Ebru sənəti orta əsrlərdən bəri insanın təbiətlə yaratdığı harmoniyanın ən təsirli nümunələrindən biri kimi bu günə qədər yaşayır. Bu sənətin mahiyyəti su və torpaqdan – yəni təbiətin iki əsas ünsüründən qaynaqlanır. Ebrunun yaranma prosesi tamamilə təbii maddələr üzərində qurulduğuna görə bu sənət növü çox vaxt “təbiətin vəhdətindən doğan sənət” kimi xarakterizə olunur.Rənglər təbii mineral və torpaq boyalardan hazırlanır, su isə bitki mənşəli maddələrlə qatılaşdırılır. Torpaqdan hazırlanan boyalar mərmər üzərində 4-5 saatadək əzilir. Hazırlanan suyun üzərində boyalar səmərəli şəkildə yayılır, öküz ödü isə rənglərə həm şəffaflıq verir, həm də onların bir-birinə qarışmasının qarşısını alır. Ömrünün 51 ilini ebru sənətinə həsr etmiş məşhur ebru sənətçisi Hikmət Barutçugilin vurğuladığı kimi: “Ebru, rəssamlıq, musiqi, memarlıq kimi sənətlərin əsas başlanğıc hissəsidir. Belə ki, düzgün üsul və boyadan istifadə etdikdə, ərsəyə gələn əsər valehedici olur”.
Ebru sözünün mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur: Çağatay dilində “əbrə” – bulud topaları, farsca “ebri” – buludvari, “ab-ru” – suyun üzü mənasını verir. Bu etimoloji müxtəliflik də sənətin coğrafi tarixinin dəqiq müəyyən edilməsinin çətinliyini göstərir. Bir çox tədqiqatçı ebrunun ilkin izlərini Hindistan və ya İranla bağlayır, digərləri isə onun Orta Asiya, xüsusilə Türkmənistan və Buxara bölgəsində formalaşdığını irəli sürür. Bununla belə, sənətin sistemli şəkildə inkişaf etməsi, ustad-şagird ənənəsi ilə zərifləşməsi və zirvə mərhələsinə çatması məhz Osmanlı mühitində baş verir. XVI əsrdə, xüsusən Çaldıran döyüşündən sonra bir çox ebru ustasının Osmanlı dövlətinə aparılması bu sənətin orada yayılmasına ciddi təsir göstərmişdir.
Osmanlı dövləti ebrunu həm estetik, həm də praktik məqsədlər üçün geniş istifadə edirdi. Ebru ilə bəzədilmiş kağızlar dövlət sənədlərində saxtalaşdırmanın qarşısını almaq üçün tətbiq edilirdi, çünki ebru naxışını eyni şəkildə təkrarlamaq mümkün deyildi. Diplomatik məktublar, kitab cildləri, əlyazmalar və müxtəlif sənədlər bu incə sənət nümunələri ilə bəzədilirdi. Ticarət və diplomatik əlaqələr vasitəsilə ebru kağızları Avropaya yayıldı və burada “türk mərmər kağızı” kimi tanındı. Avropada intibah dövründən başlayaraq, xüsusilə XVII əsrdə kitab bağlama sənətində ebru kağızlarına böyük maraq yarandı.
Ebrunun texnikası onun ruhunda gizlənən dərinlikləri əks etdirir. Boyalar suyun sakit səthinə damcılanır, onun üzərində öz-özünə açılan dalğavari formalar yaradır və sənətkar bu formaları fırça, daraq və ya bənzər alətlərlə yönləndirir. Yaranan naxışlar heç vaxt eyni olmur – hər biri təbiətin təsadüfi harmoniyasının bir anlıq izidir. Su üzərində yaranmış bu canlı təsvir kağıza köçürüldüyü anda öz təbəddülatlı həyatını itirərək sabit bir sənət əsərinə çevrilir. Bu baxımdan ebru həm xaosun, həm nizamın, həm də sonsuzluğun birləşdiyi metaforik bir sənət kimi dəyərləndirilir.
Sənətin terapiya baxımından da mühüm təsiri olduğu düşünülür. Su ilə işləmək, rənglərin yavaş-yavaş açılan hərəkətini izləmək, fırçanın suda yaratdığı zərif dalğaların şahidi olmaq insanı sakitləşdirir, stressi azaldır, zehni boşaldır. Bu səbəbdən ebru müasir dövrdə art-terapiya vasitəsi kimi geniş tətbiq edilir. Uşaqlarla aparılan terapiyalarda ebru kağızlarından oriqami fiqurları hazırlanır, bunun vasitəsilə azyaşlıların sensor və nitq bacarıqlarının inkişafına kömək göstərilir. Mineral boyaların təbii strukturu – kristal quruluşu, şəffaflığı, işıqla harmoniyası – göz yorğunluğu yaratmaması ilə də terapevtik təsiri gücləndirir.
Ebru sənəti tarix boyunca müxtəlif üslublar formalaşdırmışdır: batal ebru – müdaxiləsiz, təməl mərmər naxışı; bülbül yuvası – spiralvari dairələr; şal ebru – dalğalı, axıcı xətlər; daraqlı ebru – daraqla çəkilən paralel təsvirlər; hatib ebru – XVII əsr ustası Hatib Məhəmmədin yaratdığı çiçəkvari naxışlar və başqa növlər. Bu çeşidlilik sənətin həm intuitiv, həm də texniki baxımdan zənginliyini göstərir.
Xəttatlıqda da ebru sənətinin rolu və əhəmiyyəti böyük olub hər zaman. Məlumdur ki, xəttatlıq çox yüksək zövq və səbr tələb edən sənətdir. Ebru ənənəvi olaraq xətt əsərlərinin arxa planı üçün hazırlanırdı. Bu xüsusiyyətlərə görə –rənglərin yumşaqlığı və axıcılığı, naxışların təbii harmoniyası, yazının estetik vurğulanması kimi ebru fonu seçilirdi. Xüsusilə, “Şikəstə”, “Sülüs”, “Nəsx”, “Talik” kimi yazı növləri ebru fonunda çox ahəngdar görünür. Bəzi ustad xəttatlar ebru fonlarını xüsusi olaraq yazının məzmununa uyğun hazırlayırdılar. Məsələn, dini mətnlər üçün daha sakit, təvazökar rənglərin seçilməsini məqsədəuyğun hesab edirdilər. Xəttatlıqda ebrudan istifadə yalnız estetik bir seçim deyil; iki qədim sənət növünün bir-birini tamamlamasıdır. Ebru əsərin ruhunu yumşaldır, yazını gözəlləşdirir və əsərə unikal xarakter verir.
XX əsrin əvvəllərində sənət sənaye inkişafı səbəbilə unudulmağa doğru getsə də, türk rəssamı Nəcməddin Okyay onu yenidən dirçəldərək müasir dövrə gətirməyi bacarır. Bu gün ebru dünya miqyasında məşhurdur və 27 noyabr 2014-cü ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun dəyərini bir daha təsdiqləmişdir. Müasir dövrdə ebru yalnız kağızda deyil, tekstil sənayesində, dekorativ panolarda, hədiyyə qablaşdırmalarında və moda sahəsində də tətbiq olunur.
Nəticə etibarilə, ebru yalnız rənglərin su üzərində rəqsindən ibarət deyil. O, təbiət və insan arasındakı harmoniya, əsrlərin içindən süzülüb gələn mədəni miras, eyni zamanda, ruhu sakitləşdirən bir yaradıcı prosesdir. Hər bir ebru əsəri təbiətin bir anlıq nəfəsini özündə donduran, təkrarolunmazlıq və dərinlik daşıyan bir sənət nümunəsidir. Ebru – insanın daxili aləminin, duyğularının və düşüncələrinin yaradıcı şəkildə ifadəsidir. Bu səbəbdən ebru həm keçmişə, həm bu günə, həm də gələcəyə toxunan nadir sənət formalarından biri olaraq qalır.
Sənətşünas, Sədaqət Zaurqızı





Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








