Aqiyə Naxçıvanlı
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Siyasi elmlər doktoru, professor
Ümummilli lider Heydər Əliyevin doğum günü artıq çoxdan bəri sözün həqiqi mənasında milli birliyi və milli həmrəyliyi təcəssüm etdirən ümumxalq bayramına çevrilib.
Lakin məhz bu gün Azərbaycan xalqı ölkəmiz üçün bu taleyüklü hadisəni böyük sevinc və fərəhlə qeyd edir. Ümummilli lider Heydər Əliyevin doğum günü Vətən müharibəsində Azərbaycanın müzəffər Qələbəsi, Qarabağ torpağının erməni işğalçılardan azad edilməsi ilə bir vaxta düşür.
Biz ümummilli lider Heydər Əliyevin nurlu xatirəsi qarşısında milli ruh yüksəkliyi şəraitində baş əyirik. Ümummilli lider Heydər Əliyevin şərəfinə son 30 ildə ilk dəfə erməni təcavüzündən azad edilmiş torpaqlarda çoxdan gözlənilən bayram yaylım atəşi səslənəcək. Toplardan açılan yaylım atəşi ilə ölkəmizin və onun mədəni paytaxtı olan Şuşanın səmasının işıqlanması dahi atanın layiqli oğlu, Prezidentimiz İlham Əliyevin verdiyi vədin – “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözlərinin təsdiqi olacaq.
Dünya tarixində çoxsaylı faktlar sübut edir ki, əgər xalq öz iradəsi ilə qələbəyə can atmasa, xalqın əvəzinə heç kəs bunu etməyəcək – nə dövlət rəhbərləri, nə də xüsusən vasitəçilər. Lakin təkcə xalqın istəyi, hətta bu istək çox güclü olsa belə kifayət deyil. Bundan ötrü böhranlı məqamda milləti birləşdirməyə, strateji sektorları birbaşa öz nəzarətinə götürməyə, ordunu möhkəmləndirməyə, dövlətin gəlirlərini artırmağa, iqtisadiyyatı dirçəltməyə qabil olan güclü və zəkalı lider lazımdır.
Ölkəmizin hər bir sakininə məlumdur ki, Azərbaycan dövlətçiliyinin başı üstünü qara buludlar alanda, ən mürəkkəb qarşıdurmaların qızğın vaxtında xalq ümummilli lider Heydər Əliyevi köməyə çağırdı və o, ölkəyə rəhbərliyi öz üzərinə götürdü. Bizim öz taleyimizi, ölkəmizin taleyini yalnız Heydər Əliyevə etibar etməyimiz üçün hər cür əsas vardı. Zaman göstərdi ki, Azərbaycan xalqı nəinki həmin təhlükəli anda, həm də öz suveren dövlətimizin inkişafının strateji perspektivi üçün yeganə düzgün seçim etmişdi. Bu seçim gənc müstəqil respublikamız üçün həqiqətən taleyüklü qərar oldu. Heydər Əliyev XX əsrin iki fundamental anlayışını – “millət” və “şəxsiyyət” anlayışlarını praktikada vahid Ümummilli Lider anlayışı şəklində birləşdirməyə nail oldu.
Milli liderliyin mahiyyəti millətə dövlətin real strateji inkişaf kursunu təklif etmək və vətəndaşları həmin kursun gerçəkləşməsi üçün sıx birləşmək lazım olduğuna inandırmaq bacarığıdır. Ümummilli Liderin siyasi kursu Azərbaycan cəmiyyətinin sıx birləşməsinə yönəlmişdi. Bu, öz torpağının işğal edilmiş hissəsi üzərində suverenliyin bərpa edilməsi uğrunda mübarizə aparan ölkədə tamamilə təbii proses idi. Heydər Əliyevdən ötrü dövlətin ərazi bütövlüyü problemi təkcə konstitusion-siyasi və beynəlxalq aspektləri deyil, həm də millətin özünə hörməti kimi mənəvi məsələni ehtiva edirdi. Ümummilli lider Heydər Əliyev bizdə milli ləyaqət, milli qürur hissi tərbiyə edib, Prezident İlham Əliyev isə bu hissi böyük Qələbə səviyyəsinə qaldırıb.
Heydər Əliyevə xas olan məqsədyönlülük, müdriklik, cəsarət və uzaqgörənlik vətəndaş qarşıdurması üçün hər hansı ilkin şərtləri ən qısa müddətdə aradan qaldırmağa imkan yaratdı. Ümummilli lider Heydər Əliyev əsas diqqəti dövlətin ərazi bütövlüyünün bərpa edilməsi, millətin özünü tam reallaşdırması üçün şərait yaradılması, müstəqil və uğurlu inkişaf yolunu davam etdirmək uğrunda mübarizəyə yönəldirdi. Burada biz tamamilə haqlı olaraq təkcə Heydər Əliyev siyasi fenomeni barədə deyil, ölkənin taleyini Azərbaycan xalqının əzəli dəyərləri ruhunda tərbiyə edilmiş ideya həmməsləkinə etibar etmiş Ümummilli Liderin vətəndaş Hünəri barədə danışa bilərik. Oğlunun uşaqlıq illərindən onun mənəvi mövqeyinin təməlini formalaşdırmış atanın vətəndaş Hünəri belə bir müdrik kəlamla ifadə edilir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il yanvarın 14-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı – bu hərbi qələbə onun dahi atasının mənəvi kredosunun qaynaqlarını üzvi şəkildə əks etdirirdi. Birinci vitse-prezident Mehriban Əliyevanın İnstaqram sosial şəbəkəsindəki rəsmi akkauntunda dərc edilmiş videoyazıda Prezidentimizin bu sözlərini eşidəndə gözlərimiz qürurla yaşarır, hər birimiz sevinc və eyni zamanda, nurlu kədər hissləri yaşayırdıq: “Baxın, Günəş də çıxdı. Günəş də bizi salamlayır, yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda, mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur. Bu yol heç vaxt olmayıb. Qəhrəman hərbçilərimiz bu ərazilərdən keçib. Biz isə cəmi iki ay ərzində bu yolu açmışıq. Azərbaycan vətəndaşları Şuşaya rahat gedəcəklər”.
İlham Əliyev iyirmi yaşlı bir gənc ikən atası ilə bərabər Azərbaycanın böyük şairi Xurşidbanu Natəvanın büstünün açılış mərasimində iştirak etməsini, Natəvan bulağına getməsini xatırlayırdı. Sovet Azərbaycanının rəhbəri, Sov. İKP MK Siyasi Büro üzvlüyünə namizəd Heydər Əliyev şairin abidəsinin açılışı münasibətilə şəxsən Şuşaya gəlmişdi. Sovet dövründə belə bir hərəkət etməyə yalnız çox güclü, özünə inanan insan cəsarət edə bilərdi. O, sadəcə oğluna deyil, ideya və mənəvi varisinə nümunə göstərirdi. Heydər Əliyev hakim partiya üçün sosial baxımdan yabançı bir şəxsiyyətin abidəsini açırdı, çünki Xurşidbanu Natəvan Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı, Azərbaycanın ən qüdrətli xanlarından biri olmuş İbrahimxəlil xanın nəvəsi idi!!! 39 ildən sonra İlham Əliyev Şuşaya müzəffər Ordunun Ali Baş Komandanı kimi qayıtdı. 44 günlük müharibə dövründə hər gün irəli gedən bu ordu qələbə qazandı və 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Şuşanı azad etdi.
Ümummilli lider Heydər Əliyevin vətəndaş Hünəri və böyük xidməti ondan ibarətdir ki, o, müasir dünyanın çağırışlarına müvafiq oriyentirləri tamamilə müstəqil və yaradıcı şəkildə inkişaf etdirməyə qabil olan, xalq ruhuna sədaqəti qoruya bilən varis tərbiyə edib və onu mənəvi cəhətdən formalaşdırıb.
Ermənilər bizim abidələrlə ibtidai icma dövrünün vəhşiləri kimi rəftar ediblər. Ümummilli Lider bizim böyük həmvətənlərimizin - Natəvanın, Üzeyir bəyin, Bülbülün büstlərini ermənilərdən pulla almaq üçün müvafiq tədbirlər görüb. Prezidentimiz İlham Əliyev vəd edib ki, Şuşa düşməndən azad ediləndən sonra biz həmin təhqir olunmuş büstləri bərpa edib əvvəlki yerinə qoyacağıq. O, sözünün üstündə durdu və artıq işğaldan azad edilmiş Şuşada həmin büstlərin qoyulmasında şəxsən iştirak etdi - vaxtilə atasının etdiyi kimi. Azərbaycanın mədəni paytaxtı Şuşada bayram atəşfəşanlığı bu gün həm xalqımızın mədəniyyətini, həm də milli ruhumuzun gücünü, ordumuzun qüdrətini təcəssüm etdirən, Qələbəmizin mədəni rəmzlərini – Natəvanın, Üzeyir bəyin və Bülbülün büstlərini də işıqlandıracaq.
Heydər və İlham Əliyevlərin ölkəmizin ərazi bütövlüyünü bərpa etməyin siyasi və hərbi imkanlarını müzakirə etmək üçün neçə yuxusuz gecə keçirdiyini biz - sıravi vətəndaşlar yalnız güman edə bilərik. Bu ata və oğulun xalqımıza, ölkəmizə və uşaqlarımızın gələcəyinə görə məsuliyyət yükünü öz üzərinə götürərkən necə götür-qoy etdiklərini yalnız təsəvvür edə bilərik. Əslində, başqa cür ola da bilməzdi, çünki ölkə qarşısında, onun hər bir vətəndaşı qarşısında mənəvi məsuliyyət Heydər Əliyev siyasi fenomeninin səciyyəvi xüsusiyyətlərindən biri idi.
Əzəli milli ərazisinin bir qismi xarici qüvvələrin işğalı altında olan hər bir dövlət, əlbəttə, özünün bütün siyasi səylərini ərazi bütövlüyünün bərpasına yönəldəcək. Ümummilli Lider Azərbaycanın yeni siyasi kursunun təməlini qoyub. Bu kurs lap əvvəldən bu günə qədər mövcud siyasi şəraitə adekvatdır, yəni sabit, davamlı və müəyyəndir. Şübhəsiz, bu cür ölçülüb-biçilmiş daxili və xarici siyasət ölkəmizin hüdudlarından kənarda çoxlarını qıcıqlandırır. Lakin məhz ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən bu kurs Azərbaycan dövlətinin milli maraqlarına və inkişaf hədəflərinə uyğundur.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yaratdığı dəmir yumruq erməni ordusunu sarsıtdı, biabırçı şəkildə kapitulyasiya edən təcavüzkar diz çökdü və yaxın vaxtda, bəlkə də heç vaxt baş qaldıra bilməyəcək. Hərbi Qənimətlər Parkında olanlar bizim ordumuzun gücünü, bizim iradəmizin gücünü və qələbəyə necə çətinliklə nail olduğumuzu görüblər.
Vətən müharibəsinin hər günündə həm panikaya düşmüş Ermənistan, həm də dünya liderləri başa düşürdülər ki, Prezident İlham Əliyev yüksək dərəcədə savadlı, özünə güvənən liderdir, onun tərəfdar olduğu dəyərlər Azərbaycanın gələcəyini müəyyən edir. İlham Əliyev Vətən müharibəsində Qələbə şərəfinə hərbi paradda çıxış edərkən deyib: “Əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq. İndi isə bizim üçün yeni dövr başlayır - quruculuq dövrü”.
Bu gün erməni işğalından azad edilmiş ərazilərin qarşısında geniş perspektivlər açılır. Bərpa prosesini şəxsən nəzarətə götürmüş Prezident İlham Əliyevin fəal və ölçülüb-biçilmiş siyasəti bu ərazilərin innovasiyalı inkişafına zəmanət verir. Ümummilli lider Heydər Əliyevin bütün həyatını həsr etdiyi Azərbaycan xalqı Prezidentin bu missiyasını dəstəkləyir. Quruculuq həmişə Heydər Əliyevin siyasi liderliyinə xas olub.
Bizim Prezident haqlı olaraq özünü xoşbəxt insan hesab edir, çünki o, öz dahi atasının vəsiyyətlərinə əməl edib – erməni təcavüzkarları qovub və Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Belə düşünməyə hər cür əsas var ki, Heydər Əliyev də özünü xoşbəxt ata hesab edirdi, çünki o, sadəcə layiqli oğul deyil, həmməslək, varis tərbiyə edib. 2003-cü ilin oktyabr ayında, növbəti prezident seçkilərindən bir qədər əvvəl Ümummilli Lider özünün prezidentliyə namizədliyini öz varisi İlham Əliyevin xeyrinə geri götürdü. Öz dahi atasının xatirəsinə layiqli varis olan İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixinə gələcəyin güclü ordusunu, XXI əsr ordusunu yaratmış lider kimi düşüb. Azərbaycan həmrəylik və sabitlik şəraitində, kəskin dönüşlər və sarsıntılar olmadan dünyanın aparıcı və qabaqcıl ölkələri sırasına sürətlə daxil olub.
İşğal dövründə düşmən bizim azad edilmiş ərazilərimizdəki dini abidələri məhv edib, 67 məscidi dağıdıb və ya yararsız hala salıb. Rəmzi faktdır ki, məhz Heydər Əliyev Fondu bizim tarixi-dini abidələrin bərpa edilməsi missiyasını öz üzərinə götürüb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva işğaldan azad edilmiş Qarabağda müqəddəs ziyarətgahların yerli və xarici mütəxəssislərin iştirakı ilə bərpa edilməsi və yenidən qurulması üzrə geniş fəaliyyətə başlayıb. Ağdam Cümə məscidinin əsaslı təmiri və bərpası işlərinə artıq start verilib, eyni vaxtda Şuşa məscidləri də bərpa ediləcək. Ümummilli lider Heydər Əliyevin ruhu şad olacaq – Şuşa və Ağdam məscidlərində azan səsi eşidiləcək. Şəhidlərimizin ruhu şad olacaq – bizim məscidlərdən azan səsləri eşidiləcək.
Heydər Əliyev hər cəhətdən – öz duyğularında, fikirlərində, sözlərində, əməllərində böyük insan idi. Öz ölkəmizə görə qürur hissi oyadan, bizə etibarlı dayaq olan dahi şəxsiyyətin nurlu xatirəsi Azərbaycanı sevən hər kəsin qəlbində əbədi yaşayacaq. Ümummilli lider Heydər Əliyevin layiqli varisi, Prezidentimiz İlham Əliyevin dediyi kimi, dəmir yumruq bizim birliyimizin rəmzidir: “Bu gün Azərbaycan xalqı vahid yumruq kimi sıx birləşib! Bu, həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik gələcəkdə də bütün məsələləri yerinə yetirməyimizə imkan verəcək!”
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin