Hər gün 50-60, bəzən 100 nəfər ora gələn insanı qida və yerlə təmin edirlər. Biz yaxın olduğu üçün Xersondan, Nikolayevden gələn insanları da ora yönləndiririk. Daha sonra onlar soydaşlarımızı avtobuslarla Moldova ilə sərhədə göndərirlər.
UAR-ın Xarkov şəhərində Murad Ömərovun sədrliyi ilə “Dostluq” təşkilatı fəaliyyət göstərir. Orada son ana qədər iş gedirdi. Murad bəyin evinin yanında gedən şiddətli küçə döyüşləri nəticəsində yayayış binaları zərər gördü. İndi qərb bölgəsinə köçüb və oradan fəaliyyətini davam etdirir.
Hazırda ən çətin vəziyyətdə olan bölgələrdən biri də Nikolayevdir. UAR-ın oradakı nümayəndəsi Zaur Ağabəyovdur. Oğlu isə Nikolayev şəhər sovetinin deputatıdır. Günlərdir bu şəxslər insanlara kömək, onların təxliyəsi işində nə qədər böyük işlər görürlər. UAR-ın Xerson üzrə nümayəndəliyinin rəhbəri Elman Ağayev, köməkçisi Dəyanət Məmmədovdur. Bu gün şəhər blokadadır, ancaq bizimkilər yerlərində fəaliyyətlərini davam etdirirlər. Həm yerli əhaliyə, həm öz vətəndaşlarımıza köməklik göstərirlər.
Daha bir təşkilatımız son zamanlar təsis olunan Poltava Azərbaycanlıları Radasıdır. Füzuli Qənbərovun rəhbərliyi ilə önəmli işlər görən təşkilatın zamanda Kremençuq şəhərində nümayəndəliyi açılıb. Poltavadakı təşkilatımız yaxın bölgələrdən - Sumidən, Xarkovdan gələn azərbaycanlıları qəbul edir, daha sonra onları yenidən qatarlarla yönəldirirlər qərb zonalarına. Çerniqovda Tofiq müəllim var, gecə-gündüz çalışır ki, insanlarımıza kömək olsun, heç biri tək qalmasın və təhlükəsiz formada onları aidiyyəti üzrə yerlərə yönəltsin. Jitomirdə Rac Qasımov orada yaşayan soydaşlarımızın təxliyəsinə yardım edir, bizi məlumatlandırır.
Aktiv müharibə getməyən bölgələrdə - Nurəli Məmmədov Çerkasıda, Mübariz Məcidov Ternopolda, Elşad Ələsgərov İvanofrankovskda, Eyyub bəy Rovnada ora pənah gətirən soydaşlarımıza və Ukraynanın yerli orqanlarına gecə-gündüz yardım edirlər. İndi insanlarımızın çoxunun toplandığı yer Lvov şəhəridir. Bütün Qərb bölgəsindəki soydaşlarımızın çoxusu ora gedir. Burada həm ölkədən çıxmaq istəyən həmvətənlərimiz, həm də Azərbaycan əsilli Ukrayna vətəndaşları var. Hansı ki,ölkədən çıxa bilmirlər. Onlar gedirlər Lvova, orada isə bu işlə Mahmud Qurbanov və Teymur Məmmədov məşğul olurlar, insanları sığınacaqlara yerləşdirirlər, lazım olan yardımı göstərirlər. Lvovda hər gün 150-200 nəfərə isti yemək verilir.
Diaspor rəhbərləri və aktivlərimiz, həmvətənlərimiz üçün o qədər nəcib işlər görürlər ki, duyğulanmamaq mümkün deyil. Əvvəla, azərbaycanlılara kömək edirlər, həmçinin, yerli əhaliyə həm ərzaq yardımı, həm də rəsmi şəkildə maddi yardımlar olunur. Bundan əlavə, hər şəhərin girişində özünümüdafiə dəstələri var ki, onlara ərzaq yardımı edilir.
Ukraynada ən böyük regionlardan biri Dnepr bölgəsidir. Bu bölgədən isə Eldar Tağıyev, Nadir Zeynalzadə, Sərxoş İsmayılov, Rafəs Benyadovun əməyini qeyd etməliyəm. Onların hər biri soydaşlarımızın yanındadır, onlara yardım edirlər.
- Soydaşlarımızın təxliyəsi zamanı nələrin şahidi olursunuz?
- Bu haqda danışmaq çox çətindir. Ötən dəfə biz insanları qatarla sərhəd ölkələrə yola salırdıq, inanın, onlar evlərini ağlaya-ağlaya tərk edirdilər. Burada illərdir yaşayan, yurd salan, təhsil alaninsanlarımız var. Ukrayna bizə özünü elə sevdirib ki, köçüb gedənlər üçün də hər şey çətindir. Ümumiyətlə, insanın öz evindən didərgin düşməsi faciədir...
- Vətəndaşlarımızın təxliyəsində yaranan çətinliklər nə ilə əlaqədardır?
- Əvvəlcə bir nüansı qeyd edim. Bildiyiniz kimi, əsas işləri görən adamlardan biri və birincisi Kiyev Azərbaycanlıları Konqresinin rəhbəri, UAR-ın həmtəsisçisi və idarə heyətinin üzvü Oleq Krapivindir. Buradakı ən çox müraciətlər, zənglər ona olunur. Onu Ukraynada, deəmk olar, hamı tanıyır. Krapivinin hazırda Kiyevdə qalması digər regionlardakı təşkilatlar üçün də motivasiya olur. Sadaladığım bütün təşkilatlar və əziyyət çəkən şəxslər və biz hamımız birlikdə hərəkət edirik, bir-birimizlə əlaqəli formada çalşırıq. Lakin çətinliklər də var və çətinliyin olması qaçılmazdır. Belə deyim, təqribən iki ildir Oleq Krapivin Ukraynadakı azərbaycanlılara çağırış edir ki, gəlin, təşkilatlarda, Azərbaycan diasporunda qeydiyyata düşün. Yəni biz bilək ki, burada nə qədər soydaşımız yaşayır. Hadisələr təzə başlayanda Radanın qaynar xəttinə gündə saysız-hesabsız zənglər gəlirdi, biz ancaq təxminən 500 zəngə normal cavab verə bilirdik. İndi nisbətən səngiyib, gün boyu 150-200-ə yaxın zəng edilir. Fikirləşin ki, zəng edənlərdən 1-2 faizini tanıyırıq, bilirik ki, burada belə bir azərbaycanlı var. Əgər insanlarımız zamanında qeydiyyatdan keçsəydilər, hadisələr başlayanda biz də dəqiq məlumat verərdik ki, bizim təxliyə ediləcək filan qədər adamımız var. Say dəqiq olanda, biz dövlətimizə də xeyli kömək etmiş olardıq. Həmçinin, say olaraq nə qədərik, kim necə yardım edə bilər, nə qədər insan birinci təxliyə ediləcək kimi məsələlər də var. İndi sual etsəniz ki, Kiyevdə nə qədər azərbaycanlı qalıb, mən dəqiq cavab verə bilmərəm. Ən böyük problemlərdən biri də insanlarımızın sənədlərinin qaydasında olmamasıdır. Ya sənəd yoxdur, ya zamanı bitib, ya itirib. Ancaq çalışırıq problemləri tez həll edək. Hər gün təqribən 150-200 nəfər yönəldirik dəmiryol vağzalına. Orada sadəcə canlı növbəyə durmaq lazımdır, qatarlar pulsuzdur.
Bu günə qədər Kiyevdən iki kollektiv təxliyə həyata keçirilib. Qatarla 1100 nəfər Moldova sərhədinə, avtobusla 55 nəfər İstanbula təxliyə olunub. Martın 4-dən etibarən qatarlar pulsuz işlədiyinə görə Kiyevdə əsasən soydaşlarımızı dəmiryol vazğalına yönləndiririk. Oradan da qərb bölgələrinə gedirlər.
- Azərbaycanın Ukraynadakı səfirliyi ilə nə dərəcədə əlaqəli işləyirsiniz?
- Təbii ki, səfirliyimizlə də əlaqə saxlayırıq, mən zaman-zaman Elmira xanımla telefonda danışıram, yerlərdəki təşkilatların işləri, vəziyyətlə bağlı məlumatları ona çatdırıram. Səfirliyin əməkdaşı Sabir Rzayevi xüsusi qeyd etmək istəyirəm. Son günlərə qədər o, Kiyevdə idi. Daha sonra diplomatlarımızın Lvova köçürülməsi ilə əlaqədar təxliyə olundu. Xarkovdakı fəxri konsulumuz Əfqan Salmanov isə hələ də şəhərdədir və fəaliyyətini davam etdirir. Düzdür, bina zərər görüb, amma o, yerindədir, iş başındadır və vətəndaşlarımızın təxliyəsi zamanı çox böyük işlər görüb. Təbii ki, bizim hər zaman dövlətin, səfirliyin dəstəyinə ehtiyacımız var.
- Bəs yerli qurumların, rəsmi təşkilatların Azərbaycana münasibəti necədir?
- Mən bunu açıq deyəcəyəm. Müharibə yeni başlayanda Ukraynanın bəzi dövlət məmurları, millət vəkilləri deyirdilər ki, biz Azəbaycanın İkinci Qarabağ savaşında yanında olduq, mənəvi dəstək olduq. Hiss edirdik, inciyirdilər ki, niyə Azərbaycan dövlətindən dəstək gəlmir? Amma bizim cənab Prezident İlham Əliyev elə bir addım atdı ki, buradakı həmin adamlar hisslərini ifadə edə bilmirdilər. Onlar bizə deyirdi ki, Azərbaycan başqa dövlətlər kimi yalandan açıqlamalar, boş dəstək deyil, real kömək etdi. Həqiqətən də Azərbaycan tərəfindən 5 milyonluq humanitar yardım, eləcə də humanitar və tibbi yardım maşınlarının pulsuz yanacaqla təmin edilməsi Ukraynaya edilmiş real yardım idi. Dövlət başçımızın bu addımından sonra Azərbaycanın Ukraynadakı reytinqi daha da yüksəyə qalxdı. Bizim də başımız bir daha uca oldu. Burada sadə yerli vətəndaşları da danışdırsanız, deyəcəklər ki, Azərbaycan bizə sözdə yox, əməldə kömək etdi.
- Bəs ukraynalılar müharibəyə necə qoşulurlar?
- Ukrayna xalqı demək olar ki, böyük bir könüllü qrupudur. Könüllülük hərəkatı Ukraynada özünün bəlkə də ən yüksək zirvəsini yaşayır. Sadə vətəndaşlardan ibarət qruplar var. Hansı ki, bir qrup çörək paylayır, digəri tibbi yardım göstərir. Müharibə elə bir indiqatordur ki, onu heç nə əvəz edə bilməz. Müharibədə sən görürsən ki, necə insanlar var.
Misal üçün, bizim Kiyev Konqresində Firudin Haşımov var, müharibə dövründə mən onu bir daha tanıdım ki, necə böyük ürəyə sahibdir. Gənclər təşkilatının üzvü azərbaycanlı Zamirə Əliyeva var, Ukrayna vətəndaşıdır. Həmçinin, Nəsir Cəbiyevi də qeyd edim. Bu iki şəxs gənclər arasında gördüyü işlərlə çox seçilirlər. Qaynar xəttin də əsas yükü onların üzərindədir.
İndi biz təxliyə edilənlərlə yanaşı, bir siyahı da tərtib etmişik. Bu, yaxınlarını axtaran, hər hansı şəhərdə, vilayətdə qalan və günlərdir xəbər-ətər olmayan şəxslərin siyahısıdır. Bizə hələ də hər gün təxliyə üçün müraciətlər olur və biz çalışırıq ki, bütün vətəndaşlarımıza kömək edək, heç kim köməksiz qalmasın.
Afaq Rza
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin