
Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
-Rəşad Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda Rəşid və Mətanət Quliyevlərin ailəsində anadan olub. Əslən Quba rayonundan idi. 1990-1998-ci illərdə Xətai rayonunda A. Xəlilov adına 263 nömrəli tam orta məкtəbdə, 1998-2000-ci illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Dərya və İnci adında 2 qızı yadigar qalıb.Rəşad Quliyev ali hərbi təhsilini bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgələrində yerləşən hərbi hissələrində xidmət edib.
Rəşad Quliyev 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə iştirak edib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş yoldaşları tərəfindən Canavar ləqəbini qazanıb. Rəşad Quliyev oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
-Vətən layihəsi komandası olaraq şəhid polkovnik-leytenant Rəşad Quliyevin ailəsi ilə həmsöhbət olmaq üçün onlara yollandıq:
-Vətən uğrunda canını fəda etmiş qəhrəmanlardan biri, şəhid polkovnik-leytenant Rəşad Quliyevin evinə gedirik. Hər addımımda düşünürəm ki, o, evdə bir zamanlar Vətənin igid oğlu yaşayıb, evin divarları onun səsini, gülüşünü eşidib. Hava tutqun idi, külək asta-asta əssə də sanki birazdan fırtına qopacaq kimi hiss edirdim. Səndemə içimdəki hüzn havaya qarışmışdı. Evin qapısına çatanda bir anlıq durdum. Daha sonra qapı açıldı. Qarşımda gözlərində qüssə dərinləşmiş bir ağsaçlı qadın dayanmışdı. Onun baxışlarında o qədər söz vardı ki, danışmağa ehtiyac qalmırdı. Şəhidimizin əziz anası Mətanət xanım Quliyeva bizi oğlundan yadigar qalan, xatirələrin toplandığı otağa dəvət etdi. Gözüm divardan asılmış şəkillərdən birinə diqqətlə sataşdı. O şəkildə gülümsəyən polkovnik-leytenant Rəşad Quliyev baxırdı-həyat dolu, məğrur, əzmli. Bu, baxışlar evin kədərinə sanki işıq saçırıdı. Evin hər guşəsində onun varlığını hiss etmək mümkün idi. Divarda asılmış hərbi forması, medal və ordenlər, bir kənarda diqqətlə saxlanılan fotoşəkillər də vardı. Mətanət xanım baxışlarında həm fəxarət, həm də övlad həsrəti daşıyırdı...Biz də şəhidimizin anası ilə söhbətimizə elə burada başladıq.
-Şəhidimizin anası oğlu ilə bağlı xatirələrini bölüşərək onun qayğıkeş, mərhəmətli, cəsur, igid bir övlad olduğunu bildirdi:
-Rəşadım çox sakit təbiətli, ağıllı, tərbiyyəli, qayğıkeş, məğrur, mərd uşaq olub. Uşaqlıqdan böyüyənə kimi məni və bacılarını həmişə diqqətdə saxlayardı, bizə xüsusi qayğı göstərərdi. Çox qonaqpərvər idi. Gələn-gedənləri çox sevərdi. Qayğıkeş idi. Məni qucaqlayıb, öpər, könlümü oxşayardı. Çox fədakar oğul, fədakar qardaş olub. Kənardan sakit göründüyü qədər eyni zamanda içində daim nələrsə daşıyırdı. Xüsusilə Novruz bayramını hədsiz çox sevərdi. Çünki bu bayramlarla adət-ənənələrimizi yaşadırıq. Rəşad da milli dəyərlərimizi, adətlərimizi, bayramlarımızı hədsiz çox sevərdi. Rəşadın iki qız övladı, gözəl nəvələrim Dərya və İnciyə onun istəyi ilə yuxayayan, dördayaq almışdım. O vaxt Rəşad çox sevinmişdi ki, bax qız belə olar. Novruz bayramında paxlavanı çox sevərdi. Ona görə də paxlava çox bişirərdim. İndi artıq paxlava bişirməyə əlim gəlmir, heç boğazımda da keçmir. İnsanlara xoş, gözəl sözlər söyləmək Rəşadı xoşbəxt edirdi. Etikadan kənar heç bir davranışı olmazdı. Həmçinin bədii kitablar oxumağı, onları başqaları ilə paylaşmağı sevərdi. Onun Sahil Hüseynov adında kursant dostu vardı. Cəbrayıl rayonundan idi. 14 yaşından uşaqlıqları bir yerdə keçmişdi ta Ali hərbi məktəbi bitirənə kimi. Məzun albomuna arzular yazanda Rəşad Sahilə yazmışdı ki, “Bizim ən böyük arzumuz Qarabağı işğaldan azad etməkdir”. Hətta müharibə vaxtı Sahilin atasına zəng edərək bildirmişdi ki, “Cəbrayılın 9 kəndini almışıq, irəlidə yaxşı xəbərlərimiz olacaq”. Amma balam elə Cəbrayılda qəhrəmancasına şəhid oldu.
-Mətanət xanım bildirdi ki, Rəşadın atası ona hərbçi olmağı vəsiyyət edib:
-Hərb sənətini özüm də sevmişəm. Əmim də hərbçi olub. Qismət elə gətirdi ki, həyat yoldaşımın vəfatına üç gün qalmış sanki, dilimə gəldi ki, yoldaşıma sual verim. Rəşid, Rəşad gələcəkdə kim olsun istərdin? Dedi ki, hərbçi. Soruşdum ki, bəs niyə hərbçi? Məgər sənin sənətin pisdir? Atası Texniki institutun avtonəqliyyat fakültəsini bitirmişdi. Dedi yox, mənim də sənətim yaxşıdır. Amma bir oğulun hərbçi kimi yetişməsi o deməkdir ki, əsl kişi kimi qorxmaz, hünərli, mərd olur. Vətənə, ailəyə sadiq olur. Həyatın bütün çətinliklərindən keçir. Əsl cəngavər kimi vətənpərvər olur...Bəzən Rəşada sual verirdim ki, ana qurban, hərbi sənin ürəyincədirmi? O, cavabında bunları dedi: “Düzdür, əvvəllər Naxçıvanski liseyində oxuyanada, məktəbin damına çıxıb kövrəlirdim. Axı ordan bizim binamız görsənirdi. Öz-özümə fikirləşirdim ki, görəsən indi evdəkilər nə edirlər. Sonra deyirdim ki, yox, bu qədər kövrəlmək lazım deyil. Mən atamın vəsiyyətini yerinə yetirməliyəm”.
-Şəhidimizin anası, polkovnik-leytenant Rəşad Quliyevin həyat və cəbhə yolundan da danışdı:
-Oğlum polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyev 1998-ci ildə C. Naxçıvanski adına Hərbi Liseyə sənədlərini verib, yüksək bal topladığına görə liseyin II kursuna qəbul olub. Hərbi liseyi uğurla başa vurduqdan sonra, 2000-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub, oranı yüksək qiymətlərlə bitirib və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici olub. Rəşad, 2005-ci ildə Vətənə xidmət etmək üçün cəbhə bölgəsinə yola düşüb və ömrünün 16 ilini səngərlərdə, cəbhə xəttində vətənin keşiyində dayanaraq keçirib. Xalqına və dövlətinə layiqli bir zabit olub. O, motoatıcı idi, lakin xidmətinin çox hissəsini kəşfiyyata həsr edib. O, zaman-zaman düşmən tərəfinə keçərək onlara lazımı zərbələr endirib, yaxud mühüm məlumatlar toplayaraq geri dönüb. Rəşad Quliyev ölümə meydan oxuyan cəsur oğullardan idi.
-Şəhidimizin anası, polkovnik-leytenant Rəşad Quliyevin əsgərlərinin onun haqqında söylədiyi fikirləri bizimlə bölüşdü:
- Harami düzündə xidmət edərkən əsgərləri danışırdı ki, “ermənilər onun üçün postumuza kiçik basqınlar edər, lakin peşman geri qayıdardılar. O, mərdlik simvolu idi. Tənbəllik edən əsgəri sözlə elə başa salırdı ki, həmin əsgər 180 dərəcə dəyişirdi – yaxşı mənada. Hər zaman postlara gələndə bizimlə bərabər səngərləri gəzər, qarşımızdakı düşmən mövqeləri haqqında bizə məlumat verərdi. Əsgərlərini çox sevən, igid, cəsur bir qəhrəman oğul idi. Rəşad Quliyev, həmişə haqlı qərarları ilə seçilən bir şəxsiyyət olub”.

-Şəhidimizin anası Rəşad Quliyevin əsgərlərinə olan sevgisi və qayğısından da danışdı:
-Əsgərləri tərxis olunanda qurban kəsib onlara ziyafət verər, “Bu ilki əsgərlərimi də sağ-salamat yola saldım” deyərdi. Polkovnik-leytenant Quliyev Rəşada pul mükafatları veriləndə əsgərlərini sıraya düzərək onların ehtiyaclarını qarşılayardı. Hamamları olmadığı üçün öz şəxsi vəsaiti ilə əsgərlərinə hamam da tikdirmişdi.
-Mətanət xanım, oğlu Rəşad Quliyevin hərbidə göstərdiyi fədakarlığı, qəhrəmanlığı, qorxmazlığı və şücaətinin dillər əzbəri olduğunu qeyd etdi:
-Rəşadım 2007-ci ildə, Füzuli istiqamətində baş leytenant olduğu vaxt düşmən tərəfindən törədilmiş təxribatın qarşısı alınarkən xüsusi qəhrəmanlıq göstərib. Düşmənin çoxlu sayda canlı qüvvəsini, hətta alayın qərargah rəisi olan polkovnik-leytenantını məhv edib. Bununla əlaqədar Rəşad Quliyevə Müdafiə Nazirliyinin müvafiq əmri ilə hərbi rütbə verilib O, kəşfiyyatçılarla birgə Murovdağ silsiləsindəki yüksəkliklərin azad edilməsində, Lələtəpə döyüşlərində böyük rol oynayıb. Beyləqanda bir atı var idi. Bir dəfə atı düşmən tərəfə keçib. Atını geri gətirmək istəyəndə əsgərləri ona “Getməyin təhlükəlidir, komandir” dedikdə, Rəşad cavab verib: “Mənim atımı düşmən minə bilməz.” Axşamçağı idi, gördük ki, komandir atının üstündə geri qayıdır. Ona “Qaçaq Nəbi” deyirdilər. Hətta 2016-cı ildə Aprel döyüşlərində, Lələtəpə yüksəkliklərinin alınmasında böyük şücaət göstərdiyi üçün, Rəşadı Fəxri Fərmanla təltif ediblər. Ona “Döyüşçü Rəşad” deyirdilər. 25.02.2017–27.03.2020-ci illərdə Maddi-Texniki Təminat İdarəsinin xüsusi alışlar üzrə baş zabiti olub. Təqaüdə çıxmasına dörd ay qalmışdı. 2020-ci ilin avqustun 3-də təqaüdə çıxacaqdı....
-Mətanət xanım bildirir ki, şəhid polkovnik-leytenant Rəşad Quliyevin ən böyük arzsu Qarabağı işğaldan azad etmək olub:
-Rəşad Maddi-Texniki Təminat İdarəsindən N saylı hərbi hissəyə göndərilib və deyib: “Mən kabinet adamı deyiləm.” O, xəritələri özü çəkirdi. Bir gün Polad Həşimov hərbi hissəyə gəlib, zabitlərdən soruşub ki, bu, xəritəni kim çəkib? Ona “Quliyev Rəşad” deyəndə, Polad Həşimov əlini onun kürəyinə vurub və deyib: “Halal olsun sənə. Gəl Şəmkirə baş əməliyyat rəisi ol, mənimlə işlə”. Rəşad, bu, təkliflə razılaşmağa hazırlaşırdı, lakin general Polad Həşimovun şəhid olması onu dərindən sarsıtdı. “Mən Paşamın qisasını alacağam,” – dedi və elə də etdi. Təqaüdə çıxmadı. O, hələ Heydər Əliyev adına Ali Hərbi Akademiyanı bitirərkən “Məzun” kitabında öz arzusunu yazmışdı: “Bizim ən böyük arzumuz Qarabağı işğaldan azad etməkdir”.
-Oğlu haqqında danışarkən Mətanət xanım qeyd edib: “Rəşad mərdliklə, qəhrəmanlıqla, igidliklə şəhidlik zirvəsinə ucalıb. Vətənə təmənnasız, ürəkdən bağlı idi”.
-Müharibə əmri veriləndə, artıq vəzifə borcunu yerinə yetirmək üçün döyüş bölgəsinə yollanmışdı. Düşmənə ağır zərbələr endirin, bir neçə postunu ələ keçirib, ən çətin döyüşlərdə əsgərlərini xilas edib. O qədər cəsur ürəyə sahib olub ki, hətta özünü təhlükəyə ataraq düşmənin ərzaq anbarına belə girib və əsgərlərini qida ilə təmin edib. Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşub, Cəbrayılın alınmasında böyük qəhrəmanlıq göstərib. 07.10.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl rayonunda aparılan döyüş əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində əsgərlərinə “Dağıl!” komandası verib və qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. Rəşad Quliyev, sağlığında çoxsaylı Fəxri Fərmanlara, medallara və qüsursuz xidmətlərinə görə təltif olunub. Ölümündən sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Qubadlı”, “Füzuli”, “Cəbrayıl” medalları ilə təltif edilib. II Fəxri Xiyabanda dəfn olunub.
-Mətanət xanım, oğlunun şəhid olmasından böyük kədər duysa da, onunla qürur duyduğunu və hər zaman xatirəsini yaşadacağını bildirdi:
- Axırıncı dəfə gedəndə, ona dedim ki, Rəşadım, sən mənim nəfəsimsən. Çalış özünü qoru ki, məni nəfəssiz qoyma. Dedi, “anacan narahat olma, mən təcrübəli zabitəm, mənə heç nə olmaz, inşallah sağ-salamat gələcəyəm”. Əlbəttə, bilirdim ki, bu sözləri məni təsəlli etmək üçün deyirdi. Onu bərk-bərk qucaqladım, bağrıma basdım. Çoxlu öpdüm və getdi. Evə dönəndə gördüm ki, qol saatı yadından çıxıb, qalıb evdə. Dedi ki, gəlib götürərəm. Sən qayıtma balam, mən gətirərəm. Həyətə düşüb saatı ona verdim. Orada da bağrıma basıb çox öpdüm, ayrıldıq.Sanki ürəyimə dammışdı ki, ona nəsə olacaq. Arxasınca dayanıb o tini dönənə kimi baxdım. Bu oğlumla son görüşümüz oldu.
-Qeyd edək ki, 2024-cü il avqustun 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Zəfər Bayramı münasibətilə keçirilən tədbirdə azərbaycanlı şəhid anaları ilə görüşüb. Həmin görüşdə şəhidimiz polkovnik-leytenant Rəşad Quliyevin əziz anası Mətanət xanım da iştirak edib. Prezident Ərdoğan, şəhid analarının əllərini sıxaraq, onların dərdlərini paylaşdığını bildirib. Görüşdın sonra prezident, şəhid ailələri ilə xatirə şəkli çəkdirib.
-Şəhid polkovnik-leytenant Rəşad Quliyev Vətən torpaqları uğrunda canını fəda edərək əbədiyyətə qovuşub. Onun son dəfə anası ilə sağollaşması isə qəlbləri titrədən, yaddaşlardan silinməyən bir an olaraq yadda qalıb. Düzdür, o evin divarları arasında yaşanan xatirələr, hər bir şəkil, hər bir medal bir qəhrəmanlıq hekayəsini danışırdı. Rəşad Quliyevin anasının gözlərində həm fəxr, həm də sonsuz həsrət hiss olunurdu. Əlbəttə, bir tərəfdən insan belə qəhrəmanlar yetişdirən torpağa minnətdar olur, digər tərəfdən isə onların yoxluğu ürəyində dərin kədər yaradır. Şəhidimizin evindən çıxanda başımı qaldırıb göyə baxdım-bəlkə də o, bizi izləyirdi...Bəlkə də vətəni üçün canını fəda etmiş bu igid ruhu ilə torpaqları qorumağa davam edirdi. Mən isə ayaqlarımda bir ağırlıq hiss edərək yola davam etdim, qəlbimdə Rəşad Quliyevin xatirəsinə böyük ehtiramla...Polkovnik-leytenant Rəşad Quliyevin əzizxatirəsini ehtiramla anır, ruhu qarşısında baş əyirik. Qəhrəmanlar unudulmur. Ruhun şad olsun şəhidim!
Fəridə Ağazadə
Jurnalist












Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin