Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Eyvazov Əbülhəsən Balaş oğlu 1 oktyabr 1996-cı ildə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. Hərbi xidmətini Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə keçir. Əsgərlikdə olduğu vaxtlarda da hərbçi yoldaşları arasında hörmət qazanır, hətta komandiri, atası Balaş kişiylə görüşüb, ona təşəkkürünü bildirmək istəyib ki, - "belə övlad tərbiyə edən ataya minnətdarlıq bildirmək istəyirəm".
2016-cı ilin aprel ayında tərxis qərarının çıxmağına baxmayaraq, "Aprel döyüşləri"nin başlanmasıyla əlaqədar Əbinin ordudan tərxis olunması aprel ayının sonuna qədər ləngiyir və o, müharibədə iştirak edir. Bu müharibədə qəhrəmancasına iştirak edən Əbülhəsən, döyüşlər bitdikdən sonra xidmətini başa vurub, fəxri fərmanla təltif olunub evinə qayıdır.
2020-ci il sentyabr ayının 21-i, səfərbərlik elan olunması ilə əlaqədar Əbülhəsən hərbi təlimlərə çağırılır. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ Müharibəsi başlayanda Əbülhəsən Füzuli rayonunda yerləşən hərbi bölmələrin tərkibində döyüşlərə qatılır. 30 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində yerləşən "bunker" adlanan yerə yaxın ərazidə gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olur.
Eyvazov Əbülhəsən Balaş oğlu Azərbaycan Respublikası prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə, ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Vətən layihəsi komandası olaraq Şəhid Əbülhəsən Eyvazovun ailəsi ilə həmsöhbət olmaq üçün onlara yollandım. Şəhid ailəsi məni Əkbərdən geri qalan xatirələrin toplandığı otağa apardı. Elə söhbətimizə də burada başladıq...
-Şəhidimizin atası Balaş Eyvazov oğlu ilə bağlı xatirələrini bizimlə bölüşür:
- Əbülhəsən ailənin kiçiyi, iki bacının bir qardaşı olub. 9 aylıq olarkən biz Bakı şəhəri, Nardaran qəsəbəsinə, 3 yaşı olanda isə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə köçdük. 2003-cü ildə Əbülhəsən NZS qəsəbəsində yerləşən 165 saylı orta məktəbin 1-ci sinfinə qəbul olunub. Əbülhəsən hər zaman öz tərbiyəsi, əxlaqı, mədəniyyətilə seçilib. Hər kəs onu “Əbi” deyə çağırardı. 2014-cü ildə orta məktəbi bitirdikdən sonra, həmin ilin oktyabr ayında hərbi xidmətə çağırıldı. Hərbi xidmətini Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə keçdi. 2016-cı ilin aprel ayında hərbi xidmətdən tərxis qərarının çıxmasına baxmayaraq, "Aprel döyüşləri"nin başlanması ilə əlaqədar Əbülhəsən ordudan təxris olunması aprel ayının sonuna qədər çəkdivə o, Aprel döyüşlərində asil qəhrəmanlıqla iştirak etdi. Döyüşlər bitdikdən sonra xidmətini başa vurdu, fəxri fərmanla təltif olunaraq evə qayıtdı.Çox zəhmətkeş, işgüzar, mərhəmtəli oğul idi. Heç vaxt ağır işlərə getməyimi istəmirdi. Deyirdi ki, “İndiyədək çox əziyyət çəkmisən ata, indi sən dincəl, mən işləyəcəyəm” . Xidmətdən qayıtdıqdan sonra Bakıdakı şadlıq saraylarının birində video-operator işləyib. Daha sonra paytaxtın tanınmış restoranlarından birində “Mangal-stake house”da işə başladı. Burada az müddətdə aşpazlıq peşəsini öyrəndi.
-Şəhid atası bildirir ki, Əbülhəsən arzularından, xəyallarından və gələcək planlarından tez-tez danışardı...
- Əbülhəsən hər gün Zığdakı çörək və un məmulatları istehaslı müəssisəsinə gedirdi və orda hazırlanan lavaşları Bakının müxtəlif yerlərində mağazalarıa paylayardı. Günortadan sonra isə digər iş yerinə yollanar, gecə yarısı evə qayıdardı. Öz zəhmətinin qazancı ilə ailəyə çox dəstək olardı. Əbülhəsən evlənmək istəyirdi, sevdiyi qız da vardı. Özü üçün kiçik bir biznes qurmaq arzusu var idi. İş yerində qazandığı təcrübə ilə balaca bir restoran açmağı planlayırdı. Oğlum tez-tez arzularından, xəyallarından danışardı. Müharibəyə getməzdən 2 ay əvvəl özünə maşın almışdı. Ondan sonra maşın bizə yadigar qaldı. Əbülhəsən işə gedərkən həmişə soruşurdum ki, bala nəsə problemin yoxdur? Deyərdi ki, “problem təkcə Qarabağdır, o da bizlikdir, sənlik deyil ata”. Müharibə bitəndən sonra döyüş yoldaşları ancaq onu deyirdilər ki, “Əbülhəsən heç nədən qorxmurdu, həmişə ən öndə gedirdi və üzü gülürdü. Çox sürətllə hərəkət edərdi, ona çatmaq üçün arxadan onu çağırardıq ”. Hər şeyə tələsərdi. Bəlkə də kiçik, mənalı ömrünə çox şey yerləşdirmək istəyərdi. Lakin qısa olsa da, oğlum şərəfli ömür yolu keçib.
-Şəhid atası oğlunun ən böyük arzusunun ailəmizi daha xoşbəxt və firavan yaşatmaq olduğunu bildirdi:
- Əbülhəsənin ən böyük arzusu ana-atasını, bacılarını xoşbəxt yaşatmaq idi. Zaman-zaman deyərdi ki, çətinliklər bitəcək və hər şey daha yaxşı olacaq. Sizi ən gözəl şəkildə yaşadacam.
-Şəhid anası Mətanət xanım oğlunun xatirələrindən danışaraq, Əbülhəsənin mərd,cəsur, hünərli, yardımsevər və vətənpərvər böyüdüyünü qeyd etdi:
-Əbülhəsən 6-cı sinifdən videoçəkənlər ilə çalışaraq evə maddi kömək edirdi. Oğlum fəhlə də işləyib, satıcı da olub, yuxa da paylayıb və atası ilə çalışaraq həmişə evə dayaq olub. O, kiçik yaşlarından halal zəhmətlə yaşamağı öyrənmişdi. Hətta pandemiya dövründə bacı-qardaş birlikdə ehtiyacı olanlara əl tuturdular. Deyirdi ki, ana, “ bizim azdan-çoxdan imkanımız var amma evində körpəsi, yaşlısı olanlara kömək etmək lazımdır”. Çox mərhəmətli, yardımsevər, gülərüzlü bir övlad idi. Müharibəyə gedəndə belə üzü gülürdü. Hər zaman mənə qarşı diqqətli olub. Aldığı maaşdan pul verərdi ki, saçlarımı boyayım.Çünki məni həmişə gözəl görmək istəyirdi. Müharibəyə getməzdən iki gün əvvəl özünə şalvar, kofta, ayaqqabı almışdı. İki gün sonra xəbər gəldi ki, Əbülhəsən təlimə getməlidir. O gedəndən geyimləri mənə göz dağı olaraq qalıb. Kimsə onun qəlbini incitmiş olsaydı belə, əsla heç kimə büruzə verməzdi. Kimsənin xətrinə dəyməz, könlünü qırmazdı. Əlində olanı hamı ilə bölüşərdi. Aprel döyüşlərindən gələndən sonra tez-tez bacısına deyərdi ki, mən şəhid olacam.
-Şəhidimizin bacısı Leyla xanım qardaşı ilə olan xatirələrini bizimlə bölüşdü:
-Qardaşıma “Əbi” deyə müraciət edirdim. Övladım kimi əzizlədiyim gözümün ağı-qarası bircə qardaşımız idi. Hər iki bacı ilə dost kimi davranırdı. Dərdini mənə, sirrini isə bacımla bölüşərdi. Dünyaya göz açanda ilk mənim qucağımda bu, həyətə daxil olub. Dərslərini oxumaqdan, məktəbə yola salmağa qədər hər şey xatirimdədir. Onunla bağlı heç nəyi əsla unutmuram. Hər gün onunla bağlı xatirələrimizi təkrar-təkrar yada salırıq. Mən ailə quranda qardaşım 7-ci sinifdə oxuyurdu. Atam bizi uşaqlıqdan zəhmətlə böyüdüb. Qardaşım da onun kimi zəhmətkeş, işgüzar, ailəyə bağlı, həmişə maddi-mənəvi dəstək olan qardaş olub. Heç vaxt unutmadığım xatirəmi danışmaq istəyirəm. Bir gün uşağımla xəstəxanada yatırdıq. Uşağın üstündə isti geyimdən ancaq “jaket” vardı. Qardaşım atam-anamla bizi xəstəxanada ziyarətə gəlmişdi. O vaxt Əbi 7-ci sinifdə oxuyurdu. Məndən soruşdu ki, niyə uşağın əynində “kurtka” yoxdu? Niyə onu belə gəzdirirsən? Dedim ki, onsuz da xəstəxanadayıq, burda ehtiyac yoxdu. Susdu, heç nə söyləmədi. Bir xüsusiyyəti var idi ki, bəzən çox susardı, yəni düşünüb addım atardı. Səhər oldu anam-atam yenidən məni ziyarətə gələndə balaca qızım Rəhiməyə “kurtka”, “jaket” alıblar. Anamdan soruşdum ki, bunları haradan, necə aldınız?Anam dedi ki, qardaşın 72 manat pul yığmışdı özünə kamera alacaqdı amma pulu bizə verdi ki, uşağa pal-paltar alaq. Təsəvvür edin o hələ 7-ci sinifdə bizi belə düşünürdü, nəyinki böyüyəndən sonra. Hər gün işdən gələndə mütləq qapımı döyər, mənim və uşaqların halını-əhvalını soruşardı. Həmişə o gələnə kimi gözləyirdim. Bilirdim ki, qardaşım gələcək. Bizi görməsəydi rahat yatmazdı. Aprel döyüşlərindən gələndən sonra mənə balaca, qara bir not dəftəri verdi və dedi ki, vaxtı gələndə deyərəm oxuyarsan. Not dəftərini açmaq üçün təkid etmədim. Çünki qardaşım məndən balaca olsa da, sözü bizim üçün qanun kimi idi. Üstündən illər keçəndən sonra qardaşım şəhid oldu.
Bir gün yadıma düşdü ki, Əbi mənə bir not dəftəri vermişdi. Axtarb tapdım. Onu açan kimi birinci səhifəsində belə yazılmışdı: “Darıxma, ata, ana, bacı, bacı. Mən şəhid oldum, ağlamayın”. Hərbi xidmət zamanı yazdığı şeir onun taleyi oldu. Bəlkə də buna görə deyirdi ki, not dəftərini vaxtı gələndə açarsan. Həmişə biz bacılara mən şəhid olacam deyirdi. Sonuncu dəfə müharibədə olarkən onunla 53 saniyə danışa bildim. Dedi, “bacı biz gedirik, daha telefonum olmayacaq. Ola bilər sənə zəng edə bilmərəm. Anam gündə 10 dəfə də soruşsa, ona de ki, indicə danışmışam. Özünüzdən muğayat olun. Bir-birinizə əmanətsiniz. Birdəki, uşağla işin olmasın, onu oxutur “deyib, sağollaşdı. Əbi qəlbimizdə, evimizdə və xatirələrimizdə hər zaman bizimlə yaşayacaq. Allah şəhadətini qəbul etsin.
-Keçilməz dağlardan, qanlı döyüşlərdən keçib bizi bu əzəli torpaqlara qovuşduranlar qəlbimizdə daim yaşayacaqlar. Onlardan biri də şəhid Əbülhəsən Eyvazovdur. Elə müsahibə zamanı qəhər, göz yaşları ailənin hər bir üzvünə danışmağa mane olurdu. Biz də Şəhidimizin ailəsinə səbr diləyib, onları çox yormaq istəmədik... Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirik!
Qeyd edək ki, Xətai rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhid Əbülhəsən Eyvazovun xatirəsi onun yaşadığı yerdə abidəsi ucaldılaraq əbədiləşdirilib.
Fəridə Ağazadə
Jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin