Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Qərib Baxşəliyev 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Nərimanov rayonunda 82 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Qərib Baxşəliyev 1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət edib. 2000-ci ildə Tərtər rayonu istiqamətində Kontuziya alması nəticəsində xidmətini Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib.
Qərib Baxşəliyev 2000-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Taqım Komandiri, 2002-2010-cu illərdə həbi liseyin Tədris Bölüyünün Komandiri, 2010-2014-cü illərdə hərbi liseyin tərbiyəvi işlər bölməsində psixoloq, 2014-2016-cı illərdə isə hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbənin psixoloqu vəzifəsində xidmət edib.
2016-2019-cu illərdə Qərib Baxşəliyev əvvəl Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərb tarixini tədris edib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Qərib Baxşəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının artırılmasında rol oynayıb. Qərib Baxşəliyev noyabrın 3-də Qubadlı rayonu Mərkəzi kəndi istiqamətində şəhid olub. Onun nəşi 32 gün erməni tərəfində saxlanıldığdan sonra II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhid Qərib Baxşəliyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Vətən layihəsi komandası olaraq şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin ailəsi ilə həmsöhbət olmaq üçün onlara yollandıq. Şəhidimizin həyat yoldaşı Gülnarə xanım, qızı Məryəm və oğlu Əhməd bizi böyük sevgi ilə qarşıladılar. İçəri daxil olan kimi qapının düz qarşısında yaşından daha tez böyümüş və əsl kişi xarakterli hələ 7 yaşında olan Əhməd əlini uzadaraq bizimlə salamlaşdı. Gülnarə xanımın qucağında isə bir cənnət mələyi bizə gülümsəyirdi. Bu, gözəl üzlü balanın əlindən öpüb, adının Cənnət olduğunu öyrəndik. Onu da öyərndik ki, Cənnət hələ anasının bətnində olarkən qəhrəman, cəsur, igid atası Qərib Baxşəliyev şəhidlik zirvəsinə ucalıb. Bu xəbərə üzülsək də, amma əminliklə deyə bilərik ki, şəhidimiz cənnətdən yer üzündəki Cənnətini görə bilir. Elə müqəddəs kitabımız olan Qurani-Kərimin Bəqərə surəsinin, 154-cü ayəsində yazıldığı kimi "Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz". Mənəvi ruhumuzu bu gözəl kəlam ilə sakitləşdirib, Gülnarə xanımın dəvəti ilə söhbət edəcəyimiz otağa keçdik və müsahibəyə də burada başladıq.
-Şəhidimizin həyat yoldaşı Gülnarə xanım bildirir ki, Qərib Baxşəliyevin ruhu Vətən sevgisi ilə cilalanmışdı:
-Qərib üç övladlı ailənin son beşik və tək oğul övladı idi. Əslən illərlə düşmən tapdağı altında qalan Laçının Sadımlar kəndindən olsa da, onun kəndlə bağlı yalnız uşaqlıq xatirələri vardı. Vətən torpaqlarının düşmən tapdağında olması Qəribin ürəyində dərin və ağır izlər buraxmışdı. Onun qəlbi, ruhu Vətən sevgisi ilə cilalanmışdı. Laçın həsrətini gözlərindən oxumaq olurdu. Qərib hər zaman hərb sahəsindəki bütün bilik və bacarıqlarını gənc zabitlərlə bölüşərdi, onların əsl vətənpərvər kimi yetişməsi üçün əlindən gələni əsla əsirgəməzdi.
-Gülnarə xanım, şəhid həyat yoldaşı polkovnik-leytenant Qərib Baxşəliyevdən bəhs edərək bildirdi ki, o, nümunəvi ailə başçısı, gözəl ata olub:
-Qərib Baxşəliyev ilə Cəmşid Naxçıvanski adına Hərbi liseydə tanış olmuşuq. O, 2002-ci ildən hərbi liseydə böyük komandir işləyirdi. Mən isə 2006-cı ildən orada dil-ədəbiyyat müəllimi kimi işə başlamışdım. Onun sevgisi, hörməti mənim üçün çox dəyərli idi. Tanışlığımızdan iki il sonra, yəni 2008-ci ildə ailə həyatı qurduq. Bu evlilikdən dörd övladımız var. 2010-cu ildə oğlumuz Əli, 2014-cü ildə qızımız Məryəm, 2017-ci ildə kiçik oğlum Əhməd dünyaya gəliblər. Sonuncu övladımız Cənnət, atasının şəhidliyindən sonra dünyaya gəlib. Cənnət atasını görmədən dünyaya göz açıb. Onunla yaşadığımız hər an bizim üçün unudulmaz xatirədir. Qəribi çox az-az görərdik. Çünki xidməti vəzifəsini, əsgərlərini, kursantlarını çox sevirdi. Həm uşaqlara, həm ailəyə, həm əsgər və zabitlərinə qarşı çox qayğıkeş olub. Ən az boş vaxtını belə uşaqlarına həsr edərdi. Qərib işində çox məsuliyyətli, ciddi, intizamlı komandir olub. Qərib Baxşəliyevin adı gələndə hamı ayağa qalxardı. Hətta kursantları deyirdilər ki, Qərib Baxşəliyev bizə ata kimi olub. Bununla bərabər həmçinin çox tələbkar zabit olub. Bu gündə onun adı gələndə hamı sayğı və sevgi əlaməti olaraq ayağa qalxır. Əlbəttə ki, bu gün yeganə təsəllim övladlarımdır. Onları Qərib Baxşəliyevin adına layiq şəkildə böyütməyə çalışıram. Qızımız Məryəmin həkim ola biləcəyini deyirdi. Qərib, 15 il hərbi liseydə çalışıb daha sonra təyinatı üzrə üç il Naxçıvanda fəaliyyətini davam etdirib.
-Həyat yoldaşı ilə sonuncu dəfə noyabrın 2-də əlaqə saxladığını deyən Gülnarə Baxşəliyeva noyabrın 4-də Qərib Baxşəliyevin şəhid olması xəbərini alıb:
- Qərib Naxçıvandan gələndən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb tarixi dərsini tədris edirdi. Vətən Müharibəsinin başlamasından bir həftə əvvəl sanki baxışlarında və davranışlarında əvvəlkindən daha çox əzm, şücaət, qəhrəmanlıq vardı. Əlbəttə ki, cəsur və mərdlik, Vətən sevgisi onun damarlarında, ruhunda idi. Qərib Baxşəliyev sentyabrın 27-də müharibəyə getməyə hazırlaşırdı. Lakin heç vaxt demirdi ki, o, müharibəyə gedir. Sentyabrın 28-də hərbi formasını geyindi Ali Hərbi Məktəbə yola düşdü. Bir saat sonra zəng edərək söylədi ki, “bizi də aparırlar, özünüzdən muğayat olun. Allaha əmanət olun. Dualarınızı əksik etməyin”. Gedəndən sonra vaxt olan kimi zəng edirdi. Ən azı 1 dəqiqəlik də olsa mənimlə və uşaqlarla danışırdı. Artıq qızğın döyüşlər başlamışdı. Lakin bir gün Qəribin səsinin tamamilə kəsiləcəyini və şəhid olacağını ağlımın ucundan belə keçirmirdim. Sonuncu danışığımız noyabrın 2-də oldu. "Danışanda hər dəfə qələbəyə az qaldığını, düşməni qovduqlarını deyirdi. Noyabrın 2-si danışanda dedi ki, möhkəm olun, hər şey ola bilər”. Ayın 3-ü onunla əlaqə kəsildi. Həmin vaxt ürəyimə çox qəribə ağrı çökdü. Çünki Qərib bir dəqiqə də olsa mütləq zəng edirdi. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Laçın uğrunda gedən döyüşlərdə alay komandiri kimi son nəfəsinə qədər mübarizə aparıb. Daha sonra Zəngilan ərazisində postları yoxlayarkən dumanda yolu azaraq, mühasirəyə düşüb, axıra qədər döyüşüb, sonra da əsir düşməmək üçün son gülləsini özünə vurub. Şəhid olandan sonra düşmən Qərib Baxşəliyevin nəşini qaytarmaqdan imtina edib. Onun nəşi 32 gün erməni tərəfində saxlanılıb. Lakin davam edən danışıqlar prosesindən sonra isə Qəribin nəşi ölkəmizə təhvil verilib. Dekabrın 8-də Qərib Baxşəliyev II Fəxri Xiyabanda vətən torpağına tapşırıldı.
-Şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin əsgərləri də, onun unudulmaz qəhrəman komandir olduğunu deyirlər:
-Qəribin əsgərləri danışırdılar ki, biz Qərib Baxşəliyevə baxıb daha da ürəklənirdik. Döyüşün ən qızğın vaxtlarında belə ruh yüksəkliyi və motivasiyamız əksik olmurdu...Bizimlə elə danışırdı ki, hamımız döyüşmək üçün can atırdıq. Qərib hərb sahəsini o qədər gözəl bilirdi ki...Hətta bir neçə dəfə canını heçə sayaraq əsgərlərini düşmənin zərbəsindən xilas edib. Əsgərləri Qəribin onları dəfələrlə xilas etməsini hər zaman deyirlər. Qərib Baxşəliyev dəfn olunandan sonra bir əsgəri onun məzarı üstündə iki gün gecələdi. Bir növ Qəribin yoxluğundan şok yaşayırdı. Düzdür, artıq Qərib Baxşəliyev yanımızda yoxdur. Amma cismən yanımızda olmasa da, ruhən bizimlədir. Mən bunu hər zaman hiss edə bilirəm.
-Gülnarə xanım deyir ki, əgər bu dünyaya bir daha gələ bilsəydim, yenə də hərbçi Qərib Baxşəliyevin yoldaşı olmağı seçərdim:
-Çünki Qərib Baxşəliyevin sevgisi, qayğısı, insanlığı, mərhəməti də təmiz və pak idi. Sanki onlarla birlikdə biz də seçilmişdik. Yəqin ki, Allah bu ağrını-acını daşıya biləcəyimizi bildiyi üçün bu yoxluğu bizə yaşadıb. Onunla uzaq yerlərə səyahətlər etmək həmişə arzum olub. Qərib daha çox evdə uşaqları ilə vaxt keçirməyi daha çox üstün tuturdu. Vaxtı olan kimi övladlarına həsr edirdi. Qərib şəhid olandan sonra şəhid ailələri ilə bağlı müxtəlif tədbirlərə, rayonlara bizi dəvət edirlər. Orada çox gözəl vətənpərvərliklə bağlı tədbirlər olur. Biz də uşaqlarla birlikdə səyahət etmiş oluruq. Qəribin uşaqlarla bağlı çox arzuları var idi. Onların yaxşı təhsil alması, vətənə bağlı, sədaqətli, xeyirli insan kimi böyüməsi üçün əlimdən gələni əsirgəmiyəcəm. Zaman-zaman Qəribi yuxularımda da görürəm. Çox zaman yuxumda deyir ki, “mən ölməmişəm, çox yaxşıyam”.
Şəhidimizin həyat yoldaşı ilə müsahibə zamanı kiçik oğlu Əhməd Baxşəliyev də atası ilə bağlı qısa xatirələrini bizimlə bölüşdü:
-Atam işdən gələndən sonra mütləq bizimlə uzun-uzun vaxt keçirirdi. Onun yorğunam sözünü heç vaxt eşitməmişəm. O bilirdi ki, isti təndir
çörəyini, fantanı çox sevirəm. Ona görə həmişə əli dolu gələrdi. Atamla birlikdə parka, gəzintiyə çıxırdıq, çoxlu söhbət edirdik. Ona çoxlu suallar verirdim. Sıxılmadan bütün suallarımı səbirlə cavablayırdı. İdmanı və xüsusilə boks idman növünü çox sevdiyimi bilirdi. Böyüyəndə boks idman növü üzrə çempion olacağıma inanıram. Atamın adını hər zaman ən uca zirvələrdə yaşadacam. Anam həmişə deyir ki, atam bizi görür və hiss edir. Buna ürəkdən inanıram. Bir şəhidin övladı olmaq mənim üçün əlbəttə, şərəfdir. Buna görə də atamla fəxr edirəm.
-Əziz Əhməd, elə biz də sənin atan şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin simasında bütün şəhidlərimizlə fəxr edib, qürur duyuruq. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:
...Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.
Bəli, Vətən Müharibəsi zamanı qanı ilə tarix yazan, düşmənin qorxulu yuxusuna çevrilən, xalqımızın dərin ehtiramla yad etdiyi qəhrəman-polkovnik leytenat Qərib Baxşəliyevin xatirəsi də əsla unudulmayacaq. Ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin yarımçıq qalan arzularını bu gün onların ailə üzvləri yaşadır. Çətin olsa da, onların nakam həyatlarının ağrı-acısını ailələri bir ömür boyu hiss edir və xəyallarının gerçək olması üçün qətiyyətlə çalışırlar. Bu gün Azərbaycan xanımı təkcə yaxşı həyat yoldaşı, yaxşı ana deyil. O, həm də ömür gün yoldaşı olan şəhidinin adını uca tutan, övladlarına arxa-dayaq olan böyük qüvvədir. Elə Gülnarə xanım kimi...
Fəridə Ağzadə
Jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin