Tərbiyə işi nə qədər ciddi bir proses olsa da, yolunu bildikdən sonra bir o qədər sadədir. Yəni tərbiyə işi heç bir valideyni qorxutmalı deyil. Bu işin əsas mahiyyəti bir növ uşağın özünü kəşf etməsinə və tanımasına yardım etməkdir. Buraya uşaqların maraqlarının öhdəsindən gəlmək, başqaları ilə ünsiyyət qurmağı bacarmaq, hisslərinə və düşüncələrinə uyğun davranış sərgiləmək və s. daxildir.
Uşağı düzgün şəkildə tərbiyə etmək daha çox ailədəki mühitdən asılıdır. Övladınızı intizamlı böyütmək istəyirsinizsə, onu qətiyyən istədiyiniz kimi davranmağa məcbur etməyin. Uşağı “yaxşı” olmağa məcbur etmək olmaz. Aşılamaq istədiyinizi ona sadə dillə izah edərək öyrədə bilərsiz. Sözsüz ki, uşaq hər hansı yanlış davranışına görə valideyn tərəfindən cəza görərsə, bir müddət o hərəkəti etməyəcəkdir. Lakin bu məsələnin kökündən həlli deyil. Uşağa qışqırmaqla, şiddət göstərməklə istədiyimizə nail ola bilmərik. Onlara nəyin doğru, nəyin yanlış olduğunu öyrətmək üçün birlikdə daha çox vaxt keçirərək, hər şeyi əyani şəkildə göstərməliyik. Psixoloqlar bildirirlər ki, daim öz işləri ilə məşğul olan, stresli, iş problemləri ilə üzləşən valideynlərin övladları daha yaramaz olurlar. Unutmaq olmaz ki, uşaqlar daim öz valideynlərinin davranışlarını təkrarlayırlar. Bu onlara, eyni zamanda, əyləncəli də gəlir. Bu səbəbdən davranışlarından da zövq alırlar. Bu məsuliyyəti dərk edərək, necə davrandığımıza diqqət yetirməliyik, çünki uşaqlar hər şeyi "süngər" kimi çəkirlər.
Uşaqların diqqətini müsbətə çevirməyin yolları. Uşaqlarla davamlı olaraq danışıqlar aparmaq lazımdır. Danışıqları izahlı və nümunələr göstərərək etsək, daha doğru olar. Çünki uşaqlar eşitdiklərindən daha çox gördükləri kimi davranmağı sevirlər. Uşağın diqqətini düzgün olmayan bir şeydən doğruya yönəltmək əslində çox sadə və asandır. Məsələn: Əgər uşaq televizorun düymələri ilə davamlı olaraq oynayırsa və bu ona xoş gəlirsə, ona oynamaq üçün bu düymələri özündə əks etdirən oyuncaq almaq və ya televizora baxanda uşaqdan onu yandırmasını xahiş etmək lazımdır. Bu onun xoşuna gələcəkdir, çünki onlar üçün maraqlı olan hər şey çəkici gəlir. Əgər valideyn buna icazə verməzsə, o zaman uşaqda aqressiya yaranacaq və tək qalanda bunları təkbaşına edəcək, yaxud da onu sındırmağa cəhd edəcəkdir. Fikrimizi başqa bir nümünə ilə aydınlaşdıraq. Əgər qız anasının kosmetika çantasıyla oynamaq istəyirsə, bu zaman ona rəngli boyalarla boyaya biləcəyi bir gəlincik və ya digər əyləncəli nəsə almaq lazımdır. Kosmetika çantasının yeri qeyri-müəyyən olmalıdır ki, uşaq təkrar onu götürməyə cəhd göstərməsin. Onlardan tələb edilənləri minimuma endirməyə çalışılmalıdır. Tərbiyə və davranışlarına təsir edəcək məsələlərdə də israrlı olmaq məsləhətdir. Bu sadə və anlaşıqlı yollarla uşaqlara təlqin edilməlidir.
4-7 yaş qrupunda olan uşaqlar bu yaş dövründən başlayaraq inkişaflarının “düşüncə” mərhələsinə keçməyə başlayırlar. Məhz buna görə də ətrafda baş verən bütün hadisələri, prosesləri diqqətlə izləyib, təhlil edib nəticə çıxarmağa çalışırlar Bu yaş dövrü uşaqların həyatında yeni vərdişlərə yiyələnmə, təhsil həyatına yavaş-yavaş addımlama dövrü kimi də xarakterizə oluna bilər. Belə ki, 3 yaşını bitirmiş uşaqlar aktiv həyatın bir parçasına çevrilməyə başlayırlar. Bu yaşdan onların bağçaya getmək, məktəbəqədər kurslara yazılmaq, əlavə dərnək, məşğələlərə getmək və ən önəmlisi məktəbə getmək məsələsi gündəmdə olur. Məktəbə getmək uşaqlar üçün yeni həyat mərhələsinin başlanğıcı hesab edilir və bu onlar üçün həm də ilk ciddi sınaqdır. Əgər əvvəllər bütün günü diqqətsiz oynayırdılarsa, birinci sinif şagirdi olduqdan sonra ciddi rejimə riayət etmək, tezdən durmaq, yarım gün dərsdə oturmaq və evdə ev tapşırıqları etmək məcburiyyətində qalırlar. Uşaqlar üçün müəyyən edilmiş həyat tərzini kəskin şəkildə dəyişdirmək çətindir. Onların yeni olan bu kimi vərdişlərə tez və rahat şəkildə adaptasiyası üçün öncədən hazır olmaları mühüm əhəmiyyət kəsb edir. Belə ki, məktəbəqədər yaş dövründə uşaqlar aşağıdakı keyfiyyətlərə malik olmağa başlayırlar:
Əlin yazıya hazırlanması;
Qrafik məşqlər, kəsmə, kölgələmə;
Hisslərin inkişafı;
Ünsiyyət bacarıqlarının inkişafı;
Emosional sahənin inkişafı.
Psixoloqlar pedaqoqlarla birgə apardıqları araşdırmalarında əsasən uşağın məktəb dövründəki inkişafını aşağıdakı mərhələlərlə izah edirlər.
1. Nitqin inkişafı.
Nitqin formalaşması;
Ardıcıl nitqin inkişafı;
Dilin qrammatik quruluşunun inkişafı;
Oxu bacarıqlarını məşq etmək.
2. Riyazi təsvirlərin formalaşması
Saymağı öyrənmək;
Həndəsi fiqurlarla tanışlıq;
Məkan təsvirlərini (yuxarı-aşağı, sol-sağ, daha çox - az) bilmək;
Zaman anlayışlarına (dünən, bu gün, sabah, həftənin günləri, aylar, fəsillər) yiyələnmək.
3. Ali psixi funksiyaların inkişafı.
Diqqət;
Yaddaş;
Düşünmək.
Burda əsas iş evdə valideynlərin, digər müəssisələrdə (bağça, kurslar, dərnəklər, məktəb və s.) təlim və tədris işlərini aparan şəxslərin öhdəsinə düşür.
Dörd yaşdan başlayaraq uşaqlar etdikləri yaxşı işlərin müqabilində tərif eşitmək istəyirlər. Yəni, davranışlarını dərk etməyə başlayırlar. Uşaqları doğru davranışlarına görə alqışlamaq, qucaqlamaq, onlara gülümsəmək, ən gözəl mükafatdır. Dolayısı yolla bu uşaqlar üçün bir növ motivasiyadır. Deməli, əxlaqın formalaşmasında əsas üsullardan biri olan “mükafatlandırma” işi bu yaş dövründəki uşaqlara mütləq şəkildə tətbiq olunmalıdır, çünki 4-7 yaş qrupunda olan uşaqlarda daha çox duyğular aktiv olur və onları hissi təsirlərlə tərbiyə etmək öz effektini göstərəcəkdir. Təcrübə göstərir ki, valideynləri tərəfindən sevildiyini hiss edən uşaqlar daha xoşbəxt olurlar. Xoşbəxtliklərinin daimi olması üçün onlar sizi razı salmaqdan ötrü daha çox çalışacaqlar. Bu zaman uşaqlar doğru davranışlara təşviq edilərsə, nəticə effektiv alınar. Bu məqamda artıq valideynlərin istəkləri ilə uşaqların maraqları da üst-üstə düşəcəkdir. Tədricən bu onlarda daxildən gələn istəyə çevriləcək və vərdiş halına gələcəkdir.
Tərbiyə işində qızıl qaydalardan biri də gözləntilərin yüksək tutulmamasıdır. Nəyisə başa düşmələri üçün uşaqlara zaman vermək lazımdır. Düzgün davranışları nümunə göstərmək uşağın yeni davranışları düzgün şəkildə öyrənməsinə kömək etməkdir. Yalnız həqiqi ehtiyac yarandığı təqdirdə onlara qarşı “yox” sözünü işlətmək olar. Başqa sözlə desək, onlara məqbul davranışları üçün açıq qapı buraxmaq gərəkir.
İnkişaf xüsusiyyətləri. Bu yaş dövrünün əsas xüsusiyyətlərindən biri odur ki, uşaqlar həmyaşıdları ilə çox vaxt keçirməyə, oynamağa, onlarla ünsiyyət qurmağa meyilli olurlar. Ünsiyyət qurmaq bacarığı bir növ özlərini artıq böyümüş kimi hiss etmələrinə səbəb olur. Uşaqların maraq dairələri genişlənir, hər şeyi öyrənməyə çalışırlar, böyüklərə çoxlu suallar verirlər. Onlar yeni məlumatları aktiv şəkildə mənimsəməyə başlayırlar, hərəkətlərini koordinasiya edirlər və zehni inkişaf özünü göstərir. 4-5 yaşdan başlayaraq uşaqlar artıq əsas həndəsi fiqurları tanıyırlar, 0-dan 9-a qədər sayır, iki obyekt arasında oxşar və fərqli cəhətləri tapırlar, əsas peşələri bilir, nağılın məzmununu təkrar danışa və ya sadə şeiri, tapmacanı əzbər söyləyə bilirlər, şəkilləri səliqəli rəngləməyi bacarır, ilkin biliklərə yiyələnməyə başlayırlar. Məhz bu səbəbdən də beşyaşlı uşaqlar artıq məktəbəqədər dövrlərinə qədəm qoyurlar. Bu onların həyatında yeni və maraqlı mərhələ hesab olunur.
Bu yaş dövründə uşaqlar ətraf aləmdə baş verənlərə daha maraqla və ciddi yanaşmağa başlayırlar. Bu səbədən də onlarda çoxlu suallar yaranır. Bu zaman onların verdikləri bütün sualları cavablandırmaq lazımdır. Bəzən onların sualları adama qəribə gələ bilər, lakin heç bir halda həmin sualları cavabsız qoymaq olmaz. Hər şeyə onların başa düşdüyü dildə cavab verilməlidir. Bununla həm də uşağın nə ilə maraqlandığını da öyrənmiş oluruq. Maraq dairələrini formalaşdırmaq və genişləndirmək üçün onlarla birgə faydalı proqramlara baxmaq, onlara ətraf aləm haqqında danışmaq lazımdır. Bir sözlə, onlara zaman ayırmaq çox önəmlidir.
Oğlan və qızların tərbiyəsindəki fərqlər. 5 yaşından etibarən uşaqlarda oğlan və qızlara xas xüsusiyyətlər formalaşmağa başlayır. Bu, özünü onların davranışında, tərbiyəsində bu və ya digər formada göstərir. Deməli, bu yaş dövründən başlayaraq bəzi məqamlarda uşaqların tərbiyə işini onların cinsinə görə aparmaq lazımdır. Belə ki, uşaqları bir şeyə həvəsləndirmək üçün qızlara daha incə və zərif sözlərlə (gözəlim, günəşim və s.), oğlanlara isə onların özlərini güclü hiss edəcəyi sözlərlə (oğul, köməkçim və s.) müraciət etmək daha doğru olar. Bu onların çox xoşuna gələcəkdir. Körpə uşaqlar (0-3yaş) oynadıqları oyuncaqlar arasında fərq qoymurlar. Yetər ki, bu, onlar üçün maraqlı və əyləncəli olsun. Lakin 4-5 yaşdan etibarən artıq qız və oğlan uşaqlarının oynadığı oyunlar, istədikləri oyuncaqlar arasında belə fərqlər yaranmağa başlayır. Belə ki, oğlanlar daha çox oyuncaq maşınlara, konstruktorlara, robotlara, idman oyunlarına, qızlar gəlinciklərə, yumşaq oyuncaqlara, mətbəx və ya tikişlə bağlı oyuncaqlara maraq göstərirlər..
4-7 yaş qrupundakı uşaqları necə düzgün böyütmək olar?
Bu yaş dövrü uşağın inkişafında dönüş nöqtələrindən biridir. Bu yaş dövründəki uşaqlar inkişaflarında öz fikirlərinin formalaşdığı mərhələyə qədəm qoyurlar. Bu mərhələ bir növ uşaqların “özünütanıma, özünükəşf” mərhələsi də hesab oluna bilər. Belə ki, onlar gördükləri əşya və ya hadisə haqqında konkret suallar verməyə başlayırlar. Bu zaman uşağın verdiyi suala birbaşa cavab vermək əvəzinə onu dialoqa dəvət edərək ünsiyyət bacarığının inkişafına təkan vermiş olarıq. Başqa bir nümunə olaraq onu göstərmək olar ki, bu yaşda olan uşaqlar oynadıqları oyunlara öz qaydalarını əlavə edə və ya dəyişdirə bilərlər. Uşağın, sadəcə, dinləyib izləməsi deyil, hər şeyi özbaşına etməyə çalışması çox vacibdir. Bu, onlarda yaradıcılıq fəaliyyətinin formalaşmasına şərait yaradır. Böyüklərin də uşaqlar tərəfindən qurulan yeni oyunlara qatılmaları daha yaxşı olar, çünki sadəcə, yaradıcı atmosfer yaratmaq kifayət deyil: uşaqları təşkil etmək və istiqamətləndirmək də lazımdır. Bu yaş mərhələsində artıq onlarda tək deyil, digər uşaqlarla birgə oynamaq, yeni oyun qurmaq bacarıqları da inkişaf edir. Bu yolla da onlarda ünsiyyət bacarıqları inkişaf etməyə başlayır. Çünki komanda işi ünsiyyətlə sıx bağlıdır.
Dörd yaşına kimi uşaqların keçirdikləri hisslər onlarda dərin izlər buraxmır, yaddaşına nəzərəçarpan dərəcədə təsir etmir. Bu istər xoşagələn sevinc, şadlıq, istərsə də kədər, qorxu və s. hisslər olsun, fərqi yoxdur. Yeddi yaşdan etibarən uşaqlar özlərini daha yaxşı tanıdığı və ətrafda baş verən hadisələri təhliletmə xüsusiyyətinə sahib olduqları üçün bu, onların daxili aləmlərinə, davranışlarına bu və ya digər formada öz təsirini göstərmiş olur. Onlar baş verənlərə artıq məntiqi olaraq yanaşmağa başlayırlar, və hərəkət etməzdən öncə düşünməyə başlayırlar. Bu da uşaqların hiss etdikləri kimi deyil, düzgün hesab etdikləri kimi hərəkət etməsinə gətirib çıxarır. Nəticədə onlar hisslərini gizlətməyə başlayırlar. Yəni, uşaqların xarici və daxili həyatının ayrılması sonda onların həyatında böhran kimi təzahür edir.
Aişə Baxşiyeva,
Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin