BİR NEÇƏ SAAT HADRUTDA
İşğaldan azad edilən torpaqlarımıza sayca üçüncü səfərim idi. Ancaq eyni həyəcan və duyğular içindəydim. "525"çilərdən ibarət dörd nəfərlik komandamızla isiqamətimiz Xocavəndin Hadrut qəsəbəsi və Tuğ kəndinə idi. Burada Alban-Udi xristian icmasının üzvləri ilə birlikdə qədim Alban məbədlərini ziyarət edəcək və udilərin müqəddəs Pasxa bayramını əcdadlarının ruhu dolaşan yerlərdə qeyd etməsinin şahidi olacaqdıq. Tarix kitablarından bu ərazilərin dünya sivilizasiyasının beşiyi sayıldığını oxuyardıq. İndi ilk insan yaşayış yerlərindən olan, Birinci Qarabağ müharibəsində tarixinin ən qanlı günlərinə şahidlik etmiş, yeni qələbə tarixi ilə sahibinə qayıtmış bu cənnətməkanı canlı görəcək, onu hiss edəcəkdik. Xocavənddə qədim, eləcə də erkən xristianlıq və orta əsr dövrünə aid xeyli abidənin olduğunu bildiyimdən yolboyu həyəcanım daha da artırdı. Füzulinin azad edilən hissəsindən keçdikcə yolun hər iki tərəfində digər azad olunan ərazilərimizdəki mənzərə təkrarlanırdı. Viran qoyulmuş evlər, mina təhlükəsi xəbərdarlıq lövhələri və buralarda yarım qalan həyatlar... Artıq üçüncü dəfədir eyni hala şahid oluram, bu yollardan keçəndə sükutu təkcə fotoaparatın səsi pozur, gördüyü mənzərə qarşısında adamın nitqi quruyur.
Hələ səfərə çıxacağımız xəbərini alandan iki şey fikrimdən çıxmırdı: bir musiqi, bir də abidələr. Nə vaxt ki avtomobilimiz sıx ağaclıqlar, uca dağlar arasından dolanan yolları qalxıb Hadruta doğru irəliləyirdi, öz-özümə həmin mahnını zümzümə edirdim. Yəqin ki, Vətən müharibəsi gedişində yayılan bir videonu çoxunuz izləmişdir. Gərgin döyüşlərdən sonra hərbi maşında irəli doğru yol alan əsgərlərimiz, "Hadrutu aldıq, Laçını aldıq", - deyə mahnı oxuya-oxuya deyib-gülürdürlər. Yol həmin yol idi, bu dəfə də təbəssüm və minnətdarlıqla gülümsəyərək yad edirəm igidlərimizi. Fikrimdəki digər məsələ erməni vandalizmi, saxtakarlığının qurbanı olan əsir abidələrimizi görəcəyimlə bağlı idi. Yağı düşmənin ata-baba yurdumuza kütləvi köçürülmələrinin vur-tut 200 il yaşı olsa da, onlar maddi-mədəni irsimizə təcavüz edərək sanki əsrlərdən bəri bu yerlərdə yaşadıqlarını sübut etməyə çalışıblar. Etiraf etmək lazımdır ki, öz işlərinin öhdəsindən yaxşı gəliblər. Tariximizin ən özək məbədlərini, nümunələrini ermənilər illərlə qeyri-qanuni yollarla xarici ölkələrdən gətirilən tədqiqatçıların əli ilə istismar edib, yaxud da birbaşa daşıyaraq, sataraq qəsdən məhv edib, eyni zamanda dəyişdirməyə müvəffəq olublar. Xudavəngdə vandalizmə məruz qalan abidələrimiz çoxdur. Budur, Qırmızı Bazar-Hadrut yolunu geridə qoyub qəsəbəyə daxil oluruq. Qarşılaşdığımız ilk tikililərdən, dağılmış yerlərdən aydın olur ki, igidlərimiz Hadrut uğrunda döyüşlərdə misilsiz şücaət göstəriblər. Küçəboyu divarlarda əsgərlərimizin adlarını yazdığı, döyüşdükləri bölmələrin, eləcə də bölgələrimizin adlarını həkk etdikləri yazıları görürük. Burada türk, ləzgi, tatar, tat, talış demədən bir amal uğrunda birləşən, canından keçən Vətən oğullarının ruhu dolaşır sanki. Yazılara göz gəzdirdikcə, döyüş zamanındakı auranı duymaq olur.
Hadrutda xeyli gəzdik, ev-ev, küçə-küçə dolaşdıq. Ancaq əvvəlcə bura gəlişimizin əsas səbəbkarlarından və onların fərəhlə kilsəyə girib ayinlərini yerinə yetirmələrindən söz açmaq istəyirəm. Udi icması o qədər sevincli idi ki, sanki bir yandan Müqəddəs İohann adına vəftiz kilsəsinə daxil olub dualar etməyə, digər yandan bizə kilsə tarixi haqda məlumat verməyə tələsirdilər.
Xocavəndə udilərlə birgə səfərimiz Azərbaycana xas olan, əsrlərdən bu yana dəyişməyən müxtəlif xalqların bir-birinə mehriban münasibətinin, birgəyaşayışın və tolerantlığının ən gözəl nümunəsi idi. Kilsədə edilən dualar mahiyyətcə məscid minarələrindən ucalan dualardan fərqlənmirdi. Dualarda 30 illik həsrətə son qoyan, bizə bu günləri qismət edən yaradana şükür, Vətən torpağına canını qurban edən övladlarına minnətdarlıq, xalqı bir məqsəd uğrunda yumruq təki birləşdirən qətiyyətli rəhbərə təşəkkür və ata-baba ocağına qovuşmanın mənəvi rahatlığı vardı.
Dualar edildi, şamlar yandırıldı. İndi kilsəni müşahidə etmək və tarixin izini sürməyin zamanı idi.
Qeyd edim ki, Azərbaycan ərazisində Alban mədəniyyətinə aid kilsələrin ən qədim tarixi V-VI əsrə dayanır. Hadrutdakı kilsə isə XI-XIII əsrə aiddir. Kilsənin həyətinə daxil olarkən qəbir daşlarını xatırladan, iri və əsasən düzbucaqlı formasında daşlar diqqətimi çəkmişdi. Daşların üzərindəki yazılara işğal dövründə ermənilərin bərpa adı ilə müdaxilə etdiyi, tarixi saxtalaşdırmaq üçün onu erməniləşdirməyə çalışdıqları hiss olunurdu. Yanılmırdım, ermənilər öz əlifbalarından istifadə edərək alban sözlərini yazmağa çalışıb, bu yolla bölgəyə sonradan gəlmə deyil, əvvəldən burada yaşamış kimi görünməyə cəhd ediblər. Kilsənin tarixi və digər təhrif edilmələrlə bağlı Alban-Udi xristian dini icmasının sədri Robert Mobillə söhbətimizdən də bəlli oldu ki, təkcə bu kilsədə deyil, Xocavənd ərazisindəki digər Alban kilsələrində də təhriflər var. Xüsusən simvol və elementlərə müdaxilə, altar hissəsində dəyişikliklər, giriş qapılarının daha hündürləri ilə əvəzlənmələri görünür. Alban kilsə qapıları hündürlüyünün az olması ilə xarakterizə edilir. Bu, kilsəyə girərkən təzim etmək qaydasını gözləmək üçündür. Daha bir erməni barbarlığının nümunəsinə kilsə zənginin asıldığı yerdən qopardılması ilə şahid oluruq.
Hadrutdan sonra Hünərli və Tuğ kəndlərində daha iki kilsəni ziyarət edib, Udi icmasının müqədəs məbədlərini ehtiramla yad etmələrinə şahidlik etdik. Hünərli kəndində yerləşən kilsə ərazisinə görə nisəbətən kiçik olması və arxitekturası ilə fərqlənirdi. Məbədin divarları ucaldıqca mərkəzdən çölə doğru daralırdı, pəncərələri isə xeyli kiçik və hündürdə idi. Bu formada tikiliş kilsədə səsin exo ilə yayılmaması üçün düşünülüb. Həmçinin mərkəz hissədə sağ-sol yanda keşişlərin dua etməsi üçün nəzərdə tutulan kiçik otaqları yerləşir.
Hadrutda kilsənin çöl darvzası sehrli mənzərəsi olan küçəyə açılır. Torpaq yolu olan bir dar küçə təsəvvür edin, hər iki tərəfində sırayla tikilmiş həyət evləri, sıx ağaclarla örtülü əzəmətli sıra dağlar və dağların başındakı əlçim-əlçim bəmbəyaz buludlar. Küçə boyu addımladıqca dağlardan gələn meh üzünə vurur, quşların səsi ruhunu oxşayır. Və bütün bunlar insana, "İlahi, bu gününə çox şükür!", duasını təkrarladır. Qəsəbə, demək olar ki, buna bənzər enişli-yoxuşlu küçələrdən ibarətdir. Mərkəzi küçələrdə evlərin daha çox, nisbətən kənar küçələrdə isə az olduğunu müşahidə edirdim. Burada bütün küçələrdə meyvə ağacları, enliyarpaq, həmişəyaşıl ağacları görmək olar.
Yaradılışdan belədir, bütün canlılar hər zaman doğulduğu, boya-başa çatdığı, yaşadığı yuvasını tikib-qurur, gözəlləşdirir. Sonradan buralara köçürülən, tarixi saxtalaşdırmağa əl atan, azərbaycanlıları el-obasından didərgin salan, 30 ildir işğalçı siyasət yürüdən ermənilərin Hadrutda yaşadıqları evlərdə isə bu gözəlliyi görmədim. Evlərin damı, darvazası, qapısı, hətta içəridəki əşyalar olduqca nimdaş idi. Əgər mənfur düşmən özünü buraların sakini hesab etsə, yəqin buna diqqət yetirərdi. Demək, bir gün torpaqların əsl sakinlərinin geri dönəcəkləri gerçəyini hamıdan yaxşı elə ermənilər dərk edirdilər.
Vətən müharibəsi zamanı Hadrut uğrunda bir neçə gün şiddətli döyüşlərin getdiyini bilirik. Yazımın əvvəlində müharibə izlərinin dağılan evlərdə, divarlarda göründüyünü qeyd etmişdim. Küçələrdə gəzişdikcə ikimərtəbəli bir ev diqqətimi çəkdi. Nədənsə, biixtiyar o evə daxil olub baxmaq istədim. Darvazanı açanda düşünürdüm ki, görəsən, 30 il öncə bu ev hansı azərbaycanlıya məxsus olub, hansında yaşayıb, qonşuluq edib, şad günlərini qeyd ediblər. İstənilən halda, əgər bir məkana girəndə səni ora bağlayan hər hansı bir duyğu hiss etmirsənsə, demək, ora aid deyilsən.
Ancaq bu evlərdə gəzəndə qətiyyən erməni ruhu hiss etmirdim. Sanki bu yerlərdə 30 il öncə dayanmış zaman indi yenidən çalışmağa başlamışdı. Yuxarı mərtəbəsinin eyvanından mənzərəsi dağlara açılan bu evdə, erməni mənəviyyatı üçün müqəddəs anlayışının olmadığını bir daha duydum. Nəinki bu evdə, daxil olduğum o biri evlərdə də mənzərə eyni idi. Tankları qoyub, unitaz aparan ermənilər, müqəddəs saydıqları dini, tarixi kitabları, fotoalbomları, hətta buraların Azərbaycan ərazisi olduğunu sübut edən doğum haqqında şəhadətnamələrini də qoyub gediblər. Halbuki onları qovan, işgəncə edən, əsir götürən bir ordu yox idi qarşılarında... Ən maraqlısı "Böyük Ermənistan" xülyası ilə Azərbaycanı bütünlükdə Ermənistanın tərkibində göstərdikləri uydurma xəritəni də atıb getmişdilər. Demək, sərsəm erməni xülyasının sonu yurdun sahiblərinin addım səsi eşidilənə qədər imiş.
Zaman yetişirdi. Baxmağa və hiss etməyə doymadığımız Vətən torpağına bir neçə saatlıq ziyarətimiz yekunlaşdı. İndi növbəti istiqamətə irəliləmək vaxtı idi. Təbiətinə heyran qaldığım, hər halıyla Azərbaycan olan Hadruta bir də baxıb sağollaşdım. Həm də yenidən gəlmək və döyəcəyim istənilən qapıdan, "El-obamıza xoş gəlmisən!" sədasını duymaq arzusu ilə sağollaşdım. İstiqamət Qarabağ silsiləsinin ətəyində yerləşən və hər halıyla tarix qoxuyan Tuğa idi.
Ardı var...
Fotolar: Pəri Arifqızı
Qeyd: Material "525-ci qəzet"dən götürülüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin